...

Yeni ABŞ səfirinin Azərbaycana gələcəyi vaxt məlum oldu

Siyasət Materials 30 Yanvar 2015 16:36 (UTC +04:00)
ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Robert Sekuta Azərbaycana fevralın 12-də gələcək.
Yeni ABŞ səfirinin Azərbaycana gələcəyi vaxt məlum oldu

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Robert Sekuta Azərbaycana fevralın 12-də gələcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ səfirliyi "twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, R.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir-səfir kimi R.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl R.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.

R.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti