...

İlham Əliyev: III Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün unikal imkandır (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Aprel 2015 13:59 (UTC +04:00)
II Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün sabiq prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət xadimlərinə gözəl imkan təqdim edir.
İlham Əliyev: III Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün unikal imkandır (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Seymur Əliyev/

III Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün sabiq prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət xadimlərinə gözəl imkan təqdim edir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev bildirib: "Mən çox şadam ki, hazırda biz Bakıda belə vacib, nəzərə çarpan beynəlxalq tədbir təşkil etmişik".

Prezidentin sözlərinə əsasən, Forum üzləşəcəyimiz məsələləri müzakirə etmək, eləcə də bütün dünyada müşahidə edilən gərginliyi azaltmaq üçün unikal imkan təqdim edir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu sivilizasiyaların görüşdüyü yer olub: "Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Və əminəm ki, bu hazırda Avropa və müsəlman dünyası arasında mədəni və siyasi körpüdür".

İlham Əliyev deyib: "Cəmiyyətimizdə multikultiralizm ənənələrinin çox dərin kökləri var. Azərbaycanda siyasi strukturun formasından asılı olmayaraq müxtəlif millətlər, etnik qruplar, bütün dinlərin nümayəndələri ölkəmizdə həmişə sülh şəraitində və ləyaqətlə yaşayıblar. Bax buna görə də Azərbaycan müstəqil dövlət olanda ölkə multikultiralizmin dünya mərkəzlərindən birinə çevrildi".

Prezidentin sözlərinə əsasən, Azərbaycan may ayında Mədəniyyətlərarası Dialoq üzrə III Beynəlxalq Forum keçirəcək: "Hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Forumda ilk növbədə dünyanın müxtəlif millətləri arasında dinc yaşamaq, etimadın möhkəmləndirilməsi və gərginliyin azaldılması məsələləri müzakirə olunur".

Dövlət başçısı əlavə edib ki, dərin tarix və mədəniyyətə malik Azərbaycan 20 ildən artıqdır ki, müstəqil dövlət kimi mövcuddur və bu illər transformasiya illəri olub: "Hazırda əldə etdiklərimiz aydın şəkildə göstərir ki, insanlarımız yalnız müstəqillik dövründə böyük uğurlar qazana, gələcəklərini özləri müəyyənləşdirə, nə etməli olduqlarına özləri qərar verə və dünyada özlərinə yer tuta bilərlər".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan həmişə zəngin enerji resurslarına malik ölkə olub: "Ölkə müstəqil olmayanda bu resursların üstünlüklərindən istifadə edə bilmirdi. XX əsrin əvvəlində dünya neft hasilatının yarısından çoxu Azərbaycanın payına düşüb. Sovet dövründə, xüsusilə II Dünya müharibəsində Azərbaycan nefti faşizmlə mübarizədə ən vacib rollardan birini oynadı. Lakin biz müstəqil olduqdan sonra ekoloji fəlakətin, neft sənayesinin enişinin, iqtisadi və sənaye staqnasiyasının şahidi olduq. Bu, mürəkkəb dövr idi, çünki biz təkcə dövlət qurmalı deyil, həm də siyasi və iqtisadi sistemi tam dəyişməliydik. Biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitar sistemdən demokratiyaya keçməli idik. Fikrimcə, siyasi və iqtisadi islahatların paralel reallaşdırılması sürətli dəyişiklikləri, sabitliyi, iqtisadi və sosial inkişafı təmin etdi".

Prezident deyib ki, hazırda Azərbaycan cəmiyyəti azaddır və ölkədə bütün azadlıqlar təmin olunub: "Siyasi transformasiya davam edir, hüquq sisteminin yaxşılaşdırılması üçün daha böyük iş görmək lazımdır, çünki cəmiyyətdə, ailədə və hər hansı yerdə ədalət istənilən cəmiyyətin inkişafının daha vacib elementlərindən biridir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ölkələrin müxtəlif ənənə, tarix və mədəniyyətlərlə yaxınlaşmasında vacib rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti