...

Mübariz Əhmədoğlu: Ermənistanın təcili köməyə ehtiyacı var

Siyasət Materials 3 İyul 2015 10:25 (UTC +04:00)
“Ermənistan artıq müstəqil qərar qəbul edə bilmir və bu məsələdə təcili köməyə ehtiyacı var”.
Mübariz Əhmədoğlu: Ermənistanın təcili köməyə ehtiyacı var

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

"Ermənistan artıq müstəqil qərar qəbul edə bilmir və bu məsələdə təcili köməyə ehtiyacı var". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills yaxınlarda sensasion bəyanatla çıxış edib. Bəlli olub ki, Ermənistandakı Vorotan SES-in ABŞ-a satılması ilə bağlı müqavilə sonadək imzalanmayıb: "Müqavilənin tərkibinə daxil olan bəzi sənədlərin imzalanması təxirə salınıb, Vorotan SES-in açarı ABŞ-ın "Qlobal Kontur" şirkətinə verilməyib. Bu, Ermənistanda hakimiyyət daxilində gedən proseslərin göstəricisidir. Vorotan SES-in ABŞ-a satılmasına Ermənistan hakimiyyətində müxtəlif qrupların yanaşmaları fərqlidir. Rusiyapərəstlər təbii ki, belə müqavilənin imzalanmasının əleyhinədir, amerikapərəstlər isə çalışacaqlar ki, bu müqavilə imzalansın".

Amma Mərkəzin direktoru hesab edir ki, bu məsələdə daha çox geosiyasi faktorun olması ehtimal edilir: "Ola bilər ki, Vorotan SES-in satılmaması üçün Rusiya Ermənistana dəfələrlə təzyiqlər edib. Rusiya hal-hazırda Ermənistanın hərəkətlərinə çox həssas yanaşır. Prezident Serj Sarkisyan ABŞ-da olarkən antirusiya mövqeli senator Con Makkeyn ilə şəkil çəkdirən kimi Rusiya qazın qiymətini aşağı salmaqla bağlı vədini dandı. Eləcə də Vorotan SES ilə əlaqəli müqavilə imzalanan kimi Ermənistan hökümətinin nümayəndəsi Rusiyaya çağırıldı və ona bildirildi ki, Ermənistanın verdiyisənədlərdən hansısa biri itib, o sənəd tapılmayana, sənədlə bağlı məsələlər bərpa olunmayana qədər Rusiya Metsamor AES-in fəaliyyətə başlaması üçün 270 milyon dollarlıq kredit, 30 milyonluq qrant layihəsini reallaşdıra bilməyəcək".

M.Əhmədoğlunun fikrincə, ola bilər ki, indi müqavilənin yarımçıq imzalanması Rusiyanın təkidi ilə baş verib. Amma İran tərəfdən təzyiqin olması ehtimalı da böyükdür: "Vorotan SES ilə bağlı müqavilə imzalanan ərəfədə İran birdən-birə xeyli aktivləşdi. Hərçənd, son vaxtlar İran-Ermənistan münasibətlərində səngimə baş vermişdi. İranın fəallaşmasının səbəbi Vorotan SES-in ABŞ-a satılmasının reallaşmasının qarşısını almaq üçün idi. Çünki, ABŞ-ın İran-Ermənistan sərhədində yerləşməsi İranın təhlükəsizlik və milli maraqlarına ciddi zərbədir".

Poliroloq bildirib ki, indi əyani şəkildə bəlli olur ki, Ermənistan rəhbərliyi özü üçün lazım olan, faydalı hesab etdiyi qərarları qəbul edə bilmir. Amma məsələ təkcə bununla bitmir: "Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistanda keçirilən "Rouz Rout" sammitində Avropa İttifaqını aşkar şəkildə şərlədi. Bildirdi ki, guya Avropa İttifaqı Ermənistanın qabağına şərt qoyub və guya Ermənistan ya Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramını, ya da Rusiyanı seçməlidir. Məhz ona görə Ermənistan tərəfi Rusiya tərəfini seçib. Amma 2013-cü ilin 3 sentyabr hadisəsi və Sarkisyanın sonradan o hadisələrə dəfələrlə şərhlər verməsi, eləcə də xarici erməni mətbuatındakı yazılar göstərir ki, Avropa İttifaqı tərəfdən belə bir şərt olmayıb. Sadəcə Ermənistan özü əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir və sonra da o başqa dövlətləri, başqa strukturları şərləməklə məşğul olur.

Avropa İttifaqının Minskdə keçirilən tədbirində də Ermənistanın xarici işlər naziri bildirdi ki, Ermənistanın əsas məqsədi Avrasiya İqtisadi Birliyinin imkanlarından tam yararlanmaqdır. Yəni faktiki olaraq, Ermənistan Avropa İttifaqının Riqa sammiti ərəfəsində və ondan sonra Avropa İttifaqı ilə inteqrasiyaya yalvardığı halda yenidən Nalbandyanın belə bəyanat verməsi göstərir ki, Ermənistan müstəqil sürətdə qərar qəbul edə və qərarlarını dəstəkləyə bilmir. Əyani misallardan bir Ermənistanda formalaşmış ənənənin ABŞ-ın Müstəqillik günü ilə əlaqədar pozulmasıdır. Formalaşmış ənənəyə görə Ermənistanın prezidenti Serj Sarkisyan həmişə belə dövlət tədbirləri olanda səfirliklərə gedir, səfirlə və səfirliyin əməkdaşları ilə görüşür. Amma bu dəfə Sarkisyan ABŞ səfirliyinə baş çəkmədi".

M.Əhmədoğlunun fikrincə, bütün bunlar göstərir ki, Ermənistan getdikcə müstəqilliyini itirir: "Ermənistanın indiki vəziyyətə düşməsində ən böyük amillərdən biri Qərbin Sarkisyanın yalanlarının fərqinə varmadan inanmasıdır. Şərq Tərəfdaşlığı Proqramı Sarkisyanın yalanı üzərində qurulmuşdu. Bu həm Avropa İttifaqı üçün, həm də region dövlətləri üçün böyük fəsadlara gətirib çıxardı. Bütün bunların hamısında da Ermənistanın bir məqsədi var: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubatmaq, diqqəti tənzimlənmədən yayındırmaq. Bunun Avropa İttifaqına, ABŞ-a, Rusiyaya neçəyə başa gəlməsi artıq Sarkisyan və ermənilər üçün maraqlı deyil. Çünki onların belə marağı dərk etməyə səviyyəsi çatmır, məsuliyyətləri yoxdur".

Mərkəzin direktoru hesab edir ki, yaranmış vəziyyətdə ən real variant qərar qəbul etmək məsələsində Ermənistan hökümətinə kömək edilməsidir: "Ermənistana hörməti olan dövlət onun qərar qəbul etməsinə yardım etməlidir və bu ilk növbədə özünü Dağlıq Qarabağ tənzimlənməsində göstərməlidir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair də qərar qəbul edə bilmir. Rusiyaya, ABŞ-a hərəsinə müxtəlif bəhanələr gətirir, müxtəlif yalanlar deyir. Ona görə çıxış yolu kimi Dağlıq Qarabağ məsələsində Ermənistanın əvəzinə qərarın qəbul edilməsidir. Bundan sonra Ermənistan müstəqilliyini bərpa edə, dövlətçiliyi güclənə və tədricən müsbət dinamika ilə inkişafına qədəm qoya bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti