...

Deputat: Avropa Şurası Azərbaycana qarşı əsl simasını göstərdi

Siyasət Materials 8 Oktyabr 2015 12:12 (UTC +04:00)
“Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın oktyabrın 7-də öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan geri çağırmaq barədə qərarı bu təşkilatın Azərbaycana qarşı əsl mövqeyini ortaya qoydu”.
Deputat: Avropa Şurası Azərbaycana qarşı əsl simasını göstərdi

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

"Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın oktyabrın 7-də öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan geri çağırmaq barədə qərarı bu təşkilatın Azərbaycana qarşı əsl mövqeyini ortaya qoydu".

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının baş katibi T.Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan öz nümayəndəsinin geri çağrılması barədə qərarına münasibət bildirərkən deyib.

R.Əliyev bildirib ki, bu, Avropa Şurası tərəfindən Azərbaycana qarşı yönəlmiş qarayaxma kampaniyasında növbəti bir addımdır: "Bu ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Azərbaycanda demokratik təşkilatların fəaliyyəti" adlı hesabat müzakirə edildi və Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qərəzli bir qətnamə qəbul olundu. Qurum Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qərəzli bir qətnamə qəbul etdi. Avropa Şurasının baş katibi tərəfindən qəbul olunmuş bu qərar isə Avropa Şurasının üzv ölkələrə münasibətdə nə qurumun vəzifələri ilə, nə də öhdəlikləri ilə bir araya sığmır".

Deputat bildirib ki, Avropa Şurasının doğrudan da insan hüquqları ilə bağlı narahatlığı varsa, qurum birinci növbədə Avropanın özündə, Yaxın və Orta Şərqdə nələr baş verdiyinə diqqət yetirməlidir: "Avropa siyasi inistutlarının, o cümlədən Avropa Şurasının seyrçi mövqeyi nəticəsində Qərbin ərəb dövlətlərində yaratdıqları xaos, dağıntılar, vətəndaş müharibələrindən canlarını qurtararaq Avropaya pənah gətirmiş 100 minlərlə qaçqınların taleyi, onların elementar insan hüquqları heç kimi maraqlandırmır. Avropa Şurası birinci növbədə bu insanların hüquqları barədə düşünsün. Çox maraqlıdır ki, Azərbaycana qarşı olan qüvvələr adətən mühüm dövlət tədbirlərinin keçirilməsi ərəfəsində fəallaşırlar. Qarşıdan Parlament seçkiləri gəlir. Bu qüvvələrin niyyəti seçki prosesinə, onun nəticələrinə əvvəlcədən kölgə salmaqdır. Ancaq bu cəhdlər əbəsdir".

R.Əliyev sonra qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Bu, Azərbaycana qarşı yönəlmiş qüvvələr tərəfindən uydurulmuş qondarma bir məsələdir. Azərbaycan müstəqil bir dövlət kimi daima öz vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması üçün bütün tədbirləri həyata keçirərək bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycan bu yolundan dönməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti