...

Azərbaycan ABŞ-ın maraqlarını öz maraqlarından üstün tutmalıdır?!

Siyasət Materials 14 Aprel 2015 23:50 (UTC +04:00)
İlk Avropa Oyunlarının keçirilməsinin qaçılmaz olduğunu anlayan Azərbaycanın tənqidçiləri ölkəyə qarşı ənənəvi təzyiqin aksentlərini dəyişdilər.
Azərbaycan ABŞ-ın maraqlarını öz maraqlarından üstün tutmalıdır?!

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev - Trend:

İlk Avropa Oyunlarının keçirilməsinin qaçılmaz olduğunu anlayan Azərbaycanın tənqidçiləri ölkəyə qarşı ənənəvi təzyiqin aksentlərini dəyişdilər. ABŞ-ın bir qrup keçmiş diplomat və bir sıra digər nümayəndələrinin ölkənin dövlət katibi Con Kerriyə ünvanladığı açıq məktub bunu göstərir.

Prinsipcə, bu məktubda yeni bir şey deyilməyib - Azərbaycana qarşı növbəti aşkar, faydasız qarayaxma kampaniyası. Artıq hazırda belə kampaniyalar adi qəbul edilir.

Məktub müəlliflərinin fikrincə, onların özlərinin uydurduğu vəziyyət "ABŞ-Azərbaycan əlaqələrinin gələcəyi baxımından ciddi əndişə yaradır və Azərbaycanın ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə Azərbaycan hökumətinin sadiqliyi ilə bağlı şübhələr doğurur".

Cənablar, Bakını günahlandırmazdan əvvəl özünüzdən soruşun - Azərbaycana münasibətdə öhdəliklər yerinə yetirilirmi? Uzun illərdir ölkə ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün var, Ermənistan mülki şəxsləri girov götürür, ölkə ərazisi mütəmadi atəşə tutulur. BMT-nin işğal edilmiş ərazilərin azad edilməsi üzrə 4 qətnaməsinə baxmayaraq, onlar icra edilmir.

Məktub müəllifləri Ermənistanı öhdəlikləri yerinə yetirməyə və işğal edilmiş ərazilərin azad edilməsinə məcbur etməkdə hansı töhfəni veriblər? Cavab aydındır - heç nə! Heç onların qarşısında belə məqsəd də dayanmır. Bu gün başqa sifariş var.

Regionda və ondan kənarda Azərbaycanın nüfuzunun ildən-ilə artması bir çoxlarını narahat edir. Azərbaycanın gündən-günə güclənməsi onu əsas məqsədə - ərazilərinin erməni işğalçılarından azad edilməsinə - daha da yaxınlaşdırır. Bu, ilk növbədə, artıq regionda Azərbaycanın xeyrinə çox meyillənmiş qüvvələr balansını dəyişəcək.

Hazırda Azərbaycan yalnız öz milli maraqlarına əsaslanmış siyasət yürüdür, bütün qonşuları ilə tərəfdaşlıq münasibətləri qurur (o cümlədən ABŞ-ın ənənəvi rəqibləri ilə), Mərkəzi Asiya və Yaxın Şərqdə Bakını dinləyirlər. Əlbəttə ki, bu, ABŞ kimi ölkələri qane etmir. Bu, siyasi maraqlarla yanaşı, həmçinin ABŞ-ın heysiyyətinə zərbədir. ABŞ hesab edir ki, digər dövlətlərin fikrinə baxmadan istədiyini edə bilər. Əlbəttə ki, Azərbaycanla sıx əməkdaşlıq edən ABŞ-ın rəsmi səviyyədə təzyiqi ola bilməz. Bunun üçün keçmiş cibgir diplomatlar və "demokratiya və azadlıq uğrunda mübarizə aparan" QHT nümayəndələrindən istifadə edilir. Hərçənd, açığını desək, bu QHT-lərin ABŞ-ın özündə demokratiya və azadlıqla məşğul olmasının vaxtı çoxdan çatıb. Xəbərlərdən belə görünür ki, bu ölkədə seqreqasiya siyasəti yenidən qayıdır.

Məktub müəllifləri nəyə çağırır? Çağırışlar arasında "bütün siyasi məhbusları azad etmək" var. Yəni əgər insan cinayət məsuliyyətinə, ən pisi isə düşmən lehinə casusluğa görə təqib edilirsə və bir qrup əcnəbi həmin insanı siyasi məhbus hesab etdiyinə görə o, azad edilməlidir?

Sonra: "yerli və xarici QHT-lərin təqib edilməsi kampaniyasını dayandırmaq və qanunvericilikdə onların fəaliyyətini, maliyyələşdirilməsini məhdudlaşdıran düzəlişləri ləğv etmək", "hakimiyyətin təzyiqi olmadan xarici yayımçıların işini bərpa etməyə icazə vermə". Bu, artıq maraqlıdır. Heç kimə sirr deyil ki, ABŞ-ın siyasətini və maraqlarını yayanlardan bəziləri də QHT və KİV-lərdir. Hərçənd, ABŞ-da xarici təşkilatların fəaliyyəti qanunvericiliklə sərt şəkildə məhdudlaşdırılıb. Yəni Vaşinqton Azərbaycanda ABŞ-ın xeyrinə fəaliyyət göstərən bütün təşkilatlarına nəzarət edilməməsinə çağırır.

Bundan başqa: "azad və ədalətli parlament seçkiləri üçün şərait yaratmaq". Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilmiş bütün seçkilərin nəticələrini azad və ədalətli hesab ediblər. Yəni məktub müəllifləri öz fikirlərini böyük beynəlxalq təşkilatların bəyanatlarından daha nüfuzlu sayırlar.

Lakin məktubda ən biabırçı məqam onun yekunudur. Müəlliflər bəyan edirlər ki, Azərbaycan öz siyasətini davam etdirdiyi müddətdə Dağlıq Qarabağ münaqişəsi həll edilə bilməz. Bax, bu artıq birbaşa şantajdır. Cənablar, unutmayın ki, ölkənizin də üzv olduğu ATƏT-in Minsk qrupu Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi üçün heç nəyə nail olmayıb. Münaqişənin həllinə gəlincə, çıxış yolu həmişə var. Azərbaycan məhz siyasəti, dövlət və ordu quruculuğu sayəsində özü üçün münaqişənin həll edilmə imkanını təmin edib. Bakı sülh danışıqları aparır, lakin münaqişənin hərbi həll yolunu heç vaxt istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti