...

Ermənistan Mxitaryanın qoluna assistentlik etmək istəyir

Siyasət Materials 3 Sentyabr 2015 08:00 (UTC +04:00)
Ermənistan mətbuatı Dortmund “Borussiya”sının futbolçusu Henrik Mxitaryanın Azərbaycanda “Qəbələ” klubu ilə oyunda iştirak edib-etməyəcəyi məsələsini siyasiləşdirməyə çalışır.
Ermənistan Mxitaryanın qoluna assistentlik etmək istəyir

Azərbaycan xəbərlər xidməti
Məftun Salmanov - Trend:

Ermənistan mətbuatı Dortmund "Borussiya"sının futbolçusu Henrik Mxitaryanın Azərbaycanda "Qəbələ" klubu ilə oyunda iştirak edib-etməyəcəyi məsələsini siyasiləşdirməyə çalışır. Guya Azərbaycan tərəfi Mxitaryanı ölkəyə onun sırf erməni olmasına görə buraxmaq istəmir və rəsmi Bakı bununla da antierməni təbliğatı aparır.

Hərçənd rəsmi Bakının məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, idmanla siyasət eyniləşdirilməməli və idman siyasi məqsədlər üçün istifadə edilməməlidir. Mxitaryan Azərbaycana işğal edilmiş Dağlıq Qarabağ ərazisinə rəsmi Bakının icazəsi olmadan, yəni qanunsuz səfərinə görə buraxılmaya bilər.

Qeyd edək ki, işğal edilmiş ərazilərə qanunsuz səfər etmiş bir sıra əcnəbi vətəndaşlar Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər siyahısı"na salınıb. Həmin şəxslər də bu səbəbdən Azərbaycan ərazisinə buraxılmır. Belə olan halda Mxitaryanın sırf erməni olduğuna görə ölkəmizə buraxılmaması fikri yanlışdır.

Digər tərəfdən, indiyədək Ermənistan idmançıları Azərbaycanda keçirilən xeyli sayda beynəlxalq nüfuzlu yarışlarda iştirak edib. Onların arasında xarici ölkələri təmsil edən erməni əsilli idmançılar da olub. Bu amil Ermənistan mətbuatının yalanını ifşa etmiş olur.

Əslində Ermənistan mətbuatı və siyasətçilərinin Mxitaryanın Azərbaycana gəlməsini istəmələrinin arxasında başqa məqsəd dayanır. Onların yeganə istəyi "Borussiya" futbolçusunun Azərbaycanda "Qəbələ"nin qapısına qol vurmasıdır. Mxitaryanın səviyyəli futbolçu olması və hücumda oynaması bu şansı artırır. Halbuki digər erməni idmançıların Azərbaycana gəlib-gəlməməsi məsələsində bu qədər ajiotaj olmamışdı.

Ermənistan Mxitaryanın vura biləcəyi qola assistentlik etmək niyyətindədir. Ermənistan onun potensial qolu ilə ölkə futbolunun klub səviyyəsində uğursuzluqlarını kompensasiya etməyə çalışacaq. Hər halda klublarımızın beynəlxalq arenada uğrurları bədnam qonşumuzu qıcıqlandırmaya bilməz. Bu il Azərbaycanın futbol tarixində ilk dəfə olaraq iki klubumuz ("Qəbələ" və "Qarabağ") Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq. Bunadək "Neftçi" də eyni uğura imza atıb.

Ermənistan klubları isə Avropa Liqasının qrup mərhələsində oynamaq səviyyəsində deyillər. Bu ölkənin çempionu olmuş "Banants" komandası 2014/15-ci il mövsümündə Çempionlar Liqasının təsnifat mərhələsində Andorranın "Santa-Kaloma" komandası ilə oyunda rəqib qapıçının ayaq zərbəsilə vurduğu qolla məğlub olmuşdu. Ermənistan klubları beynəlxalq arenada bununla yadda qalıblar.

Qoy Mxitaryan Azərbaycana gəlsin. O da digər erməni idmançılar kimi ölkəmizdə idman sahəsində gedən inkişafı öz gözləri görsün. Bununla, onun ölkəmiz və azərbaycanlılar barədə yanlış təsəvvürləri puç olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti