...

Azərbaycanın uğurları Bolqarıstan mətbuatında

Siyasət Materials 10 İyun 2015 12:51 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı Səfiri Emil Kərimov Bolqarıstanın nüfuzlu qəzetlərindən sayılan “24 Çasa” qəzetinə Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müsahibə verib.
Azərbaycanın uğurları Bolqarıstan mətbuatında

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Azərbaycanın Bolqarıstandakı Səfiri Emil Kərimov Bolqarıstanın nüfuzlu qəzetlərindən sayılan "24 Çasa" qəzetinə Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müsahibə verib. Bu barədə səfirlikdən Trend-ə verilən məlumatda bildirilir.

Səfir E.Kərimov müsahibədə ilk öncə tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə danışaraq, bu qərarın 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunduğundan, bu oyunlarda 20-yə yaxın idman növündə Avropa ölkələrinin 6000-dən yuxarı idmançısının iştirak edəcəyindən və ümumilikdə 253 medal uğrunda mübarizənin aparılacağından bəhs edib. Bundan əlavə Səfir, 2013-cü il yanvar ayının 17-də Bakıda ilk "Avropa Oyunları 2015"-i lazımi səviyyədə keçirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalandığını qeyd edib.

Səfir E.Kərimov Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisəsi olan "Bakı-2015" ilk Avropa Oyunları məşəlinin yandırılması mərasimindən söz açaraq, 2015-ci il aprelin 26-da AR Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti P.Hikkinin sözügedən mərasimdə iştirak etmələrindən, Birinci Avropa Oyunlarının məşəlinin səyahətindən, Birinci Avropa Oyunlarının məşəlinin 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, oyunların açılış mərasimində isə Bakı Olimpiya Stadionuna gətiriləcəyindən danışıb.

Səfir Bakı-2015" ilk Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri barədə də ətraflı məlumat verərək, ilk açılışın 2015-ci ildə inşa edilmiş, 65000 nəfərlik Milli Olimpiya Stadionunda olacağını diqqətə çatdırıb. Bununla yanaşı, oyunlar ərəfəsində idmançıların və komanda rəsmilərinin yaşayışının təmin edilməsi məqsədilə 7300 nəfərlik "Olimpiya kəndi"nin yaradıldığını vurğulayıb.

Səfir həmçinin "Bakı-2015"də Bolqarıstandan 127 idmançının müxtəlif medallar uğrunda yarışacaqlarını bildirib.
E.Kərimov Azərbaycanda idmanın inkişafı və ölkəmizdə tarixən idmanın növləri barədə danışıb. Tarixi mənbələrə istinadən çövkən oyunu barədə ətraflı məlumat verən Səfir orta Asiya, Türkiyə, İran və İraqda məşhur bu oyunun Azərbaycanda VI-VII əsrlərdə yarandığını və XII əsrdə tarixdə ilk dəfə beynəlxalq çövkən yarışlarının Bağdad şəhərində keçirildiyini, bundan sonra XIX əsrdə ingilislər tərəfindən İngiltərəyə gətirilən bu oyunun onların təşəbbüsü ilə "polo" adı altında ilk dəfə 1900 -cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edildiyini və 1960-cı ildən Azərbaycanda rəsmi çövkən üzrə yarışların keçirilməsinin bərpa olunduğunu, həmçinin 1979-cu ildə "Çövkən" oyunu haqqında sənədli filmin çəkildiyini bildirib.

Bundan əlavə, Səfir Azərbaycanın ənənəvi çövkən milli oyununun 2013-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən bəhs edib.

Sonra Səfir Orta əsrlərdə Azərbaycanda idmanın intellektual növü olan şahmatın da geniş yayıldığını, XII əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin mahir şahmat oyunçusu olduğunu, bundan əlavə, XIX əsrdə Fransa yazıçısı Aleksandr Dümanın Azərbaycana səfəri zamanı Qarabağ xanının qızı, məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvanla şahmat oynadığını və X.Natəvanın gözəl oyunundan heyran qaldığı barədə məlumatları diqqətə çatdırıb.

Bundan əlavə E.Kərimov, hələ Sovet hakimiyyəti dövründə güləş, boks, yüngül atletika, qılıncoynatma, tennis və s. kimi idman növləri üzrə SSRİ-nin yığmasında olan Azərbaycan idmançılarının dünya və beynəlxalq yarışlardakı nailiyyətlərindən söz açmışdır. Azərbaycanın məşhur futbolçuları Ələkbər Məmmədov, Anatoli Banişevski və Tofiq Bəhramovun adlarını sadalayıb.

Eyni zamanda Səfir, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın apardıqları siyasət nəticəsində son 10 il ərzində ölkədə keçirilən beynəlxalq və dünya yarışlarının sayının artdığını, belə ki, bədii gimnastika üzrə Dünya Kuboku və Avropa çempionatının, boks üzrə dünya çempionatının, gənc qadınlar arasında futbol üzrə dünya çempionatının və sərbəst güləş üzrə Avropa çempionatının keçirildiyini vurğulayıb.

Bundan sonra Səfir 1992-ci ildə Milli Olimpiya Komitəsinin yaradıldığı və 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş İlham Əliyevin gördüyü nəhəng işlər nəticəsində ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövrün başladığı, ilk dəfə olaraq 1996-cı ildə Atlanta və 2000-ci ildə Sidney Olimpiadalarında idmançılarımızın qazandıqları uğurlardan bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti