...

Leyla Əliyeva "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb

Siyasət Materials 22 May 2015 21:18 (UTC +04:00)
Bu gün Bakıda "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
Leyla Əliyeva "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Jurnalın ölkə üzrə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilən növbəti buraxılış haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin, bir sıra nazirlərin və digər şəxslərin müsahibələri yer alıb.

B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirib.

Sonra jurnalın baş redaktoru Leeland Rays son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışıb. L.Rays bütün bunları nəzərə alaraq jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu deyib. O bildirib ki, bu, Azərbaycan haqqında yazılanların bir hissəsidir.

Tədbir zamanı mükafatlar da təqdim olunub. "The Business Year" insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun inkişafına verdiyi dəyərli töhfələrə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanı "İlin beynəlxalq dialoqu" mükafatına layiq görüb.

Azərbaycan dövlət siyasətinin təbliği və dövlət imicinin formalaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "The Business Year" şirkətinin xüsusi plaketinə laiq görülüb.

Tədbirdə, həmçinin Gənclər və İdman Nazirliyi "İlin idman nazirliyi" mükafatı ilə təltif edilib. Mükafat gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova təqdim edilib. "İlin kənd təsərrüfatı təşəbbüsü" mükafatına isə "Şəmkir" Aqroparkı layiq görülüb. Mükafat Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova təqdim olunub.

Bakı Olimpiya Stadionunun tikintisini həyata keçirən "Tekfen Constraction" şirkəti "İlin layihəsi" mükafatı ilə təltif olunub. Mükafat şirkətin prezidenti və İdarə Heyətinin üzvü Löhent Kavkazhona təqdim edilib.

"İlin daşınmaz əmlakı" mükafatına "Yeni Həyat" şirkətlər qrupu layiq görülüb. Mükafat şirkətin İdarə Heyətinin sədri Fərid Həsənova təqdim edilib.

"İlin yenilikçi bankı" mükafatına "TuranBank" layiq görülüb. Mükafat bankın İdarə Heyətinin sədri Fuad Musayevə təqdim edilib.

"İlin sənaye təşəbbüsü" mükafatına isə Sumqayıt Texnologiyalar Parkı layiq görülüb. Mükafat parkın icraçı direktoru İdris Musayevə təqdim olunub.

Həmçinin, "İlin sənaye istehsalçısı" mükafatına İlknur Bakı şirkəti layiq görülüb. Mükafat şirkətin İdarə Heyətinin sədri Fərid Fərhadzadəyə təqdim olunub.

"İlin tikinti təchizatçısı" mükafatına isə "Gilan and Knauf" şirkəti layiq görülüb. Mükafat şirkətin baş direktoru Cəmil Muradova verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti