...

Səfir: Azərbaycan və İsrail dost ölkələrdir

Siyasət Materials 18 Sentyabr 2015 15:34 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.
Səfir: Azərbaycan və İsrail dost ölkələrdir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağa Azərbaycan-İsrail münasibətlərinin tarixindən danışan Komitə sədri Azərbaycandakı yəhudi icmasından söz açaraq bildirib ki, yəhudilər Azərbaycanda 2500 ildən artıqdır məskunlaşıblar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmayıblar. Ölkədə yəhudilərin sayının 30 minə yaxın olduğunu qeyd edən M.Qurbanlı Quba rayonunda yerləşən Qırmızı Qəsəbənin İsrail istisna olmaqla, dünyada yəhudilərin kompakt şəkildə yaşadıqları yeganə tarixi məkan olduğunu bildirib.

2003 və 2012-ci illərdə Bakıda dövlət hesabına dindarlar üçün iki sinaqoqun tikilib istifadəyə verildiyini deyən Komitə sədri respublikada fəaliyyət göstərən yəhudi dini icmasına hər il dövlət büdcəsindən maliyyə yardımı ayrıldığını da vurğulayıb.

Azərbaycanda tolerantlığı yüksək dəyərləndirən səfir D.Stav Azərbaycanla İsrailin dost ölkələr olduğunu, fəaliyyəti dövründə iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti