...

Yəmənin taleyi necə olacaq?

Siyasət Materials 26 Mart 2015 22:37 (UTC +04:00)
Yəmən Prezidenti Abd Rabbu Mənsur Hadi Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Misirin Şarm-əş-Şeyx şəhərinə gedib.
Yəmənin taleyi necə olacaq?

Azərbaycan, Bakı, 26 mart /Trend/

Yəmən Prezidenti Abd Rabbu Mənsur Hadi Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Misirin Şarm-əş-Şeyx şəhərinə gedib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Reuters" agentliyinin məlumatına görə, M.Hadi Misirə Səudiyyə Ərəbistanının himayəsi altında Yəmənin Ədən şəhərindən yola düşüb.

Bundan əvvəl Prezidentin Omana getdiyi bildirilirdi.

Bu arada CNN telekanalının məlumatına görə, ötən gecə yəmənli şiə qiyamçılarına (husilər) qarşı əməliyyata başlayan ərəb dövlətləri koalisiyasına daxil olan ölkələrdən 3 mindən 5 minədək əsgər və zabit yaxın günlərdə Yəmənə gələcək.

Həmin hərbi kontingentin Yəmənə yaxın 3 gün ərzində çatacağı deyilir. Bu kontingentin əsas vəzifəsi Yəmən Prezidentinin iqamətgahının yerləşdiyi Ədən şəhərinin təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub regionlarına irəliləməsinin qarşısını almaq və Prezident M.Hadinin yenidən hakimiyyəti ələ keçirməsinə kömək etmək məqsədilə Yəmənə hava hücumlarına başlayıb. Səudiyyə Ərəbistanı 10 ərəb ölkəsinin bu əməliyyatı dəstəklədiyini bildirib. Həmçinin ABŞ husilərə qarşı hücumları dəstəkləyib.

Husilər ötən ilin sentyabrından Yəmənin paytaxtı Səna şəhərinə hücum edib, M.Hadi hakimiyyətini devirərək paytaxtı nəzarətə götürüblər. Prezident keçən ay ölkənin cənubunda yerləşən Ədən şəhərinə sığınıb. Husilər cənub regionlarına irəlilədiyinə görə onun ölkədən çıxdığı bildirilir.

Xatırladaq ki, M.Hadi BMT Təhlükəsizlik Şurası və Ərəb Dövlətləri Liqasından husiləri dayandırmaq üçün hərbi yardım istəmişdi.

Xəbər lenti

Xəbər lenti