...

Azərbaycan-Türkiyə-Ermənistan əməkdaşlıq üçbucağı yarana bilərmi?

Siyasət Materials 20 Aprel 2015 21:00 (UTC +04:00)
Azərbaycan və Türkiyənin Yerevana qarşı tələbləri ədalətlidir və beynəlxalq hüquq normalarına əsaslanır: Azərbaycanın işğal edilmiş torpaqlarından qoşunlarını çıxart və əsassız iddialarından əl çək.
Azərbaycan-Türkiyə-Ermənistan əməkdaşlıq üçbucağı yarana bilərmi?

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Regionda Azərbaycan-Türkiyə-Ermənistan əməkdaşlıq üçbucağının alınması üçün rəsmi Yerevan iki türk ölkəsinə qarşı işğalçı siyasətindən və əsassız iddialarından əl çəkməlidir.

Bu fikri bir daha Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirdi. O deyib: "Qondarma "erməni soyqırımı" iddiaları və Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər cür əməkdaşlığa hazırıq".

Buna görə də Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsi və iki ölkə arasında sərhədlərin açılmasına gedən yol Dağlıq Qarabağdan keçir. Regionda bərabərtərəfli üçbucağın iki tərəfi - Azərbaycan-Türkiyə - artıq müəyyənləşib. Qalır Ermənistan.

Regionda bu üç ölkə arasında ümumi mənzərəyə qısa nəzər salaq.

Türkiyə böyüklüyünü göstərərək dəfələrlə Yerevanla əməkdaşlığa hazır olduğunu bəyan edib və bunu diplomatik fəaliyyəti ilə sübut edib. Lakin Ermənistan yalnız sözdə sülh mesajları verir.

Rəsmi Yerevan saxta "erməni soyqırımı" kartından istifadə edərək beynəlxalq ictimaiyyətin Türkiyəyə təzyiq göstərməsinə çalışır, digər tərəfdən, Ankaraya qarşı digər qonşularına olduğu kimi əsassız ərazi iddiaları ilə çıxış edir. Bundan başqa, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və mövcud vəziyyət davam edir.

Göründüyü kimi, rəsmi Yerevanın yürütdüyü siyasətdə işğal və əsassız iddialar üstünlük təşkil edir. Bunun müqabilində Azərbaycan və Türkiyə, demək olar, bütün sahələrdə əməkdaşlıq edir və regionun inkişafına və sülhün qorunmasına öz töhfələrini verirlər.

Azərbaycan və Türkiyənin Yerevana qarşı tələbləri ədalətlidir və beynəlxalq hüquq normalarına əsaslanır: Azərbaycanın işğal edilmiş torpaqlarından qoşunlarını çıxart və əsassız iddialarından əl çək.

Ümumi mənzərə mürəkkəb olduğuna görə regionda üçrtərəfli əməkdaşlığın baş tutması yaxın perspektivdə imkansız görünür. Bunu imkansız edən mövcud mürəkkəb vəziyyətdən daha çox ermənilərin türklərə qarşı ənənəvi düşmənçilik mövqeyidir.

Əslində Yerevan bu üçbucağın alınmasında daha çox maraqlı olmalıdır. Çünki Azərbaycan və Türkiyə ikitərəfli formatda da - Ermənistansız uğurla inkişaf edirlər. Ermənistan isə özünütəcrid siyasəti ilə regionun ən kasıb ölkəsinə çevirib.

Ermənistanın inkişafı tarixən Türkiyə və Azərbaycanla bağlı olub. Ermənilər hazırda da bu iki türk ölkəsində firavan yaşayırlar. Monoetnik dövlət olan Ermənistan barədə isə bunları söyləmək olmaz.

Belə görünür ki, sıravi ermənilər yaxşı başa düşürlər ki, qondarma düşmənçilik onları məhvə aparacaq. Qalır, bunu sıravi erməniləri istiqamətləndirən başbilənlərin dərk etməsi. Onlar bunu ya anlamır, ya da tutduqlarından əl çəkmək istəmirlər.

İstənilən halda uduzan yalnız Ermənistandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti