...

Prezident İlham Əliyev: Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək

Siyasət Materials 27 May 2015 23:01 (UTC +04:00)
“Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Burada da bizim siyasətimiz və mövqeyimiz birmənalıdır”.
Prezident İlham Əliyev: Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək

Azərbaycan, Bakı, 27 may /Trend/

"Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Burada da bizim siyasətimiz və mövqeyimiz birmənalıdır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zaman deyib.

İlham Əliyev bildirib ki, birincisi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır: "Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, hesab edirəm, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan torpağıdır. İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Biz BMT-yə üzv olduqda Dağlıq Qarabağ da bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul edildi. Bu gün siyasi müstəvidə, əlbəttə ki, Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz dərəcədədir. Üçüncüsü, iqtisadi amildir. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyükdür və güclüdür. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir".

Dövlət başçısı vurğulayıb ki, eyni zamanda, Azərbaycanda çox müsbət demoqrafik dinamika var, əhalimizin sayı artır:

"Artıq 9 milyon 600 mindir. Ermənistanda isə əhali azalır. Həm təbii azalma, həm də ki, kütləvi köç baş alıb gedir. Onların rəsmi statistikasına görə, hər il təxminən 70-80 min vətəndaş Ermənistanı həmişəlik tərk edir. Hesab edirəm ki, real statistika bundan daha böyükdür. Ona görə, bu güclər nisbəti göz qabağındadır. Münaqişə ancaq ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər".

İlham Əliyev deyib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir:

"Bunu hamı bilməlidir. Məsələ ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. Dağlıq Qarabağa heç vaxt heç bir müstəqillik verilməyəcək. Azərbaycan bunu heç vaxt qəbul etməyəcək və dünya bunu heç vaxt tanımayacaq. Bu yaxınlarda orada separatçı rejim və Ermənistan tərəfindən keçirilmiş saxta və qanunsuz "seçkilər" bir daha onu göstərdi ki, heç kim bunu tanımayıb və ölkələrin bir çoxu bu "seçkilər"i qınayıb.

Ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcək. Bu, bizim diplomatik sahədə apardığımız səylərə böyük dəstəkdir. Son vaxtlar, keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Ondan sonra sülh yarana bilər, ondan sonra Azərbaycan və erməni xalqları barışa bilərlər. Biz hər halda gələcəyi belə görürük. Biz hesab edirik ki, bu ədavət və düşmənçilik əbədi ola bilməz. Amma buna, ilk növbədə, sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməlidir. Burada ən məqbul variant mərhələli həlldir. Biz dəfələrlə bu barədə öz sözümüzü demişik. Ancaq mərhələli həll burada məsələnin həllinə gətirib çıxara bilər. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti