...

"Azərbaycan-İran münasibətlərində yeni bir mərhələ başlayıb"

Siyasət Materials 29 Yanvar 2015 15:34 (UTC +04:00)
Azərbaycan-İran münasibətlərində yeni bir mərhələ başlayıb
"Azərbaycan-İran münasibətlərində yeni bir mərhələ başlayıb"

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan-İran münasibətlərində yeni bir mərhələ başlayıb və bunun əsas xüsusiyyəti dostluq, qardaşlıq və qarşılıqlı etimaddır. Trend-in məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia deyib.

Ə.Tayebnia bildirib ki, hər iki ölkə regionda sülh və əmin-amanlığın hakim olmasına çalışır: "Azərbaycan və İran iqtisadi münasibətlərini daha da gücləndirməklə xalqların rifahına nail olmaq istəyirlər".

Nazir Azərbaycanın son illərdə əldə etdiyi uğurların və inkişafın şahidi olduğunu qeyd edib: "Biz istəyirik ki, Azərbaycanın əldə etdiyi bu inkişaf ölkənin bütün ərazilərini əhatə etsin və biz buna sevinərik".

Onun sözlərinə görə, Azərbaycan və İranın birgə əməkdaşlığı və yaxın münasibətləri hər iki xalqın, eləcə də region xalqlarının rifahına kömək edəcək: "Hər iki ölkədə mövcud olan iqtisadi imkanlar və potensiallar əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcək. İki ölkə arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər".

Ə.Tayebnia deyib ki, İranda fəaliyyət göstərən şirkətlərin mühəndislik və texniki baxımdan təcrübəsi var: "Və biz Azərbaycandakı böyük layihələrdə və tikinti işlərində iştirak edə bilərik".

O bildirib ki, İran Azərbaycan məhsullarının və yüklərinin dəmir yolu vasitəsilə Fars körfəzi ölkələrinə çatdırılmasında vasitəçi ola bilər.

İqtisadi məsələlər və maliyyə naziri vurğulayıb ki, Azərbaycan və İran arasında ticarət mübadiləsində milli valyutadan istifadə etmək mümkündür: "Düşünürəm ki, ticarət mübadilələrinin milli valyutalarla həyata keçirilməsini hər bir ölkə ilə tətbiq etmək olar. Azərbaycanlı dostlarla bunu hələlik müzakirə etməmişik və bu danışıqları iki ölkənin Mərkəzi mankları aparmalıdır. İran digər ölkələrlə ticarət mübadilələrini həmin ölkələrin milli valyutaları ilə həyata keçirir və bunu əməkdaşlıq etdiyimiz digər ölkələrlə davam etdirməkdə maraqlıyıq.

Ə.Tayebnia qeyd edib ki, bu gün Azərbaycan Mərkəzi Bankın sədri ilə də görüşəcək: "Bank sahəsində əməkdaşlığın genişləndirilməsi həm bu görüşdə, həm də ekspertlərin görüşündə müzakirə olunacaq. Görüşlərdə iki ölkənin bankları arasında əməliyyatların aparılması, pulköçürmə əməliyyatlarının həyata keçirilməsi müzakirə ediləcək".

İranlı nazir deyib ki, Azərbaycan rəsmiləri iki ölkə arasında bank sektorunda olan maneələrin aradan qaldırılması və bu sahədə əməkdaşlığın artırılmasına təkid edirlər: "Düşünürəm ki, biz bu sahədə uğur qazanacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti