...

Prezidentin ibrətamiz iradları...

Siyasət Materials 21 May 2015 11:12 (UTC +04:00)
Azərbaycan xalqının səbrsizliklə və böyük coşqu ilə gözlədiyi və sahiblik edəcəyi İlk Avropa Oyunlarının açılşı xoşbəxtliyini yaşayacağı anlara 23 gün qalmış gözlənilməz bədbəxtçiliklə üzləşdi.
Prezidentin ibrətamiz iradları...

Trend-in baş direktorunun müavini
Arzu Nağıyev - Trend:


Azərbaycan xalqı səbrsizliklə, böyük coşqu ilə gözlədiyi və ev sahibliyi edəcəyi İlk Avropa Oyunlarının açılış xoşbəxtliyini yaşayacağı anlara 23 gün qalmış gözlənilməz bədbəxtliklə üzləşdi. Bakının Binəqədi rayonunda hündürmərtəbəli yaşayış binasında mayın 19-da insan tələfatı ilə müşayiət edilən yanğın hadisəsi baş verdi, 15 nəfər dünyasını dəyişdi, 60-ya yaxın sakin yaralandı.Təxirəsalınmaz tədbirlər və xilasedici qüvvələrin səyi nəticəsində yanğının qarşısı alındı, onlarla vətəndaş yanğının ağuşundan xilas edildi.

Hamını maraqlandıran sual yanğının baş vermə səbəbidir. Yanğının baş vermə səbəbi nə idi? Əlbəttə ki, məmur özbaşınalığı, səhlənkarlıq, nəfsinə hakim olmağı bacarmamaq, tez varlanmaq həvəsi, həvalə olunan işi yarıtmaz yerinə yetirmək və s..

Yanğınla bağlı yaradılan Dövlət Komissiyasının ilk iclasında cənab İlham Əliyev düzgün qeyd etdi ki, tənzimləmə məsələləri, qaydaları qanunvericilikdə təsbit edilir, ancaq bunlara riayət olunmur. Yəni yazılanlar kağız üzərində qalır, hansısa məmur isə öz bildiyini edir.

Keçirilən iclasda məlum oldu ki, binalar təmir edilir, müqavilə bağlanılmır. Bu, ümumiyyətlə, qəbuledilməzdir. Sertifikat verilən maddəyə oda davamlılığın artması, materialın yüksək səviyyəli olması üçün hansısa maddələr əlavə edilməlidir. Lakin istehsalat zamanı o qatqı əlavə edilmir, beləliklə, lazım olan keyfiyyət itir. Keyfiyyətə cavabdeh olan qurumlar standartları necə gəldi ayırd edir və bunun nə ilə nəticələnəcəyini belə düşünmürlər.

İclasda dövlət başçısının qeyd etdiyi iradlardan biri müqaviləsiz iş görülən, ekspertizası olmayan binalarla bağlı oldu. Dövlət başçısı qeyd etdi ki, əgər ekspertiza varsa və sənəd həqiqətə uyğun deyilsə, o zaman həmin ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb edilməlidir.

Bu bir həqiqətdir, çünki bu məsələlərdən ən böyük varlıq olan insan ömrü asılıdır. Amma nə fayda, təəssüf ki, bunlar pula, vara, vəzifəyə həris olanları düşündürmür. Əgər düşünməyə vaxtları və maraqları olmayıbsa, cavab verməli olacaqlar və düşünməyə daha çox vaxt tapacaqları yerə yollanacaqlar. Çünki öz tamahlarına güc gələ bilməyənlər, insanların taleyi ilə oynayanda belə acınacaqlı nəticələr olur.

Bəzi məmurlar hadisə baş verəndən sonra sanki yuxudan ayılırlar. Məhz buna görə də cənab İlham Əliyev düzgün irad bildirir, tələb edir. Komissiyanın iclasında Prezident ünvanlı şəkildə qeyd etdi: "Tələb edirəm ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün mənə konkret təkliflər paketi təqdim edilsin. Çünki mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur".

Əgər belə bir tənzimləmə mexanizmi tək kağız üzərində qalırsa və acı sonluqlarla bitirsə, hüquq-mühafizə orqanları tərəfindən bunun səbəbləri araşdırılmalıdır. Sanki xalqın istəyini ifadə edən cənab İlham Əliyev bildirdi ki, burada hüquq-mühafizə orqanlarının çox geniş iş fəaliyyəti nəzərdə tutulur ki, biz birdəfəlik bu hərc-mərcliyə son qoyaq: "Çünki bu, bizə yaraşmaz. Azərbaycanda bu qədər abadlıq, quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim təhlükəsizlik və keyfiyyətdir, ancaq biz həyatda bu qaydaların pozulduğunu görürük".

Bu hadisədə dünyasını dəyişənlər, yaralanlar bizim həmvətənlərimiz, gələcək genofondumuz, tələbələrimiz, ahıllarımızdır, bir sözlə bizim itkilərimizdir. Dağlıq Qarabağ kimi həll olunmamış problemimiz var. Xarici qüvvələrin gözü götürməməkdən irəli gələn təzyiqləri az deyilmiş kimi, daxili düşmənlərimiz də sapı özümüzdən olan baltaya bənzəyirlər.

Yetər artıq. Biz buna layiq xalq deyilik. Cənab Prezident İlham Əliyevin dedikləri haqlı iradlardan nəticələr çıxarmağın vaxtı çoxdan çatıb - "Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti