...

Fikrət Sadıxov: Con Kerrinin Azərbaycan əleyhinə kampaniyası ölkəyə qarşı təzyiq alətidir

Siyasət Materials 28 Aprel 2015 18:31 (UTC +04:00)
ABŞ dövlət katibi Con Kerrinin ofisindən aparılan Azərbaycan əleyhinə kampaniya ölkəyə qarşı əsl təzyiq instrumentarisidir.
Fikrət Sadıxov: Con Kerrinin Azərbaycan əleyhinə kampaniyası ölkəyə qarşı təzyiq alətidir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Səba Ağayeva/

ABŞ dövlət katibi Con Kerrinin ofisindən aparılan Azərbaycan əleyhinə kampaniya ölkəyə qarşı əsl təzyiq instrumentarisidir. Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov C.Kerrinin ofisindən aparılan Azərbaycan əleyhinə kampaniya ilə bağlı son araşdırmanın nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ adət edib ki, bu və ya digər dövlətə nəzarət etsin, davranış qaydalarını, daxili və xarici siyasət prioritetlərinin seçimini, qonşu dövlətlərlə qarşılıqlı münasibətlər kursunu diktə etsin: "Və bütün bunlar insan haqları və demokratik dəyərlər mövzusunda nəsihətlərlə müşayiət edilir. Lakin praktika göstərir və zaman təsdiq edir ki, bütün bu ritorik bəyanatlar əslində bu dövlətlərə qarşı təzyiq alətidir".

Politoloqun fikrincə, Vaşinqtonun sözünə qulaq asan, onun nəzarəti altında olan, rəsmi kursuna sadiq olan ölkələrdə çox şey görülmür, hətta bəzən hər şeyə göz yumulur: "Vaşinqtonun öz prinsip və prioritetlərinə əsaslanaraq seçilmiş müstəqil siyasi kurs yürüdən ölkələrə qarşı münasibəti xüsusilə qərəzlidir. Azərbaycana gəlincə, adət etmişik ki, ölkənin getdiyi kurs ölkə hüdudlarından kənarda bir çox siyasi qüvvələri qıcıqlandırır. Biz ölkədə "Eurovision" mahnı müsabiqəsi, Avropa Oyunları, onlarla keçmiş və hazırkı dövlət və hökumət başçısının gəldiyi qlobal forumlar kimi ciddi tədbilər keçirəndə Azərbaycanın necə qıcıqla qəbul olunduğunu görürük".

C.Kerrinin özünə gəlincə, F.Sadıxov əlavə edib ki, o, ümumiyyətlə, çox mənfur fiqurdur: "Onun senator olarkən 1990-cı ilin yanvarında Mixail Qorbaçovun adına yazdığı məktubu xatırlamaq kifayətdir. O, məktubda Qorbaçovdan təcili tədbirlər görməyi tələb edərək ermənilərə həssas qayğı göstərirdi. Məktub Ermənistandan xeyli sayda azərbaycanlıların qovulduğu dövrdə yazılıb. Onların bir hissəsi etnik təmizləməyə məruz qalaraq, ümumiyyətlə, Azərbaycana çatmayıb. O zaman heç kəs, o cümlədən Kerri də bu azərbaycanlı qaçqınlar barədə düşünmürdü, Ermənistanın törətdiyi Xocalı soyqırımı barədə danışmırdı".

Onun sözlərinə görə, bütün bunlar Azərbaycan əleyhinə kampaniyadır - Azərbaycana qarşı əsl təzyiq instrumentarisidir və onu inkişaf etmiş və çiçəklənən görməmək istəyidir: "Buna səbəb ölkənin inkişafı, islamofobiya, regionda ciddi güc olan Türkiyənin Azərbaycanla əlaqələrinin güclənməsindən qorxudur. Bütün bu faktorlar Con Kerri və onun kampaniyasının "qərargah"ı üçün əsas bəhanədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti