...

Mübariz Əhmədoğlu: Ermənistan rəsmən KTMT-nin üzvü olsa da, daha çox NATO ilə əməkdaşlıq edir

Siyasət Materials 4 Avqust 2015 14:23 (UTC +04:00)
"İ.Serqunun səfəri Ermənistanın antirusiya oyunlarının ağırlıq mərkəzinin siyasi proseslərdən hərbi proseslərə doğru yerini dəyişməsi ilə əlaqəlidir".
Mübariz Əhmədoğlu: Ermənistan rəsmən KTMT-nin üzvü olsa da, daha çox NATO ilə əməkdaşlıq edir

Azərbaycan, Bakı, 4 avqust /Trend/

"İ.Serqunun səfəri Ermənistanın antirusiya oyunlarının ağırlıq mərkəzinin siyasi proseslərdən hərbi proseslərə doğru yerini dəyişməsi ilə əlaqəlidir". Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib: "RF müdafiə naziri baş ştab rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin (GRU) rəisi general-mayor İ.Serqun Ermənistana səfər etdi. Bu ilk belə səfərdir və ya bəlkə də ilk dəfədir ki, belə adamın səfəri barədə mətbuata məlumat ötürülür. Ermənistan İ.Serqunun səfərinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirəsi donu geydirmək istəsə də ehtimal ki, reallıq tamam fərqlidir. İ.Serqunun səfərini şərtləndirən amilləri biz belə təsnif edirik. Birincisi, Ermənistanın antirusiya oyunlarının mahiyyətinin ağırlıq mərkəzi ictimai-siyasi proseslərdən hərbi proseslərə doğru yerini dəyişib. Ermənistan rəsmən KTMT-nin üzvü olsa da daha çox NATO ilə əməkdaşlıq edir. 2014-2015-ci illərdə üst-üstə götürdükdə Ermənistanın NATO ilə əlaqələri və NATO-nun təlimlərində iştirakı KTMT ilə analoji əlaqə və iştirakını 5 dəfə üstələyib. NATO-nun Ukrayna və Gürcüstanda keçirdiyi təlimlər digər regionlardakı təlimlərdən fərqli olaraq sırf antirusiya xarakterlidir. Ermənistan hər iki ölkədəki tədbirdə iştirak edib. Sadəcə bu iştirakın müşahidəçi qismində baş tutduğunu bildirib".

Onun sözlərinə görə, ikinisi, Ermənistanda bütöv ailəni qıran rus əsgəri V.Permyakovun işi Ermənistana təhvil verilir: "Rusiya əvvəlcədən Permyakovun işini Ermənistana verməyəcəyini bildirmişdi. Bu barədə Ermənistan ictimaiyyətinin etirazı da tükənmişdi. Qəflətən Rusiya tərəfi özü Permyakov işini Ermənistana verməklə bağlı qərar qəbul etdi. V.Permyakovun törətdiyi dəhşətli cinayətin motivasiyası çətin izah olunandır. Hətta Permyakov ruhi xəstə olsa belə onun hərbi hissəni çıxaraq, uzaq məsafəni qət edib belə qapısı açıq evi tapıb ailəni qırması təsadüfi hesab edilə bilməz. O cümlədən Permyakovun Türkiyə sərhədinə yaxınlaşması da düşünülmüş planın tərkib hissəsi ola bilər. Bizim inandığımız versiyaya görə Permyakov hadisəsi Ermənistanın yüksək hərbi-siyasi rəhbərliyinin təmsilçisinin iştirakı ilə baş tutub. Məqsəd əhalini Rusiya hərbi bazasına qarşı qızışdırmaq, Rusiyanı nüfuzdan salmaq və beləliklə Rusiya hərbi bazasının Ermənistandan çıxmasının bünövrəsini qoymaq. Ehtimal ki, bu işin kuratoru-Ermənistanın müdafiə naziri Seyran Ohanyandır. S. Ohanyanın ABŞ və NATO ilə əlaqələri sıxdır. ABŞ-ın S.Ohanyanı gələcəkdə Ermənistanda birinci şəxs görmək niyyəti də ehtimal olunur. Ermənistanın Fövqəladə Hallar Nazirliyi məhz S.Ohanyanın maraqlarına uyğun yenidən strukturlaşdı. Son prezident seçkilərində (2013 fevral) Seyran Ohanyan Amerika vətəndaşı, prezidentliyə namizəd R.Ovannisyanın Ermənistanda və Dağlıq Qarabağda hərbçilərlə görüşünü təşkil etdi. S.Ohanyan o zaman bunu prezident S.Sərkisyanın iradəsinin əleyhinə etmişdi. Hazırda S.Ohanyan Ermənistanda Qərbin maraqlarının daşıyıcısı olan ən yüksək şəxslərdən biridir, bəlkə də birincisidir. İ.Serqun Permyakovun işinin Ermənistana verilməsi ərəfəsində bu təxribatın Rusiyaya qarşı olduğunu və bunun S.Ohanyan vasitəsilə təşkil olunduğunu sübut edən kəşfiyyat materialları ilə S.Ohanyanı tanış edib".

Politoloq bildirib ki, ABŞ-ın Ermənistandakı səfirliyinin binası həcminə görə dünyada ikincidir: "ABŞ hərbi gəmilərinin Gürcüstan limanlarına yan alması sürətlənib. ABŞ Dəniz piyadalarının Gürcüstan ərazisi vasitəsilə Ermənistana gələrək ABŞ-ın Ermənistandakı səfirliyinin binasında dislokasiya olunması da yüksəkehtimallı hadisələrdən biridir. Ermənistandakı ictimai-siyasi aktivliyin antirusiya xarakter alması fonunda ABŞ səfirliyinin binasında ABŞ dəniz piyadalarının olması Rusiyanın Ermənistandakı maraqları üçün ciddi təhlükə yarada bilər. Görünür, İ.Serqunda bu mövzuda da hərbi kəşfiyyat məlumatları var. O bu məsələləri də S.Ohanyanla müzakirə edib. Prezident S.Sərkisyanın məhz İ.Serqun gələn günü qəflətən məzuniyyətə çıxması da diqqəti çəkir. S.Ohanyan NATO-nun iki yüksəkçinli rəhbərilə intensiv əlaqədədir: A.Verşbou NATO-nu siyasi cəhətdən kurasiya edən ABŞ siyasətçisidir. F.Bridlav isə ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanıdır. Görünür, S.Ohanyan ikiqat agent rolunu oynayıb. İndi RF tərəfi S.Ohanyandan Rusiya ilə əlaqəli hansı materialları NATO-ya ötürdüyü ilə maraqlanır, eləcə də S.Ohanyanın F.Bridlav və Verşbou barədə fikirlərini alır".

M.Əhmədoğlu deyib ki, Ukraynanın daxili işlər naziri A.Avakov keçmiş sovet hərbçisi kimi Baş Kəşfiyyat İdarəsinin maraq dairəsində ola bilər: "A.Avakov Ermənistandakı etirazların maydana çevrilməsnə çağırış etdi".

Onun sözlərinə görə, Vorotan SES-i almaqda ABŞ-ın casusluq niyyəti heç də axırıncı yerdə deyil: "Vorotan SES-də casusluq qurğularının yerləşdirilməsi İranı Ermənistan ərazisinə qarşı kəskin addımlar atmağa vadar edə bilər. Bu isə RF-in Ermənistandakı maraqlarına təhlükə yarada bilər. Vorotan SES-in casusluq obyektinə çevrilməsilə bağlı İ.Serqunda məlumatlar ola bilər. Bu məlumatları o S.Ohanyan vasitəsilə Ermənistan rəhbərliyinə çatdıra bilər. Ermənistanda xüsusi xidmət orqanlarının aktivliyi diqqət çəkir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Q.Akopyan hökumətin iclasında ona ünvanlanmayan suala qeyri-adi cavab verdi: Ermənistan hakimiyyəti xalqın inamını itirib. 13 il bütün iclaslarda susan yüksəkçinli və ən məlumatlı şəxsin bu iclasda elə məlumat yayması da İ.Serqunun səfəri ərəfəsində diqqətdən kənarda qalmamalıdır. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri xüsusi xidmət orqanlarının təmsilçisilə əvəzləndi. İctimai-siyasi mühitin aparıcı təmsilçilərinin fikrincə, son vaxtlar Ermənistanda xüsusi xidmət orqanları xeyli aktivləşiblər. Hakimiyyətin digər təmsilçilərini nəzərə almadan bir çox proseslərə müdaxilə edirlər".

Politoloq qeyd edib ki, İ.Serqunun Ermənistana xüsusi səfər edərək Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı kəşfiyyat məlumatını Ermənistana verməsinə ehtiyac yoxdur: "Çünki Azərbaycan-Ermənistan sərhədində Rusiyanın Baş Kəşfiyyat İdarəsini narahat edən və ya maraqlandıran məsələlər yoxdur. Türkiyənin hərbi təlimatçıları barədə Azərbaycan və Türkiyə mətbuatında müntəzəm məlumatlar yerləşdirilir. Türkiyənin elə xüsusi qurğusu yoxdur ki, sərhədə yerləşdirməklə Rusiyanın maraqlarına təhlükə yaratsın. Ermənistan mətbuatında da Türkiyə hərbi təlimatçılarının Azərbaycandakı iştirakı ilə bağlı müntəzəm məlumatlar yayılır. Azərbaycanın İsraildən aldığı silahların böyük əksəriyyəti Xəzər dənizində yerləşdirilib. Pilotsuz aparatlar mənşəyindən asılı olmayaraq indi heç bir dövləti, xüsusilə Rusiya kimi dövləti narahat etmir. Azərbaycanın özünün arsenalında olan müasir silahların demək olar ki, hamısı Rusiya istehsalıdır. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin Rusiya silahlarının dislokasiyasından narahat olub, bu barədə Ermənistanı məlumatlandırması da gülüncdür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti