...

Göyçay və Ucarda da çoxmənzilli binalar əsaslı təmir olunacaq

Siyasət Materials 8 Oktyabr 2015 18:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ucar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Göyçay və Ucarda da çoxmənzilli binalar əsaslı təmir olunacaq

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ucar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illər Ucar şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa edilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, mərkəzi küçələrdə müasir işıqlandırma sistemi quraşdırılıb, şəhərdaxili avtomobil yolları əsaslı təmir olunub, parklar salınıb.

Sərəncamda qeyd olunur ki, Ucarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Uçar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Ucar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılsın.

Dövlət başçısı Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Son illərdə Göyçay şəhərinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Bayraq Meydanı Kompleksi, Uşaq Musiqi Məktəbi tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 45 mənzilli 2 yaşayış binası inşa edilib, iri istehsal və emal müəssisələri yaradılıb, şəhərin su təchizatı sistemi yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Sərəncamda deyilir ki, Göyçayda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Göyçay şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamlarda göstərilən məbləğdə maliyyələşmələri müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti