...

Buxarestdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 20 Yanvar 2015 20:45 (UTC +04:00)
20 yanvar 2015-ci il tarixində Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Buxarest şəhərində yerləşən Rumın-Amerikan Universitetində anım mərasimi keçirilib.
Buxarestdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

20 yanvar 2015-ci il tarixində Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Buxarest şəhərində yerləşən Rumın-Amerikan Universitetində anım mərasimi keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Fərid Abdinbəyov, Rumıniyanın ATƏT-dəki səfiri Paraskiva Badesku, Dimitre Kantemir Universitetinin professoru Konstantin Hlihor, "Geopolitika" jurnalının baş redaktoru Vasile Simileanu, Rumın-Amerikan Universitetinin rektoru Ovidiou Folkutz, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev, Rumıniyanın müxtəlif ictimai-siyasi xadimləri, Rumın-Amerikan Universitetinin professorları, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçılarına 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı film nümayiş olunub.

Tədbirdə çıxış edən səfir F.Abdinbəyov 1990-cı il 20 yanvar tarixində Sovet İKP rəhbərliyinin, Sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açıb, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini və Sovet rəhbərliyinə qarşı açıq etirazın bildirildiyini vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin direktoru İ.Hacıyev Azərbaycan xalqının özünün qəhrəmanlığını, torpağa, vətənə sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirdə çıxış edən ATƏT-dəki səfir Paraskiva Badesku, Dimitre Kantemir Universitetinin professoru K.Hlihor, "Geopolitika" jurnalının baş redaktoru V.Simileanu, Rumın-Amerikan Universitetinin rektoru O.Folkutz da Azərbaycana qarşı törədilmiş bu tarixi faciənin SSRİ-nin dağılmasını sürətləndirdiyini, Sovet İttifaqının tərkib hissəsi olan digər xalqların da azadlıq mübarizəsinə qalxmalarına təkan verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş press-reliz Rumıniyadakı bütün səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri, bu ölkənin nazirlik və digər dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılıb. Rumıniyanın KİV-ində 20 yanvar faciəsi ilə bağlı məqalələr dərc etdirilib. Rumıniyanın Milli Mətbuat Agentiliyi olan AGERPRES-in internet səhifəsində və Rumıniyanın geniş oxuyu kütləsinə malik "Romania Libera" xəbər agentliyində Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balanın və Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin direktoru İ.Hacıyevin 20 Yanvar faciəsinə həsr olunmuş məqalələri çap olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti