...

Fransa Azərbaycana təşəkkür etdi

Siyasət Materials 27 Yanvar 2015 12:39 (UTC +04:00)
Fransa Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan rəhbərliyinə təşəkkür bəyanatı yayıb.
Fransa Azərbaycana təşəkkür etdi

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Fransa Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan rəhbərliyinə təşəkkür bəyanatı yayıb.

Fransa səfirliyindən Trend-ə daxil olan bəyanatın mətnində qeyd olunur: "Parisdə törədilmiş qətllərin ertəsi günündən etibarən mənə ünvanladığınız həmrəylik və şəfqət məktubları üçün Fransa Dövləti və Fransa Səfirliyinin komandası adından sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu qətllər yalnız Fransa üçün deyil, həm də bütün dünyada dini və siyasi baxışından asılı olmayaraq azadlıq dəyərlərinə və insana hörmətlə yanaşan hər bir qadın, hər bir kişi üçün dərin hüzn idi.

Birinci qətlin elan olunmasından dərhal sonra Prezident İlham Əliyev Prezident Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu ünvanlamışdır, Mehriban Xanım Əliyeva qurbanların xatirəsini yad etmək üçün səfirliyə gül dəstəsi göndərmişdir, Maliyyə Naziri cənab Samir Şərifov Azərbaycan höküməti adından xitam kitabına dəstək sözlərini yazmışdır və Baş Nazirin müavini cənab Əli Əhmədov Azərbaycanın terrorizmlə mübarizədə öhdəliyini təsdiq etmək məqsədilə 11 yanvar tarixində Parisdə Respublika Yürüşündə bir çox ölkələrdən gəlmiş siyasi liderlər ilə birlikdə iştirak etmişdir .

"Charlie Hebdo" redaksiyasında çalışan jurnalistlər ifadə və söz azadlığını müdafiə etdikləri üçün güllələr vasitəsilə qətlə yetirilmişlər və bu barbarlığı törətmiş iki terrorist islamın sülh mesajından kənar hərəkət etmişlər. Kaşer mağazasının günahsız müştəriləri yəhudi olduqlarına görə öldürülmüşlər.

Bu barbarlığa haqq qazandırmaq mümkün deyil. İfadə və söz azadlığı Fransa Respublikasının fundamental dəyərləri olaraq, Dövlətin dindən ayrı olmasını təmin edən dünyəvilik konsepti ilə uyğunluq təşkil edir.

Bilirəm ki, "Charlie Hebdo" tərəfindən çap edilmiş peyğəmbərin çoxsaylı karikaturaları, habelə qətldən sonra sağ qalmış jurnalistlər tərəfindən hazırlanmış jurnalın ön səhifəsi dünyada və Fransada bir çox müsəlmanlara toxunmuşdur.

Mən bunu anlayıram, lakin Fransanın Xarici İşlər Naziri Loran Fabius bildirdiyi kimi, burada keçilməsi mümkün olmayan hədd zorakılıqdır və zorakılığın praktikası nə bu gün nə də gələcəkdə qəbul edilməyəcəkdir.

Məhkəmənin müstəqil olduğu Fransa kimi demokratiyada qanun hər bir vətəndaşı qorumaq üçündür. Hər bir vətəndaş məhkəməyə şikayət edə bilər. Hüquqa riayət edilməsini təmin edən məhkəmədir.

Əlavə edim ki, satirik qəzet olan "Charlie Hebdo" yarandığı gündən etibarən dünyada baş verən hadisələri karikaturalar və məqalələr vasitəsilə sorğulayır, bütün mövzulara, bütün dinlərə toxunur. İslam qəzetin xüsusi hədəfi olmayıb və bu gün də deyil. Fransanın Baş Naziri Baş Assambleyanın qarşısında bildirmişdir : müsəlmanlara qarşı yönələn hərəkətlər, antisemitizm hərəkətləri kimi qətiyyətlə cəzalandırılacaqdır.

İlin əvvəlində baş vermiş ifadə edilməsi mümkün olmayan bu zorakılıqdan sonra arzu edirəm ki, düşüncə kortəbii zorakılığa üstün gəlsin, fərqliliyə hörmət fanatizmə üstün gəlsin və digərinə hörmət nifrətdən daha güclü olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti