...

Avropa Birliyinin paytaxtında azərbaycanlıların soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib (FOTO) (VİDEO)

Siyasət Materials 31 Mart 2015 11:45 (UTC +04:00)
Azərbaycan və Türk diaspor təşkilatları Brüsseldə izdihamlı etiraz aksiyası keçirib.
Avropa Birliyinin paytaxtında azərbaycanlıların soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycan və Türk diaspor təşkilatları Brüsseldə izdihamlı etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da Avropadakı Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri Belçikanın paytaxtı Brüsseldə etiraz aksiyası keçirib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirilən aksiyanın məqsədi, azərbaycanlılara və türklərə qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirilmiş terror və soyqırımı aktları, "erməni soyqırımı" iddiaları, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı ilə bağlı Avropadakı azərbaycanlı və türk icmalarının etirazını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət olub.

Aksiya Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı və Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Hannover Xəzər Cəmiyyəti, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə baş tutub. Aksiyada "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Cəmiyyəti, "Odlar Yurdu" Cəmiyyəti və Atatürkçü Düşüncə Dərnəyinin nümayəndələri də fəal iştirak edib. Təxminən iki saat davam edən aksiyaya Azərbaycan və Türk diasporunun 400 nəfərdən çox nümayəndəsi qatılıb.

Aksiya iştirakçıları əvvəlcə Brüsseldə Avropa Parlamentinin binası qarşısına - Lüksemburq meydanına toplaşıblar. Mitinqin moderatoru Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov aksiyanın məqsədi barədə məlumat verib.

Sonra BAK sədri Sahil Qasımov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz, Hannover Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev çıxış edərək beynəlxalq ictimaiyyəti bəşəriyyətin ümumi bəlası - terrora qarşı öz gücünü birləşdirməyə çağırıblar. Diaspor rəhbərləri 1905-ci ildən bəri Anadoluda və Cənubi Qafqazda yaşayan türklərin erməni millətçiləri tərəfindən soyqırımı və deportasiyalara məruz qaldığını diqqətə çatdırıblar. Çıxışlarda 1918-ci ilin mart soyqırımında erməni millətçilərinin Bakı, Şamaxı, Quba, Muğan, Lənkəranda 50 mindən artıq azərbaycanlı, habelə yəhudi, ləzgi, tat və digər milli azlıqların yüzlərlə nümayəndəsini qətlə yetirdiyi, evlərini talan etdiyi, on minlərlə insanı yurd-yuvasından didərgin saldığı vurğulanıb.

Çıxışlardan sonra aksiya iştirakçıları "Terror bəşəriyyətin ümumi bəlasıdır!", "Biz terrora və soyqırımına yox deyirik!", "Xocalıya Ədalət - Qarabağa Azadlıq!", "İşğalçı Ermənistan, Dağlıq Qarabağı tərk et!" "Azərbaycanlı girovlara azadlıq!", kimi şüarlar səsləndirərək, Brüsselin mərkəzi küçələri ilə Ermənistanın Belçika Krallığındakı Səfirliyinə doğru yürüş ediblər.

Ermənistan Səfirliyi qarşısında davam edən mitinqdə Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvü Faiq Məmmədov aksiya iştirakçıları adından çıxış edərək, Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığını, onminlələ insanın qətlə yetirilməsinə səbəb olduğunu vurğulayıb. Sonra Ana Vətən Qadınlar Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva etiraz aksiyası iştirakçıları adından qəbul olunmuş bəyanatın mətnini oxuyub. Bəyanatda erməni diasporu tərəfindən 1915-ci ildə baş verən hadisələrin "erməni soyqırımı" kimi tanıdılmasına etiraz ifadə olunur və məhz Anadolu və Cənubi Qafqaz türklərinin soyqırıma məruz qaldığı vurğulanır. Sənəddə qeyd olunur ki, erməni diasporu və lobbisinin heç bir real tarixi mənbəyə əsaslanmayan "soyqırımı" iddiaları regionda sülh və sabitlik, xalqlar arasında qarşılıqlı dialoq və anlaşma üçün təhlükədir:"Biz- Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri Ermənistanın, habelə erməni diasporu və lobbisinin etnik düşmənçilik, millətlərarası ədavət, kin və nifrət təlqin edən fəaliyyətindən dərin narahatlığımızı ifadə edir və dünya dövlətlərini bu cür təşəbbüslərə qarşı adekvat addımlar atmağa çağırırıq".

Bəyanatda həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılır və dünya dövlətlərindən "Böyük Ermənistan" xülyasının nəticəsi kimi meydana çıxan, bölgədə təhlükəsizlik üçün böyük təhdidə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, Ermənistanın terrorçu və təcavüzkar siyasətinə son qoymaq üçün səy göstərmək tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti