...

Mübariz Əhmədoğlu: İran Livana hərbi qüvvə göndərdiyinə görə Ermənistanın cavabını verməyə məcburdur

Siyasət Materials 29 Dekabr 2014 10:39 (UTC +04:00)
Ermənistanın Livana hərbi qüvvə göndərməsi İrana qarşı ən böyük xəyanətdir və İran bunun cavabını verməyə məcburdur.
Mübariz Əhmədoğlu: İran Livana hərbi qüvvə göndərdiyinə görə Ermənistanın cavabını verməyə məcburdur

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Ermənistanın Livana hərbi qüvvə göndərməsi İrana qarşı ən böyük xəyanətdir və İran bunun cavabını verməyə məcburdur. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, İran Ermənistanın qurşaqdan aşağı zərbəsinin cavabını verməyə məcburdur: "İran İslam Respublikası uzun müddət Ermənistan üçün hər şeyi edib. Birinci prezident Levon Ter-Petrosyan özü və ətrafı bunu bir neçə dəfə təsdiqləyiblər. Dağlıq Qarabağ müharibəsi zamanı ermənilər İrandan gələn yolu "həyat yolu" adlandırırdılar. İran hətta ən kasıb vaxtında öz əhalisinin payından kəsib Ermənistana yardım edib. 2008-ci ilin avqust ayında Cənubi Osetiyadakı 5 günlük müharibə vaxtı Ermənistanda ərzaq və neft məhsullarının qıtlığı yarandı. İran dərhal bu qıtlığı aradan qaldırdı. İran Ermənistana 7,7 milyard dollarlıq investisiya paketi hazırlamışdı. Sadəcə, Qərb sanksiyalarının qorxusundan Ermənistan bunu reallaşdıra bilmədi. Əvəzində Ermənistan həmişə İranın imkanlarını Türkiyə və Azərbaycanın əleyhinə yönəltməyə cəhdlər edib".

SİTM-in direktoru hesab edir ki, Ermənistanın Livana sülhməramlılar adı ilə hərbi qüvvə göndərməsi İrana qarşı ən böyük xəyanətdir: "Əslində, bu, Ermənistanın İranın məhvinə yönəlmiş Qərbin planlarında iştiraka hazırlığının nümayişidir. Bu antiiran siyasi iradədir. İndi həqiqi mənada İran İslam Respublikasının taleyi həll olunur. Bir müddət bundan əvvəl İran Livandakı "Hizbullah" və Fələstinin Qəza sektorundakı "HƏMAS" qruplaşmaları üzərində nəzarəti itirmişdi. Hətta əlaqələr tamamilə kəsilmişdi. İranın bu iki qruplaşma ilə əlaqəsinin əsas mahiyyəti İsrailə qarşı mübarizədir. İran İslam Respublikasının bütün təbliğat və ideoloji sistemi məhz antiisrailizm və Fələstinə dəstək üzərində qurulub. "HƏMAS" və "Hizbullah" üzərində nəzarəti itirməklə İran özünün ideoloji fundamentini itirmiş olur. İranın Ali rəhbəri bunu gördü və dərhal "HƏMAS" və "Hizbullah"la əlaqələri bərpa etmək göstərişlərini verdi. Narazılıqlar aradan qaldırıldı. "HƏMAS" a və "Hizbullah"a kifayət qədər maliyyə və hərbi-texniki yardım edildi. İran Fələstin ərazisində yeni "Cihad" adlı qruplaşma yarada bildi. Hal-hazırda İordan çayının Qərb sahilində müəyyən strukturlaşma ilə məşğuldur. Qərbdə bunu görürlər. Eləcə də, İranın antiİsrail istiqamətdə güclənməsinə imkan verməyəcəklərini açıq bəyan ediblər. Bu səbəbdən də, Livanda NATO ordu koalissiyası yaradır. Məqsəd, "Hizbullah"ı tamamilə ləğv etmək, Livan ərazisinədək bütün qeyri -formal silahlı qruplaşmaları Livan ordusuna tabe etdirməkdir. Ermənistan məhz bu prosesdə iştirak edir".

M.Əhmədoğunun sözlərinə görə, indi baş verənlər İran üçün ölüm-dirim məsələsidir: "Bu sadəcə şişirtmə deyil. İsrail o cümlədən, Qərbin dəstəyi ilə İranın bütün strukturlarını öz qonşuluğundan uzaqlaşdıracaq. İsrail həm hərbi potensiala malikdir, həm də fələstinlilərin inamını qazana bilər. Belə vəziyyətdə İran üçün islami quruluşun dəyişməsi minimal itki olacaqdır. İran isə bununla razılaşmayacaq. Qərb və İsrail arasında şiddətli mübarizədə Qərb Ermənistanın ərazilərini də cəlb edə bilər".

Onun fikrincə, Ermənistanın İrana qarşı qurşaqdan aşağı zərbəsi göz qabağındadır. Əgər İran Ermənistanın bu mövqeyi ilə barışacaqsa, "Hizbullah"la münasibətlərində yenidən problem baş qaldıracaq: "Həm "Hizbullah"ın, həm də "HƏMAS"ın Cənubi Qafqaz regionunda baş verənlərdən, o cümlədən, İranın bu regiondakı siyasətindən məlumatları var. Ermənistanın bu səhvinin miqyasını müəyyənləşdirə bilmərik. Çünki ermənilərin mifik tarixi elə səhvlərin mifləşdirilməsindən ibarətdir. Ola bilər ki, yeni mif yaradıcılığına təkan verilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti