...

Azərbaycan konsulu: Xocalı soyqırımı həqiqətlərinin Ukrayna cəmiyyətinə çatdırılması üçün silsilə tədbirlər keçiriləcək

Siyasət Materials 31 Yanvar 2015 10:11 (UTC +04:00)
Trend Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanovun müsahibəsini təqdim edir
Azərbaycan konsulu: Xocalı soyqırımı həqiqətlərinin Ukrayna cəmiyyətinə çatdırılması üçün silsilə tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Trend Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanovun müsahibəsini təqdim edir

- İlk növbədə, Azərbaycanın Ukraynanın Xarkov şəhərində Fəxri konsulluğunun fəaliyyətə başlaması və əsas fəaliyyət istiqamətləriniz haqqında məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğunun rəsmi açılış mərasimi 2014-cü ilin 16 oktyabr tarixində olmuşdur. Çox təntənəli şəkildə keçirilmiş bu tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri, Azərbaycan Respublikasının Ukraynadakı səfiri, Ukraynanın yüksəksəviyyəli rəsmi şəxsləri, Xarkov vilayətinin rəsmiləri, Xarkov şəhərində akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və kütləvi informasiya vasitələri iştirak edirdi. Azərbaycan Respublikası və Ukrayna arasında qarşılıqlı hörmətə əsaslanan yaxın ikitərəfli əlaqələrdən və xalqlarımız arasında olan ənənəvi dostluqdan çıxış edərək, Fəxri konsulluq da bu əməkdaşlığın və dostluğun daha da inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirir.

Azərbaycanın zəngin tarixi, maddi-mədəni irsi və müasir inkişafı, Ermənistanın ölkəmizə qarşı təcavüzü və onun acı fəsadlarının Ukrayna ictimaiyyətinə çatdırılması, Ukraynada yaşayan həmvətənlərimizin diaspor kimi mütəşəkkiliyinin artırılmasına töhfə verilməsi Fəxri konsulluğun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Bu istiqamətdə Ukraynanın Dnepropetrovsk, Zaporojye, Poltava, Sumı, Xarkov və Çeniqov vilayətlərində Fəxri konsulluq tərəfindən iş aparılır, eləcə də həmvətənlərimizin problemlərinin həllində onlara lazımi dəstək göstərilir. Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi ilə əlaqələndirilmiş şəkildə konsulluq sahəsində dəstəyin təmin olunması da həyata keçirilir.

İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə də tərəfimizdən xüsusi diqqət ayrılır.

- Fəxri konsulluq qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, bir sıra mühüm tədbirlərə imza atmışdır. Bu barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan xalqının ümummilli lideri və müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təşviq edilməsi fəaliyyətimizdə mühüm yerlərdən birini tutur. Bu xüsusda, 11 dekabr 2014-cü ildə "Heydər Əliyevin Azərbaycan dövlət quruculuğunun formalaşmasında rolu" adlı vacib tədbir keçirildi.

17 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi və Xarkov vilayəti ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi mövzusunda "dəyirmi masa" təşkil edildi. Çox müsbət haldır ki, bu tədbirlərdə Xarkov vilayətinin rəsmi şəxsləri və ictimai-siyasi xadimlər yaxından iştirak edirdilər.

Bunun davamı olaraq, elə həmin gün 1500 nəfərin iştirakı ilə Xarkovun Milli Akademik Opera və Teatrında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert təşkil edilmişdir. Yeni il ərəfəsində bu tədbir Xarkov vilayətinin mədəni həyatında mühüm hadisə oldu və tamaşaçılar Azərbaycanın zəngin musiqi mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə etdilər.

Ölkəmizin beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar siyasətindən çıxış edərək Fəxri konsulluq vilayətdə olan sosial problemlərə də öz töhfəsini verir. 19 dekabrda Ukrayna xalqı üçün əziz olan Müqəddəs Nikolay Günündə Fəxri konsulluq internat evini ziyarət etdi və Azərbaycan adından Yeni il ərəfəsində valideyn himayəsindən məhrum olan 175 uşağa müxtəlif hədiyyələr verildi. Bundan əvvəl isə 2 saylı uşaq evinə səfər edilmiş və körpələrə və uşaq evinə hədiyyələr verilmişdi.

20 Yanvar faciəsinin 25 illiyi ilə əlaqədar 2015-ci ilin əvvəlindən başlayaraq, Fəxri konsulluq tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.

- Ermənistanın Azərbaycana təcavüzünün Ukrayna ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı üçün faciəli günlərin qeyd edilməsi və erməni yalanların ifşası istiqamətində nə kimi tədbirlər görülür?

- Qeyd etdiyim kimi, bu sahə fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir. 14 yanvar tarixində Sumı şəhərində 115 nəfərin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tərəfimizdən təşkil olunan tədbirlərdə soydaşlarımızın iştirakı ilə bərabər, Ukraynanın ictimai-siyasi xadimləri və dövlət rəsmilərinin iştirakının təmin olunmasına da xüsusi diqqət yetirilir. Bu anım mərasimində Sumı vilayətinin ali məktəblərinin rektor və prorektorları, dövlət administrasiyasının sədri Nikolay Kloçko və digər şəxslər iştirak edirdilər. 20 Yanvar faciəsi ilə əlaqədar növbəti tədbirimiz Dnepropetrovsk şəhərində keçirildi.

Bu tədbirlərdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, ölkəmizə qarşı işğal və təcavüzü, 1990-cı ildə 20 yanvar gecəsində Sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdikləri cinayət əməlləri barədə Ukrayna ictimaiyyətinə ətraflı məlumat verildi. O da çox müsbət haldır ki, tərəfimizdən təşkil olunan tədbirlərdə Ukraynanın kütləvi informasiya vasitələrinin yaxından iştirakı təmin olunur və nəticə etibarilə keçirdiyimiz tədbirlərin effektləri daha geniş auditoriyaya çatdırılır.

Artıq bu fəaliyyətdən narahat olan ermənilər tərəfindən öz ənənələrinə sadiq qalaraq, yalan və böhtan xarakterli addımlara əl atılır. 20 Yanvar faciəsi ilə əlaqədar keçirdiyimiz tədbirlərdən sonra 20 Yanvar faciəsinin əsl mahiyyətinin Dnepropetrovsk vilayətinin 51-ci kanalında təhrif olunmuş formada efirə getməsi halı tərəfimizdən müəyyən edildi. Dərhal tərəfimizdən araşdırma aparıldı və verilişi hazırlayan müxbirin Arzumanyan Marina adlı şəxs olduğu aşkar edildi. Təbii ki, Azərbaycan xalqı üçün həssas olan bu məsələnin təhrif olunmasına Fəxri konsulluq göz yuma bilməzdi. Məsələ vilayətin rəhbərliyi və kanalın baş redaktoru səviyyəsinə qaldırıldı. Nəticə etibarilə, belə bir yanlış məlumata görə efir vasitəsilə üzrxahlıq ifadə olundu və fəxri konsul olaraq, 20 Yanvar faciəsinin əsl mahiyyəti haqqında ətraflı məlumat vermək üçün mənə xüsusi efir vaxtı ayrıldı.

Qarşıdan gələn ay ərzində Xocalı soyqırımı həqiqətlərinin Ukrayna cəmiyyətinə çatdırılması üçün tərəfimizdən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Demək olar ki, vilayətin bütün əsas şəhərlərində Xocalı soyqırımı ilə əlaqədar müxtəlif tədbirlər keçirəcəyik.

Eyni zamanda, xalqımızın maddi-mənəvi irsinin və adət-ənənələrinin bariz təcəssümü olan Norvuz bayramının da təntənəli şəkildə qeyd olunması üçün böyükmiqyaslı konsert və digər tədbirlər təşkil edəcəyik.

Bir azərbaycanlı kimi öz xalqıma xidmət edərək, dövlət başçısının etimadını layiqincə doğrultmaq üçün səylərimizi əzmlə davam etdirəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti