...

Siyəzən rayonunda da yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsinə başlanıb (FOTO)

Siyasət Materials 4 Sentyabr 2015 16:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində də iştirak edib.
Siyəzən rayonunda da yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsinə başlanıb (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində də iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından Siyəzən rayonunda yeni suvarılan torpaqlara suyun verilməsi qurğusunu işə saldı.

Məlumat verildi ki, layihə zonasındakı 12 min 137 hektar sahənin 6 min 972 hektarında meliorativ tədbirlər aparılmaqla yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və 5 min 165 hektarda mövcud əkin sahələrinin su təmınatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılan torpaqların 2300 hektarında kollektor-drenaj şəbəkələrinin tikintisi layihələndirilib. Siyəzən rayonundakı 6 min 972 hektar torpaq sahəsi dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Burada da suvarma üçün əsas su mənbəyi yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanallarıdır. Layihə Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ekspertizasının rəyi ilə təsdiq edilib.

Bildirildi ki, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 2015-ci ilin əvvəlindən meliorativ tədbirlərin aparılmasına başlanılan iki sahədən ibarət olmaqla cəmi 1466 hektar ərazidə meliorativ tədbirlərin və suvarma şəbəkəsinin tikintisi işləri tamamlanıb. Yeni suvarılacaq torpaqların 24 hektarı dövlət, 1151 hektarı bələdiyyə və 249 hektarı xüsusi mülkiyyətdə olan torpaqlardır. Yeni suvarılacaq 1424 hektar torpaq sahəsinin 866 hektarında torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi həyata keçirilib. Bu mərhələdə 42 hektar mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb. İlin sonunadək rayonun ərazisində əlavə olaraq 1738 hektar torpaq sahəsinin suvarılması təmin ediləcək ki, ondan 1115 hektarı yeni suvarılan torpaqlardır. Həmçinin 623 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Yeni suvarılacaq torpaqların 58 hektarında kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub. Cari ildə Siyəzən rayonu üzrə ümumilikdə 3 min 204 hektar torpaq sahəsi istifadəyə veriləcək. Bunun 2 min 539 hektarını yeni suvarılan torpaqlar təşkil edəcək, eyni zamanda, 665 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. 2016-cı ildə isə 8933 hektar suvarılan torpaq sahəsinin istifadəyə verilməsi planlaşdırılır ki, bunun da 4433 hektarı yeni suvarılan əkin sahələri olacaq, həmçinin 4500 hektar mövcud əkin sahələrinin su təminatını yaxşılaşdırılacaq. Bununla da layihənin tam başa çatdırılması nəzərdə tutulur. Bu torpaqların 1376 hektarında kollektor-drenaj şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Dövlətimizin başçısına yağışyağdırma üsulu ilə suvarma sistemi və layihə çərçivəsində Şabran rayonu ərazisində görülən işlərlə bağlı da məlumat verildi. Bildirildi ki, Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üzrə hazırlanan layihədə 28 min 497 hektar torpaq sahəsinin 14 min 38 hektarında meliorativ tədbirlər aparmaqla yeni suvarılan torpaqların istifadəyə verilməsi və 14 min 459 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılacaq 14 min 38 hektar torpaq sahəsinin 1709 hektarı dövlət, 8089 hektarı bələdiyyə və 4240 hektar torpaq sahəsi xüsusi mülkiyyətə məxsusdur. Hazırda Şabran rayonu üzrə meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir.

Hər üç rayonun "Samur-Abşeron suvarma sisteminin yenidənqurulması" layihəsindən bəhrələnməsi məqsədilə bu rayonlarda meliorativ tədbirləri paralel aparmaqla tədricən 2-3 il ərzində layihənin tam başa çatdırılması nəticəsində iri kənd təsərrüfatı müəssisələrinin yaradılması, eləcə də fermer təsərrüfatlarının su təminatının yaxşılaşdırılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti