...

AKP-nin gizli müttəfiqi hansı partiyadır?

Siyasət Materials 3 İyul 2015 22:30 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə keçirilmiş seçkilərdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) tutduğu mövqe MHP ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında gizli oyunların aparılması kimi qiymətləndirildi.
AKP-nin gizli müttəfiqi hansı partiyadır?

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə keçirilmiş seçkilərdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) tutduğu mövqe MHP ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında gizli oyunların aparılması kimi qiymətləndirildi.

Bu fikir MHP-nin seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykalı dəstəkləməməsi səbəbindən CHP tərəfindən də istisna edilmədi. MHP sədri Dövlət Bahçeli partiyanın namizədi olan Ekmələddin İhsanoğlunun 4-cü tura keçə bilməyəcəyi təqdirdə, keçərsiz səs verəcəkləri mesajını verdi. Bu da sonradan TBMM sədri seçilmiş AKP-nin namizədi İsmət Yıldızın yolunu açmış oldu.

MHP-nin mövqeyi seçkilərdən sonra CHP-nin blok adlandırdığı CHP-MHP-Xalqların Demokratik Partiyası (HDP) birliyini çökdürdü. Bunu CHP üzülərək, AKP isə sevinərək elan etdi. Hərçənd Bahçeli daha əvvəl partiyasının bloka daxil olmadığını bildirmişdi. Buna səbəb MHP-nin HDP-yə siyasi partiya gözü ilə baxmamasıdır.

Hadisələrin bu gedişatı AKP-MHP-nin gizli ittifaq içərisində olduğunu düşünməyə əsas verə bilər. Bu fikri gücləndirən digər amil MHP-nin daha əvvəl TBMM-də bəzi qərarların qəbul edilməsində AKP-yə səs dəstəyi verməsidir. Bahçelinin bir neçə gün əvvəl "əgər bütün alternativlər tükənərsə və siyasi qeyri-sabitlik yaranarsa, Türkiyəni Allahın iznilə namərdə möhtac etmərik, məsuliyyətdən qaçmarıq. Həmsöhbətlərimizdə səmimiyyət olarsa, koalisiya barədə müzakirələrdən yayınmayacağıq" açıqlaması da AKP ilə yaxınlaşmanın işarəsi kimi qələmə verildi.

Lakin MHP bu fikrə əks olan siyasi proseslərin də iştirakçısıdır. Əvvəla, Yılmaz dəstək almaq üçün siyasi partiyaların qapılarını döyəndə Bahçeli ilə heç də xoş ab-havada keçməyən randevu cəmi 4 dəqiqə davam etmişdi. Bahçeli AKP heyətinə İhsanoğlunu sonadək dəstələyəcəkləri barədə konkret mesaj verdi. Digər tərəfdən, parlament seçkiləri başa çatan kimi MHP AKP ilə koalisiyaya qarşı olduğunu bildirmiş və "qırmızı xətt" deyilən tələblər irəli sürmüşdü. Əgər AKP MHP ilə koalisiya qurmaq istəyirsə, prezident üsul-idarəsi sistemindən və "çözüm prosesi"ndən imtina etməli, rüşvətxorluq iddialarını ciddi araşdırmalıdır. Həmçinin, konstitusiyaya dəyişikliklər türk kimliyi və unitar sistem çərçivəsində davam etdirilməlidir. Halbuki prezident üsul-idarəsi sistemi və "çözüm prosesi" AKP-nin, türklər demişkən, olmazsa-olmazıdır.

Cümhuriyyət Xalq Partiyasının ittihamlarına cavab verən MHP cəbhəsi isə spiker seçkilərində CHP-nin İhsanoğlunu dəstəkləyəcəkləri təqdirdə, hadisələrin bu cür inkişaf etməyəcəyini bəyan etdi. MHP bu fikrində haqlı görünür, çünki İhsanoğlu prezident seçkilərində hər iki partiyanın Rəcəb Tayyib Ərdoğana qarşı vahid namizədi olub və onu dəstəkləmək daha məntiqli olardı. CHP-nin güzəştə getməməsi də AKP-nin işinə yarayan faktor oldu. CHP-AKP gizli müttəfiqliyi isə ağlabatan deyil.

CHP-nin də "qırmızı xətti" aşağı-yuxarı MHP-ninkindən fərqlənmir. Lakin CHP AKP, xüsusilə də Ərdoğana qarşı sərt mövqeyi ilə seçilir. CHP-nin bu mövqeyini onun seçkiqabağı "Getsinlər" kampaniyasından da sezmək olardı. CHP sədri Kamal Kılıçdaroğlu AKP-nin hakimiyyətdən getməsini o qədər istəyir ki, hətta Bahçeliyə yeni koalisiyada Baş nazir vəzifəsini təklif edir. Bu təklif Bahçeli tərəfindən sərt tənqid edilərək siyasi rüşvətxorluq kimi qiymətləndirildi. Bahçelinin təklifdən imtinası ilə CHP və MHP arasında soyuqluq yarandı.

Parlament seçkilərindən yalnız HDP-nin qazanclı çıxdığı görünür. HDP lideri Səlahəddin Dəmirtaş koalisiya qurmağa o qədər də həvəsli görünmür. Seçkilərdə 13,1 faiz səs toplamış partiya tarixinin çiçəklənmə dövrünü yaşayır. Heç vaxt bu qədər güclü olmayan HDP Türkiyədə kürd siyasətinin ikiüzlülüyünü göstərdi. Seçkilərdən əvvəl HDP-nin parlamentə keçməsi "çözüm prosesi"ni sürətləndirəcəyi qənaətini yaratmışdı. Lakin TBMM-də 80 deputat yeri alan kürdyönümlü partiya seçkilərdən sonra prosesə ağır zərbə vuran açıqlamalar verdi. AKP ilə koalisiya perspektivi heçə endirildi. Təsadüfi deyil ki, Baş nazirin müavini Yalçın Akdoğan bundan sonra HDP-nin "çözüm prosesi"nin yalnız filmini çəkə biləcəyini açıqladı.

Baş nazir Əhməd Davudoğlu bu gün koalisiya ehtimallarından danışarkən bildirib ki, ya AKP-CHP, ya da AKP-MHP koalisiyası olacaq. Göründüyü kimi, HDP-dən söhbət belə getmir. Bu partiya siyasi etibarlılığını itirmiş vəziyyətdədir. Digər koalisiya ehtimallarına gəlincə, bunun da baş vermə ehtimalı çətin görünür. Bunu çətinləşdirən müxalif partiyaların AKP-ni "olur-olmaz" günahlarda ittiham etməsidir. İndi həmin partiyaların seçicilərinin gözü qarşısında geri addım ataraq AKP ilə koalisiya qurmaları onların gələcək seçkilərdə ciddi səs itirmələri ilə nəticələnə bilər.

Göründüyü kimi, AKP-nin hər hansı partiya ilə gizli müttəfiqliyindən söhbət gedə bilməz. Sadəcə olaraq Türkiyə müxalifəti dağınıqdır və həlledici məqamda birləşməyi bacarmır. Bu da onların bir-birinə qarşı qütbləşməsindən xəbər verir. CHP ölkənin qərbini (dünyəvilik və Cümhuriyyət tərəfdarları, Kamalçılar), HDP şərqini (kürdlərin kompakt yaşadığı ərazilər), MHP yalnız Osmaniyyə vilayətində (Bahçelinin doğum yeri) vahid üstünlük əldə etməklə türk millətçilərini təmsil etdiyi halda AKP fikir və inancından asılı olmayaraq hər kəsi əhatə edir.

Türkiyə müxalifətinin zəifliyi AKP-nin müttəfiqsiz də siyasi gedişlər edərək istəyinə nail olmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti