...

BƏƏ-nin yeni səfiri etimadnaməsinin surətini təqdim etdi (FOTO)

Siyasət Materials 9 Oktyabr 2015 16:01 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysini qəbul edib.
BƏƏ-nin yeni səfiri etimadnaməsinin surətini təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyana salamlarının çatdırılmasını xahiş edərək ölkələrimiz arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Nazir BMT və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində BƏƏ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar daim nümayiş etdirdiyi ədalətli mövqeyinin və iki ölkə arasında çoxtərəfli formatlarda qarşılıqlı dəstəyin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, iki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadiyyat, ticarət, turizm, sərmayələr və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib. Turizm sahəsində əməkdaşlığın təşviq edilməsi üçün qarşılıqlı şəkildə viza sisteminin sadələşdirilməsi istiqamətində iş aparıldığını qeyd edib.

Səfir ölkəsinin xarici işlər naziri Əl Nəhyanın ən səmimi salamları və xoş arzularını çatdırıb. İki ölkə arasında siyasi dialoqun və mütəmadi əsasda aparılan siyasi məsləhətləşmələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq hal olduğunu deyib. O, fəaliyyəti dövründə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin, turist axınının artırılması və sərmayələrin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırıb.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti