...

Prezident İlham Əliyev: TAP layihəsində problem yaransa, Azərbaycan öz qazını daha çox Türkiyə bazarına ixrac edəcək

Siyasət Materials 27 May 2015 22:49 (UTC +04:00)
“Son müddət ərzində, keçən bayramlardan sonra, görün, energetika sahəsində nə qədər əhəmiyyətli hadisə baş verib. Keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulub. O tarix də çox rəmzi məna daşıyır. Ondan sonra Bakıda “Cənub” qaz dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilib”.
Prezident İlham Əliyev: TAP layihəsində problem yaransa, Azərbaycan öz qazını daha çox Türkiyə bazarına ixrac edəcək

Azərbaycan, Bakı, 27 may /Trend/

"Son müddət ərzində, keçən bayramlardan sonra, görün, energetika sahəsində nə qədər əhəmiyyətli hadisə baş verib. Keçən il sentyabrın 20-də "Cənub" qaz dəhlizinin təməli qoyulub. O tarix də çox rəmzi məna daşıyır. Ondan sonra Bakıda "Cənub" qaz dəhlizinin Məşvərət Şurasının ilk toplantısı keçirilib".

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zaman deyib.

Dövlət başçısı vurğulayıb ki, mart ayında isə Türkiyədə TANAP layihəsinin təməli qoyulub: "İndi bütün səylərimiz ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini və TANAP-Trans-Anadolu layihəsinin inşasını vaxtında, bəlkə də vaxtından əvvəl təmin edək. Məncə, biz qarşımıza qoyduğumuz hədəflərə vaxtında, bəlkə də daha tez çatacağıq. Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik layihəsinin qarşısında da heç bir süni əngəl meydana çıxmayacaq. Çünki əgər belə əngəl olarsa, o zaman əlbəttə ki, burada udan tərəf olmayacaq.

Onu da qeyd etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur. Sadəcə olaraq, TAP iştirakçılarının hamısı gərək məsuliyyətli davransınlar və süni şəkildə problem yaratmasınlar. Gələcəkdə əlbəttə ki, "Cənub" qaz dəhlizinin tam şəkildə işə düşməsi "Şahdəniz" yatağının işlənməsi ilə bərabər bizim strateji hədəfimizdir".

İlham Əliyev bildirib ki, əslində qarşıda duran vəzifələr daha da çoxdur, bir çıxışda onların hamısını qeyd etmək mümkün deyil:

"Sadəcə olaraq, bəziləri haqqında fikirlərimi bildirdim. Həm söylədiyim sözlər, həm aparılan təhlil, həm gələcəyə olan baxışlarımız bir daha bizi əmin edir ki, Azərbaycanın inkişafı davamlı olacaq. Biz bundan sonra da inkişaf yolu ilə gedəcəyik. Bu inkişafın əsası bizim müstəqilliyimizdir. Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq".

Xəbər lenti

Xəbər lenti