...

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi təntənəli şəkildə qeyd olunub

Siyasət Materials 28 Mart 2015 23:01 (UTC +04:00)
Martın 28-də Azərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olur.
Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi təntənəli şəkildə qeyd olunub

Azərbaycan, Bakı, 28 mart /Trend/

Martın 28-də Azərbaycanın milli maraqlarının qorunmasında və təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü tamam olur.

MTN-nin İctimai Əlaqələr İdarəsindən Trend-ə bildiriblər ki, peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqlara xidmət edən peşəkar qurum kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, məzarları üstünə güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Bayram tədbiri Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib.
Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu xüsusi təyinatlı ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 96 illiyi münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara "Şöhrət" muzeyində mükafatlar təqdim olunub.

General-polkovnik Eldar Mahmudov təltif olunanları bir daha təbrik edərək, çağdaş dövrdə milli təhlükəsizliyə cavabdeh strukturdan daim yüksək peşəkarlıq, çeviklik və səriştə tələb olunduğunu vurğulayıb, xüsusi xidmət orqanlarının dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin qüdrətlənməsi siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəklərinə əminliyini bildirib. Nazir Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandanın diqqət və qayğısını xüsusi vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bütün şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə Ulu öndərin adını şərəflə daşıyan bu xüsusi təyinatlı ali təhsil ocağının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıq edib.

Sonda xatirə şəkli çəkdirilib.

Daha sonra Milli Təhlükəsizlik Nazirliyinin yeni tikilmiş Beynəlxalq Təlim Mərkəzinin inzibati binasının açılışı olub. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən stendlə tanış olublar. Qeyd edilməlidir ki, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirilmiş struktur islahatları çərçivəsində təhlükəsizliyin etibarlı təmin olunması sahəsində beynəlxalq fəaliyyətin daha da səmərəli təşkili və tərəfdaş ölkələrlə əlaqələrin aktuallığını nəzərə alaraq tikilmiş və yüksək tələblərə cavab verən Beynəlxalq Təlim Mərkəzi müasir avadanlıq və ləvazimatlarla təchiz olunub. Mərkəzin ərazisində tədris və təlim üçün bütün şərait yaradılıb, ətrafda yaşıllıqlar salınıb.

Təhlükəsizlik orqanlarının yaranmasının 96-cı ildönümü münasibətilə təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə davam etdirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, Ulu Öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik edib.

Ötən ilin də ölkəmizin həyatında uğurlu olduğunu bildirən nazir Eldar Mahmudov, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycanın dinamik inkişaf edən və təhlükəsizliyin hərtərəfli təmin olunduğu ölkə imicini qoruyub saxladığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Keçən il dünyada və bölgədə müxtəlif gərgin proseslər gedirdi. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Xalqımız 2014-cü ildə təhlükəsizlik şəraitində yaşamışdır".

Bildirilib ki, bir neçə gün əvvəl respublikanın, ümumən regionun həyatında daha bir önəmli tarixi hadisə baş verib. Azərbaycan və Türkiyə dövlət başçılarının səyləri nəticəsində Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın təməli qoyulub. Bu layihə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış uğurlu neft strategiyasının davamı kimi ölkə iqtisadiyyatının, onun qeyri-neft sahələrinin inkişafına, ümumən xalqımızın rifahına xidmət edəcək. Bu isə bir daha göstərir ki, Ulu Öndərin Azərbaycanın hərtərəfli inkişafı üzrə strateji siyasət kursunun alternativi yoxdur. Möhtərəm Prezident İlham Əliyev tərəfindən milli maraqlar naminə uğurla həyata keçirilən siyasi-iqtisadi kurs ölkəni mürəkkəb dövrdə də strateji məqsədlərinə doğru inamla irəli aparır.

Bu gün Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirən nazir Eldar Mahmudov, Azərbaycanın 2014-cü ilin ikinci yarısında Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etməsini və digər uğurların ölkəmizin artan nüfuzunun nəticəsi olduğunu qeyd edib. Bütün bunlar Azərbaycanın problemlərinə münasibəti də dəyişir. Torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar dövlət və Cənubi Qafqazda təhlükəsizliyə ciddi təhdid mənbəyi olması indi əksər beynəlxalq təşkilatlar və ölkələr tərəfindən qəbul edilir. Artıq dünyanın 14 ölkəsi və ABŞ-ın 16 ştatının qanunverici orqanında Xocalı faciəsi soyqırımı aktı kimi qiymətləndirilib.

General-polkovnik Eldar Mahmudov ötən ilin Milli Təhlükəsizlik Nazirliyi üçün də uğurlu olduğunu, Azərbaycan Respublikasında təhlükəsizliyin etibarlı şəkildə təmin edildiyini, sabitliyin qorunub saxlanıldığını diqqətə çatdırıb.

Nazir Eldar Mahmudov bildirib ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ərazi orqanları da qarşılarında qoyulmuş vəzifələri layiqincə yerinə yetiriblər.

Ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının maddi-texniki bazası daha da möhkəmlənib, xidməti iş və tədris şəraiti yaxşılaşıb. Son bir neçə ildə burada açılmış yeni fakültələr artıq tam fəaliyyətə başlayıb. Hazırda müasir dövrün tələblərinə uyğun olaraq yeni fakültələrin yaradıldığı Akademiyada gələcək təhlükəsizlik zabitlərinin yüksək bilik səviyyəsinə, müasir texniki vasitələrlə işləmək bacarığına malik, vətənpərvər şəxslər kimi yetişməsinə ciddi yanaşılır.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində də ardıcıl tədbirlər görülüb.

Qeyd edilib ki, 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenaları və komplekslərinin açılışı olub, mövcud idman obyektləri əsaslı təmir edilib və infrastruktur daha da genişləndirilib. Bütün bunlar Azərbaycanın təhlükəsiz dövlət olduğunu bir daha təsdiqləyir, mötəbər idman yarışlarını, beynəlxalq turnirləri, Avropa və dünya çempionatlarını təşkil etməyə qadir olduğunu sübut edir. Eyni zamanda, Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən bu cür idman oyunlarına ev sahibliyi etməsi ölkənin nüfuzu, imici üçün mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, Azərbaycanın milli təhlükəsizlik orqanlarının qarşısında da böyük vəzifələr durur. Nazir Eldar Mahmudov cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın idman uğurlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının rolu da ildən-ilə yüksəlir. Əlbəttə bu, hər şeydən əvvəl dövlətimizin başçısının yaxından dəstəyi ilə müasir şəraitə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün hərtərəfli imkanlara malik Milli Təhlükəsizlik Nazirliyinin "Titan" İdman və Sağlamlıq Mərkəzinin yaradılması ilə bağlıdır. Ötən il "Titan"ın üzvləri ayrı-ayrı idman növləri üzrə dünya, Avropa və respublika çempionatlarında 14 qızıl, 16 gümüş və 9 bürünc medal qazanıblar.

Nazir Eldar Mahmudov çıxışında bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində Ermənistan xətti, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması daim prioritet təşkil edir. Ötən il Dağlıq Qarabağ münaqişəsinə dair təbliğat materiallarının hazırlanması və yayılması sahəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının da fəaliyyəti uğurlu olub. Səfirliklərimizə, diaspor təşkilatlarına, elm-təhsil ocaqlarına münaqişənin tarixi, yaranma səbəbləri və fəsadlarından bəhs edən xeyli sayda kitab, broşür və elektron vəsaitlər göndərilib. Bu məsələ daim diqqət mərkəzində saxlanılır.

General-polkovnik Eldar Mahmudov qeyd edib ki, milli təhlükəsizlik orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edir: "Biz möhtərəm Prezidentin milli maraqlara xidmət edən siyasi kursunun bundan sonra da uğurla aparılması üçün qətiyyətlə çalışmaq əzmindəyik. Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən Heydər Əliyev siyasi kursunun dönmədən həyata keçirilməsi, xalqımızın milli mənafelərinin etibarlı qorunması və təhlükəsizlik fəaliyyətimizin əsas xəttini təşkil edir. Nail olunmuş inkişaf və əldə edilmiş uğurlar dövlətimizin başçısı İlham Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi gündəlik diqqət və qayğının bariz nəticəsidir. Peşə bayramı ərəfəsində Azərbaycan Prezidentinin sərəncamları ilə bir qrup əməkdaşa ali hərbi rütbələrin və yüksək dövlət mükafatlarının verilməsi milli təhlükəsizlik orqanlarına olan diqqətin daha bir parlaq təzahürüdür".

Təntənəli mərasimdə çıxış edən Milli Təhlükəsizlik nazirinin müavini general-leytenant Elçin Əliyev bildirib ki, Azərbaycan bu gün dünya birliyi tərəfindən zəngin təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

Milli Təhlükəsizlik Nazirliyinin cinayətkarlıqla, onun ən təhlükəli təzahürlərindən olan terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizədə qazandığı uğurlar, ümumən respublikada təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər cəmiyyətdə yüksək qiymətləndirilir. Şübhəsiz ki, son illər Milli Təhlükəsizlik Nazirliyində aparılan islahatlar nəticəsində formalaşmış, milli maraqlara və təhlükəsizliyə mümkün təhdidlərə qarşı səmərəliliyi işdə təsdiq olunmuş mübarizə xətti uğurla davam etdiriləcək, qarşıda qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün görülən tədbirlər öz müsbət nəticəsini bundan sonra da verəcəkdir.

Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial-müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, ictimai-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə möhkəmlənir. Ermənistan artıq dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınıb, Azərbaycan regionda lider dövlətə çevrilib. Bütün bunlar Heydər Əliyev strateji siyasi və iqtisadi kursunun qələbəsi və təntənəsidir. Bu gün müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevrilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Akademiya da xüsusi xidmət orqanlarının ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün potensialını və səylərini səfərbər edir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Təntənəli mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2015-cü il 27 mart tarixli sərəncamları elan olunub.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun əmrləri elan olunub, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda təltif olunan əməkdaşlar və veteranlarla xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti