...

"İran çoxşaxəli, gərgin daxili və xarici siyasi dövrünü yaşayır"

Siyasət Materials 5 May 2015 15:41 (UTC +04:00)
"İran çoxşaxəli, gərgin daxili və xarici siyasi həyat dövrünü yaşayır. Yəməndə baş verənlər İranın digər istiqamətdəki siyasətini kölgə altına sala bilmədi. İran İraqda öz planını əvvəlcədən nəzərdə tutulmuş formada reallaşdırır".
"İran çoxşaxəli, gərgin daxili və xarici siyasi dövrünü yaşayır"

Azərbaycan, Bakı, 5 may /Trend/

"İran çoxşaxəli, gərgin daxili və xarici siyasi həyat dövrünü yaşayır. Yəməndə baş verənlər İranın digər istiqamətdəki siyasətini kölgə altına sala bilmədi. İran İraqda öz planını əvvəlcədən nəzərdə tutulmuş formada reallaşdırır". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nüvə danışıqlarında İran heç bir ciddi məğlubiyyətə düçar olmadı: "İran heç bir nüvə obyektini bağlamayacaq. AEBA ekspertləri İranda sənədə salınmamış nüvə materialının olmasından şübhələnirlər. Hələ ki İran AEBA ekspertlərinin göndərdiyi sorğulara cavab vermir. Lozanna nüvə danışıqlarından qayıdan İran nümayəndə heyətinin aeroportda qarşılama mərasimi göstərdi ki, İranın daxili qruplaşmaları bir-birini çox gözəl anlayırlar və neytrallaşdıra bilirlər. İran Rusiya istiqamətində uğurlu siyasət aparmağa başladı. Türkiyənin əvvəlki antiiran mövqeyindən əsər-əlamət qalmayıb. İran Mərkəzi Asiyada və MDB-nin digər dövlətlərində siyasətini aktivləşdirir. Ermənistana münasibətini neqativə tərəf dəyişib".

Politoloq qeyd edib ki, İranın xarici siyasəti kifayət qədər canlıdır, həyat qabiliyyətlidir: "İranın əsas daxili və xarici siyasətinin prioriteti ABŞ-la münasibətlər üzərində qurulub. İran indi özünü ABŞ-dan psixoloji baxımdan üstün hesab edir. Ehtimal ki, bu, eyforiyadır. Amma İran bu eyforiyanı praqmatik münasibətlə əvəzləmək imkanına malikdir. ABŞ-ın İranla əlaqəli siyasəti bunu deməyə əsas verir. İran Marşall adaları bayrağı altında üzən gəmini öz ərazisinə təcavüz edən gəmi kimi hərbi yolla öz limanlarından birinə gətirdi. Marşall adalarının beynəlxalq hüquq və təhlükəsizliklə əlaqəli bütün səlahiyyətləri ABŞ-a məxsusdur. Belə demək olar ki, İran ABŞ gəmisini həbs edib. ABŞ-ın bu hadisəyə münasibəti birmənalı olmadı. Bəzi ABŞ rəsmiləri ABŞ-ın Hörmüz boğazında hərəkətin təhlükəsizliyini təmin edəcəyini bildirdi. Marşall adalarının gəmisinə qarşı hərbi insidentin əvəzini İrandan çıxacaqlarını bildirdi. Digər rəsmilər isə ABŞ-ın Hörmüz boğazında silah işlətməyəcəyini, xüsusilə İran gəmilərinə qarşı hərbi güc tətbiq etməyəcəklərini bildirdi. Az sonra İran Marşall adalarının gəmisini azad etsə də, sonradan yenidən onu öz sularında saxladı. Diqqət çəkən məqam orasındadır ki, ABŞ gəmisini həbs edən hərbi dəniz qüvvələri "Sepah"a məxsusdur. "Sepah" dindarların silahlı qüvvəsidir. Digər diqqət çəkən məqam orasındadır ki, ABŞ gəmisinin İran limanlarından birinə borclu olması barədə çıxarılan məhkəmə qərarının prezidentə tabe olan qüvvələrə deyil, məhz Ali dini liderə birbaşa tabe olan hərbi struktura verilməsidir. Görünür, bununla Ali dini lider İranda kimin həqiqi sahib olduğunu ABŞ-ın yadına salmaq istəyib. Üçüncü diqqət çəkən məqam orasındadır ki, bu hadisə İranın xarici işlər nazirinin Nyu-Yorkda olduğu vaxt baş verdi. Yəni bununla da sepahçılar İranın prezident komandasına hörmət etmədiklərini nümayiş etdirdilər. Yayılan məlumatlara görə, ABŞ gəmisinin İran limanlarına borcu çox imiş və bu məsələ uzun müddət ərzində yığılıbmış və bu məsələ dəfələrlə mübahisə yaradıbmış. Hər halda növbəti dəfə də bu məsələni 2 və ya 3 günlüyə ötürmək olardı".

M.Əhmədoğlu vurğulayıb ki, ABŞ-ın dövlət katibi C.Kerrinin Nyu-Yorkda İran nümayəndəliyinə gələrək C.Zəriflə görüşməsi də mühüm mesajdır: "Yəmən hadisələri ətrafında baş verənlər də İranla ABŞ arasında xüsusi münasibətlərin olduğunu göstərir. Yəmən hadisələrinə görə, ABŞ İrana qarşı dəqiq, konkret siyasət formalaşdıra bilməyib. İran gəmilərinin Yəmən sahillərinə yaxınlaşmasına cavab olaraq ABŞ öz gəmilərini həmin ərazilərə göndərir. Sonradan nə baş verirsə ABŞ öz gəmilərini geri çağırır və bunu İranın öz gəmilərinin Yəmən sahillərindən uzaqlaşması ilə əlaqələndirir. Rəsmi və dini Tehran isə gəmilərinin Yəmən sularından geri çəkilmədiyini bildirir. ABŞ İranı husilərə silah verməməyə çağırır. Digər tərəfdən husilərə olan təsirindən istifadə edərək onları dialoqa meylləndirməyə çağırır. Hər halda ABŞ-İran münasibətləri barəsində konkret fikir bildirmək zaman getdikcə çox çətinləşir. İranın NABUKKO layihəsini aktivləşdirmək niyyəti yaxın zamanlar üçün proqnozu xeyli mürəkkəbləşdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti