...

Azərbaycan müasir dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradıb

Siyasət Materials 6 May 2015 13:16 (UTC +04:00)
Çox da uzaq olmayan keçmişdə dünya Azərbaycan adlı bir məmləkətin varlığından, demək olar, xəbərsiz idi. Bəzən ona saymazyana yanaşıldığının, ciddi əhəmiyyət verilmədiyinin də şahidi olurduq.
Azərbaycan müasir dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradıb

Aslan Aslanov - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın), Baş direktoru

Çox da uzaq olmayan keçmişdə dünya Azərbaycan adlı bir məmləkətin varlığından, demək olar, xəbərsiz idi. Bəzən ona saymazyana yanaşıldığının, ciddi əhəmiyyət verilmədiyinin də şahidi olurduq. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonrakı iki-üç il bu baxımdan itirilmiş illər hesab edilə bilər. Xatırlayıram ki, hətta bəzi əcnəbi jurnalistlər belə Azərbaycan adını eşidəndə çiyinlərini çəkirdilər. Yəni, ölkəmiz barədə heç elementar təsəvvürə malik deyildilər. Açığını deyək ki, bu, bir çoxları kimi, məni də təsirləndirir, qəlbən incidirdi. Belə bir vaxtda Ulu Öndərimiz Azərbaycan səmasında günəş tək parladı. Onun parlaq ziyası Azərbaycanı nura boyadı və dünyaya yeni biçimdə təqdim etdi.

Müasir dünyada Azərbaycanın yerini və rolunu müəyyən edən əsas trendlər

Bu gün müstəqil xarici siyasət yürüdən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət olan ölkəmiz özünün çoxşaxəli və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi, geoiqtisadi və geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal tərəfdaşa çevrilir, müasir beynəlxalq münasibətlər sistemində, dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləyir.

Qazanılan nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və müdrikcəsinə düşünülmüş xarici siyasət kursu dayanır. Bu strategiya sayəsində müstəqil Azərbaycan tarixi baxımdan çox qısa bir müddətdə beynəlxalq münasibətlər sistemində layiqli yer tuta bilib, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanıb. Beynəlxalq birliyin ən fəal üzvlərindən biri kimi dünyada münasibətlər nizamının, sülhün və ədalətin, humanitar dəyərlərin yeni modellərinin formalaşmasında, regionun və Avropanın enerji təhlükəsizliyində, qitənin idman ənənələrinin bərpasında mühüm rol oynayır. Zənnimcə, yuxarıda qeyd olunan dörd amil Azərbaycanın müasir dünyada yerini və rolunu müəyyən edən əsas trendlərdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində rolundan çox danışıldığı və yazıldığı üçün əsasən digər üç amil üzərində dayanmaq istərdim.

Beynəlxalq sülhə və təhlükəsizliyə Azərbaycanın töhfələri

Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın dünyaya inteqrasiyasına, xüsusən nüfuzlu beynəlxalq qurumlarda təmsilçiliyinə böyük önəm verirdi. Çünki gənc dövlətin dünya arenasına çıxması, daha geniş tanınması baxımından bu, olduqca vacib idi.

Bu istiqamətdə atılan uğurlu addımlar öz bəhrəsini verməkdədir. Azərbaycan 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəklədi. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: "Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

Ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında prioritet məqsəd kimi qarşıya qoyan Azərbaycan iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirdi, öz sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verdi, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəallıq göstərdi və daim qətiyyətli mövqeyini ortaya qoydu.

Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü müddətində Azərbaycanın böyük əhəmiyyət verdiyi aktual məsələlər sırasında olub.

Təhlükəsizlik Şurasının 2012-ci il mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən yüksək səviyyəli iclasında terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər, terrorla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub və mühüm qərarlar qəbul edilib.

Azərbaycanın müasir dünyada nüfuzunun və önəminin artdığını təsdiq edən daha bir fakt: BMT-nin tarixində ilk dəfə olaraq məhz ölkəmizin təşəbbüsü ilə Təhlükəsizlik Şurasının "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası keçirilib. BMT rəsmiləri dəfələrlə qeyd ediblər ki, Azərbaycan Təhlükəsizlik Şurasına iki illik üzvlüyü dövründə bu təşkilatın sadiq olduğu ideallara - sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət edib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət strategiyasının digər mühüm uğuru Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi oldu. Ölkəmiz bu quruma sədrliyi dövründə geosiyasi səhnədə beynəlxalq münasibətlər sisteminin regional liderinə çevrildiyini bir daha təsdiqlədi.

Prezident İlham Əliyev 2014-cü il iyunun 14-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı nitqində Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni şərh edərək deyib: "Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Fikrimcə, nəinki coğrafi baxımdan, o cümlədən mədəni və siyasi baxımdan regionumuzda mühüm körpü rolunu oynayırıq. Nə qədər uğurlu olarıqsa, sivilizasiyalar arasında bir o qədər mühüm rol oynaya bilərik".

Bir sıra nüfuzlu politoloqlar da bu fikirdədir ki, Azərbaycan regionda və dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradıb. Yerləşdiyimiz coğrafiyanın və sahib olduğumuz humanitar dəyərlərin şərtləndirdiyi bu platforma artıq dünyada sivilizasiyalararası dialoqun Azərbaycan modeli kimi tanınır. Azərbaycan indiyədək müasir humanitariyanın gündəliyini formalaşdıran, aktual problemlərin həlli yollarını müəyyənləşdirən dörd Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Dünya Davos Forumuna, III Qlobal Bakı Forumu və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.

Multikulturalizm - Azərbaycanın vizit kartı

Azərbaycan bu gün tolerantlığın hökm sürdüyü, müxtəlif xalqlar və dinlər arasında münasibətlərin harmoniya təşkil etdiyi ölkə kimi tanınır. Ümummilli lider Heydər Əliyevin vaxtilə böyük önəm verdiyi bu milli mənəvi dəyərlərə müasir kontekstdə yanaşsaq, nələri görə bilərik?

Yaşadığımız müasir dünyada müxtəlif mədəniyyətlər arasında münasibətlərin tamamilə yeni formaları yaranır. Bəşəriyyətin dəyərlər sistemində struktur dəyişiklikləri baş verir, sivilizasiyalar arasında dialoqun mahiyyət etibarilə tam yeni mexanizmləri təşəkkül tapır. Bu proseslər sürətlə qloballaşan dünya nizamının humanitar əsasını təşkil edir və ümumbəşəri dəyərlərin təkamülü şəraitində daha səmərəli humanitar platforma yaradılması zərurəti qarşıya çıxır. Zaman özü tələb edir ki, bu platforma üzərində sivilizasiyalar təmas nöqtələri tapsınlar, effektiv dialoqa və qarşılıqlı anlaşmaya mane olan fərqləri aradan qaldıra bilsinlər. Bu çağırışların diktə etdiyi mədəniyyətlərarası mübadiləyə olan ehtiyacı zamanında dəyərləndirən Azərbaycan humanitar əməkdaşlığın yeni gündəliyinin işlənib hazırlanması təşəbbüsü ilə çıxış edib. Təsadüfi deyil ki, belə aktual gündəliyin işlənib hazırlanmasında mühüm rol oynayan Bakı Beynəlxalq Humanitar forumlarına maraq getdikcə artır, onun auditoriyası dünyanın nüfuzlu siyasət və dövlət xadimlərinin olduqca böyük kontingentini əhatə edir.

Humanitar forumların keçirilməsi üçün nəyə görə məhz Azərbaycanın seçilməsini şərtləndirən amilləri Prezident İlham Əliyev çox gözəl izah edib: "Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər".

Bu baxımdan İtaliyanın "Globalist" xəbər portalında verilmiş "Hər kəsin yaşaya biləcəyi bir ölkə" sərlövhəli məqalədə səslənən fikirləri də diqqətə çatdırmaq yerinə düşər: "Azərbaycan bütün mədəniyyətlərin, sivilizasiyaların, dinlərin nümayəndələrinin dostluq şəraitində, bir ailə kimi mehriban yaşadığı modern ölkədir. Bu ölkə dünyada cərəyan edən mənfi proseslərə müsbət və konstruktiv töhfə verə biləcək təcrübəyə malikdir".

Beynəlxalq humanitar tədbirlərin iştirakçılarından belə bir fikri indi tez-tez eşitmək olar: multikulturalizm Azərbaycanın vizit kartıdır. Azərbaycan dünyada Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyi yeganə ölkədir. Multikulturalizm termini nisbətən yaxın vaxtlarda yaranıb. Amma Azərbaycanda xalqlar neçə əsrdir ki, multikulturalizm şəraitində yaşayırlar. Elə buna görə də Bakı Beynəlxalq Humanitar forumlarında həmişə əsas müzakirə mövzularından biri məhz multikulturalizm olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir.

Bakı Beynəlxalq Humanitar forumlarının yekunlarını şərh edən mütəxəssislərin fikirlərini ümumiləşdirərək bu qənaətə gəlmək olar: Sürətlə qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında fundamental dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti formalaşır. Bütün bu amillər humanitariyanın yeni platformasını formalaşdırmaq zərurətini yaradır ki, bu məsələdə Azərbaycan müasir dünyada mühüm rol oynayır.

Son vaxtlar belə fikirlər də tez-tez səslənir ki, qloballaşma mədəniyyətlərin bənzərsizliyi üçün təhdid mənbəyidir və guya bu ideya transmilli korporasiyalar tərəfindən məxsusi mədəni ekspansiya məqsədilə ortaya atılıb. Qloballaşmanın bu cür izahının tərəfdarları bir aşkar məqamı görmək istəmirlər: Müasir dünya daim ünsiyyətdə olan, qarşılıqlı fəaliyyət şəraitində yaşayan çoxsaylı xalqlar, fərqli dinlər, mədəniyyətlər deməkdir. Bu qarşılıqlı fəaliyyətin spesifikası bir tərəfdən müxtəlif mədəniyyətlərin nümayəndələri arasında açıq münasibətlər olmasını tələb edirsə, digər tərəfdən hər bir xalqın qarşısında identikliyini qoruyub saxlamaq vəzifəsi dayanır. Beləliklə, qloballaşmaqda olan dünyada millətlərarası, konfessiyalararası ünsiyyət strategiyası insani münasibətlərin bu mürəkkəb sahəni ekstremizmə, irqçiliyə, şovinizmə və qarşıdurmaya zidd olaraq multikulturalizm və tolerantlıq əsasında tənzimləyən hüquqi, əxlaqi və sosial normalara əsaslanmalıdır. Azərbaycan da məsələyə elə bu kontekstdən yanaşır.

Adətən multikulturalizm anlayışı müxtəlif sosial subyektlərin (dövlət, özəl və qeyri-hökumət təşkilatlarının), fərqli mədəniyyətlərin bərabərhüquqlu inkişafına, ictimai həyatın bütün sahələrində əhalinin müxtəlif qruplarına münasibətdə ayrı-seçkiliyin aradan qaldırılmasına, bərabər hüquqların təmin edilməsinə yönəlmiş ideyalar və hərəkətlər kompleksini ifadə edir. Başqa sözlə desək, multikulturalizm həm ayrıca götürülmüş bir ölkədə, həm də bütövlükdə qloballaşan dünyada müxtəlif mədəniyyətlərin yanaşı mövcudluğuna şərait yaradılması deməkdir. Bütün bunlar belə bir nəticəyə gəlməyə əsas verir ki, multikulturalizm təkcə etnik doktrina deyil, eyni zamanda, açıq cəmiyyət formalaşdırılmasına kömək etməyə çalışan ölkələr üçün səciyyəvi olan strateji proqram, dövlət siyasəti deməkdir. Beləliklə, multikulturalizm və tolerantlıq bir-biri ilə sıx bağlı, lakin identik olmayan anlayışlardır. Dünyada polietnik, çoxkonfessiyalı və tolerant ölkə kimi tanınan Azərbaycanda cəmiyyətdə multikulturalizm və tolerantlıq məsələlərinə çox həssaslıqla yanaşılır, bu dəyərlərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bu, göründüyü kimi, qeyd olunan problemlərlə üzləşən dünyanın nəzərindən yayınmır.

Azərbaycan dünyaya özünü idman ölkəsi kimi də tanıda bilib

Müstəqilliyimizin bərpa olunduğu ilk illərdə Azərbaycan bir çox ciddi problemlərlə üzləşmişdi. Həmin çətin vaxtlarda yəqin ki, çoxları idmandan danışmağı lüzumsuz hesab edirdi. Yəni, qayğılar başdan aşarkən gözə idmanmı görünürdü?

Amma Ulu Öndər onlardan fərqli olaraq bu barədə də düşünür və hesab edirdi ki, idman ölkənin tanıdılmasında misilsiz vasitədir. Belə ki, rəsmi qəbullar və dövlət tədbirləri istisna olmaqla, ölkənin bayrağı yalnız idmançıların qələbə qazandığı təqdirdə beynəlxalq arenalarda qaldırılır, himni səslənir. Müstəqilliyini yenicə bərpa edən, dünyada hələ yetərincə tanınmayan Azərbaycan üçün idman, doğrudan da, müstəsna əhəmiyyətə malik məsələlərdən biri idi.

Azərbaycanı müasir dünyada, geniş coğrafiyada tanıdan amillər sırasında idmanın oynadığı rol artıq hər kəsə aydındır. İndi Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. Ölkəmizdə idmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir. Dövlətin iqtisadi imkanlarının artması idmanın inkişafına da yetərincə vəsait qoymağa şərait yaradır. Son 10 ildə ölkəmizdə 50-dən çox müasir Olimpiya İdman Kompleksi, beynəlxalq standartlara cavab verən idman qurğuları tikilib.

Ölkəmiz Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edir. Son Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası ikisi qızıl olmaqla, 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci, ümumi iştirakçılar arasında isə 30-cu pilləyə yüksəlib. Perspektivlər daha ümidvericidir. Belə ki, ötən il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında gənc atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq, 200-ə yaxın iştirakçı ölkə arasında 10-cu olub.

Azərbaycan çox möhtəşəm idman bayramı ərəfəsindədir. İyunun 12-dən 28-dək Avropanın idman nəbzi Azərbaycanda döyünəcək. Dünyanın "Bakı-2015"-ə olan marağını təkcə bu faktdan aydın görmək olar: Oyunlarda 50 ölkəni təmsil edən 6 mindən artıq atlet idmanın 20 növündə mübarizə aparacaq. Yarışların 21 idman obyektində keçiriləcəyini nəzərə alsaq, bu, özlüyündə Azərbaycanın zəngin idman infrastrukturundan xəbər verir. Bu gün isə Bakının idman obyektləri xəritəsinə yeni adlar yazılır: Olimpiya Stadionu, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi, Gimnastika Kompleksi, Atletlər Kəndi, "Baku Sport City".

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar ölkəmizin uğuru olmaqla yanaşı, Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən təsdiqinin əyani göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, belə mühüm qərarların qəbulunda ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb.

Aprelin 26-sı isə tarixə Avropa Oyunları həyəcanının başlanğıc günü kimi düşüb. Həmin gün Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırıb. Bununla da alovunu Atəşgah məbədindən götürən birinci Avropa Oyunlarının məşəlinin Azərbaycanda səyahəti başlayıb. Avropa Olimpiya Komitəsinin prezidentinin məşəlin alovlandırılması mərasimində dediyi bu sözlər həqiqətən qürurvericidir: "Təşkilat Komitəsi və "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı".

Belə bir maraqlı cəhət də diqqəti cəlb edir. Olimpiya hərəkatı Avropada yaranıb və Avropa dəyəri hesab olunur. Bununla belə, ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə edilib. Bu Oyunları ilk dəfə təşkil etmək və keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Çünki Azərbaycan Avropa Oyunlarının standartlarını yaradacaq. Bu standartlar sonrakı Avropa Oyunlarının təməl prinsiplərinə çevriləcək. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva "Bakı-2015"-in Avropanın müxtəlif paytaxtlarında keçirilən təqdimat mərasimləri zamanı çıxışlarında dönə-dönə vurğulayıb ki, ilk Oyunların təşkili gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər görülür, Təşkilat Komitəsi səylə çalışır. Hamı bilsin ki, ilk Avropa Oyunları ədalət və sağlam rəqabət prinsipləri, dostluq və həmrəylik şəraitində keçəcək, ölkələri, xalqları, insanları bir araya gətirməklə möhtəşəm idman bayramına çevriləcək.

Azərbaycan 2016-cı ildə Dünya Şahmat Olimpiadasını və "Formula-1" yarışlarını, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bir sıra oyunlarını keçirməklə beynəlxalq idman dəyərlərini daha da zənginləşdirəcək və özü də zənginləşəcək.

Qloballaşma dövründə informasiyanın artan rolu

Ulu öndər Heydər Əliyev Azərbaycan həqiqətlərinin dünya məkanına çıxarılmasını olduqca vacib hesab edir, bu işdə əsas məsuliyyəti Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın üzərinə qoyurdu. Kollektivimiz həmin vaxtdan Ulu Öndərin bu tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirilməsinə səfərbər olunub.

Azərbaycanın beynəlxalq nüfuzunun artması, inteqrasiya yolu tutması AZƏRTAC-ın da dünya informasiya məkanına daha inamla çıxmasına və əlaqələrinin genişlənməsinə yol açıb. Son vaxtlar cərəyan edən mürəkkəb proseslər fonunda informasiyanın gündən-günə artan rolu getdikcə daha aydın şəkildə görünür. Bu yaxınlarda Sloveniya parlamentinin yuxarı palatasının - Milli Şuranın sədri Mitya Bervar ilə görüşümüzdə o, yaxşı bir söz dedi: "Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır".

Deməyi lazım bilirəm ki, hazırda dünyanın 130-a yaxın ölkəsi ilə informasiya mübadiləsi aparan AZƏRTAC təkcə son bir ildə Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində müxtəlif mövzularda 103534 informasiya, 8331 videoxəbər hazırlayaraq öz kanalları ilə yayıb, eyni zamanda, beynəlxalq və regional qurumların elektron resurslarında, ümumilikdə, 7203 xəbər, 1935 foto və 669 videomaterial yerləşdirilib.

Bu gün AZƏRTAC dünyanın mötəbər media qurumlarında fəal təmsil olunur. Agentliyimiz Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə yanaşı, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) üzvüdür. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. OANA-nın Moskvada keçirilən Baş Assambleyasında AZƏRTAC-ın Baş direktoru üçüncü dəfə bu qurumun büro üzvü və vitse-prezidenti seçilib.

Sevindirici haldır ki, beynəlxalq aləmdə çox nüfuzlu media toplantıları kimi qəbul edilən OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə eyni vaxtda Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək. 2016-2019-cu illərdə bu mötəbər qurumlara AZƏRTAC sədrlik edəcək.

* * *

Azərbaycanın müasir dünyada artan rolunu təsdiqləyən amillərin bu qısa təhlilindən belə bir nəticəyə gəlmək olar ki, ulu öndərimiz Heydər Əliyevin 22 il əvvəl müəyyənləşdirdiyi strategiya öz bəhrələrini verməkdədir. Bu strategiyanı müasir dövrün tələblərinə uyğunlaşdıran və yeni dəyərlərlə zənginləşdirən Prezident İlham Əliyevin müdrik və müstəqil xarici siyasət yürütməsi ölkəmizin çağdaş dünyamızda mövqeyini getdikcə möhkəmləndirir, gələcəyə daha nikbin nəzərlərlə baxmağa əsas verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti