...

Politololq: Soyuq müharibə elementləri geosiyasi mübarizəni daha uzunmüddətli edəcək

Siyasət Materials 7 İyul 2015 13:43 (UTC +04:00)
Soyuq müharibə elementləri geosiyasi mübarizəni daha uzunmüddətli edəcək. Geosiyasi mübarizənin indiki mərhələsi bir sıra amillərlə şərtlənir.
Politololq: Soyuq müharibə elementləri geosiyasi mübarizəni daha uzunmüddətli edəcək

Azərbaycan, Bakı, 7 iyul /Trend/

"Soyuq müharibə elementləri geosiyasi mübarizəni daha uzunmüddətli edəcək. Geosiyasi mübarizənin indiki mərhələsi bir sıra amillərlə şərtlənir".

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq qeyd edib ki, ı) Soyuq müharibə elementləri aşkar şəkildə görünür: "Soyuq müharibənin başlanmasında ABŞ-ın Rusiyanı və Rusiyanın ABŞ-ı ittiham etməsi soyuq müharibənin başlanmasının ən bariz sübutudur;

ıı) Rusiya təsir dairəsini və nüfuzunu genişləndirir:

a) ABŞ-ın daxilində Rusiya prezidenti Vladimir Putinin təbliğinə dair müxtəlif müsabiqələr keçirilir. Müsabiqənin qalibləri V.Putinin təsviri olan əşyalarla mükafatlandırılırlar. İndi ABŞ-da əhalinin cəmi 9%-i Rusiyanı düşmən kimi qəbul edir;

b) ABŞ-da, o cümlədən Fransada əksər siyasətçilər V.Putini öz prezidentlərindən üstün kimi görürlər. İtaliyada da belə düşünənlər var;

c) Rusiya hərbisinin inkişaf dinamikası Qərb hərbisinin inkişaf dinamikasından xeyli üstündür. Mümkündür ki, bu, istifadə olunmamış resurslarla bağlıdır. NATO üzvü dövlətlərin hərbi sahələri bərabər şəkildə, az-orta sürətlə, artan istiqamətdə inkişaf edib. Rusiya isə hərbi inkişaf baxımından uzunmüddət geridə qalıb. İndi Rusiya öz hərbisinin inkişafına külli miqdarda vəsait ayırır və sürət artımı da buradan əmələ gəlir. NATO və Pentaqonun Rusiya qırıcılarının konkret addımlarından narazılığı Rusiya rəhbərliyinin öz hərbisini inkişaf etdirmək məqsədində möhkəm olduğunu göstərir;

ç) Yunanıstan ABŞ-ın və Aİ-nin təsir zonasından çıxıb Rusiyanın təsir zonasına daxil olmağa hazırlaşır. "Erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar olaraq, Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginliyi Rusiya uğurla aradan qaldırır;

ııı) Ukrayna məsələsinin həllində Qərbin və Ukraynanın gözlədiyi müsbət dinamika yoxdur. Həm Qərb Ukraynanın inkişafına stimul verə bilmir, həm də Ukraynanın daxili problemləri ölkənin problem məngənəsindən çıxmasına şərait yaratmır. Ukrayna probleminin həllində uğurun olmaması Qərb siyasətçilərinin reytinqini qıran ən mühüm məsələlərdən biridir. Eləcə də bu, Rusiya prezidenti V.Putinə reytinq gətirən məsələdir".

M.Əhmədoğlu sonra bildirib ki, ABŞ prezidenti Barak Obama Rusiyanı "regional", Brazilyanı isə "qlobal güc" adlandırıb: "Nüvə Rusiyası ilə nüvəsiz Braziliya arasında B.Obamanın fərq qoymasının əsas səbəbi Rusiyaya qarşı neqativ münasibəti gizlədə bilməməsidir. B.Obama Ukrayna hadisələrinə görə, Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzatdı. ABŞ-ın təhriki ilə Aİ də Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı. Aİ-nin bu addımı dərhal ABŞ Prezident Administrasiyası və ABŞ Dövlət Departamenti tərəfindən dəstəkləndi".

Politoloq əlavə edib ki, eləcə də Rusiya prezidenti V.Putin "güzgü-cavab" reaksiyası verdi: "Rusiya da Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini bir il müddətinə uzatdı. Ağ Ev başa düşür və rəsmən bəyan edir ki, Qərbin tətbiq etdiyi sanksiyalar V.Putini siyasi kursunu dəyişməyə vadar etməyib. Rusiya prezidenti V.Putin təşəbbüs göstərərək ABŞ prezidenti B.Obama ilə danışdı. Ukrayna, İran və Suriya prosesləri müzakirə edildi. Kreml tərəfindən yayılan məlumatlardan başa düşmək olur ki, V.Putinin B.Obamaya zəng etməkdə əsas məqsədi Ukraynada Rusiya qoşunlarının olmadığını bildirmək imiş".

Mərkəz rəhbəri sonra vurğulayıb ki, Vatikanda Roma Papası ilə görüşən V.Putin dünyada, xüsusilə Yaxın Şərqdə gedən prosesləri dini kontekstdə müzakirə ediblər, hədiyyə mübadiləsi edilib: "V.Putinin Roma Papası Françisk ilə görüşü ABŞ-da hiddət yaratmışdı. ABŞ-ın bütün səylərinə baxmayaraq, bu görüş baş tutdu. Rusiya tərəfi görüşdə Ukrayna məsələsinin müzakirə olunmasına dair məlumat yaymadı, amma Vatikanın yaydığı məlumatda Ukrayna məsələsinin müzakirə olunması da göstərilirdi".

Mərkəz rəhbəri bildirib ki, ABŞ-ın Vatikandakı səfirinin hətta V.Putinin gecikməsindən istifadə edərək görüşü təxirə salmaq cəhdləri də nəticə verməyib: "D.Peskov ABŞ-ın Vatikandakı səfiri K.Hakketin fikirlərini digər dövlətlərin suverenliyinə təzyiq kimi dəyərləndirdi. Rusiya Aİ-nin "Şərq tərəfdaşlığı" proqramını "səhv" adlandırdı və indi Avropa məkanında baş verənləri həmin səhvin nəticəsi kimi dəyərləndirir. Rusiya Yunanıstanla "Türk axını" layihəsinin davamı üçün birgə müəssisə yaratdı. Müştərək şirkət paritet əsasda fəaliyyət göstərəcək. Bu layihənin maliyyə dəyəri 2 milyard avrodur. Rusiya Türkiyə ilə öz arasında yaranmış gərginliyi aradan qaldıra bildi. Dayanmış layihələrə yenidən start verildi. V.Putinlə R.T.Ərdoğan arasında barış görüşü isə Bakıda keçirildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti