...

İlham Əliyev Bolqarıstan və Makedoniya prezidentləri ilə görüşüb

Siyasət Materials 28 Aprel 2015 16:25 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.
İlham Əliyev Bolqarıstan və Makedoniya prezidentləri ilə görüşüb

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.

Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Rosen Plevneliyevin III Qlobal Bakı Forumunda iştirakının önəmini vurğuladı.

Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən Prezident İlham Əliyev Bolqarıstana səfərini və səfər zamanı strateji tərəfdaşlıq haqqında imzalanan sənədi məmnunluqla xatırladı.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərdiyini dedi. Rosen Plevneliyev Bolqarıstan ilə Azərbaycan arasında mövcud ikitərəfli əlaqələrin, əldə olunan razılaşma və anlaşmaların regional əməkdaşlığın genişləndirilməsi baxımından da rolunu xüsusi qeyd etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

Dövlətimizin başçısı Makedoniya Respublikasının Prezidenti George İvanov ilə əvvəlki görüşlərini məmnunluqla xatırladı.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi sahədə də genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.

Makedoniya Prezidenti George İvanov Azərbaycanın son illər əldə etdiyi böyük uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi və ölkəmizin inkişafı ilə bağlı xoş arzularını söylədi. George İvanov birinci Avropa Oyunlarının Bakıda keçirilməsini böyük tarixi hadisə kimi dəyərləndirdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, əməkdaşlığımızın enerji, sərmayə qoyuluşu, birgə layihələrin icrası, təhsil və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti