...

Bəxtiyar Sadıqov: Yaxşı olar ki, beynəlxalq qurumlar öz verdikləri qiymətdə Azərbaycana təzyiq etmək niyyəti güdməsinlər

Siyasət Materials 27 Dekabr 2014 10:13 (UTC +04:00)
“Hər dəfə Azərbaycanın hər bir addımını izah etməyə çalışmaq, buna “demokratiya” nöqteyi nəzərindən qiymət vermək və Azərbaycana təzyiq göstərməyə çalışmaq çox əbəs cəhdlərdir”
Bəxtiyar Sadıqov: Yaxşı olar ki, beynəlxalq qurumlar öz verdikləri qiymətdə Azərbaycana təzyiq etmək niyyəti güdməsinlər

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

"Hər dəfə Azərbaycanın hər bir addımını izah etməyə çalışmaq, buna "demokratiya" nöqteyi-nəzərindən qiymət vermək və Azərbaycana təzyiq göstərməyə çalışmaq çox əbəs cəhdlərdir".

Bu barədə Trend-ə millət vəkili Bəxtiyar Sadıqov Baş Prokurorluğun əməkdaşlarının məhkəmə qərarı əsasında "Azadlıq" radiosunun Bakı bürosunun ofisində axtarış aparmasına bəzi beynəlxalq qurumların tənqidi münasibətini şərh edərkən deyib.

B.Sadıqov qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir, onun müstəqil siyasəti var və həm ölkə daxilində, həm də ölkə xaricində hansı addımı atırsa, bunu xalqın iradəsinə və dövlətin milli maraqlarına əsaslanaraq edir:

"Ona görə də, Azərbaycan heç bir addımını kiməsə izah etməli deyil. İkinci tərəfdən Azərbaycanın dövlət maraqları, milli maraqları tələb edir ki, lazım gələndə, şübhə doğuran yerlərdə ciddi addımlar atsın, araşdırmalar aparsın və hətta yeri gələndə kimsənin də azadlığını məhdudlaşdırsın. Ona görə də, Azərbaycan üçün birinci dövlət marağıdır, ikinci qanunun aliliyi prinsipidir və o yerdəki dövlətin təhlükəsizliyi məsələsi var, o yerdəki xalqın milli maraqlarının keşiyində dayanmaq məsələsi var, burada daim qətiyyətli addımlar atılıb və bundan sonra da atılacaq".

Millət vəkili bildirib ki, kimsə bu addımı bəyənmirsə və yaxud da kimsə hesab edirsə ki, hardasa qanun pozuntusu var, onda istədiyi vaxt istədiyi yerə müraciət edə bilər, beynəlxalq qurumlar necə istəyir qiymət verə bilər:

"Ancaq yaxşı olar ki, onlar həmişə nəticəni gözləsinlər, obyektiv olsunlar və öz verdikləri qiymətdə heç vaxt Azərbaycana təzyiq və təsir etmək niyyəti güdməsinlər. Bu, mənasız işdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti