...

Prezident İlham Əliyev: Artıq Azərbaycan Avropa Oyunlarının keçirilməsi üçün tam hazırdır

Siyasət Materials 26 Aprel 2015 23:41 (UTC +04:00)
Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı.
Prezident İlham Əliyev: Artıq Azərbaycan Avropa Oyunlarının keçirilməsi üçün tam hazırdır

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir - birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir.

Aprelin 26-sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşür. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayır. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək dedi: "2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Bu qərara görə Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi".

İlham Əliyevin sözlərinə görə, bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır: "Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən ibarət beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir. Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapmışdır.

Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir".

Dövlət başçısı qeyd edib ki, bununla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır: "Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.

Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir".

İlham Əliyev bildirib ki, beynəlxalq yarışların keçirilməsi üçün Azərbaycanın kifayət qədər geniş təcrübəsi var: "Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır. Hesab edirəm, önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılamışdır.

Beləliklə, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik.

Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bu idman bayramı davam edir. Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir".

Prezident çıxışında qeyd edib ki, Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur: "Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.

Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədində alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin.

Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!"

Daha sonra Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırdı.

Dövlətimizin başçısı məşəli "Bakı-2015" Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verdi.

Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda "Alov festivalı"nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015" brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Sonra birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması münasibətilə ziyafət təşkil olundu.

Daha sonra birinci Avropa Oyunlarının məşəli ilə xatirə şəkilləri çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti