...

Mübariz Əhmədoğlu: Yalnız ABŞ-ın dünya liderliyindən istefaya getməsi Ukraynada müharibənin qarşısını ala bilər

Siyasət Materials 5 Mart 2015 13:56 (UTC +04:00)
ABŞ dağıtdığı İraq, Əfqanıstan və Liviyadakı siyasətini eynilə dağıtmağa başladığı Ukraynaya tətbiq edir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Yalnız ABŞ-ın dünya liderliyindən istefaya getməsi Ukraynada müharibənin qarşısını ala bilər

Azərbaycan, Bakı, 5 mart /Trend/

ABŞ dağıtdığı İraq, Əfqanıstan və Liviyadakı siyasətini eynilə dağıtmağa başladığı Ukraynaya tətbiq edir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, Ukraynada baş verənlər Qərb düşərgəsində parçalanma yaratdı: "ABŞ dünyanı dağıda-dağıda gedir. SSRİ dağıldıqdan sonra Əfqanıstan, İraq, Sudan, Liviya xarabalığa çevrilib. İndi ABŞ vaxtilə dağıtdığı bu dövlətlərdəki dağılma proseslərini dayandırmağa çalışır. Amma eyni zamanda Ukraynanı isə dağıtmaq kursunu götürüb. Liviya, İraq və Əfqanıstan coğrafi baxımdan Avropadan çox uzaqdadır. Amma Ukrayna Avropanın mərkəzinə yaxındır. ABŞ Ukraynaya silah verəcəyi təqdirdə Ukraynada müharibə başlayacaq. Prezident P.Poroşenko bunu istəyir. Çünki Ukraynada sosial-iqtisadi vəziyyət ağırlaşır, heç bir uğur əldə olunmayıb. Əhalinin başını qarışdırmaq üçün ən yaxşı vasitə müharibədir. Təbii ki, P.Poroşenko müharibədə qalib gələcəyinə əmin deyil. Amma ABŞ-ın təklif etdiyi müharibə variantından imtinası isə onun hakimiyyətdən uzaqlaşmasını daha da sürətləndirə bilər. ABŞ-ın siyasətində qəribə uyğunluq var".

M.Əhmədoğlunun fikrincə, ABŞ dağıtdığı İraq, Əfqanıstan və Liviyadakı siyasətini eynilə dağıtmağa başladığı Ukraynaya tətbiq edir: "Avropa liderləri Ukraynadakı müharibədən qorxurlar. Bu müharibə Avropanın iri dövlətlərinə keçə bilər. Eləcə də 50 milyonluq Ukraynanın parçalanması Avropada sosial-iqtisadi vəziyyəti xeyli ağırlaşdıra bilər. Məhz buna görə, Almaniyanın federal kansleri A.Merkel aktivləşdi və Fransanın prezidenti F.Ollanda da bu aktivliyi yoluxdurdu. Qısa müddət ərzində A.Merkel -F.Olland tandemi formalaşdı. Onlar əvvəlcə Kiyevdə Ukrayna prezidenti P.Poroşenko ilə "Minsk Sazişi"ni implementasiya edib yeni variant hazırladılar. Dərhal Moskvaya gələrək V.Putinlə "Minsk Sazişi"nin hazırlanması prosesini davam etdirdilər. Nəticədə, Kiyevdə hazırladıqları sənədi cüzi dəyişikliklə Moskvaya qəbul etdirə bildilər. "Normand dördlüyü" yaxın vaxtlarda sammit keçirmək barədə razılıq əldə etdilər.Belarusun paytaxtı Minsk şəhərində "Normand dördlüyü"nün formatı çətinliklə də olsa baş tutdu. 16 saatlıq görüşdən sonra "Minsk-2" sazişinin mətni razılaşdırıldı. Mətndə Rusiyanın güzəştə getdiyini deməyə əsas var. "Ukraynanın ərazi bütövlüyü" termini kifayət qədər işlənən termindir. Donetsk və Luqansk adından imza edənlərin vəzifəsinin adı sənəddə əks olunmayıb".

Onun sözlərinə görə, ABŞ-ın əvvəldən Minsk prosesinə münasibəti neqativ olub: "Münhen Təhlükəsizlik Konfransı günlərində formalaşan A.Merkel-F.Olland tandeminə ilk müqaviməti həmin konfransda iştirak edən ABŞ-ın vitse -prezidenti C.Bayden göstərdi. O, Merkel və F.Ollandı Ukrayna tənzimlənməsində Avroatlantik mövqedən aralanmaqda ittiham etdi. P.Poroşenkonun da qatıldığı bu dördlüyün görüşündə A.Merkel öz mövqelərini sonadək müdafiə etdi. A.Merkel təcili surətdə ABŞ-a uçdu. Prezident B. Obama ilə Ukrayna tənzimlənməsini müzakirə etdi. Uzun müzakirələrdən sonra B.Obama "Normand dördlüyü"nün Minsk görüşünə ABŞ-ın razılığını verdi və Ukrayna prezidenti P.Poroşenkoya zəng etdi. Nəticədə, "Minsk-2" prosesi baş tutdu.

Ukrayna ilə əlaqəli "Minsk-2" prosesi BMT TŞ-də müzakirə edildi və qərar yekdilliklə qəbul edildi. Hətta Ukrayna BMT TŞ-də qəbul olunan qərardan razı qaldığını bildirdi.

"Minsk-2" prosesinin perspektivləri aydın deyil. Rusiyanın müxalifət liderlərindən biri B.Nemtsovun qətlə yetirilməsi Ukrayna hadisələrinin davamına yönəlib. Görünür, indi bu istiqamətdə resurs lazımdır. Diqqət çəkən məqam orasındadır ki, Kreml və Ağ Ev demək olar ki eyni vaxtda bu hadisəyə reaksiya verdilər. Sanki hər ikisi belə hadisəni gözləyirmiş. B.Nemtsov öldürülərkən yanında gənc ukraynalı qadının olması RF rəsmiləri tərəfindən xüsusi vurğulanır".

Politoloq vurğulayıb ki, ABŞ prezidenti B.Obama Ukraynada hakimiyyətin dəyişilməsində ABŞ-ın rolunu etiraf etdi: "ABŞ müharibədə ciddi maraqlıdır. Obrazlı desək yalnız ABŞ-ın dünya liderliyindən istefaya getməsi Ukraynada müharibənin qarşısını ala bilər. Rusiya ABŞ-la müharibəyə hazırlıq işini tamamlamaq üzrədir. Ukrayna prezidenti P.Poroşenko Ukrayna ərazisinə sülhməramlıların gəlməsinin tərəfdarıdır. Bir neçə gün ondan əvvəl isə o, sülhməramlılar ideyasını yaxına buraxmırdı. Çünki onların gəlməsi o zamankı vəziyyətin təsbit edilməsi demək idi. Amma indi sülhməramlılar P.Poroşenko üçün müharibə vasitəsi kimi görünür. Sülhməramlılar Ukraynadakı münaqişə ərazisində yerləşdirilir. Kimsə bu sülhməramlılara hücum edib öldürür, BMT TŞ Rusiyaya qarşı müharibə elan edir. Rusiyanın veto hüququ ümumiyyətlə nəzərə alınmır. Ən azı P.Poroşenkonun beynində belədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti