...

Siyavuş Novruzov: Əli Kərimlinin ipi erməni lobbisinin əlindədir

Siyasət Materials 31 Yanvar 2015 13:48 (UTC +04:00)
Trend Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun hakim partiyanın saytına müsahibəsini təqdim edir
Siyavuş Novruzov: Əli Kərimlinin ipi erməni lobbisinin əlindədir

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Trend Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun hakim partiyanın saytına müsahibəsini təqdim edir

- Siyavuş müəllim, hazırda cəmiyyətimizdə ötən ilin yekunları müzakirə olunur. Eləcə də qarşıda duran vəzifələrlə bağlı geniş diskussiyalar aparılır. Siz ölkəmizin inkişafı baxımından 2014-cü ilin nəticələrini necə dəyərləndirirsiniz?

- Əvvəlcə qeyd edim ki, həqiqətən 2014-cü ilin yekunları ölkəmiz üçün kifayət qədər uğurlu olub. İl ərzində ölkə iqtisadiyyatı artıb, xüsusilə qeyri-neft sektorunun inkişafı yüksək qiymətləndirilməlidir. Bu o deməkdir ki, iqtisadiyyatın diversifikasiyası artıq özünü nəticələrdə göstərməkdədir və hesab edirəm ki, bu göstəricilər ildən-ilə yüksələcək. Eyni zamanda, uğurlu sosial siyasət həyata keçirilib, sosial proqramların heç biri təxirə salınmayıb. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürüb ki, bu da çox vacib amildir. Ötən ilin yekunları ilə bağlı statistik göstəricilər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş şəkildə açıqlandığı üçün onları təkrarlamağa ehtiyac duymuram. Onu demək istəyirəm ki, qazanılan uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət dayanır.

Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı ilə əlaqədar keçirilən konfransda da inkişafı özündə ehtiva edən rəqəmlər açıqlandı. Bütövlükdə, görülən işlər və qarşıda duran vəzifələr bütün hökumət üzvləri ilə birgə müzakirə olundu. Bütün bunlar geniş ictimaiyyətə təqdim olundu. Bunun özü bir nümunədir ki, ictimaiyyət daim ölkədə baş verən hadisələrlə bağlı, gələcək proqnozlarla bağlı məlumatlandırılır. Cəmiyyətin məlumatı var ki, dövlətin gəlirləri nə qədərdir, keçən il hansı işlər görülüb və s. Yəni dövlət xalq qarşısında hesabat verir. O cümlədən, regionların sosial-iqtisadi inkişafına dair proqramların icrası ilə bağlı müntəzəm olaraq ictimaiyyətə hesabat verilir. Hər bir vətəndaş da görür ki, ölkədə gedən proseslər hansı səviyyədədir və bu, necə həyata keçirilir. Bu baxımdan, mən bu tədbirləri çox təqdirəlayiq hesab edirəm. Eyni zamanda, düşünürəm ki, dünyada baş verən maliyyə-iqtisadi böhrana baxmayaraq qarşıdakı dövrdə də ölkəmiz özünün inkişaf tendensiyasını davam etdirəcək. Uğurlu, düşünülmüş iqtisadi siyasət bunu deməyə tam əsas verir.

- Dünyada böhranın hökm sürməsi faktdır. Amma radikal müxalifətin bəzi təmsilçiləri bunun əksini iddia edir. Xüsusilə, AXCP sədri Əli Kərimli mətbuata açıqlamasında iddia edir ki, dünyada, o cümlədən Avropada böhran yoxdur, yalnız neftin qiymətinin ucuzlaşması Azərbaycan kimi neft ölkələrinə mənfi təsir göstərir. Bu iddialara münasibətiniz necədir?

- Müxalifət başqa nə deyə bilər ki? Xüsusilə, AXCP sədri Əli Kərimlidən nə gözləmək olar? Ə.Kərimlinin fikirləri erməni lobbisinin, Azərbaycanı istəməyən dövlətlərin, ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların fikirləri üst üstə düşür. Yəni bunlar eyni mənbədən istiqamətləndirilir. AXCP-dən istefa verən şəxslər də bildiriblər ki, Ə.Kərimli Azərbaycan xalqının maraqlarının deyil, başqa-başqa dövlətlərin, qurumların, xüsusilə erməni lobbisinin maraqlarını həyata keçirməklə məşğuldur. O baxımdan, ölkədə görülən işlərə kölgə salmaq, mənfi fikir söyləmək, çox primitiv şəkildə, saxta rəqəmlərlə insanları çaşdırmaq bilavasitə həmin təxribatçı qrupların planının tərkib hissəsidir. Bu plana uyğun olaraq da, Ə.Kərimli öz şəbəkələrinə aid mətbuat orqanında guya ölkəmizin sosial-iqtisadi vəziyyətinə dair müsahibə verib. Əslində, ilk baxışdan belə görünür ki, kimlər tərəfindənsə hazırlanaraq onun adı ilə verilib. Yəqin, bu da yuxarıda adlarını çəkdiyim dairələrin işidir.

Təsəvvür edin, bütün dünya ölkələri maliyyə-iqtisadi böhranı etiraf edir, onun zərərlərindən danışır, amma Ə.Kərimli sübut etməyə çalışır ki, dünyada iqtisadi böhran yoxdur. Hazırda bütün Şərqi Avropa, eləcə də Avropanın digər hissəsinə aid olan ölkələr böhran içərisindədir. Elə təkcə Yunanıstanı götürək ki, hansı vəziyyətdədir. Ən qədim Avropa dövlətlərindən biridir. Bu dövlətin iqtisadi böhran məngənəsində necə sıxıldığını az qala bütün dünyanın vətəndaşları bilir. Bəs Ə.Kərimli kimilər bunu görmür?

Deyirlər ki, ABŞ-da böhran yoxdur, 2014-cü ili uğurla başa vurub. Çünki ABŞ Yaxın Şərq ölkələrində olan neftə ucuz qiymətə sahib çıxıb, bəzi hallarda neftin yiyəsi "statusunu" mənimsəyib. Amerika İŞİD adında qrup yaradaraq ortaya salıb, nefti ucuz qiymətə onlara verib. Məlum qaynar nöqtələrdəki bütün neft zavodları onun əlindədir. İraqın, Liviyanın, başqa ərəb dövlətlərinin nefti ABŞ-ın satış bazasına çevrilib. Oradan gələn gəlirlərin hesabına da özünü böhran vəziyyətindən sığortalayıb.

Neft ölkələrinə gəlincə, təbii ki, neftin qiymətinin aşağı düşməsi neft istehsal edib satan ölkələrə böyük təsir göstərir. Söhbət tək bizdən getmir. Rusiya, Orta Asiya ölkələri və s. ölkələr milyardlarla vəsait itirir. Bu vəziyyət Səudiyyə Ərəbistanına təsir etmir? Əlbəttə ki, edir. Amma fərq ondadır ki, Səudiyyə Ərəbistanında büdcə dövlətin yox, ailənin büdcəsidir. Eləcə də Bəhreyn, Qətər kimi ölkələrdə də vəziyyət bu cürdür. Azərbaycanda isə neft gəlirləri xalqındır və bu gəlirlər xalq üçün sərf olunur.

- Bu da iddia olunur ki, Azərbaycan neft gəlirlərindən səmərəli istifadə etmir...

- Birincisi, neft gəlirlərini Azərbaycandan yaxşı istifadə edən ikinci bir ölkə yoxdur. Hansı ölkələr bu qısa müddət ərzində Azərbaycan qədər düzgün, məqsədli şəkildə neft gəlirlərindən səmərəli istifadə edir? Bunu Beynəlxalq Valyuta Fondu da, Dünya Bankı da təsdiq edir. Ümumiyyətlə, neft gəlirlərinin idarə olunmasını izləyən qurumlar bu məsələdə Azərbaycanın gördüyü tədbirləri dəyərləndirirlər. Neft gəlirləri xalq üçündür. Yəqin Ə.Kərimli hesab edir ki, BP-dən aldığı pullar kimi bu neft pullarından da pay almalıdır. Amma nəzərə almalıdır ki, bu, Azərbaycan xalqının sərvətidir, yalnız xalqa xidmət edir. Ə.Kərimlinin Böyük Britaniya banklarında milyonlarla pulunun olması sübut olunub. Övladları ən bahalı universitetlərdə oxuyur, xaricdə bahalı evləri, mülkləri var. Bunları hansı vəsait hesabına əldə edib, əvvəlcə bunun hesabatını versə yaxşı olar. Sonra başqa şeylərdən danışsın.

Neft gəlirlərindən təbii ki, səmərəli istifadə olunur. Azərbaycanda 3 mindən artıq məktəb, 500-dən çox tibb müəssisəsi tikilib. Eləcə də yollar, körpülər, parklar salınıb. Azərbaycanın bütün mədəniyyət obyektləri yenidən qurulub, infrastruklar yenilənir. Texnoparklar, istehsal sahələri yaradılır. Eləcə də hərbi sənayemiz inkişaf edir. Yeni modul stansiyalar tikilir. Vaxtilə ölkəmiz xaricdən elektrik enerjisi alırdısa, indi qonşu dövlətlərə elektrik enerjisi satır. Həmçinin kənd təsərrüfatının inkişafına xeyli vəsait qoyulur. Kənd təsərüfatı texnikaları yeniləşir, soyuducu anbarlar tikilir, fermerlərə güzəştli kreditlər verilir və s.

Bununla yanaşı, qaçqın və məcburi köçkünlər üçün qəsəbələr tikilir. Həmin qəsəbələrdə məktəblər inşa olunur və digər infrastiruklar yaradılır. Ölkəmizdə bu gün bir dənə olsun çadır düşərgəsi qalmayıb. Bütün bunlar neft gəlirlərinin xalq üçün istifadə olunduğunu göstərir. Amma radikallar elə hesab edirlər ki, neftin pulları onlara verilməlidir və aldıqları qrantlar kimi sağa-sola xərcləməlidirlər. Amma belə deyil. Neftdən gələn gəlirlər və onların xərclənməsi tam şəffaflıqla həyata keçirilir. Ə.Kərimli xeyli vaxtdır, Biləcəridən o tərəfə keçməyib, amma özünü elə aparır ki, guya hər şeydən xəbəri var. Mən Şərqi Avropanı qarış-qarış gəzmişəm. Buranın möhtəşəm paytaxtları bu gün Azərbaycanın bir regionunun mərkəzindən qat-qat aşağı səviyyədədir. O cümlədən, Baltikyanı ölkələrdə də belədir. Bu gün Azərbaycan həmin ölkələrə kredit verir, sərmayə yatırır, böyük layihələr həyata keçirir. Bunlardan danışmaq lazımdır. AXCP sədri bu faktları ya bilmir, ya da bilərəkdən qulluq etdiyi dairələrin tapşırığı ilə insanları aldatmaqla məşğul olur.

- Siyavuş müəllim, sabitlik faktoru hər bir cəmiyyətin inkişafında hansı yer tutur? Müəyyən dairələrin ölkəmizdə sabitliyin pozulmasına göstərdiyi maraq nədən qaynaqlanır?

- Təbii ki, bu çox ciddi məsələdir. Görünür, Ə.Kərimli kimilər ölkəmizdə sabitliyin mövcud olmasında maraqlı deyil. Sabitlikdən gözəl nə var? Bütün dünya bu baxımdan Azərbaycana həsəd aparır, çünki ölkəmiz sabitlik adasıdır. Hakimiyyətin 10 qızıl şərti var. AXCP sədri bunu bilmirsə, gedib oxuyub öyrənsin. 10 qızıl şərtin birincisi sabitlikdir. Sabitlik olmayan ölkədə iqtisadi inkişaf, islahatlar mümkün deyil. Hər hansı sahələrə dəyər vermək mümkün deyil. Bu gün dövlət vəsaiti hesabına 5000-ə yaxın gənc xaricdə təhsil alıb yüksək mütəxəssis kimi Azərbaycana qayıdırlar. Neft kapitalının insan kapitalına çevrilməsi budur. Amma Ə.Kərimli 5-3 nəfər qaçaq-qulduru başına yığıb milli maraqlara zidd fəaliyyət göstərir. O, erməni lobbisinə xidmət edən, onlardan qrant alan bəzi insanlarla əlbir olub. Leyla Yunus kimi casusları canfəşanlıqla müdafiə etməsi də buradan qaynaqlanır.

Ukraynaya, Yaxın Şərqə nəzər salsaq, silahlı qarşıdurmalar nəticəsində hər gün yüzlərlə insanın öldürüldüyünü görürük. Sən istəyirsən ki, bizdə də qeyri-sabitlik olsun, insanlar ölsünlər və buna sevinəsən. Amma bu baş tutan məsələ deyil. Azərbaycan hökuməti heç vaxt buna yol verməyəcək, sabitliyi qoruyub saxlayacaq.

Ölkəmizdə sabitliyin pozulması həm Ə.Kərimlinin, həm də onu maliyyələşdirən, arxasında dayanan, himayə edən qurumların arzusudur. Təbii ki, Azərbaycanın sabitliyini gözü götürməyən xarici dairələr çoxdur. Bu yaxınlarda müxtəlif dövlətlər bəyanat verdi ki, İŞİD Azərbaycana gəlir və s. Bunlar eyni şəbəkənin nümayəndələridir. Sabitlik onlara sərf etmir. AXCP sədri bacarırsa, ölkəmizdəki sabitlik şəraitində hansısa proqramla çıxış etsin, amma bunu bacarmır. Xalq bilir ki, o, hansı yuvanın quşudur. Ona görə də heç bir etimad göstərmir. Bu səbəbdəndir ki, bütün seçkilərdə biabırçı şəkildə uduzur. Özü də partiyanı tamam dağıdıb. Elçibəydən qalan partiyadan əsər-əlamət yoxdur. Ə.Kərimlinin partiyası bələdiyyə seçkilərində iştirak etmək iqtidarında olmadı. Bu vəziyyətdə olan adam durub Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatına dair fikir söyləmək istəyir. Amma çox primitiv şəkildə yanaşma tərzi ortaya qoyur ki, bu da insanları çaşdırmaq məqsədi güdür.

Təsəvvür edin ki, bu adam böyük layihələrin əhəmiyyətini də kiçiltməyə çalışır. Bilirsiniz ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə əlaqədar vaxtilə Azərbaycana qarşı nə qədər təzyiqlər oldu. Amma ölkəmiz prinsipial mövqeyindən dönmədi. Amma Ə.Kərimli bu məqamda bir dəfə də olsun xalqın maraqlarının müdafiəsi üçün bir bəyanat verdimi? Yox. Əksinə, həmişə deyirdilər ki, bu layihə xülyadır, reallaşmayacaq. TANAP, TAP layihələrinin reallaşmasında da nə qədər təziyqlər fonunda ölkəmiz qətiyyətli mövqeyini qorudu, dövlətimizin başçısının iradəsi nəticəsində reallaşdı. Amma Ə.Kərimli kimilər ölkəmizə təzyiq edən tərəflərin maraqlarını müdafəi etdilər.

Bu layihələr milli maraqlarımıza uyğun olaraq reallaşdırılır. Bunun üçün qətiyyətli, cəsarətli dövlət başçısı lazımdır, müstəqil siyasət lazımdır. Müstəqil siyasətimiz isə Ə.Kərimli kimilərə sərf etmir. O istəyir ki, dövlətimiz Ermənistan kimi kiminsə qoltuğunun altında sürünsün. Bu gün Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibət qurur. Bu da iri dövlətlərə sərf etməyəndə burada oturan vassallarının ipini dartırlar. Onlar da xalqı aldatmaq istəyir və sosial-iqtisadi vəziyyətlə bağlı səsləndirilən fikirlər də bu işlərə xidmət edir.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq birliyin, xüsusilə qərbin ikili standartlarla yanaşdığı bütün cəmiyyətə məlum olan faktdır. Sizcə, AXCP sədrinin bu reallığı bir dəfə də olsun etiraf etməməsi nə ilə bağlıdır?

- O, indiyə qədər münaqişənin ədalətli həlli ilə bağlı reallığı deyə bilməyib və bilməz. Çünki ipi erməni lobbisinin əlindədir. Erməni lobbisinin maliyyələşdirdiyi təşkilatlar vasitəsilə milyonlarla pul alıb. Ona görə də Ermənistan haqqında mənfi söz işlətməyib, gizlin şəkildə bu ölkəni müdafiə edir, işlədiyi təşkilatlara qulluq göstərir. Bu insan Azərbaycan xalqına və dövlətinə xidmət etmir. Artıq uzun illərdir ki, bu reallıq öz partiyadaşları tərəfindən etiraf olunub. Bunun nəticəsi olaraq həmin adamlar bəyanat verib AXCP-dən çıxıblar. Gəlin görək, AXCP sədrinin hansısa dünya mətbuatında Azərbaycanın maraqlarını müdafiə edən bir yazısı varmı? Həmin yazıda Ermənistanın işğalçılıq siyasətinin nəticələri, münaqişənin ədalətli həlli ilə bağlı məqamlar varmı? Varsa, göstərsin. Əslində harada antiazərbaycançı qüvvələr var, Ə.Kərimli onlarla dostluq edir.

Bilirsiniz ki, Azərbaycan BMT-də də, Avopa Şurasında da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Ermənistan isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyib. Onda Ə.Kərimli harada idi? Öz fəaliyyətini maddi maraqlar üzərində quran adamlar belə şeyləri dərk etməz. İndi Azərbaycanın AŞ PA-da Rusiyaya qarşı sanksiyalara qoşulmamasını mənfi hal hesab edir. Azərbaycan bildirir ki, belə bir sanksiya əvvəlcə Ermənistana tətbiq edilməlidir. Əgər iddia edirlər ki, Rusiya Ukraynanın hər hansı ərazisini işğal edib, Ermənistan isə Azərbaycan torpaqlarını 20 ildən artıq işğal edib, niyə ona qarşı sanksiya tətbiq olunmur? Ə.Kərimli bu məsələni qaldırmaq əvəzinə ölkədən gedib siyasi mühacir statusu alan uşaqları qızışdırıb AŞ PA-ya göndərməklə məşğuldur.

- Belə bir partiyanın bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində iştirak etmək perspektivini necə görürürsünüz?

- Bunların ümumiyyətlə perspektivləri yoxdur. İlk növbədə, elektorat, sosial bazaları yoxdur. Ə.Kərimli dəfələrlə namizədliyini irəli sürdüyü istənilən dairədə istənilən namizədə məğlub olub. Çünki cəmiyyət onları qəbul etmir. Ona görə də onlar tarixin arxivinə, özü də qara arxivinə birdəfəlik gedəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti