...

Azərbaycanın İrandakı səfiri İsfahan vilayətində olub

Siyasət Materials 21 Aprel 2015 18:51 (UTC +04:00)
Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İsfahan vilayətinə baş tutan iki günlük səfər çərçivəsində vilayət başçısı Rəsul Zərgərpur ilə görüşüb.
Azərbaycanın İrandakı səfiri İsfahan vilayətində olub

İran, Tehran, 21 aprel /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İsfahan vilayətinə baş tutan iki günlük səfər çərçivəsində vilayət başçısı Rəsul Zərgərpur ilə görüşüb.

Azərbaycanın İrandakı səfirliyindən Trend-ə verilən məlumatına görə, görüşdə iki ölkə arasında mədəni, tarixi, siyasi, coğrafi və dini bağlılıqlardan söz açan vali son illər ərzində əlaqələrin yüksək templə davam etdiyini, Prezident Həsən Ruhani hökumətinin qonşu ölkələrlə münasibətlərin genişləndirilməsinə yüksək önəm verdiyini və bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.

C.Axundov son illər ərzində Azərbaycan və İran arasındakı əlaqələrin yüksələn xətlə inkişafından, həyata keçirilən qarşılıqlı səfərlərin intensivliyindən, imzalanmış sənədlərin əhəmiyyətindən söhbət açaraq, 2014-cü il ərzində ölkə prezidentlərinin ümumilikdə dörd dəfə görüşdüyünü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin isə Azərbaycana həyata keçirilmiş səfərlərinin müsbət nəticələr verdiyini bildirib.

Səfir ölkəmizdə aparılan iqtisadi-sosial islahatlar, dövlətimizin beynəlxalq arenada qazandığı uğurlar haqqında məlumat verərək, son illər ərzində Azərbaycanın bir çox mötəbər tədbir və mərasimlərə ev sahibliyi etdiyini qeyd edib.

C.Axundov görüşdə 2015-ci ilin iyun ayında Azərbaycanın daha bir beynəlxalq tədbirə - Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyini, 2017-ci ildə isə ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının baş tutacağını diqqətə çatdırıb.

Səfir 2010-cu ildə ilk dəfə olaraq İranın Tehran və Təbriz şəhərlərində Azərbaycanın Mədəniyyət Günlərinin təşkil olunduğunu bildirərək, 2015-ci ildə İranda nəzərdə tutulan Azərbaycan Mədəniyyət Həftəsi çərçivəsində İsfahanda da mədəni proqramların keçirilməsində maraqlı olduğumuzu qeyd edib.

İsfahan vilayətinin valisi R.Zərgərpur ilə görüşdə iki ölkənin ticarət palataları arasında əməkdaşlığın artırılması, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, sərgilər və digər mədəniyyət tədbirlərinin keçirilməsində əməkdaşlıq kimi məsələlər də müzakirə olunub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan səfiri C.Axundov İsfahan şəhərinin 30 kilometrliyində yerləşən Nəcəfabad sənaye şəhərciyində olaraq, burada sənaye avadanlıqları istehsal edən "Qazsuzan" zavodu, orta və iritutumlu avtobuslar istehsal edən "Pişrou Asiya Dizel" şirkəti, kafel-metlax istehsalı ilə məşğul olan "Kaşi-ye Asiya" zavodu və "Sepahan" plastik məmulatları zavoduna baxış keçirib və onların iş fəaliyyəti ilə yaxından tanış olub.

Baxış keçirilən şirkət və zavodlar Azərbaycana müvafiq məhsulların ixracı ilə məşğuldur. Həmin müəssisələrin nümayəndələri tərəfindən Azərbaycanla mövcud əməkdaşlığın daha da genişləndirilməsində maraq ifadə olunub. Azərbaycanlı iş adamları bu zavodların fəaliyyəti ilə yerində tanış olmaq üçün Nəcəfabad sənaye şəhərciyinə dəvət ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti