...

YAP Nizami rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib (FOTO)

Siyasət Materials 28 Avqust 2015 13:49 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
YAP Nizami rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçki hüququndan, onun realizəsindən danışıb. Sədr seçkilərə hazırlıq işləri barədə də məlumat verərək deyib: "Seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də həyata keçirilib. Belə ki, son dəqiqləşməyə görə, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi ərazisində 22193 nəfər seçici qeydiyyatdadır. Onların 178 nəfəri ilk dəfə səs verənlərdir, həmçinin, ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı 420-dir, 1 nəfər seçicinin yaşı isə 100-dən çoxdur. 24 saylı Nizami I Seçki Dairəsi ərazisində 39762 nəfər seçici qeydiyyatdadır. Onların 163 nəfəri ilk dəfə səs verənlərdir, ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı isə 628-dir. 25 saylı Nizami II Seçki Dairəsi ərazisində isə 44347 nəfər seçici qeydiyyatdadır. Onların 433 nəfəri isə ilk dəfə səs verənlərdir. DSK ərazisində ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı 336-dır, 2 nəfər seçicinin yaşı isə 100-dən çoxdur. Ümumilikdə, bugünkü dəqiqləşmələrə görə Nizami rayonunda 774 nəfər gənc ilk dəfə səs verəcək".

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bütün siyasi kampaniyalarda olduğu kimi bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və rayonumuzda seçkilərin şəffaf, demokratik və yüksək seçici aktivliyi şəraitində baş tutmasına öz töfhəsini verəcəklər.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva dövlətin gənclər siyasətindən söz açıb: "Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib".

Partiyanın da gənclərə olan xüsusi münasibətini qeyd edən Samirə Quliyeva əlavə edib ki, Yeni Azərbaycan Partiyası regionda yeganə siyasi təşkilatdır ki, həm gənclərin sayına görə, həm də cəmiyyətin aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir.

YAP Gənclər Birliyinin sədr müavini, GB Ofisinin rəhbəri Əli Pənahov ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə - seçkidə iştirak münasibətilə təbrik edib. O, səsvermə hüququnun mühüm hüquqlardan biri olduğunu, vətəndaşın seçmək və seçilmək hüququnun demokratik dövlətlərə xas hal olduğunu və Azərbaycanın son 20 ildə böyük inkişaf yolu keçdiyini bildirib. O, gənclərin mənəvi və fiziki inkişafı üçün Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyi sədrinin I müavini, rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyov isə qeyd edib ki, Nizami rayon gəncləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və rəhbərliyin göstərdiyi etimadı yüksək səviyyədə doğruldacaq.

İlk dəfə səs verəcək Murad İsayev çıxış edərək gənclərə qarşı xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasının və Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, gənclər bu seçki prosesində aktiv olmalı, ilk dəfə olmasına baxmayaraq, kütləvi şəkildə məntəqələrə gedib səs verməlidir.
Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də çıxış edərək gənclərə nəsihətlərini verib: "Gənclər fikirlərini bu gün təkcə sosial şəbəkələrdə deyil, öz valideynləri, ağsaqqalları ilə də bölüşməlidir. Onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında aktiv rol oynamalı, anti-Azərbaycan oyunlarının alətinə çevrilməməli, yaxınlarını da bu cür mənfi tendensiyalardan çəkindirməlidirlər".

Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulayıb ki, seçki prosesində aktiv iştirak eyni zamanda, məntəqələrə gedib səs verməyi də özündə ehtiva edir. İlk dəfə səs verəcək gənclərimiz isə daha fəal olmalıdırlar. Çünki, Azərbaycan xalqı müstəqillik uğrunda uzun müddət qanlı mübarizələr aparıb və çox sevindiricidir ki, biz artıq 5-ci dəfədir ki, milli parlamentimizi formalaşdırırıq. Ona görə də, gənclər, xüsusilə də, ilk dəfə səs verənlər səsvermə hüquqlarını reallaşdırmalı, hətta, ətrafdakıları da bu prosesə cəlb etməlidir. Çünki seçki prosesi demokratiyanın əsas indikatoru olsa da, həm də daha çox bizim müstəqil varlığımızın göstəricisidir.
Sonra partiyaya qəbul olunmuş gənclərə vəsiqələr, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev Məktəbi"nin məzunlarına sertifikatlar, Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Xəyal Əhmədova və partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında aktivliyinə görə Yaqut Məmmədovaya fəxri fərmanlar, həmçinin, ilk dəfə səs verəcək və qəbul imtahanlarında 600 baldan çox nəticə göstərən gənclərə xatirə hədiyyələri təqdim edilib.

Görüşün sonunda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplamış İbrahim Əhmədov və valideynlərilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti