...

XİN: Ermənistan münaqişənin həllinə dair üzərinə öhdəlik götürür

Siyasət Materials 23 May 2015 17:35 (UTC +04:00)
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqının mayın 21-22-də Riqada keçirilən sammitində çıxış zamanı səsləndirdiyi fikirlərini şərh edib.
XİN: Ermənistan münaqişənin həllinə dair üzərinə öhdəlik götürür

Azərbaycan, Bakı, 23 may /Trend/

Riqa bəyannaməsinin 5-ci bəndinə əsasən isə Ermənistan rəhbərliyi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair öz üzərinə öhdəlik götürür. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqının mayın 21-22-də Riqada keçirilən Sammitində çıxışı zamanı səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, tarixi, siyasi və hüquqi saxtakarlığa yol verərək, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmaması barədə əsassız iddia ilə çıxış edilməsi əslində Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz və işğalın daha bir etirafıdır.

XİN rəsmisi bildirib ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın tarixi, arxeoloji və antropoloji baxımdan ermənilərlə heç bir əlaqəsi olmaması barəsində fikir söyləməyə ehtiyac yoxdur: "Onu əlavə etmək kifayətdir ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası Dağlıq Qarabağ onun ayrılmaz tərkib hissəsi olaraq, BMT-yə tam hüquqlu üzv qəbul olunub və bu sərhədlər daxilində beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə dəstəklənir".

H.Hacıyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsbit olunaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur: "853 saylı qətnamənin 9-cu bəndində isə məxsusi olaraq, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə" istinad edilir. Riqa Sammitinin yekun bəyanatına qoşulan Ermənistan rəhbərliyi əslində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir. Riqa bəyannaməsinin 3-cü bəndində bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə münasibətdə öhdəlik təsbit olunub. Riqa bəyannaməsinin 5-ci bəndinə əsasən isə Ermənistan rəhbərliyi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair öz üzərinə öhdəlik götürür".

XİN rəsmisi vurğulayıb ki, qeyri-ciddi olan və gülünc doğuran bu kimi bəyanatların əvəzinə Ermənistan rəhbərliyi beynəlxalq öhdəliklərinə uyğun olaraq, nəhayət məsuliyyətli davranış nümayiş etdirməli, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və işğala son qoymalıdır: "Bunun baş vermədiyi halda, yarana biləcək hər hansı vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".

Qeyd edək ki, Riqa Sammitində çıxışı zamanı Sej Sarkisyan bildirib ki, Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur, belə ki, Dağlıq Qarabağ müstəqil Azərbaycanın heç vaxt tərkib hissəsi olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti