...

Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti

Siyasət Materials 29 Oktyabr 2015 12:40 (UTC +04:00)
Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti
Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti

Ramiz Mehdiyev
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Dünya nizamından "nizamsızlığa" doğru

Ön söz əvəzi

Dünya birliyində bipolyar sistem dağılandan sonra gələcək qlobal təhlükəsizlik və qarşılıqlı fəaliyyət haqqında eyforiya hiss edilməyə başladı. Alimlərin, analitiklərin, jurnalistlərin çoxu beynəlxalq münasibətlərdə "güc epoxası"nın başa çatdığını bildirdilər. "Soyuq müharibə" başa çatanda dünya birliyi demokratiyanın, azadlığın və bütün dövlətlərin bərabərliyinin təntənəsi şəklində bəyan edilmiş məqsədlərə nail olmağa kökləndi.

XX əsrin sonunda tamamilə təbii gözləntilər məcrasında aparıcı müəlliflərin ideoloji mübarizənin olmadığı şəraitdə yeni dünya nizamının formalaşması barədə proqnozların əks olunduğu fundamental paradiqmaların dəyişməsi haqda tədqiqat araşdırmaları ortaya çıxmağa başladı. Bu istiqamətdə əlamətdar işlərdən biri məşhur Amerika filosofu Frensis Fukuyamanın "Tarixin sonu və sonuncu insan" kitabı oldu. Müəllif bu kitabda Qərb dəyərlərinin kommunizm üzərində zəfərinin semantikasını təsvir edib. Bu əsərdə ifadə olunmuş baxışların əsasını təşkil edən ideyaya görə Qərb nümunəli demokratiyanın yayılması geosiyasi və sosiomədəni təkamülün bəşəriyyət üçün son mərhələsini reqlamentləşdirməli idi.

Lakin F.Fukuyamanın nəzəriyyəsi tarixin sonundan xəbər vermirdi, yalnız qlobal ideoloji sarsıntılar, müharibələr və inqilablar dövrünün başa çatmasını postulat şəklində bəyan edirdi. Məsələn, onun fikrincə, qalib gəlmiş ideologiya dərhal universal siyasi, sosial və mədəni standartların formalaşmasına başlamalı, yeni müstəqil qurumlar da daxil olmaqla bütün dövlətlər hökmən bu standartlara istiqamətlənməli idi.

Məsələnin bu cür qoyuluşunun tərəfdarı təkcə F.Fukuyama deyildi, Qərbin aparıcı ekspertlərinin çoxunun baxışları və proqnozları onun məntiqi mühakimələrinin ruhuna uyğun idi. Lakin beynəlxalq münasibətlər sisteminin sonrakı inkişafı əyani şəkildə göstərdi ki, suveren dövlətlərə liberal demokratiya konsepsiyasını inkişafın yeganə rasional modeli kimi zorla qəbul etdirmək cəhdləri həm vaxtından tez, həm də səhvdir.

Ötən əsrin doxsanıncı illəri Qərb ilə Şərq arasında soyuq qarşıdurmanın bir qədər mülayimləşməsi ilə əlamətdar olsa da, bu, böhranların sayının azalmasına gətirib çıxarmadı. "Soyuq müharibə" dövründə mövcud olan ayrı-ayrı münaqişələr SSRİ-nin dağılması və ideoloji kolliziyaların başa çatması üzündən keçmişdə qaldı. Lakin postsovet məkanında və Şərqi Avropada əvvəlkindən heç də az kəskin olmayan başqa münaqişələr yarandı. SSRİ-nin dağılmasından sonrakı keçid dövrü çərçivəsində böyük dövlətlərin uzağı görməyən mövqe tutması beynəlxalq koordinatlar sistemində yeni böhranın yaranmasına səbəb oldu. Nəticədə beynəlxalq hüquqa riayət edilməsi sahəsində vakuum vəziyyəti yarandı, bunun ardınca beynəlxalq münasibətlər kompleksində dağıdıcı meyillər gücləndi.

Birqütblü dünya şəraitində tarazlığın olmaması dövlətlərin birbirindən ciddi ayrılması, yeni sərhədlər müəyyən edilməsi, dünyanın müxtəlif regionlarında eksperimental ssenarilərin köməyi ilə qanuni seçilmiş hökumətlərin zorla devrilməsi prosesində güc tətbiq edilməsi presedentləri yaratdı. ABŞ və onun müttəfiqləri təhlükəli özbaşınalıq presedentləri yaradaraq beynəlxalq hüququn tələblərinə nümayişkaranə şəkildə məhəl qoymamağa başladılar. Bu gün həmin presedentlər dünyanın ayrı-ayrı yerlərində müdhiş parçalayıcı əkssəda verir. Regional və kontinental dövlətlər ABŞ-ın metodlarını onun özünə qarşı tətbiq etməyə, beləliklə xaos məkanını genişləndirməyə, Qərb ilə Şərq arasında eskalasiyanın artdığı şəraitdə təmas nöqtələri axtarışını mürəkkəbləşdirməyə başladılar.

İkili standartlar siyasətinin hər yerdə tətbiq edilməsi, "soyuq müharibə" dövrünün blok təfəkkürünə qayıdış və bunun təsiri altında Qərbin Şərq qütbü boyunca hərbi-siyasi təsirinin yayılması onunla nəticələnib ki, Şərqi Avropanın və postsovet məkanının bəzi kiçik dövlətləri bu eskalasiyanın qurbanlarına çevrildi və çevrilməkdədir. Qondarma "rəngli inqilablar"la bağlı siyasi və sosial-iqtisadi eksperimentlər, müəllifi Qərb dövlətləri və onlara xidmət edən institutlar olan düşünülməmiş qloballaşma siyasəti, digər dövlətlərin və bütöv regionların inkişafının regional, mədəni, dini, tarixi determinantlarına məhəl qoyulmaması qlobal miqyasda konfliktlərin və qeyri-sabitliyin artmasına gətirib çıxarıb. Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi məkanlar mübarizə meydanına çevrilib. Mənafelərin kəskin toqquşması vahid iqtisadi şəraitə məhvedici təsir göstərir. Böhranın dərinləşməsi və beynəlxalq hüququn nəzarətindən kənarda qalan qaynar regionların əmələ gəlməsinə şərait yaradılması suveren milli qurumların inkişafı prosesinə hədsiz ziyan vurur, qarşıdurma vəziyyətində olan tərəflər arasında kompromislər axtarışı vəziyyətini son həddə qədər kəskinləşdirir.

Müasir dünyada böhranın genişlənməsində Avropa təsisatları və təşkilatları da az rol oynamırlar, onlar başqa dövlətlərdə və regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul etmək hüququnu inhisarlaşdırmağa çalışırlar. Avropa İttifaqını (Aİ) bu cür strukturların ən nüfuzlusu hesab etmək olar. Cənubi Qafqaz regionunun və Azərbaycanın Avropa sərhədlərinə coğrafi yaxınlığı nəzərə alınsa, Aİ-nin siyasətinin müsbət və mənfi aspektlərinin təhlili həm Şərqi Avropa regionunda, həm də postsovet məkanında geosiyasi vəziyyətlə bağlı çox suallara cavab verə bilər. Dünya nizamının böhranına və beynəlxalq hüququn fəaliyyətsizliyinə gətirib çıxarmış siyasi proseslərin, habelə beynəlxalq münasibətlərin aktoru kimi Aİ-nin institusional və funksional problemlərinin xüsusiyyətlərinin araşdırılması böyük elmisiyasi maraq kəsb edir. Artmaqda olan islamofobiya, Avropada multikulturalizmin böhranı, rəsmi Brüsselin xarici siyasətində ikili standartların xarakterik təzahürləri kimi tendensioz hadisələr çoxlu suallar doğurur.

Təkcə Avropa İttifaqının deyil, həm də ATƏT, Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kimi kontinental təsisatların anti-Azərbaycan siyasətinin təhlili Azərbaycanın milli maraqları üçün praktiki əhəmiyyət kəsb edir. Bu strukturların suveren Azərbaycana
münasibətdə qərəzli siyasətinin həm qlobal, həm də regional determinantlarının öyrənilməsi rəsmi Bakı üçün vacibdir. Bu gün həmin Avropa təsisatlarının, ümumiyyətlə, müstəqil
ölkələrə münasibətdə və xüsusən Azərbaycanla bağlı fəaliyyəti insan hüquqları məsələsindən suveren dövlətə siyasi təzyiq metodu kimi istifadə edilməsi ilə xarakterizə olunur. Süni şəkildə şişirdilən problemlərin və ənənəvi alətlərin köməyi ilə dövlətin daxili işlərinə müdaxilə edilir, mühüm qərarların qəbulu praktikasında ikili standartlar tətbiq olunur.

Mən aşağıda Azərbaycanın bugünkü tarazlaşdırılmış və suveren xarici siyasət strategiyasının xüsusiyyətlərini açıqlamağa çalışacağam. Burada qısaca onu qeyd edim ki, iqtisadi inkişaf və dövlət quruculuğu sahəsində qazanılmış uğurlar Avropa strukturlarının ölkəmizə qərəzli münasibətinin səbəbləri ola bilər. Çoxdan məlumdur ki, Azərbaycanın Prezident İlham Əliyev tərəfindən həyata keçirilən suveren və müstəqil siyasəti, ölkəmizin iqtisadi baxımdan özünəyetərli olması öz geosiyasi istəklərini reallaşdırmaq xatirinə ölkəmizi qeyri-sabit, pərakəndə və alovlanan bir məkan kimi görməyi arzu edən bəzi Qərb dairələrini qıcıqlandırır.

Prezident İlham Əliyev 2015-ci il oktyabrın 12-də respublika Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib: "Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.

Müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir... Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.

Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik".

Azərbaycanın mövqeyi belədir və əgər onun tərəfdaşları bərabərhüquqlu əməkdaşlıq etmək istəyirlərsə, bu mövqe ilə hesablaşmalıdırlar. Aİ-nin və digər Avropa strukturlarının ikili standartlar siyasətini bilavasitə təhlil etməyə başlamazdan əvvəl bugünkü dünya nizamının böhranında və onun kiçik dövlətlərə təsirinin xüsusiyyətlərində Qərbin böyük dövlətlərinin rolunu açıb göstərmək lazımdır.

Məlum olduğu kimi, nüvə silahının yaranması və böyük dövlətlərin nüvə arsenalının artması ilə əlaqədar müharibə paradoksu yaranıb. Almaniyalı hərbi nəzəriyyəçi və tarixçi Karl fon Klauzevits yazırdı: "Müharibə siyasətin davamıdır, amma başqa vasitələrlə".

Lakin nüvə silahının dağıdıcı gücü o vaxta qədər mübahisə doğurmayan bu tezisi şübhə altına aldı. Nüvə silahı tətbiq edilməklə aparılan müharibə nəinki hər cür siyasətə, həm də bütün bəşəriyyətə son qoya bilər. XX əsrin 60-70-ci illərinin realist alimlərinin çoxu belə bir ideyanı inkişaf etdirməyə çalışırdılar ki, nüvə silahı beynəlxalq münasibətlərdə münaqişələrin səviyyəsini azaldır. Lakin bir müddətdən sonra Klauzevitsin prinsipi hər halda özünün həyat qabiliyyətli olmasını sübut etdi - beynəlxalq münasibətlərin sonrakı inkişafı göstərdi ki, güc amili (xüsusən hərbi güc) əsla yox olmayıb və azalmayıb. Bu amil yalnız dolayısı ilə tətbiq edilməyə başlanıb. Yəni, müharibə, silahlı zor tətbiq edilməsi hər halda dövlətlərin siyasətinin davamı kimi qalıb. Lakin nüvə dövlətləri birbaşa müharibə apara bilmədiklərini nəzərə alaraq dolayısı ilə savaşmağa, bu və ya digər ölkənin daxilində fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmaları dəstəkləməyə başladılar.

XX əsrin ikinci yarısında SSRİ və ABŞ "düşmənimin düşməni mənim dostumdur" prinsipini rəhbər tutaraq, müvafiq surətdə Vyetnamı və əfqan mücahidlərini dəstəkləyirdilər. Beləliklə, bu iki fövqəldövlət birbaşa hərbi toqquşmadan çəkinirdi, çünki bu cür toqquşma nüvə müharibəsi ilə nəticələnə bilərdi. ABŞ və onun müttəfiqləri bu savaşdan qalib çıxdılar, onlar öz rəqiblərini əldən saldılar, lakin sonradan məhz əfqan müqavimət hərəkatı sıralarından "Əl-Qaidə" və bu gün bütün dünyada təhlükəsizlik sistemi üçün təhdid mənbəyi olan beynəlxalq terrorizm şəbəkəsi yarandı. Məhz bu dövrdə silahlı zorakılığın əsas kanalı kimi qeyrikonvensional (qeyri-ənənəvi) müharibə taktikası Qərb ölkələrində geniş populyarlıq qazanmağa başladı. Hərçənd, həmin dövrdə Qərb dövlətləri hələ duya bilməzdilər ki, həmin taktikadan onların özlərinə qarşı istifadə edə bilərlər, bu isə beynəlxalq münasibətlərdə anarxiyanın artmasına gətirib çıxarar, Yer kürəsinin müxtəlif nöqtələrində qiyamçıların dəstəklənməsi əks nəticə verə bilər. Bu baxımdan Əfqanıstan və Suriya əyani nümunədir.

Qeyri-konvensional müharibə iki və daha artıq dövlət arasında adi (konvensional) müharibəyə aid olmayan silahlı və kvazi-silahlı zorakılığın bütün tipləri deməkdir. Əlbəttə, qeyri-konvensional müharibə tipləri və metodları XX əsrin başlanmasından xeyli əvvəl tətbiq edilirdi. Lakin məhz bipolyar sistemin iflası ilə əlaqədar, onlar Qərb dövlətlərinin əlindəki güc amilinin bu ölkələr üçün strateji maraq doğuran regionlara proyeksiyasının əsas kanalına çevrildi.

Başqa sözlə desək, qeyri-konvensional müharibə qüvvələrin düşmən tərəflə birbaşa toqquşmasını nəzərdə tutmur. Hazırda silahlı zorakılığın bu cür dolayısı ilə tətbiq edilməsi "hibrid müharibə" - kibermüharibə metodlarından istifadə edilməklə qeyri-konvensional müharibə aparılması adlanır. Həm qeyri-konvensional, həm də hibrid müharibə strategiyasının tətbiq edilməsinin xüsusiyyəti ondan ibarətdir ki, bu strategiya əsas etibarilə dost olmayan dövlətin sərhədlərində və qonşu dövlətlərin ərazisində həyata keçirilir. Beləliklə, bu müharibənin əsas məqsədi dost olmayan dövlətin iqtisadi və maliyyə resurslarını tükətmək, onu həmin resursları təhlükəni neytrallaşdırmağa sərf etmək məcburiyyətində qoymaqdır. Nəticədə həm dost olmayan ölkə, həm də onu əhatə edən qonşu (əsasən kiçik) dövlətlər zərər çəkir. Onlar müharibələr, terror dalğası, inqilablar, separatizm, etnik və dini təmizləmələr ilə üzləşirlər.

XX əsrin 90-cı illərində və 2000-ci illərin əvvəlində Qərb özünün qeyri-hökumət təşkilatları, fondları vasitəsilə müxtəlif etiraz hərəkatlarını dəstəkləməklə, Şərqi Avropa ölkələrində və postsovet məkanında "rəngli inqilablar", sanksiyalaşdırılmamış bombardmanlar və "sülhyaratma" əməliyyatları təşkil etməklə, nəhayət, beynəlxalq instansiyalar tərəfindən sanksiya verilmədiyi halda qiyamçıları silahla təchiz etməklə (İŞİD-in gücləndirilməsi buna misal ola bilər) həm Avropa ilə yaxınlaşmağa çalışan ölkələrə ziyan vurur, həm də Ukrayna böhranından sonra ciddi lakunlar (boşluqlar) hiss edilməyə başlamış beynəlxalq hüququ latent şəkildə məhv edirdi.

Bu böhran beynəlxalq hüquqla tənzimlənməyən qeyrikonvensional və hibrid müharibələrin strategiya və taktikasının tətbiq edilməsinin bütün təhlükəsini dünya birliyinə bir daha nümayiş etdirdi. Vestfaliya beynəlxalq münasibətlər sisteminin baza prinsiplərinə ciddi təhdid yarandı, Qərb ölkələri buna "göz yummaqla" və ya hiddətləndirici sükutla cavab verdilər.

Görkəmli amerikalı siyasi xadim, diplomat və realist alim Henri Kisincer də müasir dünya nizamının böhranından danışır. O, belə hesab edir ki, vəziyyətin gərginləşməsinə və qlobal şəraitin pisləşməsinə görə Qərb müəyyən qədər məsuliyyət daşıyır. H.Kisincer bəyan edir ki, Avropa və ABŞ Ukraynanın Rusiya üçün xüsusi əhəmiyyət kəsb etdiyini lazımınca qiymətləndirməyiblər: "Səhv onda idi ki, onlar vəziyyəti başa düşmədilər". H.Kisincer qeyd edir ki, Krımın ilhaqını etiraf etmək Qərbə lazım deyil və o bunu etməməlidir, lakin "Qərbdə heç kəs Krımın qaytarılmasına dair konkret proqram təklif etmədi.... Heç kəs Şərqi Ukraynada döyüşmək istəmir. Həyatın sərt reallığı belədir".

ABŞ Prezidenti Barak Obama Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bu qurumun yaradılmasının 70 illiyinə həsr edilmiş iclasındakı çıxışında bugünkü Ukrayna probleminə toxunaraq deyib: "Ölkənin suverenliyinin və ərazi bütövlüyünün hiddətləndirici şəkildə pozulduğu bir vaxtda biz kənarda qala bilmərik".

Bu hadisələr cənab Barak Obamanı hiddətləndirir. Amma 20 ildən artıq müddətdə Ermənistan tərəfindən bizim torpaqların işğal edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması nədənsə ABŞ Prezidentini özündən çıxarmır. Bu cür münasibət nə
dərəcədə ədalətlidir?

Ukrayna böhranından sonra ABŞ və Aİ başa düşməlidir ki, (hərçənd, bundan xeyli əvvəl: İraq, Liviya, Suriya hadisələri zamanı nəticə çıxarmaq olardı) SSRİ dağılandan sonra onilliklər boyu onların tətbiq etdiyi strateji və taktiki üsullar, başqa ölkələrin (həm regional liderlərin, həm də kiçik dövlətlərin) mənafelərinin nəzərə alınmaması, belə dövlətlər birliyinə qarşı etinasızlıq, beynəlxalq hüququn norma və prinsiplərinə nümayişkaranə şəkildə riayət edilməməsi, ikili standartlar siyasətinin hər yerdə geniş yayılması yaxın gələcəkdə Ukrayna böhranına oxşar yeni kəskin böhranlar əmələ gəlməsi üçün təhlükəli presedent yaradır.

Beynəlxalq münasibətlərdə artan nizamsızlıq və beynəlxalq hüquq normalarına hörmətsizlik, həmçinin Qərb ilə Şərq arasında yeni qarşıdurma ilk növbədə SSRİ dağılandan sonra müstəqilliyini bərpa etmiş postsovet ölkələri üçün təhlükə törədir. Əgər Qərb ölkələri postsovet regionunun inkişafında maraqlıdırlarsa, başa düşməlidirlər ki, Qərb-Şərq oxu boyunca qarşıdurma təkcə onların regionda maraqlarının reallaşdırılmasına deyil, həm də Avrasiya kontinentində sülhə və sabitliyə ziyan vurur.

Vurğulayıram ki, əgər böyük dövlətlər XXI əsri qanlı müharibələr, uzun sürən münaqişələr, soyqırımları, davam edən və pislənilməyən işğallar əsri kimi deyil, sülh, sabitlik, inkişaf və əməkdaşlıq əsri kimi görmək istəyirlərsə, onda beynəlxalq hüquq normalarına hörmət etmək, bərabərhüquqlu dialoq yolu ilə əməkdaşlığı reallaşdırmaq, başqa ölkələrin mənafelərinə hörmət etmək və suveren dövlətlərin daxili işlərinə qarışmamaq vacibdir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan mübarizə və qarşıdurma məkanı olmayacaq, o, dialoq və quruculuq fəaliyyəti məkanı olmağa çalışır. Laxlamış dünya nizamının möhkəmlənməsinə bizim yanaşmamız buna əsaslanır. Qarşıdurma oxu üzərində yerləşən dövlətlərin əksəriyyəti bu baxışın tərəfdarıdır.

1-ci fəsil. Zamanın imtahanından kəsilmiş Birləşmiş Avropa

1.Avropa Birləşmiş Ştatları: "böyük dövlət", yoxsa fraqmentlərə bölünmüş regional oyunçu?

Aİ-nin yaranması və onun təkamülü bəzi ekspertləri dövlətin rolunu və onun suverenliyini müqayisə məsələsinə yenidən nəzər salmağa məcbur etdi.

İki dünya müharibəsindən sonra bəşəriyyətin gələcəyi məsələsi xüsusilə kəskin şəkildə qarşıda dururdu. Belə ki, Birinci Dünya müharibəsi Paris Paktının (və ya Brian-Kelloq Paktının) imzalanmasına gətirib çıxardı. Mahiyyət etibarilə bu müqavilə milli siyasətin aləti kimi müharibədən imtina olunmasını bəyan etdi. Bu sənədin imzalanması Avropada kollektiv təhlükəsizliyin təmin edilməsində ilk addım və böyük irəliləyiş hesab olunur. 1945-ci ildə nasizmə qalib gəlmiş ölkələr Birləşmiş Millətlər Təşkilatını yaratmaqla müharibədən sonrakı dövrdə dünya quruluşunun təməlini qoydular.

Çox təəssüf ki, bu təşkilatın yaradılmasının 70-ci ilində biz onun böhrana uğramasının şahidləriyik. Texnologiyanın sürətli inkişafı bir tərəfdən insanların həyatının keyfiyyətinin yaxşılaşmasına, onların arasında ünsiyyətin artmasına, ətraf mühitə təsir imkanlarının müxtəlifləşməsinə, planetə bizim ümumi evimiz kimi baxmağa təkan verib, digər tərəfdən kütləvi qırğın silahlarının yayılmasını şərtləndirib, bəşəriyyətin özünün mövcudluğu risk dərəcəsinə çatıb. Şübhəsiz, texnoloji tərəqqi rifahdır və yəqin ki, bu prosesi dayandırmaq kiminsə ağlına gəlməz (əslində bu heç mümkün də deyil). Lakin hər şey bu tərəqqinin faydalarından necə və nəyin naminə istifadə edilməsindən asılıdır. Bu konteksdə beynəlxalq münasibətlər sahəsində nəzəriyyəçilərin əksəriyyəti adətən idealistlərin və realistlərin yanaşmalarında mövcud fərqlərə istinad edir. Bu, onlara daha əsaslı görünən arqumentlərini işləyib hazırlamağa imkan verir.

Lakin coşqun ideya müzakirələri fonunda bir neçə həyati əhəmiyyətli sual yaranır:

-doğrudanmı beynəlxalq münasibətlər bu dərəcədə fundamental şəkildə dəyişib?

-doğrudanmı bütün proseslərin əsasında insan və insani dəyərlər dayanır?

-doğrudanmı beynəlxalq siyasət humanist prinsiplərə əsaslanır?

Cavab axtarışı bizi müxtəlif konseptual yanaşma və baxışların ümumi nəticəyə təsirini daha dərindən dərk etməyə sövq edir. Yadda saxlamaq lazımdır ki, nəzəriyyə bizim reallığı qavramağımızın qanunauyğunluqlarını əks etdirir və onun məqsədi bu reallığı izah etməkdir. Bundan əlavə, vurğulamaq lazımdır ki, təkcə nəzəri paradiqmalar əsasında tamın bütün xassələrinin açıqlanması problemin natamam, bəlkə də fraqmentar başa düşülməsinə səbəb ola bilər. Çünki beynəlxalq münasibətlər sahəsində bəzi mütəxəssislərin qeyd etdiyi kimi, nəzəriyyə dünyanın mühafizəkar təcəssümüdür.

Əvvələn, bu gün praktiki olaraq hamıya məlumdur ki, suverenlik Tomas Hobbsa görə "təbii vəziyyət" səhnəsini - "hamının hamıya qarşı müharibəsi"ni, "cəngəlliklər qanunu"nu əks etdirmir. Əksinə, suverenlik onun daşıyıcıları tərəfindən öz üzərinə müəyyən öhdəliklərin götürülməsi və bu "cəngəlliklərdə" qarşılıqlı hörmət əsasında davranışın ümumi qaydalarının hazırlanması deməkdir.

Dövlət öz suverenliyini "qarşılıqlı anlaşma prinsipi"nin çərçivələri və müəyyən ümumi qaydalar ilə məhdudlaşdırmır. Maks Veberin dediyinə görə, "zorakılıq" və ya problemlərin həllinin güc metodlarının tətbiqi onun "spesifik vasitəsidir". Beynəlxalq münasibətlər dövlətlərarası münasibətlərlə məhdudlaşmır, onlar daha geniş məna kəsb edir. Lakin onların əsas iştirakçısı, aktoru, nəhayət subyekti dövlətdir.

Müasir şəraitdə təkamülün əsas hərəkətverici qüvvəsi məhz dövlətdir. Lakin əgər bu tərif obyektivdirsə, onda necə deyə bilərik ki, dövlət özünün ilkin mahiyyətini itirib? "İctimai müqavilə"dən irəli gələn vəzifələr yalnız dövlət tərəfindən yerinə yetirilə bilər. Dövlətin zəifləməsi yalnız ciddi problemlər yaradır.

Müasir dünyada cərəyan edən proseslər, o cümlədən Əfqanıstanda, Somalidə, İraqda, Liviyada və Suriyada baş verən hadisələr göstərir ki, problemlər yalnız dövlətin zəifləməsi nəticəsində yaranır. Bu, hətta "uğursuz dövlət" termininin meydana gəlməsinə səbəb olub. Dövlət ölkənin milli təhlükəsizliyini təmin edən, beynəlxalq sistemin konfiqurasiyasını müəyyən edən, beynəlxalq hüququn inkişafını şərtləndirən və şəxsiyyətin optimal inkişafını təmin edən əsas vasitədir.

İkincisi, dövlətin siyasətinin mahiyyətinin onu beynəlxalq aləmdə həyata keçirdiyi şəkildə tədqiqi bizim görmək istədiyimizdən tamamilə fərqli nəticələr verir. Beynəlxalq münasibətlərin realist və neorealist məktəblərinin tərəfdarları qeyd edirlər ki, dövlətlərin
ziddiyyətli maraqlarına uyğun olan qlobal siyasət münaqişə xarakteri daşıyır. Dövlətin mənafeləri bəziləri üçün "güc", başqaları üçün "təhlükəsizlik" axtarışı ilə səciyyəvidir. Beynəlxalq siyasətdə güc onlar üçün həm vasitədir, həm məqsəddir, həm də dövlətin təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur.

"Güc" anlayışının əsasını təşkil edən elementlərin sayı-hesabı yoxdur. N.Spaykmandan və H.Morqentaudan başlamış Z.Bzejinskiyə qədər müxtəlif tədqiqatçıların əsərlərini nəzərdən keçirsək, onlarda təkamül müşahidə etmək olar. Tarix göstərir ki, məsələn, Hans Morqentaunun istinad etdiyi qüvvələrin tarazlığı prinsipi müəyyən sabitlik vəd etdiyinə baxmayaraq, qüsurlu olması ilə səciyyəvidir.

Üçüncüsü, beynəlxalq sistemin daxilində bir-biri ilə siyasi, diplomatik və iqtisadi əlaqələr saxlayan ölkələr bu münasibətlərin tənzimlənməsi, sülhün və əmin-amanlığın müdafiəsi, onların daha möhkəm zəmin əsasında qorunması üçün müəyyən prinsiplər, normalar və mexanizmlər işləyib hazırlayıblar. Əlbəttə, bu, mənafelər anlayışını arxa plana keçirmir.

H.Morqentau yazırdı: "Dövlət xadimləri, xüsusən müasir şəraitdə, xalqın dəstəyini qazanmaq üçün öz xarici siyasətini fəlsəfi və siyasi rəğbətə uyğun olaraq təqdim etməyə alışa bilərlər. Lakin milli maraqlara uyğun olaraq "rəsmi vəzifələrini" yerinə yetirərkən
A.Linkoln kimi fikirləşə və hərəkət edə bilərlər, onlar bu maraqları dünyanın istənilən yerində öz siyasi prinsiplərini və əxlaqi dəyərləri həyata keçirmək istəyində "şəxsi istəklərindən" fərqləndirəcəklər".

Millətlər Liqasının, sonra isə həm də BMT-nin hüquq sistemində ifadə edilmiş vəzifələrin mahiyyəti hüquq prinsiplərinə və normalarına söykənən yeni beynəlxalq birlik yaratmaq ideyasını əsas götürür. Lakin onlar beynəlxalq sistemin konfiqurasiyasına təsir göstərmək və zorakılığın aradan qaldırılması məsələlərində acizdirlər.

Bu gün hərbi müdaxilələr BMT Təhlükəsizlik Şurasının mandatı olmadan baş verir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən Ermənistanın Azərbaycana hərbi təcavüzü və işğal amili ilə bağlı olan dörd qətnamə indiyə qədər yerinə yetirilməyib. Fransız alimi Raymon Aronun haqlı olaraq qeyd etdiyi kimi, buradan belə çıxır ki, "əslində iki qanun mövcuddur: biri güclülər, digəri isə zəiflər üçün".

Dördüncüsü, beynəlxalq sistemin sabit xarakter kəsb etməsi təkcə aparıcı aktorlar arasında "qüvvələr tarazlığı" konfiqurasiyasına uyğun olaraq baş vermir, həm də sistemin daxilində əməkdaşlığa meylin güclənməsi ilə diqqəti cəlb edir. İş burasındadır ki, mövcud şərtlər dövlətlər arasında qarşılıqlı asılılığın güclənməsi və dünya iqtisadiyyatının qloballaşması fonunda formalaşıb. Bu da öz növbəsində yeni qarşılıqlı münasibətlər sisteminin formalaşmasına təkan verib. Azad ticarət və qarşılıqlı varlanma hesabına liberal cərəyanın tərəfdarları sülhün və ədalətin bərpa olunmasını israr edirlər. Hər bir ideyanın yaşamaq haqqı var, lakin azad ticarət mövcud tərəflər arasında bərabər şərait olduqda mümkündür. Bəzi avropalı mütəxəssislər Avropa ölkələrinin əvvəlki əsrlərdə həyata keçirdiyi müstəmləkəçilik və istismar siyasəti nəticəsində həmin ölkələrin varlanmasını xüsusi qeyd edirlər. Belə olan halda hansı qarşılıqlı zənginləşmədən söhbət gedə bilər?

İkinci Dünya müharibəsinin axırlarında transmilli cərəyanın nümayəndələri dövlətlər arasında formal münasibətləri tənzimləyən prinsiplərdən uzaqlaşaraq bu münasibətlərin möhkəmlənməsinə xidmət edən yeni əməkdaşlıq mexanizmi yaradılmasını təklif etdilər.

Onlar milli maraqların yeni səviyyədə uyğunluğunu və "soyuq monstrlar" (F.Nitsşe dövləti belə adlandırırdı) arasında siyasi ittifaqlar yaradılması imkanını məhz texniki sahədə əməkdaşlığın möhkəmlənməsində görürdülər. Funksional prinsipin birinci yerə çəkilməsi funksionalizm və neofunksionalizm nəzəriyyəsinin əsasını qoydu. Avropanın inteqrasiyası ideyası ümumi rifah, möhkəm sülhün və təhlükəsizliyin təmin edilməsi naminə əməkdaşlığa əsaslanırdı. Bu ideyalar 1920-ci illərin axırlarından irəli sürülürdü. Müharibələr nəticəsində baş vermiş dağıntılar Avropa liderlərini qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə yönəltdi.

Qarşılıqlı iqtisadi asılılıq şəraitində Avropa İttifaqı ümumi maraqları vahid səbətdə yerləşdirmiş üzv ölkələrin əməkdaşlıq formasıdır. Lakin Avropa Komissiyasının keçmiş sədri Jak Delorun qeyd etdiyi kimi, Avropa İttifaqı müəyyən müddət ərzində "qeyrimüəyyən siyasi obyektə" çevrildi. 1992-ci ildə Maastrixt sazişi bağlanandan sonra bu təşkilat rəsmən Avropa İttifaqı adlanmağa başlayanda onun konfiqurasiyası üç sütun üzərində dayanırdı.

Birincisi - həmin dövrə qədər əldə edilmiş inteqrasiya layihələrinin məcmusu və gələcəkdə onların kompleks şəkildə inkişafı. İkincisi - vahid təhlükəsizlik və xarici siyasət. Üçüncüsü - daxili işlər və məhkəmə icraatı sahəsində əməkdaşlıq.

İkinci sütun olan vahid təhlükəsizlik və xarici siyasət dövlətlərarası xarakter daşıyır və dövlətin nəzarəti altında həyata keçirilir. Avropa İttifaqının strukturunda müəyyən sahələrdə bəzi suveren xassələrin mövcudluğu müşahidə olunur, lakin bununla paralel surətdə Aİ-nin üzvü olan ölkələr özlərinin əzəli suverenliyini qoruyub saxlayırlar. Müəyyən səlahiyyətlərin mərkəzin xeyrinə itirilməsi dövlətin hüquqlarına xələl gətirmir, mahiyyət etibarilə dövlət yenə təşkilat olaraq qalır.

Son zamanlar yaranmış maliyyə böhranı və miqrasiya problemi göstərir ki, əgər yeni çıxış yolları tapılmasa, onda avropalılar tərəfindən uzun illər boyu həyata keçirilən inteqrasiya arzuları qısa müddətdə şovinizmin və ksenofobiyanın artması nəticəsində məhv ola bilər. Bu gün Avropa ölkələrinin çoxsaylı rəsmi və qeyri-rəsmi nümayəndələri açıq etiraf edirlər ki, onlar Avropa İttifaqının, Şengen sazişinin, Avrozonanın və s. mövcudluğunun əsaslarını şübhə altına alırlar. Sirr deyil ki, Avropa İttifaqının yaradılması ilə başlanmış inteqrasiya prosesi bu gün dalana dirənib və bəyan edilmiş ideallar reallıqla ziddiyyət təşkil edir. Aİ üzvü olan ölkələrin Yaxın Şərqdə qeyri-qənaətbəxş xarici siyasəti isə bumeranq kimi Avropanın özünə zərbə vurur.

Beşincisi, Aİ-də qərarların qəbul edilməsi prosesi göstərir ki, bu təşkilat özünü rasional aktor kimi aparmır. Bu da öz növbəsində qərarların hazırlanmasında obyektivliyin pozulmasına gətirib çıxarır. Bu, qərarların qəbulu zamanı xüsusilə əyani şəkildə təzahür edir. Bu halda subyektiv əhval-ruhiyyəli lobbiçi qrupların təsiri altında obyektivlik prinsipinə məhəl qoyulmur. Avropa təsisatlarının Cənubi Qafqaz barəsində qənaətləri və rəyləri belə güman etməyə əsas verir ki, bu təşkilatın regional reallıqlara ümumi və ölçülüb-biçilmiş baxışı
yoxdur və qəbul edilən qərarlar ya təşkilatın daxilində ziddiyyətlərə səbəb olur, ya da müxtəlif lobbiçi qrupların korporativ və şəxsi maraqlarına əsaslanır. Tədqiqatçılar bəzən qəbul edilmiş qərarlarda rasional əsas tapa bilmirlər. Hərçənd, beynəlxalq münasibətlərdə rasionallıq və qarşılıqlı maraqların nəzərə alınması əməkdaşlığın və etimadın inkişafı üçün əsas meyarlardır.

Avropa İttifaqının xarici siyasətinin əsas hərəkətverici qüvvəsi üzv ölkələrin məcmu potensialıdır. Lakin konkret beynəlxalq məsələlərin həllində onların maraqları heç də həmişə üst-üstə düşmür. Nəzəri baxımdan, Aİ beynəlxalq münasibətlərin aktoru kimi supramilli beynəlxalq təşkilatlara (subyektlərə) aiddir. Lakin 1990-cı illərdə onun inkişafında yaranmış meyillər bunu deməyə məcbur edir ki, Aİ tədricən kvazidövlət aktoruna transformasiya olunur. Belə bir təbii sual yaranır: Aİ-ni hansı səviyyəli geosiyasi aktor hesab etmək olar - regional lider, böyük dövlət, yoxsa fövqəldövlət?

Beynəlxalq münasibətlər sahəsinin tədqiqatçılarının əksəriyyətinin fikri iki əsas kateqoriyaya yönəlib - "böyük dövlət" və ya "regional lider".

Avropa İttifaqına böyük dövlət kimi yanaşmağın tərəfdarları buna istinad edirlər ki, Aİ üç böyük ölkədən - Böyük Britaniya, Almaniya və Fransadan ibarətdir. Beləliklə, onların ittifaqı ən azı böyük dövlət formalaşdırır. Xatırladaq ki, qlobal səviyyədə bir neçə sektorda beynəlxalq münasibətlərə təsir göstərən dövlət böyük dövlət hesab edilir. Lakin fövqəldövlətdən fərqli olaraq böyük dövlətlərin milli qüvvəsi həmişə milli təhlükəsizliyin bu və ya digər mühüm sektoru ilə məhdudlaşır. Onlardan fərqli olaraq fövqəldövlət hər hansı təhdid və çağırışlara qarşı çıxmaq üçün təhlükəsizliyin bütün əsas sektorlarında kifayət qədər güclüdür.

Məlum olduğu kimi, ənənəvi realizm alyansların siyasətini dövlətlərin milli gücünün cəmləşdirilmiş siyasəti hesab edirdi. Lakin Aİ-də bu məsələdə hər şey tərsinədir. İttifaqın genişlənməsi onun ayrı-ayrı aktorlarının milli gücünü zəiflədir. Bir tərəfdən, dövlətlərin çoxunun qərarların qəbulunda tələb olunan konsensus Aİ-nin taleyini həll edən adekvat və vaxtında siyasi qərarlar qəbul edilməsi prosesini ləngidir. Digər tərəfdən, iqtisadiyyatın inkişafı və Aİ ölkələrində korrupsiyaya qarşı mübarizənin səviyyələrində fərqlər ona gətirib
çıxarır ki, güclü iqtisadiyyatlar İttifaqı irəliyə aparmaqdansa, daha çox zəiflər onu geriyə çəkir. Buna görə də Aİ-də bir neçə böyük dövlətin təmsil olunmasına baxmayaraq, vahid ittifaq onları gücləndirmək əvəzinə zəiflədir.

Bu siyasət ABŞ-ın maraqlarına uyğundur, ABŞ Avrasiya məkanında hər hansı bir dövlətin üstünlüyünə yol verməməyə çalışır. Vaxtilə Prezident C.Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Zbiqnev Bzejinski bu barədə birmənalı olaraq yazmışdı. Onun sözlərinə görə, Avropa inteqrasiyası ABŞ-ın mənafelərinə uyğundur. Çünki o, Almaniyanın və digər nüfuzlu oyunçuların iqtisadi qüdrətini Köhnə Dünyanın inteqrasiya layihələri içərisində əritməyə imkan verir. Qlobal qüvvələrin stratifikasiyasında Aİ-nin yerini müəyyən etmək üçün aktorun müharibələr, qeyri-ənənəvi risklər, iqtisadi böhranlar və onlardan uğurla çıxmaq səviyyəsi kimi müxtəlif təhdidlərə reaksiyasının effektivliyinin təhlili metodikasından da istifadə etmək olar.

Bipolyar sistemin parçalanmasından sonra Aİ-nin üzləşdiyi ilk münaqişələrdən biri Yuqoslaviya böhranı oldu. Özlüyündə bu böhran və Aİ-nin həmin prosesdə fəaliyyəti göstərdi ki, təhlükəsizlik kimi taleyüklü sahədə NATO olmasa İttifaqın heç bir əhəmiyyəti yoxdur.

Balkan böhranının gedişində strateji qərarlar qəbul edilməsində əsas rol oynayan Vaşinqton idi. Məsələn, 1995-ci il dekabrın 14-də Parisdə imzalanmış Deyton sülh sazişi Bosniya və Herseqovinada qan tökülməsinə və müharibəyə son qoydu. Şübhəsiz ki, zorakılığın dayandırılmasında Qərb ölkələri böyük rol oynadılar. Lakin bizi daha çox maraqlandıran tarixə "Deyton diplomatiyası" adı ilə düşmüş bu diplomatiyanın xarakteridir. Bu diplomatiya ABŞ tərəfindən beynəlxalq normalara hörmətsizlik və təzyiq siyasətini açıq-aşkar nümayiş etdirən "qamçı və qoğal" prinsipinə əsaslanırdı. Deyton danışıqlarının nümayəndələrini uzun müddət danışıqlar zalından buraxmadılar, sözün hərfi mənasında şərt qoydular ki, əgər onlar razılığa gəlməsələr, heç kəs zaldan çıxmayacaq. Bəs, hər bir dövlətin suverenliyi prinsipi necə oldu? Bu hiddətləndirici və sərt yanaşma özlüyündə münaqişə tərəflərinin inandırılması və onların özlərinin qarşılıqlı məqbul və kompromis seçimə gəlməsi imkanı verilməsinə əsaslanan vasitəçiliyin məntiqinə zidd idi.

Balkan böhranı ilə bağlı tarix təqribən iyirmi ildən sonra Ukrayna nümunəsində təkrarlandı. Lakin bu dəfə istər Aİ, istərsə də ABŞ hər hansı təsirli hərbi, siyasi və ya iqtisadi tədbir görmədi. Ukrayna faciəsinin kökü məhz Balkan münaqişəsindən başlanır. O vaxt Qərb ölkələri SSRİ-nin dağılması fonunda beynəlxalq hüquq normalarını, beynəlxalq hüququn subyektlərinin suveren hüquqlarını unudaraq kefləri istəyəni bəyan edirdilər.

Qərb ölkələri tərəfindən düşünülməmiş addımlar atılmasını, ikili standartlar siyasətini və beynəlxalq hüquq normalarının təhrif olunmuş interpretasiyasını nümayiş etdirən daha bir nümunə Kosovodur. Brüsseldəki və Vaşinqtondakı siyasətçilər siyasi uzaqgörənlik nümayiş etdirməyi bacarmadılar və qabaqcadan görə bilmədilər ki, Balkanlarda siyasi xəritənin zorla dəyişdirilməsi və sesessiyanın leqallaşdırılması cəhdləri münaqişələrin daha da artmasına gətirib çıxara bilər və volyuntarist layihələrin müəlliflərinin özləri üçün mənfi nəticələr doğura bilər. Onlar yalnız buna nail oldular ki, beynəlxalq hüquq normalarına açıq-aşkar hörmətsizlik ruhunda zorakı tədbirlərlə uzun illər boyu Qərblə yaxınlaşmağa çalışan real və potensial tərəfdaşlara etinasızlıq göstərdilər.

2008-2009-cu illərdəki qlobal iqtisadi böhran Aİ-nin möhkəmliyi üçün növbəti sınaq oldu. Bu böhran İttifaqın neomarksizmə xas olan "Varlı Şimal - yoxsul Cənub" prinsipi üzrə inkişaf səviyyəsindəki fərqi açıq nümayiş etdirdi. Aİ-nin cənubundakı ölkələrin çoxu bu böhrandan xeyli gec çıxa bildi, bəziləri isə hələ də özlərinə gələ bilməyib. Eyni zamanda, "Varlı Şimal" həmin ölkələrin böhranın mənfi nəticələrini aradan qaldırmasına həvəssiz kömək edirdi. Bu faktın özü İttifaq çərçivəsində gizli ayrı-seçkilik praktikası həddinə çatmış ikili standartlar siyasətinin göstəricisidir.

Əlbəttə, buna haqq qazandırmaq üçün Cənubi Avropa ölkələrində yüksək dərəcədə korrupsiyaya və dövlət idarəçiliyindəki qüsurlara istinad etmək olar. Bu faktlar həmin ölkələrdə islahatları uğurla həyata keçirməyə və böhrandan səmərəli şəkildə çıxmağa imkan vermirdi.

Yeri gəlmişkən, Cənubi Avropa ölkələrində korrupsiya, dövlət idarəçiliyinin effektivliyi və demokratiyanın inkişafı problemlərini F.Fukuyama "Siyasi qayda və siyasi tənəzzül: sənaye inqilabından demokratiyanın qloballaşmasına doğru" adlı yeni əsərində ətraflı təsvir edir. Aİ siyasətçiləri çox vaxt bütün bu problemlər barədə susmağı üstün tutur, eyni zamanda, başqa ölkələrdə korrupsiyanı, insan haqlarının pozulmasını və demokratiyanın inkişaf etməməsini fəal pisləyirlər.

Aİ-ni beynəlxalq münasibətlərin subyekti kimi zəiflədən növbəti amil İttifaqın daxilində fikir ayrılıqlarının çoxalması və millətçilik meyillərinin artmasıdır. Fransa, Yunanıstan və Böyük Britaniya kimi ölkələrdə seçkilərin nəticələri buna əyani sübutdur. Onlar öz nümunələrində Avropanın bir sıra ölkələrində Avropa inteqrasiyasına marağın xeyli azalmasını və İttifaqdan çıxmağın və ya avroskeptiklərin Aİ-də üzvlüyünə yenidən baxılmasının tərəfdarı olan siyasi qüvvələrin populyarlığının artmasını nümayiş etdirirlər.

Məsələn, Yunanıstanda hakimiyyətə gəlmiş "SİRİZA" partiyası lap əvvəldən İttifaqdan çıxacağı ilə hədələyərək Brüsseldən tələb edirdi ki, maliyyə siyasəti yumşaldılsın. Böyük Britaniyanın xarici işlər naziri F.Hammond isə bəyan edir ki, Birləşmiş Krallıq Aİ-nin siyasətinə təsir göstərmək üçün indiki vəziyyətdə malik olduğundan daha çox səlahiyyət və imkan əldə etmək arzusundadır. Böyük Britaniya hətta 2017-ci ildə bu təşkilatın tərkibindən çıxmaq haqqında referendum keçirməyə hazırlaşır.

Şübhəsiz, bütün yuxarıda deyilənlər, habelə Avropa ölkələrinin rəsmi liderlərinin bəyanatları Avropa inteqrasiyası layihəsində sistemli problemlər və boşluqlar olmasını bir daha nümayiş etdirir. Aİ çərçivəsində Böyük Britaniya kimi iri dövlətlərin səsi kifayət qədər eşidilmir və onlar zəifləyiblər. Kiçik dövlətlər isə öz növbəsində, "yoxsul Cənub" ilə bağlı nöqsanların aradan qaldırılması üçün qəti addımlar atmağa hazır olmayan Brüsseldən güclü iqtisadi asılılıq nəticəsində daha da zəifləyirlər.

Münaqişələrin həlli və iqtisadi böhrandan çıxmaq üçün yuxarıda göstərilən nümunələri uğurlu adlandırmaq çətindir.

Bəs, Avropa İttifaqı əslində özünü necə görür - böyük dövlət, yoxsa regional oyunçu statusunda?

Bütövlükdə Aİ-nin hərəkətləri onu göstərir ki, bu gün İttifaq böyük dövlətdən daha çox zəifləmiş regional dövlət rolu oynayır. Bütün sistemdaxili problemlər, bürokratik kulbitlər və taleyüklü siyasi qərarlar qəbul edilərkən müzakirələrin süni şəkildə uzadılması, cəmiyyətdə güclü təbəqələşmə, sosial-iqtisadi böhran, səmərəli və ən başlıcası vahid xarici siyasətin və müdafiə siyasətinin olmaması Aİ-nin gücünü regional çərçivələrə salır və onun imkanlarını məhdudlaşdırır.

Digər tərəfdən, Aİ üzvlərinin vahid strategiya işləyib hazırlaya bilmədikləri problemli sektorların artması genişlənməkdə olan qlobal böhranın təhlükəli konturlarını bir daha üzə çıxarır. 2008-2009-cu illərdən sonrakı dövrdə vahid iqtisadi siyasətin həyata keçirilməsində aradan qaldırılması mümkün olmayan problemlərdən əlavə, hədsiz ağır miqrasiya problemi də meydana çıxıb. Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa İttifaqına indiki "miqrasiya axını" Aİ-nin zəifləməsinin daha bir əsas bəndini - ideya böhranını üzə çıxarıb.

2. Avropa dəyərlərinin böhranı: islamofobiya, ksenofobiya, "miqrasiya" fəlakəti

Avropa İttifaqının fövqəlmilli qüvvəsinin artmaqda olan islamofobiya və multikulturalizm böhranı kontekstində təhlilini davam etdirək.

Onilliklər boyu Avropa inteqrasiya layihəsinin cəlbediciliyinin əsas qarantı və bünövrəsi onun ideyaları və dəyərləri olub. Dövlət üçün "dövlət ideyası" milli qüvvənin şəksiz atributu olduğu kimi, İkinci Dünya müharibəsindən sonra Aİ üçün zəruri birləşdirici sxemin komponentləri tolerantlıq və multikulturalizm olub. Lakin XXI əsrin əvvəli Avropa dəyərlərinin böhranı və onların populyarlığının ümumi tənəzzülü ilə əlamətdar olub. Bu məsələdə Aİ-nin zəifliyi təhlükəsizlik üçün artıq yaxın gələcəkdə ciddi təhdid mənbəyi ola bilər. Çünki avropalıların ümidləri doğrulmayanda canfəşanlıqla bəyan edilən hədəflərin təsirinin itirilməsini kompensasiya etmək son dərəcə çətin, bəlkə də praktiki baxımdan qeyri-mümkün olacaq.

Hazırda Aİ məkanında islamofobiyanın və ksenofobiyanın artması, radikal millətçi əhval-ruhiyyənin güclənməsi davam edir. Avropa modeli özünün əvvəlki cəlbediciliyini itirməyə başlayır. Aİ-də sonuncu parlament seçkilərinin nəticələri buna sübutdur. 2014-cü il mayın 25-də Avropa Parlamentinə seçkilərin yekunlarına əsasən bu birləşmiş qanunverici orqanda ənənəvi siyasi partiyaların mandatlarının sayı azalıb. Radikal sağçı qruplar isə əksinə, siyasi arenanın sağ sektorunda öz mövqelərini gücləndirib, təsirlərini artırıblar. Bir sıra ölkələrdə, o cümlədən Fransa, Böyük Britaniya, Avstriya və Danimarkada sağçı radikallar elektoratın əksəriyyətinin etimadını qazanıblar.

Fransada Milli Cəbhə 25,6 faiz, Danimarkada miqrasiyanın əleyhdarı olan Xalq Partiyası 26,7 faiz, Böyük Britaniyada isə Aİ-yə qarşı çıxan UKİP partiyası 27,5 faiz səs toplayaraq liderlər qrupunda öz mövqelərini möhkəmlədiblər.

Başqa ölkələrin sağçı radikalları seçicilərin təqribən 15 faizinin səsini toplayaraq əvvəlki seçkilərlə müqayisədə daha yaxşı nəticə göstəriblər. Beləliklə, Avropa Parlamentində avroskeptiklərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Ənənəvi siyasi partiyalar mövqelərini qoruyub saxlamaq üçün öz şüarlarını və hədəflərini radikal partiyaların ideyalarına yaxınlaşdırmağa çalışırlar ki, siyasi trenddən geri qalmasınlar və ənənəvi sosial bazadan məhrum olmasınlar.

Multikulturalizm mövzusu Avropada uzun illər boyu müzakirə edilib. Avropalılar hesab edirdilər ki, cəmiyyətin inkişafının gələcəyi tolerantlıq və dözümlülük ənənəsinin inkişafı ilə bağlıdır. Lakin bu gün Avropada multikulturalizm ciddi böhran keçirir. İnsanlar daim qorxu içində yaşayır. Bu ilin əvvəlində Parisdə törədilmiş terror aktlarından sonra heç bir günahı olmayan çoxsaylı müsəlmanlara qarşı təqiblər və hədələr Avropa cəmiyyətində dözümsüzlüyün artmasına dəlalət edir.

Almaniyada - son vaxtlar ciddi eksseslər, etnik-dini zəmində vəziyyətin kəskinləşməsi və terror aktları müşahidə olunmayan ölkədə PEQİDA-nın antiislam yürüşünü xatırlamaq kifayətdir. Bütün bunlar onu göstərir ki, Aİ-də islamofobiyanın artması tolerantlıq, dözümlülük, əməkdaşlıq, dinc yanaşı yaşamaq kimi baza dəyərlərini sarsıdır.

Digər tərəfdən, Aİ Şimali Afrika və Yaxın Şərq ölkələrindən güclü qaçqın axını ilə üzləşir. "Rəngli inqilablar" və "Ərəb baharı" dalğasından sonra bu axın xeyli güclənib. Özünü "İraq Şam İslam Dövləti" (İŞİD) adlandıran beynəlxalq terror qruplaşmasının yaranması da Aİ dövlətləri üçün böyük başağrısına çevrilib.

Əslində, İŞİD-i Qərb dövlətlərinin özü yaradıb, mötədil Suriya müxalifətini ağılsızcasına silahlandırıb.

Cinayətkar hərəkətlər Şərqdə hərc-mərclik və iğtişaşlar yaradıb, bu narahat region uzun müddətə qeyri-sabitlik girdabına yuvarlanıb. Nəticədə öz ailələrini vətəndaş müharibəsindən və arası kəsilməyən nizamsız qırğından xilas etməyə çalışan günahsız insanlar Qahirədəki Təhrir meydanında etiraz nümayişlərini və Liviyada bombardmanları məqsədyönlü şəkildə dəstəkləyən Aİ ərazisinə keçməyə çalışırlar.

Dəvəquşu mövqeyi tutan Brüssel "Ərəb baharı"ndan sonra legitim yolla seçilmiş Misir Prezidenti devriləndə yalnız "dərin narahatlıq keçirməsi" barədə quru bəyanatlarla kifayətləndi. Liviya Cəmahiriyyəsinin lideri Müəmmər Qəddafinin zorakı yolla devrilməsi isə Qərbin bir sıra nüfuzlu paytaxtlarında, ümumiyyətlə, festival ruhunu xatırladan şadyanalıqla qəbul edildi.

Mahiyyət etibarilə Aİ həm ərəb ölkələrində, həm də Ukraynada sosial qiyamı dəstəklədi. Bu ölkələrdə baş verən hadisələri inqilab deyil, məhz güclü emosional çalarlara malik sosial qiyam adlandırmaq düzgün olar, çünki həmin dövrdə müxalifət qüvvələri konkret tələblər irəli sürməmişdi.

Nə üçün Aİ ABŞ-ın farvaterində fəaliyyət göstərərək başqa dövlətlərin daxili işlərinə fəal şəkildə qarışır, amma eksperiment onların milli maraqlarına uyğun olmadıqda protokol bəyanatları ilə kifayətlənir?

Çünki bu, əyani şəkildə sübut edir ki, hər bir dövlət beynəlxalq arenada öz mənafelərini əsas tutaraq fəaliyyət göstərir. Belə hallarda Aİ vahid dəyərlərlə, prinsiplərlə, birləşmiş Avropanın təməlini qoyanların inkişaf etdirdiyi ideyalarla birləşən ittifaqdan daha çox, Tomas Hobbsun dediyi "xudbin dövlət"i xatırladır. Zərurət yarandıqda Brüssel baza dəyərlərini və prinsiplərini dərhal arxa plana keçirir.

Xaricdə baş verən iğtişaşları və etiraz aksiyalarını çox fəal dəstəkləyən Avropa demokratiyaları indi özlərinin uzaqgörməzliyinin nəticələrindən ehtiyat edərək artıq öz "uğurlarının" bəhrəsini görmək istəmirlər. Əlbəttə, Brüsseldəki rəsmi şəxslər asanlıqla buna istinad edə bilərlər ki, Avrozonanın iqtisadiyyatı sadəcə Şərqdən qaçqın axınına davam gətirməyəcək.

Əlbəttə, Aİ-nin öz maraqları var. Lakin nəyə görə Brüssel nümayəndələri rəsmi ritorikada münaqişə regionlarından olan qaçqınları miqrantlar kimi qələmə verir? Cavab sadədir. Onlar qaçqınlarla müqayisədə miqrantların qarşısında öz "demokratik qapılarını" daha asanlıqla bağlaya bilərlər, çünki qaçqınların gələcəyi üçün məsuliyyət daşımağa məcburdurlar.

Bəs, Aralıq dənizindən üzüb keçməyə çalışarkən boğulan və ya "cəza düşərgələrində" əzab-əziyyət çəkən qaçqınların hüquqları necə olsun? Nə üçün Aİ-dən olan rəsmi şəxslər bu qaçqınların hüquqları ilə az maraqlanır, halbuki başqa ölkələrdə insan hüquqları barədə hər ay çoxsəhifəli məruzələr yazmağa hazırdırlar? Bəlkə elə onların özlərinin təhrik etdiyi problemlərin həllindən başlamaq daha məntiqli olar?!

Digər tərəfdən, görürük ki, qaçqınların paylanması ilə əlaqədar Aİ tərəfindən qəbul edilən qərarlar üzv ölkələrin çoxunu qane etmir. Aİ-nin ölçülərinə və sərvətlərinə baxmayaraq, o, 300 min suriyalını güclə qəbul edir, halbuki od tutub yanan ölkədən bu gün Türkiyədə 2 milyondan çox, Livanda təqribən 1,7 milyon, Səudiyyə Ərəbistanında 2 milyona yaxın, İordaniyada təqribən 600 min qaçqın məskunlaşıb.

Bəs, "Ərəb baharı" dövründə qarşıdurmanı dəstəkləyən siyasətçilər haradadırlar, nə üçün onların səsi eşidilmir? Nə üçün onların ölkələrinin hökumətləri bu gün elə özlərinin fəlakətə yuvarladığı və taleyin ümidinə atdıqları insanlara kömək istəmirlər?

Cavab sadədir. Məsələ konkret işə gələndə Aİ heç bir tədbir görmür. Onun yaxşı bacardığı yeganə iş boş "qətnamələr" və "dərin narahatlıq" barədə bəyanatlar hazırlamaqdır.

Aİ-nin bəzi üzvləri, ümumiyyətlə, bəyan edirlər ki, onlar yalnız xristian qaçqınları qəbul edəcəklər. İş o yerə çatıb ki, bəzi qaçqınlar köhnə qitədə sığınacaq tapmaq xatirinə öz dini etiqadını dəyişməyə məcburdurlar. Bəs, Avropa "demokratiyaları"nın əvvəlki tolerantlığı və dini dözümlülüyü harada qaldı? Nə üçün avropalı "QHT-çilər" və "hüquq müdafiəçiləri" dağılmaqda olan dövlətlərdə vəziyyət barədə məruzələr tərtib etmirlər? Bu vəziyyət Aİ-də yeni təhdidlər barəsində fikir ayrılıqlarının artması ilə bərabər, həm də bu təşkilatın biabırçı ikili standartlar siyasətini əyani şəkildə nümayiş etdirir.

Bu kontekstdə Aralıq dənizində boğulmuş suriyalı balaca Aylan Kürdinin ölümü xüsusi narahatlığa səbəb olub. Onun ailəsi müharibə və xaosdan yaxa qurtarmaq üçün Avropaya qaçmağa çalışırdı. Cəsədi Türkiyə sahillərinə atılmış bu körpənin fotosu sosial mediada yayıldı, qaçqınların qarşısında sərhədləri bağlayan Avropa kəskin tənqid edildi. Hətta buna baxmayaraq, söz azadlığının yalançı rəmzi olan, Məhəmməd Peyğəmbərin karikaturaları ilə bağlı qalmaqal sayəsində məşhurlaşmış "Charlie Hebdo" jurnalı həlak olmuş oğlanın təhqiramiz karikaturası ilə nömrə buraxıb.

Azərbaycan Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü, o cümlədən söz azadlığı ilə bağlı öhdəliklərə riayət edilməsinin tərəfdarıdır, lakin uşağın ölümü ilə bağlı həqarət heç bir meyar üzrə qəbul edilə bilməz. Bizim anlamımızda bu, söz azadlığı deyil, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, bəlkə də sadəcə həyasızcasına təhrikçilikdir. Aİ-də mənəviyyatın, ümumbəşəri dəyərlərin və sağlam ideyaların deqradasiyası göz qabağındadır.

Harvard Universitetinin professoru Samuel Hantinqton "Sivilizasiyaların toqquşması" əsərində dünyanı müxtəlif mədəni sivilizasiya areallarına bölür və ümumbəşəri dəyərlərin beynəlxalq təşkilatlar tərəfindən necə arxa plana keçirilməsini izah edir. Onun pessimist baxışları ilə bəzi adamlar razılaşmasa da, bu əsər aktuallığı ilə fərqlənir.

Dünyada baş verən hadisələrin obyektiv qiymətləndirilməsi göstərir ki, Hantinqtonun yanaşması öz təsdiqini tapmış bir sıra faktlarla bağlıdır. Məsələn, qitənin sərhədləri barədə Avropa İttifaqı və Avropa Şurası çərçivəsində aparılan müzakirələr göstərir ki, Avropa təsisatları xristian dəyərlərini açıq-aşkar üstün tuturlar.

Avropa siyasətində islamofobiya təzə trend deyil. Bu narrativ (qarşılıqlı əlaqəli hadisələrin sözlərin və ya obrazların ardıcıllığı şəklində ifadə edilməsi) səlib yürüşləri dövründən başlayaraq "özününkü-yad" qarşıqoyma prinsipinin köməyi ilə Avropada əsrlər boyu formalaşıb. Xatırladaq ki, Azərbaycan Avropa Şurasına qəbul edilərkən xristian demokratlar bu ölkədə müsəlman əhalinin üstünlük təşkil etdiyinə görə onu təşkilatın üzvləri sıralarında açıq-aydın görmək istəmirdilər. Türkiyə də artıq uzun illərdir ki, belə münasibətlə üzləşir. O, Avropa İttifaqına üzv olmaqdan ötrü müraciət edəndən sonra avropalı məmurların qəbulu üçün gözləmə zalını heç cür tərk edə bilmir. Ona üzvlük verilməsindən imtina edilməsi müxtəlif bəhanələrlə əsaslandırılır. Avropalı siyasi xadimlər, ekspertlər bu qeyri-müəyyənliyi vaxtaşırı olaraq onunla izah edirlər ki, Türkiyə müsəlman dövlətidir, buna görə də onun Aİ-yə daxil olması arzuedilməzdir.

2000-ci illərin əvvəlində Avropa Konstitusiyası layihəsinin hazırlanması prosesində bu məsələ yenidən gündəliyə daxil edildi. Türkiyə layihənin hazırlanmasına namizəd ölkələr sırasında idi. Lakin layihəyə rəhbərlik edən Fransanın eks-prezidenti Valeri Jiskar d'Esten yenidən vurğuladı ki, Türkiyə əhalisi müsəlmanlardan ibarət olan dövlətdir, Avropaya daxil deyil və beləliklə, formal müzakirələr üçün zəmin yaratdı, Almaniyanın keçmiş kansleri Helmut Kolun "xristian klubu" haqqında ideyasını debatların kvintesensiyasına çevirdi.

Bununla bərabər, layihəyə xristian dünyagörüşü modelini əks etdirən bəndlər daxil edilməsi təklif olunurdu. Təəccüblü deyil ki, bu halda ümumbəşəri dəyərlər dini mənsubiyyətdən asılı vəziyyətə qoyulur.

Avropa Azərbaycandan yüzilliklər boyu formalaşmış tolerantlıq, dini dözümlülük və multikulturalizm təcrübəsini əxz etsəydi, pis olmazdı.

Aİ gələcəkdə necə olacaq? İndi bu suala cavab vermək çətindir. O, formal, yoxsa real ittifaq olacaq? Bugünkü mərkəzsizləşmə meyilləri onun tamamilə və ya qismən fraqmentasiyasına gətirib çıxaracaqmı?

Azərbaycan Aİ-nin tərəfdaşı kimi, onun bütün sahələrdə ardıcıl inkişaf etməsində maraqlıdır. Lakin bizim fikrimizcə, bu inkişaf çox cəhətdən Brüsselin Avropa inteqrasiyasının əsasını təşkil edən baza prinsiplərinə və ideyalarına nə dərəcədə riayət etməsindən və onun istər İttifaq daxilində, istərsə də İttifaq hüdudlarından kənarda ikili standartlar siyasətini aradan qaldırmağı bacarmasından asılı olacaq.

Şübhəsiz ki, bunsuz Aİ 1990-cı illərin əvvəlində öz qonşularının nəzərində qazandığı cəlbedici imici bərpa edə bilməyəcək. İttifaqda əsaslı islahatların vaxtının çoxdan çatması danılmaz faktdır, bu gün Aİ rəsmilərinin əksəriyyəti bunu etiraf edir. Buna görə də cəsarətlə belə bir proqnoz vermək olar ki, Avropa İttifaqının gələcəyi çox cəhətdən ortamüddətli perspektiv üçün qəbul edilən siyasi qərarların adekvat, ölçülüb-biçilmiş və uzaqgörən olmasından asılıdır.

2-ci fəsil. Aİ-nin postsovet məkanında ikili standartlar siyasəti

Bugünkü reallıqlar göstərir ki, Avropa İttifaqı bu qurumun təməlini qoyanların ilkin ideya və hədəflərindən çox uzaqlaşıb. Bu isə Aİ üzvü olmayan ölkələrlə əməkdaşlıq proqramlarına mənfi təsir göstərir və bundan əlavə, tərəfdaşlarla əməkdaşlığı səmərəli inkişaf etdirməyə imkan vermir. Aİ-nin "Şərq tərəfdaşlığı" layihəsinin kədərli aqibəti, Avropa Parlamentinin anti-Azərbaycan siyasəti, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda insan haqları məsələsində ikili standartlar buna sübutdur.

1.Aİ-nin ilkin oriyentirlərinin itirilməsi

"Şərq tərəfdaşlığı" konfliktogen layihə kimi Ukrayna böhranı, geosiyasi koordinatlar sistemində artmaqda olan xaos və beynəlxalq hüququn həll edilə bilməyən çoxlu münaqişələr qarşısında acizliyi bizi məcbur edir ki, bəşəriyyətə yeni, daha geniş miqyaslı sarsıntılar gətirə biləcək bugünkü gərgin vəziyyətin mənbələri barədə düşünək. Bəs bu pat vəziyyətinin yaranması hansı regional və qlobal miqyaslı təşəbbüslərin və hadisələrin nəticəsidir?

Artıq bir neçə ildir ki, Aİ postsovet məkanındakı altı ölkə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) ilə xarici siyasəti "Şərq tərəfdaşlığı" layihəsi vasitəsilə həyata keçirir. Bu layihə 2008-ci ildə İttifaqın üzvü olan bir neçə Şərqi Avropa ölkəsinin təşəbbüsü ilə başlanıb. "Şərq tərəfdaşlığı" - Avropa İttifaqının fərqli sivilizasiyalar sərhədində qonşuluq siyasətinin tərkib hissəsi və davamıdır.

Bu təşəbbüslə yanaşı Rusiya Federasiyası postsovet məkanında özünün inteqrasiya layihələrini fəallaşdırıb və Gömrük İttifaqı, Avrasiya İqtisadi İttifaqı kimi platformalar yaranıb. Nəticədə 2013-cü ilin sonunda "Şərq tərəfdaşlığı"nın Vilnüs sammiti ərəfəsində iki inteqrasiya qütbünün - Qərbin və Şərqin sərt rəqabəti, opponentin mövqeyinin nəzərə alınmaması Ukrayna böhranına gətirib çıxardı. Aİ "Şərq tərəfdaşlığı"nın üzvü olan dövlətləri hər vasitə ilə prinsipial seçimə sövq etməyə çalışır, lakin bu seçimi etmiş ölkələrə münasibətdə əməli dəstək addımları atmayıb.

Bu kontekstdə "Şərq tərəfdaşlığı"nın sonuncu, 2015-ci ildə keçirilmiş Riqa sammitinin yekunlarına, daha dəqiq desək orada qəbul edilmiş bəyannamənin xarakterinə diqqət yetirməyə dəyər.

Əvvələn, bu bəyannamə "Şərq tərəfdaşlığı"nın iştirakçıları olan ölkələrin əksəriyyətini məyus etdi. Çünki onun mətni əvvəlki sənədlə müqayisədə daha zəif və yayğın oldu. Sənəddə "altılıq" ölkələrinin Avropa İttifaqında tamhüquqlu üzvlüyünə dair müddəaların olmaması üzə çıxdı, hərçənd, assosiasiya haqqında müqaviləni imzalamış dövlətlərə vəd edilmişdir ki, onlar avrozonanın genişlənməsi strategiyası çərçivəsində Aİ-yə daxil ediləcək. Gürcüstan və Ukrayna kimi ölkələrə vizasız rejim təqdim olunması məsələsi də sammitdə konkret həll edilmədi.

Lakin hətta bu cür uğursuz və "dişsiz" sammitdə də Aİ rəsmiləri Azərbaycanı guya birgə bəyannamənin mətnini imzalamaqdan imtina etmiş qeyri-konstruktiv iştirakçı kimi təqdim etməyə çalışdılar.

Burada çətinliyin nədən ibarət ola biləcəyini anlamaq üçün həmin mətni təhlil etməyə çalışaq.

Bəyannamədə Krımın işğal edilməsi kəskin pislənilir, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin birmənalı şəkildə dəstəklənməsi bildirilir. Bu fonda həmin sənədi tərtib edənlər ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəlmiş fəaliyyətinin Avropa İttifaqı tərəfindən dəstəklənməsini yalnız bəyan edirlər. Burada belə bir məntiqi sual yaranır: Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktı barədə nə üçün susurlar? Hansı əsasa görə Krım problemi həmin sənəddə "qanunsuz ilhaq" şəklində əks olunur, amma Dağlıq Qarabağ məsələsində təcavüzkara prinsipial qiymət verilmədən, onu ünvanlı şəkildə pisləmədən formal və qarşıya heç bir vəzifə qoymayan diplomatik kazuistikadan istifadə edilir. Bu, kəskin etnik-ərazi problemi qarşısında məsuliyyətdən yaxasını kənara çəkmək üçün ikili standartları alətə çevirmiş Avropa İttifaqının riyakar siyasətini çılpaqlığı ilə göstərən birinci əyani məqamdır.

Bəyannamənin 3-cü bəndi də istisna olmayıb. Bu bənddə deyilir: "2014-cü ildən başlayaraq Ukraynaya qarşı həyata keçirilən aktlar və Gürcüstanda hadisələr göstərdi ki, XXI əsrdə Avropa qitəsində dünya miqyasında tanınmış sərhədlər çərçivəsində suverenliyin və ərazi bütövlüyünün əsas prinsiplərinə təminat verilmir".

Elə isə Azərbaycan ərazisinin işğal olunmasını necə izah etməli? Məgər bu, Aİ-nin nəzərində ərazi bütövlüyü prinsipinin pozulması deyilmi?

Beynəlxalq hüququn imperativ normalarının Aİ tərəfindən bu cür ayrı-seçkiliklə şərh edilməsi qüsurlu ikili standartlar praktikasının konkret davamıdır.

Krım problemi ilə əlaqədar Rusiyaya münasibətdə bu qədər fəallıqla sanksiyalar tətbiq edən Aİ nəyə görə indiyədək Azərbaycanın ərazi bütövlüyünü pozmuş Ermənistan barəsində heç bir adekvat bəyannamə qəbul etməyib? Axı, əgər Qərb ölkələri Dağlıq Qarabağın işğalı ilə əlaqədar Ermənistana münasibətdə sağlam və barışmaz mövqe tutsaydılar, bəlkə də 2014-cü il Ukrayna böhranından qaçmaq mümkün idi.

SSRİ-nin dağılması ərəfəsində Yerevandan qaynaqlanan təhlükə və təhdidlərə məhəl qoyulmaması hiddət doğurur. Axı, 1980-ci illərin axırlarında Dağlıq Qarabağ münaqişəsi qırmızı imperiya ərazisində sonrakı bütün analoji böhranlara yol açmış ilk konflikt oldu. Dağlıq Qarabağ ətrafında münaqişəyə Qərbin münasibəti bir növ məhək daşı oldu.

Nəticədə başqa ölkələrdəki separatçılar yalnız cinayətkar impuls aldılar. Hiddət doğuran cəzasızlıq Avrasiya məkanının digər regionlarında parçalayıcı qüvvələrə təkan verdi və bunun kədərli nəticələrini çox gözləmək lazım gəlmədi.

Aİ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə nümayişkaranə şəkildə qoşulmur, Avropa strukturlarının bəzi addımları isə danışıqlar prosesinə hətta ziyan vurur. Brüssel Türkiyənin və Ermənistanın qeyri-hökumət təşkilatlarının çoxsaylı layihələrini əl altından stimullaşdırmaqla və Türkiyənin Aİ-yə daxil olması üçün Ermənistanla sərhədlərin açılması şərtini irəli sürməklə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini açıq-aşkar dəstəkləyir. Bu, sağlam düşüncəyə ziddir, çünki birləşmiş Avropanın siyasi dairələri Ermənistan-Türkiyə sərhədinin bağlanması səbəblərini çox gözəl bilirlər. Ankara birmənalı olaraq bəyan edib ki, Ermənistanla barışıq yalnız Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi uğurlu olduqda mümkündür. Türkiyə bu qərarı 1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonu işğal olunandan sonra qəbul edib. Nəticədə Aİ öz hərəkətləri ilə həm Qarabağ münaqişəsinin siyasi yolla həlli prosesinə ziyan vurur, həm də Ermənistanın timsalında təcavüzkar dövlətin təcrid olunması rejimini dolayısı ilə zəiflətməyə çalışır.

Bu fonda Aİ Dağlıq Qarabağ münaqişəsinə dair ictimai diplomatiyanın müxtəlif layihələrini fəal maliyyələşdirir və cəsarətlə demək olar ki, bu aksiyalar Azərbaycanın milli mənafelərinin zərərinə siyasi separatizmdir. Məsələ Ermənistanın işğalçı fəaliyyətinin və Yerevanın təcavüzkar siyasətinin pislənməsi dərəcəsinə çatanda Avropa İttifaqının rəsmi şəxsləri bir səslə istinad edirlər ki, bəs, Aİ bu böhranın tənzimlənməsində vasitəçi deyil və yumşaq desək, bu işin onlara dəxli yoxdur. Lakin əgər suveren Azərbaycanı özünün təsir dairəsinə cəlb etmək üçün fəal çalışan Brüssel tərəfdaş ölkənin ağrılı problemindən özünü kənara çəkirsə, onda o, nə münasibətlə təcavüzkar ölkənin və heç kəs tərəfindən tanınmamış qondarma "Dağlıq Qarabağ respublikası"nın qeyri-hökumət strukturlarını stimullaşdırır, onlara qrantlar paylayır?

Biz özümüzə münasibətdə bu cür ikili siyasəti qəbul edə bilmərik. Çünki bu siyasət bir milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarını tapdalayır, bu insanlar erməni təcavüzünün birbaşa qurbanlarıdır və dolayısı ilə həmin siyasət erməni ekspansionizminə xidmət edən qüvvələri dəstəkləyir.

Üç erməni partiyasının (hakim Respublikaçılar partiyası, "Çiçəklənən Ermənistan" və Orinats Yerkir partiyaları) Avropa Xalq Partiyasının (AXP) sıralarında üzv olması xristian Ermənistana münasibətdə siyasi korrupsiyanın və "ilk növbədə Ermənistan" ideyasının sübutudur. Avropa təsisatları Ermənistanla assosiativ saziş imzalanmasına hazırlıq prosesində "Avropa siyasi məkanına inteqrasiyanın dərinləşməsi" adı ilə Ermənistanın siyasi partiyalarını, necə deyərlər, "növbədənkənar" AXP sıralarına qəbul etdilər. Lakin taleyin qismətindən məhz bu üç partiya Ermənistan Prezidentinin Moskvanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına daxil olmaq barədə bəyanatını qeyd-şərtsiz dəstəklədilər. AXP pis vəziyyətə düşdü, çünki onun sıralarında Rusiyanın inteqrasiya layihələrini dəstəkləyən və Aİ ilə saziş imzalamaqdan imtina etmiş siyasi təşkilatlar var. Ermənilər isə sanballı siyasi rüşvət müqabilində nəinki öz öhdəliklərini yerinə yetirmədilər, hətta Avropada anti-Azərbaycan təbliğatını fəallaşdırmaq məqsədilə AXP-nin tribunasından istifadə etdilər.

"Qonşuluq siyasəti" çərçivəsində ikili, bəlkə də saxta siyasətin daha bir nümunəsi postsovet dövlətləri ilə Aİ-nin qarşılıqlı münasibətlərinin tənzimlənməsinə kömək edən prinsiplərin müxtəlif olmasıdır. Belə ki, Azərbaycanla birgə fəaliyyət planında Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarının, habelə ATƏT tərəfindən qəbul edilmiş qərarların və sənədlərin hesaba alınması nəzərdə tutulur. Ermənistanla Qarabağ münaqişəsinin tənzimlənməsinə dair qarşılıqlı fəaliyyət planında isə beynəlxalq prinsiplərin və normaların, o cümlədən xalqların təyini - müqəddərat prinsipinin hesaba alınması nəzərdə tutulur.

Beləliklə, Brüsselin bəyan etdiyi "Şərq tərəfdaşlığı"nın əsas məqsədi - Aİ-nin vahid dəyərlərinin və normalarının qonşu ölkələrə yayılması quru sözdən başqa bir şey deyil. Reallıqda Aİ-nin ikili siyasəti yığılıb qalmış ciddi problemlərin aradan qaldırılmasına deyil, kontinental strukturların yüksək dairələrində rəğbət qazanmış subyektlərin əl altından dəstəklənməsinə yönəlib. Avropalı məmurlar dövlətlərarası mübahisələrin taleyi ilə bağlı eyni vəziyyətdə beynəlxalq hüququn əsas prinsiplərini müxtəlif şəkildə interpretasiya etməklə istər-istəməz özlərinin həqiqi məqsədlərini üzə çıxarırlar. Bu məqsədlərin ən başlıcası postsovet ölkələrini bir-birinə qarşı qızışdırmaq və onların intellektual potensialını, resurs bazasını, tranzit şəbəkələrini Aİ-nin bazarına yönəltməkdir. Məşhur bir məsəldə deyildiyi kimi, hamının xoşuna gələ bilməzsən.

Bu mənada Azərbaycan Avropa isteblişmentinin riyakarlığına və ikiüzlülüyünə münasibətdə ardıcıl və prinsipial mövqe nümayiş etdirib. Əgər Aİ öz mənafelərini müdafiə edə bilərsə, onda Azərbaycan niyə bunu etməsin?

Əlbəttə, Riqa sammitinin yekunları, onun ikili standartlara əsaslanan "heç nə haqqında" final bəyannaməsi yalnız Aİ-nin "Şərq tərəfdaşlığı" siyasətində yaxşılaşma olacağına ümid verir.

"Şərq tərəfdaşlığı" çərçivəsində Aİ-nin praktikasında qeyri-sağlam fərqli yanaşmalar siyasəti bununla məhdudlaşmır. Məlum olduğu kimi, Abxaziyanın və Cənubi Osetiyanın separatçı rejimlərinin rəhbərlərinin Avropaya daxil olması qadağan edilib. Amma qondarma "Dağlıq Qarabağ respublikası"nın başçısı Şengen vizası ilə Aİ ölkələrinə rahatca səyahət edir, müxtəlif deputatlar, nazirlər və başqaları ilə görüşür, sonra isə həmin ölkələrin rəsmi nümayəndələri bəyan edirlər ki, bu səfərlər guya "şəxsi xarakter daşıyır".

2015-ci il mayın 19-da məhz belə səfərlərdən biri Fransaya - Minsk qrupunun həmsədri olan ölkəyə təşkil edilmişdi. Qəribədir ki, Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak edən ölkə separatçıların ali iyerarxlarını qəbul edir və yüksək səviyyədə görüşlər keçirilməsi üçün şərait yaradır.

Paris bir tərəfdən ərazi bütövlüyü prinsiplərindən danışır, zorakılığı və işğalı pisləyir, digər tərəfdən isə separatçılara açıq himayədarlıq edir. Lakin həmsədr ölkələr nümayişkaranə şəkildə, utanmadan işğalçı separatist rejimin nümayəndələri ilə görüşürsə, onların bu ölkələrə səfərlərini təşkil edirsə, bununla da danışıqlar prosesinin formatını hörmətdən salırsa, onların ATƏT-in Minsk qrupu formatının qərəzli və ya səmərəsiz olması barədə açıq bəyanatlar verməsi nə dərəcədə məntiqə uyğundur?!

Avropalıların Ermənistanla açıq flirtini və Qarabağ münaqişəsi zonasında beynəlxalq hüququn tam fəaliyyətsizliyini müşahidə edən Azərbaycan təcavüzkar ölkəyə münasibətdə birtərəfli qaydada blokada strategiyasını tətbiq edib. Təcrübə göstərib ki, Azərbaycanın işğal edilmiş əraziləri tamamilə azad olunana qədər dünyada heç kəs Ermənistanın təcrid olunmasına son qoya bilməz. Sanksiya mexanizminin səmərəli olmamasını uzun müddət bizə sübut etməyə çalışanlar isə bu gün özləri onların xoşuna gəlməyən ölkələrə münasibətdə həmin mexanizmdən istifadə edir və məhdudlaşdırma tədbirlərinin təsir dairəsini durmadan genişləndirirlər.

Maraqlıdır ki, Avropa təsisatları bizi daim bu münaqişə həll edilənə qədər xoşməramlı jest kimi təcavüzkar Ermənistanla sərhədləri açmağa çağırırlar. Onların fikrincə, Ermənistanın Şərqdən və Qərbdən blokadaya alınması siyasəti münaqişənin həllini yalnız mürəkkəbləşdirir. Onda belə bir sual yaranır: Bəs, nə üçün bu cür çağırışlar, məsələn, Krım yarımadasını blokadaya almış Kiyevə ünvanlanmır? Məgər Ukrayna məsələsində blokada siyasəti münaqişəni həll edə bilər? Məgər Dağlıq Qarabağ da Krım kimi işğal edilməyibmi və Ermənistan ekspansionist deyilmi?

Biz sərhədlərin açılmasının əsla əleyhinə deyilik, lakin yalnız Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra! Bu misal Avropa İttifaqı tərəfindən "Şərq tərəfdaşlığı" çərçivəsində münaqişələrin həllinə yanaşmada ikili standartların utanmadan tətbiq edilməsinin daha bir sübutudur.

Bütövlükdə demək olar ki, Ukrayna böhranı Aİ üçün Balkan böhranından sonra Şərq sərhədlərində yaranmış münaqişələrin həllinə hazırlıq baxımından ikinci sınaq oldu. Bu sınaq bir daha nümayiş etdirdi ki, Aİ böhranın nəinki hərbi-siyasi yolla, həmçinin humanitar-iqtisadi yolla da həll edilməsində acizdir. Əslində "Şərq tərəfdaşlığı" siyasəti 2013-cü ildə, Brüsselin qonşuluq münasibətləri siyasətində imkanları və riskləri kompleks şəkildə və sağlam mövqedən qiymətləndirməyi bacarmaması üzündən iflasa uğradı.

Ukraynada baş verən hadisələr postsovet ölkələrini Aİ ilə münasibətləri dərinləşdirmək cəhdlərində daha ehtiyatlı olmağa sövq etdi.

Başqa sözlə desək, Ukraynanın zorla və qan bahasına Qərb qütbünə bağlanması nəticəsində baş vermiş Kiyev faciəsi həmin ölkələri Avropa yolundan daha da uzaqlaşdırdı. Bu layihəni yalnız uğursuz layihə adlandırmaq olar. Məlum oldu ki, Aİ-dəki siyasətçilərin çoxu Maydanda dəhşət doğuran protestləri həvəslə dəstəkləməyə hazır imiş, hərçənd bu ölkədə hakimiyyətin dəyişdirilməsi qeyri-konstitusion yolla və güc amili tətbiq edilməklə həyata keçirilib.

Lakin Avropada inqilabın ilhamvericilərindən heç kəs Ukrayna uğrunda "döyüşməyə" cəsarət etmədi. Brüsseldəki siyasətçilər çox yaxşı başa düşürdülər ki, verbal (sözlə) və kağız üzərində dəstəkləməyin onlara heç bir zərəri olmayacaq. Bu "inqilabın" və müharibənin bütün yükü günahsız Ukrayna xalqının üzərinə düşdü.

"Şərq tərəfdaşlığı"nın indiki formatının iflasa uğramasının əsas səbəbi Aİ-nin münaqişələri pisləmək, həll etmək və tənzimləmək üçün vahid yanaşmalar işləyib hazırlamağa qabil olmaması ilə bağlıdır. Yüksək kontinental dairələrin arsenalında ikili standartlar mexanizmlərinin, qonşu ölkələrə təzyiq vasitəsi kimi insan haqları məsələləri ilə manipulyasiya vasitələrinin olması kontinental elitanın siyasi iradəsinin zəifliyinin nəticəsidir.

Bir məsələ açıq qalır: "Şərq tərəfdaşlığı"nın gələcəyi necə olacaq?

Bu gün Aİ-nin səlahiyyətli nümayəndələri gizlətmirlər ki, layihə müddəalarına yenidən baxılması məsələsi gündəlikdədir. Bu layihədə üzv ölkələrə fərdi yanaşma prinsipinə üstünlük veriləcək.

Biz artıq bildirmişik ki, Azərbaycan bütün tərəfdaşları, o cümlədən Avropa İttifaqı ilə yalnız bərabərhüquqlu dialoqu qəbul edir. Lakin bizim fikrimizcə, "Şərq tərəfdaşlığı" problemi təkcə fərdi yanaşmanın olmamasından ibarət deyil. Müxtəlif siyasi və sosiomədəni ənənələri olan ölkələrdə Avropa inteqrasiyasının baza normalarının, ideya və prinsiplərinin səmərəsiz və səhv implementasiyası bu layihənin zəif bəndidir. Bu xüsusiyyəti anlamadan qonşuluq siyasəti çərçivəsində Aİ-nin yeni təşəbbüslərinin səmərəli və uğurlu olacağını gözləməyin mənası yoxdur.

Avropa Parlamenti Aİ-nin anti-Azərbaycan siyasətinin əsas ruporu kimi Aİ-nin əsas orqanlarından biri olan Avropa Parlamenti bu gün əslində İttifaq məkanında heç bir real hakimiyyətə malik deyil. Bu orqanın məcburi xarakterli qətnamələr qəbul etmək səlahiyyəti yoxdur. Onun hazırladığı rəsmi sənədlərin əksəriyyəti tövsiyə xarakteri daşıyır və onların yerinə yetirilməsi yalnız Aİ Parlamentinin üzvlərinin ixtiyarına verilir.

Digər tərəfdən, icra hakimiyyəti rolu oynayan Avropa Komissiyası Avropa Parlamentinə hesabat vermir. Prinsip etibarilə bu vəziyyət demokratik normalara, hakimiyyət bölgüsündə çəkindirmək və tarazlaşdırmaq prinsiplərinə ziddir. Nəticədə Avropa Parlamentinin deputatları praktiki olaraq həm İttifaq daxilində, həm də onun hüdudlarından kənarda Aİ-nin siyasətinə nəzarət etmək imkanından məhrumdurlar. Bu vəziyyətdə Avropa Parlamenti öz statusunu saxlamaq üçün əslində onun səlahiyyətlərinə heç bir aidiyyəti olmayan alternativ fəaliyyət platforması axtarır.

Nəticədə Avropa Parlamentinin fəaliyyətində çox vaxt Aİ-yə daxil olmayan, lakin ittifaq üçün böyük əhəmiyyət kəsb edən ölkələrə münasibətdə bu qurumdan informasiya təzyiqi meydançası, "yumşaq qüvvə" vasitəsi kimi istifadə edildiyini göstərən müəyyən meyillər üzə çıxır. Heç kəsə lazım olmayan və saysız-hesabsız qərəzli qətnamələrin təkrarlanması Azərbaycan kimi müstəqil fəaliyyət kursu yürüdən dövlətlərin siyasətinə təsir göstərməyə yönəlib.

Lakin Avropa Parlamentinin deputatları anlamırlar ki, onların ram etmək, qorxutmaq cəhdləri lap əvvəldən uğursuzluğa məhkumdur və Avropa İttifaqının vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir.

Azərbaycan barəsində silsilə dinləmələr, müzakirələr aparılmasını və qətnamələr qəbul edilməsini başqa heç nə ilə izah etmək olmaz, çünki bu suveren ölkə Aİ-nin üzvü deyil və Brüsselin qarşısında heç bir beynəlxalq hüquqi öhdəliyi yoxdur.

Son on ildə Avropa Parlamentində Cənubi Qafqaz ölkələrinin problemləri adlandırılan məsələlərlə əlaqədar iclasların və müzakirələrin statistikasına nəzər salaq. Belə ki, 2004-cü ildən bu günə qədər Avropa Parlamenti Azərbaycan barəsində 11 qətnamə qəbul edib, 200-dən çox debat, dinləmə, müzakirə, parlament sorğuları keçirib, bəyannamələr və bəyanatlar imzalayıb. Bu sənədlərin əksəriyyəti qərəzli və qeyri-obyektiv xarakter daşıyır.

Müqayisə üçün: bu dövr ərzində Gürcüstan barəsində bir qətnamə qəbul edilib, 10-dan az müzakirə aparılıb, bəyannamə, parlament sorğusu və bəyanat qəbul olunub. Ermənistan barəsində də bir qətnamə və 20-dən az bəyanat qəbul edilib, debatlar, parlament sorğuları keçirilib və s.

Bu cür kəskin fərqi nə ilə izah etmək olar? Azərbaycanda və Ermənistanda demokratiyanın inkişafına diqqətdə bu qədər böyük fərqi nə ilə izah etmək olar? Ermənistanın profil ehtiyacları Avropa parlamentarilərini daha narahat etmirsə, bəlkə biz demokratik inkişafın Skandinaviya modelinin Ermənistanda qalib gəlməsini nəzərdən qaçırmışıq?

Amma yox. Hər halda, Avropa Parlamentinə xatırlatmağa dəyər ki, məhz Serj Sarkisyan rejimi Yerevanda kütləvi nümayişin amansızcasına dağıdılmasına sanksiya vermiş, nəticədə 2008-ci il prezident seçkilərindən dərhal sonra aksiya iştirakçılarından 10 nəfəri soyuqqanlıqla qətlə yetirilmişdir. 2013-cü ildə və bu il "Milyon maska marşı"nın dağıdılmasına da diqqəti cəlb etmək olar. Bu nümayiş zamanı hüquq mühafizə qüvvələri tərəfindən güc tətbiq edilməsi və qəddarlıq kütləvi davaya çevrildi. Nəticədə yenə də sosial sıxıntılara və elektrik enerjisi üçün tariflərin hədsiz yüksək olmasına etiraz edən yüzlərlə dinc insan zərər çəkdi.

Aİ müşahidəsi və etiraf olunması ona sərf etməyən məsələlərə göz yummağı bacarması ilə məşhurdur. Bu da Brüsselin fəaliyyətinə dağıdıcı elementlər daxil edir, güc mərkəzi kimi ona etimadı sarsıdır.

Qətnamələr qəbul olunarkən səsvermədə iştirak edən deputatların sayı mühüm amildir. Məlum olduğu kimi, Avropa Parlamentinin deputatlarının ümumi sayı 751 nəfərdir. Lakin təcrübə göstərir ki, Azərbaycana dair qətnamələr qəbul edilərkən səsvermədə təxminən 50-60 deputat iştirak edir.

Məsələn, 2011-ci il 12 may tarixli qətnamə qəbul edilərkən cəmi 54 deputat, 2012-ci il 20 may tarixli qətnamə qəbul ediləndə isə 56 deputat iştirak edib. Bu dinləmələrdə əsasən eyni deputatlar iştirak edir. Onların çoxu erməni lobbisi ilə bu və ya digər yollarla bağlıdır.

Burada soruşmaq lazımdır: deputatların 10 faizdən azının iştirak etdiyi səsvermənin nəticələrini bütün Avropa Parlamentinin nöqteyinəzərini əks etdirən mövqe hesab etmək olarmı?

Bundan əlavə, Avropa Parlamentində rəhbər şəxslərin Cənubi Qafqaz ölkələrinə səfərlərinin balansı prinsipinə riayət edilmir.

Avropa Parlamentinin vitse-prezidenti 4 ay ərzində üç dəfə Ermənistana səfər edib və bircə dəfə də Azərbaycanda olmayıb. Lakin Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnamələrin və bəyanatların sayı tərs mütənasiblik nümayiş etdirir. Əlbəttə, səlahiyyətli şəxslərin tez-tez səfər etdikləri ölkələrə dair bəyanatlar verilməsi və qətnamələr hazırlanması məntiqə uyğun olardı.

Ümumiyyətlə, ölkələrə səfər etmədən, vəziyyətlə bilavasitə yerində tanış olmadan necə obyektiv qətnamələr qəbul etmək olar?

Avropa Parlamentinin prezidenti Martin Şults dəfələrlə Azərbaycana münasibətdə qərəzlilik nümayiş etdirib. Keçən il o, Azərbaycanda əsir düşmüş erməni təxribatçısı Karen Petrosyanın ürək tutması nəticəsində ölümünü pislədi. Lakin Martin Şults erməni işğalçı qüvvələri tərəfindən azərbaycanlıların saxlanılması, onların hələ də girovluqda qalması və beynəlxalq təşkilatların bütün səylərinə baxmayaraq Vətənə qayıda bilməməsi barədə indiyə qədər bircə kəlmə də danışmayıb.

Cənab M.Şults 2014-cü ildə Saxarov mükafatının təqdim edilməsi mərasimindəki çıxışı ilə yadda qalıb. O vaxt bu yüksək mükafatı konqolu bir həkim aldı. Aydın olmayan səbəbdən Avropa Parlamentinin prezidenti oradakı insanların gözlədiklərinə rəğmən əsas mövzudan yayınaraq tədbirdə iştirak edənlərin diqqətini bu mərasimə heç bir aidiyyəti olmayan hüquq müdafiəçisi Leyla Yunusun işi deyilən məsələyə yönəltdi. Bu kazus cənab M.Şultsun Azərbaycana xüsusi münasibəti, bəlkə də patoloji "sevgisi və diqqəti" olmasına şübhə yeri qoymur.

Lakin 2015-ci il 10 sentyabr tarixli qətnaməni Avropa Parlamentinin qərəzli mövqeyinin apogeyi hesab etmək olar. Bu qətnamə, hər şeydən əlavə, Azərbaycanın bəzi məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Qətnamənin ayrı-ayrı müddəalarını təhlil edək.

Birincisi, Avropa Parlamenti bütün sərhədləri aşaraq jurnalist Rasim Əliyevə qarşı törədilmiş məişət cinayətini siyasi cinayət kimi qiymətləndirir. Avropalı deputatlara xatırlatmaq istərdik ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu iş üzrə istintaq aparılır və şübhəli şəxslər artıq həbs edilib. Dövlət başçısı hələ Avropa Parlamentinin reaksiyasından əvvəl, yəni, hadisə baş verəndən dərhal sonra istintaqın gedişini şəxsən nəzarətə götürüb.

Avropa Parlamentinin deputatları bunu bilməyə bilməzdilər ki, jurnalistin nahaq yerə həlak olması Azərbaycan ictimaiyyətini, ölkənin siyasi elitasını ciddi qəzəbləndirdi.

Faciəyə səbəb ölkənin futbol klublarından birinin aparıcı oyunçusunun sosial şəbəkədə xəbərlər resursunun fotomüxbiri ilə sözləşməsi olub. Sosial şəbəkədə yerləşdirilmiş qəzəbli postda idmançının meydanda nalayiq hərəkəti kəskin pislənib.

Sual edilir: siyasi çalarları olmayan və ola da bilməyən bir hadisədə siyasi məna tapmaq fikrinə düşmüş bu qondarma "Şerlok Holms"ların xidmətlərinə nə dərəcədə ehtiyac vardı.

İkincisi, Avropa Parlamentinin deputatları Leyla Yunusun "səhhətinin pisləşməsi" ilə əlaqədar öz "narahatlıqlarını" bildiriblər.

Amma yaxşı olardı ki, onlar yeni sifarişli anti-Azərbaycan qətnamələri hazırlamağa başlamazdan əvvəl tam informasiya əldə etsinlər. Biz avropalı həkimlərin L.Yunusun səhhətinin sabit və qənaətbəxş olması barədə bəyanatlarını nəzərdə tuturuq. İstisna edilmir ki, avropalı deputatların erməni lobbisinin və digər anti-Azərbaycan dairələrin
maraqlarını irəli çəkməyə həddən artıq aludə olması onları qayğısına qaldıqları insanın fiziki vəziyyəti ilə maraqlanmaq imkanından məhrum edib.

Üçüncüsü, Aİ-nin növbəti "narahatlığı" onunla bağlı idi ki, guya hakimiyyət orqanları yerli QHT-ləri Azərbaycanın milli qanunlarına müvafiq qaydada "işləməyə məcbur edirlər". Bu halda həmin QHTlərin fəaliyyət növü barədə yerli ictimaiyyətə məlumat verməsi, maliyyə hesabatını vaxtında təqdim etməsi, qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan prosedurlara və normativ qaydalara riayət edilməsi, sən demə, özünüifadə azadlığının pozulması hesab edilə bilərmiş. Belə çıxır ki, Avropa Parlamentinin deputatları qəti əmindirlər ki, dünyada qüvvədə olan bircə qanunvericilik var - Avropa qanunvericiliyi.

Belə çıxır ki, Avropa İttifaqının Azərbaycanın qeyri-hökumət strukturlarına ayırdığı qrantlar, onların mənimsənilməsi prinsipləri və qaydaları, göründüyü kimi, Aİ-nin qüvvədə olan qanunvericiliyinin normalarına və müddəalarına əsasən nəzarət edilə bilər. Lakin əgər Aİ xoşməramlı proqramların, özü də Azərbaycan dövlətinin mənafeyi naminə reallaşdırılması üçün maliyyə resursları göndərirsə ayrılan vəsaitlərin taleyi barədə bu cür canfəşanlıqla narahat olmağa dəyərmi?

Ümumiyyətlə, suveren dövlətin fiskal orqanlarının təmizliyinə şübhə etmək nə dərəcədə düzgündür? Bu, heç də adi sual deyil.

Dördüncüsü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar icmalararası əlaqələr məsələlərinə görə Aİ-nin narahatlıq keçirməsi maraqlıdır. Qətnamədə Avropa Məhkəməsinin "Sarkisyan Azərbaycana qarşı" işi üzrə 2015-ci il 16 iyun tarixli qərarına istinadən erməni və Azərbaycan ictimaiyyətinin görüşlərinə maneə törədilməsinə son qoymaq tələb edilir. Lakin Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ictimai diplomatiyanın vacibliyinə
həmişə tərəfdar olub. Hərçənd, bizim fikrimizcə, bu mexanizmlər yalnız Azərbaycanın işğal edilmiş əraziləri azad olunandan sonra səmərəli ola bilər. Təcavüzkar pislənməyincə, hərbi kontingentin bizim ərazimizdən çıxarılması məsələsini qəbul etməyincə xalq diplomatiyası vəziyyətdə dönüş yarada və məcburi köçkünləri Dağlıq Qarabağdakı evlərinə qaytara bilməz.

Üstəlik, avropalı deputatlar həmin qətnamədə Avropa Məhkəməsinin "Sarkisyan Azərbaycana qarşı" işi üzrə qərarını xatırladıb, lakin nədənsə analoji "Çıraqovun işi"ni unudublar. Halbuki bu iş üzrə qərar elə həmin gün qəbul edilib və bu qərarda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı bir daha etiraf olunur. Biz bir qədər sonra bu işlərin təhlili üzərində ətraflı dayanacağıq. Hələlik isə vurğulamaq istərdik ki, Aİ-nin yayğın standartlar siyasətinə dair nümunələrin sayı (məhkəmənin onlara sərf edən qərarları xatırlanır, sərf etməyən qərarlar isə yeşiyin küncünə atılır) həndəsi silsilə üzrə artır.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Parlamentinin bu cür qərəzli qətnamələri bizim üçün yalnız kağız parçasıdır. Onlar Azərbaycanın müstəqil siyasi kursuna təsir edə bilməz. Bizim prioritetimiz sağlam əməkdaşlıqda həqiqətən marağı olan ayrı-ayrı Aİ ölkələri ilə strateji münasibətlər yaratmaqdır.

Azərbaycanla diktat metodu ilə, güc mövqeyindən danışmaq cəhdləri heç vaxt uğur qazanmayacaq. Bu cür siyasət yalnız Aİ ilə Azərbaycanın əməkdaşlıq sahələrinin daralmasına gətirib çıxara bilər.

Milli Məclisin Avronest (Şərq Tərəfdaşlığı) çərçivəsində əməkdaşlığı dayandırmaq haqqında qərarı buna əyani nümunə oldu. Brüssel siyasətçiləri buna nail oldular ki, 2015-ci il sentyabrın 14-15-nə təyin edilmiş strateji tərəfdaşlıq haqqında müqavilə bağlanmasına dair danışıqlar Azərbaycan tərəfindən dayandırıldı.

Ümumiyyətlə, bu gün Avropa Parlamentini ayrıca götürülmüş bir ölkəyə dair fantom müzakirələr və dinləmələr təşkil edən idarə kimi səciyyələndirmək olar. Aİ-nin siyasətinin lobbi maraqlarına xidmət etməyə nə dərəcədə qurşandığını göstərən daha bir neçə nümunəni nəzərdən keçirək.

2015-ci il iyunun 3-də Avropa Parlamentində "Münaqişələr və təyini-müqəddərat hüququ" məsələsinə dair müzakirələr aparılıb. Burada əsasən Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Tədbir üzdəniraq "Aİ-Ermənistan dostluq qrupu" tərəfindən təşkil olunub. Lakin əsas məsələ bu deyil. Əsas məsələ odur ki, həmin tədbirdə Azərbaycandan heç kəs iştirak etməyib. Avropa Parlamentinin üzvlərinə tamdəyərli və qərəzsiz vasitəçiliklə bağlı tələblərin və münaqişələrin tənzimlənməsinin əlifbasını xatırlatmaq istərdik.

Münaqişəli vəziyyətin obyektiv təhlil edilməsi üçün münaqişə tərəflərinin hamısının mövqelərinin öyrənilməsi zəruridir. Yəni, belə bir tədbirə heç olmasa minimal obyektivlik görkəmi vermək üçün Avropa Parlamenti (hətta formallıq xatirinə də olsa) Azərbaycanın heç olmasa bir nümayəndəsini dəvət etməli və onun çıxış etməsinə imkan verməli idi. Belə çıxır ki, bu cür tədbirlər qabaqcadan təşkil olunub və məkrli lobbi dairələrinin maraqlarına xidmət edir.

Avropa Parlamentinin üzvləri özlərinin anti-Azərbaycan yönümlü fəaliyyətində aza qane olmurlar. Məsələn, 2015-ci ilin aprel ayında onlar separatçı Əlikram Hümbətovu Avropa Parlamentində müzakirələrə dəvət ediblər. Halbuki o, özünün yazılı ərizəsinə əsasən Azərbaycan vətəndaşlığından məhrum edilib.

Xatırlatmaq istərdik ki, 1990-cı illərin əvvəlində Hümbətov ölkədə yaranmış mürəkkəb siyasi şəraitdən istifadə edərək erməni separatçıları ilə həmahəng tərzdə Azərbaycanı cırtdan qurumlara parçalamağa çalışmış, qondarma "Talış-Muğan Respublikası" yaradılmasını elan etmişdi.

Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ölkəmizin düşmənlərinin mənfur planlarının həyata keçməsinə imkan vermədi.

Hazırda Avropada yaşayan Ə.Hümbətov tez-tez həm Ermənistana, həm də Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər edir, orada "mühazirələr" oxuyur, görüşlər keçirir. Özlüyündə bu səfərlər Azərbaycanı parçalamağa çalışan düşmən elementlərin kim tərəfindən və haraya yönəldilməsini göstərir.

Lakin məsələ bunda deyil. Bizi daha çox maraqlandıran məsələ odur ki, Avropa Parlamentinin üzvləri nə üçün Ə.Hümbətova Azərbaycanda etnoslararası və dinlərarası münasibətlər barədə boşboğazlıq etmək üçün tribuna və imkan verirlər? Uzun illər boyu Azərbaycandan kənarda yaşayan bir insan bu ölkənin etnoslararası, dinlərarası münasibətlərinin ümdə problemləri barədə necə mühakimə yürüdə bilər və belə dönüklərin çıxışları Azərbaycanda vəziyyət barədə necə obyektiv mənzərə yarada bilər?

Əlbəttə, bu cür hadisələr yalnız Azərbaycana hər vasitə ilə qara yaxmağa çalışan Ermənistanın və Aİ-dəki erməni lobbisinin maraqlarına xidmət edir. Fakt faktlığında qalır: bu biabırçı tədbirin iştirakçılarının əksəriyyəti ya ermənilər, ya da Avropadakı erməni təşkilatları ilə dolayı şəkildə bağlı olan adamlar idi. Bu, onu göstərir ki, tədbirin xərci erməni lobbisi tərəfindən ödənilib.

Nəyə görə Avropa Parlamentinin iclaslarına gələn deputatlar əyinlərinə üzərində Xədicə İsmayılovanın (ölkə qanunlarını pozmuş müxalifətçi jurnalistin) və başqalarının fotoları olan maykalar geyir, amma bir dəfə də olsa təmas xətti boyunca yaşayan, ermənilər tərəfindən qətlə yetirilmiş dinc Azərbaycan vətəndaşlarının təsvir edildiyi maykalar geymirlər. Halbuki, qətlə yetirilmiş bu günahsız insanlar etnik-ərazi münaqişəsinin peripetiyalarından uzaq idi.

Söhbət Fariz Bədəlovdan və Aygün Şahmalıyevadan gedir. Yaxud, başqa bir misal - Kəlbəcərdə qohumlarının məzarlarını ziyarət etməyə cəhd göstərən Şahbaz Quliyev və Dilqəm Əsgərov əyinlərində hərbi forma olan çağırılmamış erməni "qonaqlar" tərəfindən əsir götürülüb.

Məgər bunlar beynəlxalq təşkilatların və elə həmin Avropa İttifaqının məlumatlı strukturlarının ciddi diqqətini tələb edən humanitar məsələlər deyilmi?!

Avropa parlamentarilərinin dolğun cavab vermədiyi saysız-hesabsız suallar sürətlə çoxalır. Halbuki, bu sualların izahı üzdədir. Onlar biabırçı "fləşmoblar" təşkil etməklə yalnız siyasi sifarişi yerinə yetirirlər. Amma hamıya məlumdur ki, pulu kim ödəyirsə, musiqini də o sifariş verir.

Yuxarıda göstərilən faktlar və sübutlar Avropa Parlamentinin qərəzliliyini, onun Azərbaycana münasibətdə ikili standartlar siyasətini təsdiq edən misalların yalnız az bir hissəsidir.

Lakin əgər Aİ nüfuzlu aktor olmaq məqsədini qarşıya qoyursa, o, öz "qanunverici orqanının" fəaliyyətini əvvəlcədən bəyan edilmiş prinsiplərə uyğunlaşdırmalıdır.

Əks halda imici onsuz da ciddi şəkildə korlanmış Avropa İttifaqı məsxərələrin və səfeh personajları olan məzəli siyasi lətifələrin obyektinə çevriləcək.

Dağlıq Qarabağ münaqişəsi və Avropa strukturlarının ikili standartları

Azərbaycanın bizim tərəfdaşların qeyri-sağlam reaksiyası ilə getdikcə tez-tez üzləşdiyi müstəvilərdən biri beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilməməsi və ya situasiyanın ikibaşlı və təhrifedilmiş izahıdır. Söhbət həlli üzərində ATƏT-in işlədiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən gedir.

"Soyuq müharibə" dövründə yaradılmış ATƏT-in (ATƏM-in) məqsədi qarşılıqlı əməkdaşlığı və etimadı konkret prinsiplər əsasında gücləndirmək idi. Helsinki Yekun Aktında göstərilən bu prinsiplər başqa məqamlarla yanaşı, beynəlxalq aləmdə tanınmış sərhədlərin toxunulmazlığını, dövlətlərin ərazi bütövlüyünü, xalqların hüquq bərabərliyini və öz taleyi barəsində sərəncam vermək hüququnu (xalqların təyini-müqəddərat prinsipi) əhatə edir və həmin illərdə Avropanın olduğu vəziyyəti əks etdirir. Bu prinsiplər Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan çox mühüm amillər kimi çıxış edirdi. Lakin bu gün həmin prinsiplər öz əzəli mənasını müzakirə obyektindən asılı olaraq itirir. Məsələ Azərbaycanın mənafeləri ilə bağlı olanda Qərb ölkələri çox vaxt həmin prinsiplərlə
manipulyasiya edir. Bu prinsiplərin şərhinə aydınlıq gətirməyə çalışaq.

Birincisi, ərazi bütövlüyü prinsipi - bu, beynəlxalq hüququn "jus cogens" (imperativ norma) fundamental prinsipidir və heç bir dövlətin bu barədə mübahisə etməyə və onu pozmağa haqqı yoxdur. Ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ bir-birinə zidd deyil, əksinə, onlar bir-birini tamamlayır. Bu, o deməkdir ki, hər bir dövlətin öz sərhədləri daxilində müstəqil seçim etməyə haqqı var.

Bəzi tədqiqatçılar qeyd edirlər ki, ATƏT-in Yekun Aktında qeyd edilmiş xalqların təyini müqəddərat prinsipi iştirakçı dövlətlərin müstəqilliyinin möhkəmlənməsinə yönəlmişdi.

Keçən əsrin 90-cı illərinin əvvəlində "uti possidetis" (nəyə malikiksə ona da malikik) prinsipi Yuqoslaviyaya dair konfransın yaratdığı Arbitraj Komissiyası tərəfindən təsdiq edildi. Komissiya 2 nömrəli rəyində bəyan edib:

"Xorvatiyanın, Bosniya və Herseqovinanın serb əhalisi Yuqoslaviya xalqının tərkib hissəsi kimi öz müqəddəratını təyin etmək hüququna malikdir". Bu halda vurğulanıb: "Açıq-aydın müəyyən edilib ki, istənilən şəraitdə təyini-müqəddərat hüququ dövlətlərin razılığa gəldiyi digər hallar istisna olmaqla müstəqillik əldə edilən anda (uti possidetis juris) mövcud sərhədlərin dəyişdirilməsinə aid olmamalıdır".

Daha sonra qeyd edilir ki, əgər hər hansı dövlətin ərazisində etnik, dini, linqvistik azlıqlar yaşayırsa, onlar beynəlxalq hüquqa uyğun olaraq öz identikliyinin tanınması hüququna malikdirlər.

Azlıqların hüquqlarının təmin edilməsinə görə məhz dövlət məsuliyyət daşıyır. Yəni, azlıqlar onların yaşadığı dövlətlərin ərazisi çərçivəsində öz hüquqlarından istifadə edirlər. Bu rəy onu göstərir ki, etnik azlıq kimi Dağlıq Qarabağ ermənilərinin təyini-müqəddərat hüququ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

İkincisi, "xalqların təyini-müqəddərat hüququ" prinsipinin adından göründüyü kimi, bu prinsip milli dövlətlərə, yəni millət kimi nəzərdən keçirilən xalqlara şamil edilir. Etnoslar yalnız müstəmləkəçiliyin ləğvi prosesində xalq kimi nəzərdən keçirilib. Hər hansı dövlətin ərazisindəki milli, etnik, dini və digər azlıqlar bu hüquqa istinad edə bilməzlər. Bu xüsusi kateqoriya spesifik hüquq və öhdəliklərə malikdir, onların təmin edilməsi və reallaşdırılması dövlətin ərazi bütövlüyünə ziyan vura bilməz. Azlıqların hüquqları Avropa Şurası çərçivəsində qəbul edilmiş milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasında və regional dillərin və ya azlıqların dillərinin Avropa xartiyasında, həmçinin ATƏT-in sənədlərində öz əksini tapıb.

Erməni xalqı artıq öz müqəddəratını təyin edib. Özü də bu təyini-müqəddərat Azərbaycanın İrəvan, Zəngəzur, Göyçə və digər tarixi torpaqlarında baş verib. Dağlıq Qarabağda yaşayan ermənilər isə yalnız azlıqlara aid olan spesifik hüquqlara malikdirlər.

Qeyd etmək yerinə düşər ki, sesessiya prosesini birtərəfli qaydada leqallaşdırmaq cəhdləri Avropa strukturları tərəfindən beynəlxalq hüquq normalarının təhrif edilmiş şəkildə şərhinə daha bir nümunədir. Sesessiya müəyyən dövlətin ərazisində yeni dövlət yaradılması deməkdir.

Beynəlxalq hüquqa görə sesessiya yalnız ərazisinin bir hissəsi ondan ayrılan dövlətin razılığı ilə mümkündür. Müəyyən separatçı qruplar bu anlayışdan onların yaşadıqları
dövlətin tərkibindən çıxmaq və yeni dövlət yaratmaq arzusunu həyata keçirmək və ya kənardan müdaxilə nəticəsində yaranmış işğal altında olan ərazilərin statusunu leqallaşdırmaq üçün istifadə edirlər.

Ümumiyyətlə, sesessiya birtərəfli qaydada həyata keçirilə bilməz. Beynəlxalq hüquq bu qaydanın labüdlüyünü heç vaxt qəbul etməyib, indi də onu qəbul etmir. Məsələn, Millətlər Liqasının Aland adaları məsələsi üzrə komissiyasının rəyində sübut edilir ki, birtərəfli sesessiya beynəlxalq hüququn qaydalarına ziddir.

Beləliklə, heç bir qrup siyasi terminlərlə istədiyi kimi jonqlyorluq edərək beynəlxalq hüququn əsasını təşkil edən ərazi bütövlüyü prinsiplərini poza bilməz.

Birtərəfli sesessiyanın yolverilməzliyinə dair daha bir nümunə Kanada Ali Məhkəməsinin Kvebek barədə sorğusudur. Məhkəmə həmin sorğuya cavabında qət edib ki, Kvebekin birtərəfli qaydada sesessiya hüququ yoxdur. Hətta regionda təyini-müqəddərat məsələsinə dair referendum keçiriləcəyi halda da birtərəfli sesessiya mümkün deyil.

Dünya siyasətində beynəlxalq hüququn effektivliyi və təsirliliyi məsələsindən söhbət düşəndə Qərb ölkələri tərəfindən beynəlxalq hüquq normalarının hər yerdə pozulması ilə səciyyəvi olan 1990-cı illərin Yuqoslaviya böhranı yada düşür. BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadığı halda NATO ölkələri tərəfindən Belqradın bombardman edilməsini xatırlamaq kifayətdir.

O dövrdə bu hadisə sülhyaratma kimi təqdim edilmişdi, hərçənd bu, beynəlxalq hüquq normalarının çox kobud şəkildə pozulmalarından biri və BMT təsisatlarına hörmətsizlik idi. Ən tragikomik təsir bağışlayan o idi ki, Yuqoslaviyada sülhyaratma əməliyyatı haqqında BMT Təhlükəsizlik Şurasının qətnaməsi NATO-nun hərbi əməliyyatının aktiv fazası başa çatandan sonra dərc edilmişdi. Yəni, Qərb ölkələri BMT-ni fakt qarşısında qoydular və bu təşkilat beynəlxalq münasibətlərdə sanksiya verilmədiyi halda güc tətbiq edilməsinə qanuni don geydirməyə məcbur olmuşdu.

Yenə də sual yaranır:

Nə üçün Azərbaycan beynəlxalq hüququn qaydalarına güvənərək onun döyüş sıralarına hücum edən, yeri gəlmişkən, işğalçı ölkəyə məxsus olan düşmən helikopterinə qarşı güc tətbiq etməyə məcbur olanda Aİ rəsmiləri bu faktı münaqişənin eskalasiyasına doğru aparan insident kimi qiymətləndirirlər?

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il fevralın 7-də cəbhə xəttində Ermənistanın pozucu siyasətini ətraflı açıqlayıb: "Gərginliyin kimin tərəfindən artırılması ilə bağlı suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq vasitəçilərin fəallığı nöqteyi-nəzərindən əlamətdar bir il olmuşdur. Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf - həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar "Mİ-24" hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətlə endirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir."

Nə üçün Aİ ölkələri və Brüssel özü bu "təlimlərin" təşkil olunmasını pisləmədilər? Nə üçün vurulmuş helikopter haqqında informasiya "Euronews" kanalında müxtəlif şəkildə təqdim edildi. Özü də bu xəbərin mətni ingilis dilində rus və ya türk dilindən fərqli şəkildə səsləndi.

Nə üçün BMT NATO-nun Yuqoslaviyada həyata keçirdiyi bombardmanları "keçmiş tarixlə" "qanuniləşdirə" bilir? Amma məsələ Azərbaycana aid olanda "taleləri həll edənlər" onu təcavüzkara qarşı qanuni şəkildə güc tətbiq etdiyinə görə pisləməyə çalışırlar. Məgər, BMT Nizamnaməsində yazılmayıb ki, təcavüzdən və işğaldan müdafiə olunmaq hüququ hərbi qüvvədən istifadə edilməsinin yeganə leqal metodudur?

Belə bir vəziyyətin yaranmasında ATƏT-in Minsk qrupu da əsla sonuncu rol oynamır. Minsk qrupu 20 ildən artıq müddətdə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması və münaqişənin həlli üçün ciddi addımlar atmayıb. Azərbaycanın ictimai şüurunda bu format vaxtaşırı olaraq regiona səfər edən, burada dincələn, ictimaiyyətə boş bəyanatlar və vədlər verən, bəzən sosial şəbəkələrdə səciyyəvi "çıxışları" ilə insanları qıcıqlandıran və geri
qayıdan "səyyah diplomatlar triosu" kimi kök salıb.

Atəşkəs rejiminin tez-tez pozulması ən yaxşı halda onlarda "dərin narahatlıq" doğura bilər və doğurmalıdır, amma bir milyondan çox qaçqının və məcburi köçkünün taleyi onları əsla maraqlandırmır.

Nə üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri daim bəyan edirlər ki, münaqişə tərəfləri özləri kompromisə gəlməlidirlər? Məgər, Deytonda ABŞ və ya Yuqoslaviya münaqişəsi dövründə Rambuyedə Aİ ölkələri belə hərəkət etmişdilər? Nə üçün Deyton danışıqlarının nümayəndələrinə təzyiq göstərə bilən ölkələr Cənubi Qafqazda təcavüzkar ölkə olan Ermənistana münasibətdə bunu etmirlər? Bizcə, bunun cavabı hamıya aydındır.

Sözdə bir cür bəyanatlar verən, praktikada isə əksinə hərəkət edən Aİ rəsmilərinin qeyri-ardıcıllığını göstərən daha bir nümunə 2011-ci ilin yanvar ayında baş vermiş hadisə oldu. O vaxt Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Bakıya təşrif gətirmişdi.

Barrozu səfər çərçivəsində qeyd etdi ki, Aİ özünün bütün tərəfdaşlarının, o cümlədən Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyir. Lakin Brüsseldə komissiyanın rəsmi saytında yerləşdirilmiş onun bəyannaməsindən bu sözlər çıxarıldı.

Nə olmuşdu? Belə çıxır ki, Aİ Azərbaycanı başqa tərəfdaşları ilə bir sıraya qoymur və bütün başqalarından fərqli olaraq yalnız Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmir. Yəni, Aİ Azərbaycanın işğal edilmiş ərazilərində erməni silahının gücünə yaradılmış qanunsuz rejimi dəstəkləyir?

Lakin bu halda Aİ keçmiş sosialist blokuna daxil olan ölkələrlə münasibətlər yaratmaq üçün özünün qəbul etdiyi prinsiplərə zidd çıxır. 1991-ci il 16 dekabr tarixli "Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınmasının rəhbər prinsipləri haqqında Bəyannamə"də deyilir ki, Aİ yeni dövlətlərlə münasibətlərini "sərhədlərin toxunulmazlığı prinsipləri əsasında" quracaq və "təcavüz nəticəsində yaradılmış qurumları tanımayacaq".

Bəyannamədə belə yazılıb, əməli işdə isə Aİ faktiki olaraq nəinki onilliklər boyunca formalaşmış özünün qanunvericilik bazasını, həm də BMT-nin və ATƏT-in prinsiplərini faktiki olaraq rədd edir.

Avropa strukturlarının bu məsələyə yanaşması münaqişənin həllinə əsla kömək etmir, Ermənistanın təhlükəli təcavüzkar kimi rolunun ört-basdır edilməsi üçün şərait yaradır. Başqa sözlə desək, bu strukturlar sözdə regionda sülhü və təhlükəsizliyi təmin etməyə çalışdıqlarını bəyan edir, əməli işdə isə təcavüzkarı dəstəkləyir, onu danışıqlar prosesini pozmağa sövq edirlər.

Azərbaycan Qərb ölkələri ilə münasibətlər formatında daim süni şəkildə yaradılmış çətinliklər və ədalətsizliklə üzləşir. Mən hələ bir neçə il bundan əvvəl Qanlı 20 Yanvar faciəsi ilə əlaqədar yazdığım məqalədə göstərmişdim ki, Qərb Azərbaycan xalqının bu ağır faciəsinə etinasızlıq göstərir. Azərbaycan paytaxtında Yanvar qırğınının gedişində 130-dan çox insan həlak olub, 744 nəfər yaralanıb, onlarla insan itkin düşüb. Şübhəsiz, bu qırğın son yüzillikdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərin və zorakılığın növbəti qanlı mərhələsidir. Bu faciə zaman etibarilə sovet rejiminin mövcudluğunun məntiqi sona yaxınlaşdığı dövrlə üst-üstə düşdü.

Dağlıq Qarabağdakı separatçılar onların Yerevandakı ideoloqlarının köməyilə dərhal bu muxtar vilayətin Azərbaycandan qoparılması və Ermənistana birləşdirilməsi barədə çoxdan hazırlanmış planları həyata keçirməyə başladılar. Silahlı bandit qruplaşmaları gizli mövqelərindən çıxaraq dinc azərbaycanlıları vəhşicəsinə qırırdılar. Bu vəziyyətdə dinc əhaliyə qarşı qeyri-insani qəddarlıq tətbiq edildiyi bir vaxtda ABŞ və onun Avropadakı müttəfiqləri bu hadisələri SSRİ-nin adi daxili işi kimi qiymətləndirdilər.

Dəhşətli cinayətə münasibətin konkret ifadəsi belə oldu. Digər tərəfdən, Qərb KİV-ləri özlərinin çoxsaylı məqalələrində Vilnüsdə və Tbilisidə baş vermiş hadisələri (orada da dinc vətəndaşlara qarşı hərbi cinayətlər törədilmişdi, lakin bu hadisələr 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qırğınla müqayisə edilə bilməzdi) pislədilər. O vaxt Azərbaycan paytaxtında həlak olmuş dinc vətəndaşların sayı qat-qat çox idi. Burada belə güman etmək lazımdırmı ki, insan həyatının dəyəri dəyişkəndir, o, insanın yaşadığı ölkədən, onun etnik mənsubiyyətindən və dini etiqadından asılı olaraq dəyişir?

Avropanın Xocalıda törədilmiş soyqırımına münasibəti Qərbin ikili standartlar siyasətinin daha bir nümunəsidir. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın bilavasitə rəhbərliyi ilə erməni ordusunun hərbi bölmələri dinc Xocalı şəhərinə irimiqyaslı hücum etdilər, onu mühasirəyə alıb dinc əhalini qırdılar.

Bu, insanlığa qarşı törədilmiş ən ağır və qanlı cinayətlərdən biridir. Açıq-aydın soyqırımı olan bu hücum nəticəsində 613 nəfərin həyatına son qoyuldu, minlərlə Xocalı sakininin taleyi şikəst edildi.

Günahsız uşaqlar, qadınlar və qocalar yalnız azərbaycanlı olduqlarına və başqa dinə etiqad etdiklərinə görə amansızcasına və soyuqqanlılıqla qətlə yetirildi. Erməni silahlı qüvvələri bu hadisədən əvvəl də Azərbaycanın müxtəlif kəndlərində, həmçinin Ermənistanın özündə azərbaycanlılar yaşayan məntəqələrdə dinc əhalini kütləvi şəkildə məhv edirdi. Xocalı genişmiqyaslı və eşelonlaşdırılmış cinayətin dəhşətli kulminasiyası oldu.

Ermənilərin məqsədi Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalini fiziki surətdə məhv etmək, onların arasında vahimə yaratmaq idi. Erməni millətçilərin məqsədini anlamaq üçün S.Sarkisyanın britaniyalı jurnalist-yazıçı Tomas de Vaala verdiyi müsahibəsindən bu sözləri xatırlamaq kifayətdir:

"...Xocaluya (Xocalıya) qədər azərbaycanlılar elə düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək adamlardır. Bütün bu təsəvvürləri dəyişmək lazım idi. Belə də oldu..."

Ermənilər öz niyyətlərini məqsədyönlü şəkildə həyata keçirdilər. Hüquqşünaslar bu məsələni hərtərəfli araşdırdılar və sübut etdilər ki, Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktıdır. Lakin Qərbdə çoxları erməni millətçilərin üzərində həmişəlik ləkə kimi qalan bu dəhşətli cinayətə hələ də məhəl qoymur.

Yalnız bir müqayisə aparmaq olar. 2015-ci ilin aprel ayında Avropa Parlamenti qondarma "erməni soyqırımı"nı tanıdı. Lakin bunun müqabilində radikal ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımını pisləmədi. Yüz il bundan əvvəl baş vermiş hadisələr tarixçilər tərəfindən araşdırılmalıdır. Onlar törədilmiş cinayətləri təsdiq edən təkzibolunmaz faktları üzə çıxarmalıdırlar. Hər bir qərar faktlara əsaslanmalıdır. Lakin ermənilər bur cür araşdırma aparılmasından qəti imtina edirlər. Görünür, onlar qorxurlar ki, iddiaçı tərəfin iddialarının əsassız olmasını təsdiq edə bilən faktlar aşkar olunar, həmçinin törədilmiş cinayətlərdə özlərinin əli olması üzə çıxar.

Bununla belə, Avropa parlamentariləri erməni lobbisinin təsiri altında belə bir qərar qəbul etdilər. Xocalı hadisələri isə nisbətən yaxın vaxtlarda, dünyanın gözü qabağında baş verib, amma Avropa Parlamentində bu dəhşətli faktı israrla görməzliyə vururlar. Əksinə, deputat korpusunun bir hissəsi hər cür vasitələrdən istifadə etməklə Azərbaycana böhtan atmağa çalışır, Bakının obyektiv gözləntilərinin ziyanına olaraq Ermənistanı müdafiə edir. Bu da təsadüfi deyil. Millətçı və separatçı erməniləri təmizə çıxarmaq və cəzalandırılmaqdan qorumaq üçün onların cinayətkar əməlləri barədə susmaq "prinsipial" Avropa parlamentarilərinin permanent hədəfidir.

Yuxarıda göstərilən faktlar Avropa strukturlarının riyakarlıq çirkabına batdıqlarını, müxtəlif dairələrin lobbiçi maraqlarına xidmət etdiklərini bir daha nümayiş etdirir. Onlara sərf edəndə ən incə usullarla və var səsləri ilə beynəlxalq hüququn pozulması barədə qışqırmağa hazırdılar, amma məsələ onların mənafelərinə toxunanda ictimai qüvvələrin diqqət və etimadı ilə manipulyasiya edərək protokol xarakterli bəyanatlarla kifayətlənirlər.

Problemin mahiyyəti heç də kontinental orqanın mühakiməsinə çıxarılan məsələlərin mövzusunda deyil. İstər münaqişələr və təhlükəsizlik məsələləri olsun, istər insan hüquqları və ya söz azadlığı, onları qane etməyən ölkələrin taleyi və bu ölkələrin maraqları ilə bağlı bütün məsələlərdə Avropa isteblişmentinin qərəzliliyi əyani şəkildə görünür. Bu halda ədalət mühakiməsi quranların hiyləgərliyi insanı mat qoyur. Onlar hədsiz uzanmış münaqişə nəticəsində zərər çəkmiş ölkəni başqalarına dərs olmaq üçün vurmaqdan çəkinmirlər, özü də yalnız ona görə ki, həmin ölkə mövcud vəziyyət barədə öz mövqeyini bildirir, bədxahların hədə-qorxusu qarşısında özünü müdafiə etməyi və imic alverçilərinə qəti "yox" deməyi bacarır.

İnsan haqları Avropa strukturlarının təzyiq aləti kimi Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, tez-tez müxtəlif məruzələr, qətnamələr və digər profil sənədlərlə əlaqədar müzakirələrin gedişində insan haqları ilə bağlı məsələlərin qəribə, daha doğrusu sərbəst interpretasiyası ilə üzləşir. Bu cür müzakirələr adətən qərəzli xarakter daşıyır. Avropa təsisatları bizimlə dialoqu dayandıracaqları ilə hədələyərək Azərbaycanı müstəqil və praqmatik siyasət yolundan döndərməyə, Qərb təsisatlarının tövsiyə və göstərişlərini itaətkarcasına yerinə yetirməyə məcbur etməyə çalışırlar. Onlar Azərbaycanla münasibətlərində diktat metodunu xoşlayırlar. Lakin belə "uzaqgörənlər" çox yanılırlar. Bu baxımdan ATƏT də istisna deyil.

Bu qurumun dəhlizlərində müəyyən dairələr gərginliyi artırmaq üçün süni motivlərdən istifadə etmək məsələsində ustalaşıblar. Əgər qeyri-formal problemlərin həllində nə isə tərəfdaşların əvvəlcədən hazırladığı təlim proqramına uyğun gəlməyəndə onlar bu yolu seçirlər. Bəzən bu təsisatın daxilində işlənib hazırlanan qərarların həyasızlıq dərəcəsi insanı mat qoyur. Bu "möhtərəm" təşkilatın Azərbaycana göndərdiyi elçisi ilə bağlı əhvalat səciyyəvi nümunədir.

ATƏT-in Bakıdakı ofisinin rəhbəri Aleks Şahtaxtinskinin gözlənilmədən bu vəzifədən azad edilməsi üçün bəhanə sözün hərfi mənasında uydurma səbəb oldu. A.Şahtaxtinski həm Azərbaycan hökuməti, həm də özünün uğursuzluqlarına görə bütün təqsiri Azərbaycan iqtidarında axtarmağa adət etmiş milli müxalifətin fəalları ilə kifayət qədər səmərəli və şəffaf münasibətlər yaratmağa müvəffəq olmuşdu. Lakin ATƏT rəhbərlərinin fikrincə, Azərbaycan kimi ölkələrdə ofislərin rəhbərləri rəsmi strukturlarla qənaətbəxş münasibətə malik olmamalı, onlar daim ehtirasları qızışdırmalı, qarşıdurma ruhunu qoruyub saxlamalı, amma bununla bərabər yalnız müxalifətlə dostluq əlaqələri saxlamalıdır.

Belə çıxır ki, Azərbaycan kimi özünəyetərli ölkələrdə iqtidarla dialoqda ATƏT-in əsas nümayəndələri apriori qarşıdurma xətti qurmalı, həmin ölkəyə hətta bunun üçün heç bir obyektiv səbəb olmadığı halda da nifrət və amansız tənqid prizmasından baxmalıdır.

Görünür A.Şaxtaxtinski ona qabaqcadan tapşırılmış işin öhdəsindən gələ bilməmiş və nəticədə öz vəzifəsini qurban verməli olmuşdur. Özünüz düşünün, diplomata yalnız ona görə etimad göstərilməyib ki, o, rəsmi tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə şəkil çəkdirməyə cəsarət edib. Absurd iraddır, deyilmi?!

ATƏT-in üzv ölkələrə münasibətdə siyasəti nə dərəcədə rasional, obyektiv, qərəzsiz və düzgündür? Əslində bu təşkilat BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun işğaldan azad edilməsi haqqında qətnamələrinin implementasiyası üçün heç bir tədbir görməyib, hərçənd onun adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır.

Üstəlik, bu qurumun rəhbərləri öz mandatlarını yerinə yetirən və olduqları ölkədə mandat çərçivəsindən kənara çıxmaqdan imtina edən diplomatlarını hakimiyyət orqanları ilə ölçülüb-biçilmiş və konstruktiv münasibətlərə görə cəzalandırır. İş o həddə çatır ki, ABŞ-ın ATƏT-dəki nümayəndəsi öz səlahiyyətlərini aşaraq bu təşkilatın üçüncü ölkələrdəki elçilərinə təlimatlar verir. Bu, Qərb demokratiyasının eybəcər sifətini açıb göstərən nonsensdir.

Əgər möcüzələr zolağı bu qəribə notda başa çatsaydı, yenə dərd yarı idi. ATƏT öz mandatını yerinə yetirməkdən və 2015-ci ildən Azərbaycanda parlament seçkilərinin monitorinqini keçirməkdən imtina edir. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) əvvəlcə 400-ə yaxın müşahidəçi göndərməyi planlaşdırırdı.

Lakin Azərbaycan müşahidəçilərin bu sayda olmasına razılaşmadı və bu, müşahidəçilər missiyası göndərilməkdən əsassız imtina edilməsinə "səbəb" oldu. Burada müqayisələr aparmaq lazım gəlir.

Əhalisinin sayı təxminən Azərbaycandakı qədər (7 milyondan çox) olan Bolqarıstana 2014-cü il parlament seçkilərinə cəmi 26 müşahidəçi, 140 milyon əhalisi olan Rusiyaya 2011-ci ildə 200-dən bir qədər çox, əhalisi 45 milyon nəfər olan Ukraynaya təxminən 700 müşahidəçi göndərilib. Elə isə nəyə görə müşahidəçilərin diqqəti Azərbaycan üzərində cəmləşib və ağlabatan nisbətlər prinsipinə açıqaşkar məhəl qoymadan bu ölkəyə çoxsaylı desant göndərmək kimin ağlına gəlib? Biz çox yaxşı başa düşürük ki, bu, əməkdaşlıqdan imtina etmək üçün yalnız bəhanədir, səbəb isə Qərbin müəyyən dairələrin sifariş verdiyi anti-Azərbaycan kampaniyasını proqramlaşdırılmış şəkildə həyata keçirməkdir.

Müxtəlif strukturların hərəkətlərinin incə şəkildə sinxronluluğu diqqəti cəlb edir. Görünür, həmin strukturlar bir mərkəzdən tənzimlənir. Bu sinxronluq baş verən hadisələrdə təsadüflük elementi axtarmağa əsas vermir. Belə ki, müşahidəçilər missiyasının geri çağırılması barədə bəyanat Avropa Parlamentində Azərbaycan barəsində qərəzli siyasi qətnamə qəbul ediləndən dərhal sonra səsləndi. Bununla eyni vaxtda daha bir təsisat - ATƏT-in Parlament Assambleyası da öz müşahidəçilərini göndərməkdən imtina etdi.

Bu fakt onu göstərir ki, adı çəkilən strukturlar müstəqil deyil və verilən komandaya müvafiq şəkildə işləyirlər. Rusiya XİN-in rəhbəri Sergey Lavrov ATƏT-in baş katibi Lambeto
Zanyer ilə birgə mətbuat konfransında qeyd etdi ki, ATƏT bir qurum kimi "özünün əfəlliyi ucbatından ardıcıl olaraq sınaqlara məruz qalır, onu tamdəyərli təşkilata çevirməkdən imtina edənlər isə, - belələri azdır, - onu elə vəziyyətdə saxlamağı üstün tuturlar ki, onunla manipulyasiya etmək asan olsun".

2015-ci il seçkiləri ərəfəsində başlanmış anti-Azərbaycan kampaniyası Qərbdə tüğyan edir. Bu kampaniya həm ATƏT, həm də Avropa Şurası tərəfindən həyata keçirilir. 2014-cü ildə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın xahişi ilə insan haqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edildi.

Lakin 2015-ci ilin oktyabr ayında T.Yaqland Azərbaycanla insan haqları üzrə birgə işçi qrupunun fəaliyyətində iştirakını dayandırdığını bəyan etdi və bu, "Qərb demokratiyasını təbliğ edənlər" tərəfindən daha bir düşmənçilik hərəkəti oldu.

Burada xatırlatmaq yerinə düşər ki, həmin işçi qrupu hələ 2005-ci ildə yaradılıb, lakin 2008-ci ildə öz fəaliyyətini dayandırıb. Hərçənd, bu dövr ərzində 150 nəfər həbsdən azad edilib. Bu insanlar siyasi fəaliyyətdən uzaq idi və müxtəlif hüquq pozuntularına görə cəza çəkirdilər. Onların vaxtından əvvəl həbsdən azad edilməsi Azərbaycanın hakimiyyət orqanı tərəfindən həyata keçirilmiş xeyirxahlıq aktı nəticəsində baş verib.

Bərpa olunmuş işçi qrupunun bir ildən az müddətdə fəaliyyəti dövründə adları hüquq müdafiəçilərinin siyahılarında olan 16 məhkum azad edilib. Bu fakt özlüyündə işçi qrupunun fəaliyyətinin səmərəli olmasına dəlalət edir. Təəssüf ki, avropalılar istər Azərbaycanın hakimiyyət orqanlarının tamdəyərli dialoqa meyilli olmasını, istər onun qarşılıqlı məqbul qərarlara hazır olmasını, istərsə də xoş niyyətini qiymətləndirə bilmədilər.

Birgə qrupun Qərbin arzularını danışıqsız yerinə yetirəcəyini, necə deyərlər, onun diktəsi ilə işləyəcəyini gözləmək ən azı qeyri ciddi olar. Bu qrup tamam başqa məqsədlər üçün yaradılıb. Nəzərdə tutulur ki, tərəflərin birgə işi daha məzmunlu və hüquq müstəvisində səmərəli olsun, Qərbin anti-Azərbaycan qüvvələrinin maraqlarına xidmət etmək üçün yox.

Torbyorn Yaqlandın qəribə qərarı təsdiq edir ki, hökumətlərarası təşkilatlar, indiki halda Avropa Şurası müəyyən siyasi dairələrin sifarişlərini yerinı yetirir, bu isə parlament seçkiləri ərəfəsində "dövlət-vətəndaş cəmiyyəti" formatında dialoqu pozmaq məqsədilə Azərbaycana təzyiq göstərmək cəhdidir.

Yeri gəlmişkən, T.Yaqlandın Azərbaycana qərəzli münasibəti Qərbin geniş dairələrinə də yaxşı məlumdur. Britaniyanın "News Perfomance" nəşri vaxtilə "Biz Azərbaycan kimi inkişaf etməkdə olan ölkələri tənqid etməliyik, yoxsa onları dəstəkləməliyik" sərlövhəli məqalədə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandı məhz Azərbaycanla əməkdaşlığa aid məsələlərdə kəskin tənqid etmişdir.

Məqalə müəllifləri vurğulayırdı ki, bu material baş katibin "Azərbaycanda insan haqları bıçaq tiyəsi üzərindədir. Böyük Britaniya özünü kənara çəkməməlidir" adlı məqaləsinə cavabdır. Siyasi nəşrin məqaləsində deyilir: "Biz Azərbaycanda insan hüquqları məsələsində Yaqlandın tənqidi ilə əsla razılaşmırıq və onun bəyanatını rədd edirik".

Eyni zamanda, britaniyalı müəlliflər vəziyyəti obyektiv qiymətləndirərək göstərirdilər ki, Azərbaycandan demokratiya sisteminin Böyük Britaniya səviyyəsində olmasını gözləmək olmaz, çünki bu gənc ölkə müstəqilliyin bərqərar olduğu andan demokratiyanın inkişafının öz modelini qurur. Onlar yazırlar: "Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşacaq, çünki ölkə rəhbərliyinin Azərbaycanı demokratiyanın Avropa səviyyəsində olduğu ölkəyə çevirmək üçün güclü iradəsi var".

AŞPA-da Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyəti müstəvisində də qərəzlilik Avropa Şurasından yan keçməyib. 2005-ci ildə yaradılmış bu alt komitə erməni nümayəndə heyətinin orada iştirak etmədiyinə görə bir neçə ildən sonra öz fəaliyyətini dayandırdı. Həmişə münaqişənin dinc yolla həllinin tərəfdarı imicini formalaşdırmaq məqsədilə beynəlxalq platformalardan istifadə edən, əslində isə təcavüzkar və işğalçı olan Ermənistan birdən-birə sülh və əmin-amanlıq mövzusunda müzakirələrdən imtina etdi.

Rəsmi Yerevan üçün səciyyəvi olan "Tualet diplomatiyası" 2006-cı ildə Rambuyedə danışıqlar zamanı özünü bütünlüklə göstərdi. Əslində Ermənistanın o vaxtkı prezidenti
Robert Koçaryan azərbaycanlı həmkarı ilə görüşdə özünü itirərək ayaqyoluna getmək üçün icazə istəməkdən yaxşı çıxış yolu tapmadı və bundan sonra o danışıqlar zalına qayıtmağa risk etmədi.

Sonralar Ermənistanın xarici işlər naziri E.Nalbandyan 2013-cü ilin dekabr ayında Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Ə.Davudoğlu ilə görüşdən çəkinməklə bu biabırçı diplomatiyanın təməlinə daha bir daş qoydu və prinsip etibarilə bu cür utancaqlıq bizi çox heyrətləndirə bilməz. Ermənistan razılıq əldə edilməsinin və status-kvonun dəyişməsinin mümkünlüyünü hiss edərək həmişə mümkün razılaşmaları pozmağa çalışır. Lakin bizi daha çox maraqlandıran başqa məsələdir - necə olub ki, AŞPA kimi nüfuzlu Avropa strukturu erməni lobbisinin tələsinə düşüb: "Yuxarıda adı çəkilən alt komitənin fəaliyyətinin dayandırılması Avropa Şurasının zəif cəhətlərini və orada ermənipərəst qruplaşmaların təsirinin artmasını əyani şəkildə göstərdi. Şübhəsiz ki, bu, beynəlxalq təşkilatın nüfuzuna və onun hazırladığı qərarların həyat qabiliyyətinə mənfi təsir göstərir. 2015-ci ilin yanvarında AŞPA-nın sessiyasında bizim nümayəndə heyətinin səsverməsi də çoxlu mübahisələrə səbəb olub. Azərbaycan Krım problemi kontekstində Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinin əleyhinə çıxış etdi, çünki
birləşmiş struktur tərəfindən təcavüzkar ölkə Ermənistanın hərəkətləri pislənmədi. Azərbaycan nümayəndə heyətinin bu addımı ikili standartlar siyasətinin qəbul edilməməsi məcrasında qanunauyğun idi. Məsələn, bir halda Aİ ABŞ-ın sayəsində ölkənin ərazi bütövlüyünə (söhbət Ukraynadan gedir) hörmət etməyə çağırır, başqa halda isə özünün Şərq qonşusuna qarşı təcavüz etmiş, üstəlik Azərbaycan ərazisinin işğaldan azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi üzrə öhdəlikləri yerinə yetirməyən bir ölkə kimi Ermənistana təsir göstərməkdən imtina edir.

Qərəzliliyi nümayiş etdirən başqa bir misal: Aİ nəyə görə bəzi ölkələrə qarşı sanksiyalar tətbiq edir, amma sabitliyi pozanlara münasibətdə gərəksiz qətnamələr tirajlayır?!

Azərbaycan ayrı-ayrı hallarda eyni bir problemə fərqli yanaşmaya prinsipial şəkildə etiraz edir. Kədərli haldır ki, AŞPA Qərbə sərf edən hallarda işğalı pisləməklə və başqa hallarda buna göz yummaqla qlobal siyasi kampaniyabazlığın daha bir platformasına çevrilir.

AŞPA məkanı çox vaxt müxtəlif QHT-lər tərəfindən Azərbaycanın ünvanına əsassız tənqid üçün tribuna kimi istifadə edilir. 2014-cü ilin oktyabr ayında Qərbin anti-Azərbaycan oriyentasiyası ilə məşhur olan bir neçə QHT-si, o cümlədən "Human Rights Watch", "Article 19", "Mediaya beynəlxalq dəstək" (İMS), İnsan Hüquqları Evləri Fondu (HRHF) və başqaları AŞPA-nın iclas zalında tədbir təşkil etdilər. Bu tədbirin məqsədi Azərbaycana qara yaxmaq, ölkənin inkişafında qazanılmış uğurları kölgədə qoymaq cəhdləri idi.

Təəccüblü deyil ki, AŞPA deputatlarının da təmsil olunduğu bu tədbirin təşkil edilməsinə üzdəniraq "Ermənistanın avropalı dostları" təşkilatının bilavasitə aidiyyəti vardır. Belə güman etməyə dəyməzdi ki, Azərbaycana həsr edilmiş çıxışlar konteksində "Ermənistanın dostları"nın mövqeyi obyektivliyi ilə fərqlənəcək. Lakin bu fakta məhəl qoymamaq olarmı ki, gələcəkdə bu cür tədbirlər yeni anti Azərbaycan ruhlu qərarlar qəbul edilməsi üçün zəmin yaradacaq? Əlbəttə, yox.

Faktlar göstərir ki, Qərbdə bəzi rəsmilərin Azərbaycan haqqında fikri erməni lobbisinin təsiri altında formalaşır. Bu fakt özlüyündə Avropa təsisatları üçün taleyüklü qərar qəbul edilməsində mənfi lobbiçilik praktikasının artmasına dəlalət edir, bu isə tərəfdaşların və geniş ictimaiyyətin nəzərində onların nüfuzuna ziyan vurur.

"Siyasi məhbuslar" məsələləri və bu ruhda Azərbaycan dövlətinin ünvanına əsassız iddialar da AŞPA-nın bir sıra nümayəndələrinin subyektiv və qərəzli mövqeyinə dəlalət edir. AŞPA-nın qüsurlu siyasətinin ilhamvericilərindən biri Kristofer Ştrasser idi. O, 2013-cü ildə Azərbaycandan "siyasi məhbuslar" haqqında sifarişli məruzənin qəbul edilməsi üçün uğursuz cəhd göstərdi. Deputatların əksəriyyəti onun məruzəsini qərəzli sənəd kimi rədd etdi. Lakin səsvermə barədə məlumatlar maraqlı bir əlaqəni üzə çıxardı: Ştrasserin məruzəsinin "lehinə" səs verənlərin əksəriyyəti mənşəcə alman idi, yəni, məhz Almaniya Azərbaycan barəsində subyektiv məruzənin qəbul edilməsində hamıdan çox maraqlı idi.

Bundan əlavə, Ştrasserin məruzəsinin "lehinə" səs vermiş bəzi deputatlar Ermənistanın lobbiçi təşkilatları ilə bilavasitə bağlı idi. Məsələn, Azərbaycanın "əleyhinə" səs vermiş bir neçə litvalı deputat "Ermənistan-Litva" parlamentlərarası dostluq qrupunun üzvləridir.

Daha bir əlaqə də üzə çıxır. Ştrasserin uğursuz məruzəsini dəstəkləyən deputatların çoxu 2011-ci ildə heç kəs tərəfindən tanınmamış qondarma "Dağlıq Qarabağ respublikası"nın iyirmi illiyi münasibətilə separatçı rejimə AŞPA adından təbriklə müraciət etmək üçün uğursuz cəhd göstərib.

Bu faktlar kədərli bir meyli - AŞPA-ya lobbiçilərin təzyiqinin artmasını nümayiş etdirir. Bu isə Azərbaycan barəsində yeni sifarişli məruzə və qətnamələr qəbul edilməsi ehtimalını artırır.

2015-ci ilin iyun ayında qəbul edilmiş qətnamənin mətni AŞPA-nın Azərbaycanın mənafeyi ziyanına qərəzli mövqe tutmasının daha bir sübutu oldu. Belə ki, qətnamənin ilkin variantında təsbit olunmuş "Dağlıq Qarabağın və digər ərazilərin Ermənistan tərəfindən işğal edilməsi Assambleyaya yaxşı məlumdur" ifadəsi "Dağlıq Qarabağ münaqişəsi Assambleyaya yaxşı məlumdur" versiyası ilə əvəz edildi.

Bu biabırçı yaltaqlıq nəticəsində təcavüzkar nümayişkaranə şəkildə şirnikləndirilir, Avropa Şurasının Ermənistanın yeni risklər və təhdidlər yaratmasını ört-basdır etmək cəhdləri üzə çıxır. Bunu bilmək və yadda saxlamaq kifayətdir ki, ifadələri yumşaltmağın təşəbbüskarları erməni lobbisi ilə bağlı olmalarını gizlədə bilməyiblər və nə qədər qəribə də olsa, onlar hamısı islamofobiya çirkabına batıblar.

Görünməz cəbhənin belə "qəhrəmanlar"ından biri qatı antiislamçı Andreas Qrossdur. Ölkəmizin Avropa Şurasına daxil olduğu ilk illərdə o, Azərbaycan üzrə həmməruzəçi idi. Elə həmin vaxtdan o, yorulmaq bilmədən AŞPA-da Ermənistanın mənafelərini müdafiə edirdi, hərçənd dəfələrlə Azərbaycanda olmuş və erməni təcavüzünün qurbanları olan yüz minlərlə qaçqının və məcburi köçkünün problemlərini görmüşdü.

Kampaniyabazlığın digər təşəbbüsçüsü islamofobiyaya qatı meyilliliyi ilə məşhur olan "Xristian-demokratik çağırış" partiyasının üzvü Piter Omtsiq idi. Fransalı deputat, müsəlman birliyinə qarşı radikal barışmazlığı ilə populyarlaşmış Rene Ruke isə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz, yəni Azərbaycanın qüvvədə olan qanunvericiliyinə məhəl qoymadan etdiyi səfərlərin sayına görə rekord vurub.

2015-ci il iyun qətnaməsi Avropa Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə qərarının ruhuna ziddir. Həmin qərarda birbaşa təsdiq edilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və onun ətrafındakı yeddi rayonun ərazisinə nəzarət edir. Belə olan təqdirdə haqlı suallar yaranır: AŞPA özünü beynəlxalq hüquq prinsiplərinin obyektiv müdafiəçisi kimi necə təqdim edə bilər? Ölkəmizi əsassız şəkildə tənqid etməklə ikili standartlar siyasəti çirkabına batmış bir təşkilatla Azərbaycanın əməkdaşlığı davam etdirməsinə dəyərmi?

AŞPA deputatlarını korrupsiyaya qurşanmaqda təqsirləndirməyin mənası varmı? Məncə, bu sualların cavabları aydındır.

Çıraqovun işində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktının təsdiqlənməsinə baxmayaraq, ikili standartlar praktikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə yeganə düzgün mövqe tutmaq imkanı vermir.

Məlumdur ki, "Çıraqov və başqaları Ermənistana qarşı" iddiasına məhkəmə baxışı 10 ildən çox davam edib. Zərərçəkənlər bu quruma 2005-ci ildə müraciət ediblər. Lakin həmin müraciət yalnız beş ildən sonra Avropa Məhkəməsinin yuxarı palatasının gündəliyinə daxil
edilib. Bu iddia üzrə qərar yalnız bir neçə ay bundan əvvəl qəbul olunub. İddia üzrə çıxarılmış qərarı tarazlaşdırmaq üçün 2013-cü ilin yanvar ayında dağıntılara və ictimai asayişin sabitliyinin pozulmasına gətirib çıxarmış icazəsiz aksiyalarda iştirak etdiyinə görə İsmayıllı şəhərindəki hadisələrdən sonra saxlanılmış İlqar Məmmədovun işi süni şəkildə şişirdilib. Belə ki, onun barəsində iş üzrə qərar cəmi ilyarıma çıxarılıb. Bu, Azərbaycan barəsində qərarlar çıxarılmasında qeyri-sağlam siyasi motivasiyanı təsdiq edən daha bir faktdır.

Birinci halda məsələ Ermənistana aid idi və qəbul edilmiş qərar Serj Sarkisyan rejiminin siyasətinin işğalçı və təcavüzkar mahiyyətini bütün dünyaya göstərdi. İkinci halda məsələ Azərbaycanın Qərb tərəfindən dəstəklənən "beşinci kolonu" ilə bağlı idi. Elə buna görə də bu məsələyə operativ şəkildə baxıldı. Avropa Məhkəməsinin baxılan problemlərə "tarazlaşdırılmış" yanaşmasının səciyyəvi göstəricisi kimi yenə Çıraqovun işinin nüanslarını göstərmək olar. Bu iş baxılmaq üçün 2005-ci ilin aprel ayında qəbul edilib. Analoji "Sarkisyan Azərbaycana qarşı" işi isə 2006-cı ilin avqust ayında qəbul olunub.

Vaxt fərqinə baxmayaraq, - ikinci iddia Çıraqovun müraciətindən ilyarım sonra icraata qəbul edilib, - hər iki müraciət üzrə ilkin qərar 2010-cu ildə eyni vaxtda çıxarılıb. Göründüyü kimi, burada Azərbaycan vətəndaşlarının işi Ermənistanın xeyrinə süni şəkildə ləngidilib.

Yeri gəlmişkən, analoji işlərin müqayisəli təhlili də Avropa Məhkəməsinin yayğın standartlar siyasətini nümayiş etdirir. "Louzidu Türkiyəyə qarşı" işinə 9 il baxılıb və bu iş üzrə kompensasiya ödənilməsi barədə qərar qəbul edilib. Çıraqovun işində isə kompensasiya məsələsi hələ də qeyri-müəyyəndir. "İlaşku və başqaları Moldovaya və Rusiyaya qarşı" işi ilə əlaqədar da analoji müqayisə aparmaq olar. Bu iş çərçivəsində qərar cəmi 5 il ərzində çıxarılıb.

Bir neçə ay bundan əvvəl işğalçıların əlində girov saxlanılan azərbaycanlı Dilqəm Əsgərov və Şahlar Quliyevin qohumları Avropa Məhkəməsinə müraciətlə onların məsələsinə prioritet qaydada baxılmasını xahiş ediblər. Bu müraciət onunla bağlı idi ki, girovlar daim işgəncələrə məruz qalır. Lakin İlqar Məmmədovun işindən fərqli olaraq bu dəfə məhkəmə qanunsuz olaraq əsir götürülmüş iki nəfərin xahişini nəzərə almaqdan imtina edib və bildirib ki, bu məsələyə adi qaydada baxılacaq.

Avropa təsisatları tərəfindən anti-Azərbaycan siyasətinin və təbliğatının sistemli şəkildə əlaqələndirilməsinin sübutu göz qabağındadır. Göstərilən misallar bizim ölkəyə qarşı ikili standartlar siyasəti tətbiq edilməsi faktını açıq-aydın nümayiş etdirir. Bizi narahat edən, bu təşkilatların instansiyalarında adekvat həllini tapa biləcək və tapmalı olan problemlərə məhəl qoyulmur. Lakin Avropa strukturları sağlam düşüncəyə rəğmən ümdə problemlərə siyasi rəng verməyə çalışırlar, hərçənd qaldırılan məsələlər sırf mülki xarakter daşıyır.

3-cü fəsil. Azərbaycanın "ağıllı qüvvəsi" məxsusi inkişaf yolu kimi

Amerikanın Harvard Universitetinin professoru Cozef Naya görə "Ağıllı qüvvə" "sərt" və "yumşaq" qüvvənin sintezidir. Bu qüvvələrin kombinə edilmiş şəkildə tətbiqi əlverişli strategiya yaradır. "Ağıllı qüvvə" dedikdə ictimai diplomatiyadan bacarıqla istifadə edilməsi, hərbi qüvvə ilə yanaşı, səmərəli iqtisadi üsullarla ölkənin inkişafı nəzərdə tutulur. "Yumşaq" və "sərt" qüvvədən fərqli olaraq "ağıllı kateqoriya" özlüyündə mücərrəd təsir forması deyil, ehtimal ki, o, konkret dilemmanın səmərəli və ən qısa həllini tapmağa imkan verən
yanaşmadır.

Bizim fikrimizcə, "ağıllı qüvvə" dövlətin və cəmiyyətin təhlükəsizlik şəraitində tamdəyərli inkişaf etməsinə imkan verən "sərt" və "yumşaq" qüvvə vasitələrinin tarazlaşdırılmış toplusudur.

Mən hesab edirəm ki, Azərbaycan güclü olmasa tamdəyərli inkişaf edə bilməz. Ənənəvi realizm anlamında güclü olmaq əzəli ərazilərimizin işğal edilməsi amili fonunda bizim üçün həyati əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlərdə baş verən son proseslər də onu göstərir ki, hərbi qüvvə amilini məzara gömmək hələ tezdir.

Bugünkü dünya güclülərə hörmət etməkdə davam edir. Azərbaycan Prezidenti deyib: "Bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur. Kimin gücü var o, müqavilələrə məhəl qoymur.

Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik... Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət..."

Lakin güc anlayışı transformasiyaya məruz qaldığına görə həyat fəaliyyətinin başqa sahələrində də inkişaf və güclənmə bizim üçün vacibdir. İnkişafın Azərbaycan yolunun reallaşmasına gəldikdə "yumşaq qüvvə" yalnız bir tərkib hissədir. Buna görə də "ağıllı qüvvə" bizim üçün rəqabətədavamlı iqtisadiyyatın, informasiya texnologiyalarının inkişafını, ölkənin kadr potensialının modernləşdirilməsini, demokratik təsisatların inkişafını, təhsilin və səhiyyənin keyfiyyətinin artırılmasını və s. məsələləri də əhatə edir.

Beləliklə, Azərbaycanın "ağıllı qüvvəsi"nin bəzi tərkib hissələrini və onların fəaliyyəti yolunda yaranan təhdidləri nəzərdən keçirək.

1.Qeyri-siyasi məsələlərin siyasiləşdirilməsi: "Eurovision"dan Avropa Oyunlarına qədər Qeyri-zorakı protestin və "rəngli inqilablar"ın təşkil edilməsinin məşhur nəzəriyyəçisi Cin Şarp hələ 1990-cı illərin əvvəlində "Diktaturadan demokratiyaya doğru" kitabında protest hərəkatlarına hakim qüvvəni devirməyə necə nail olmaq barədə çoxlu praktiki məsləhətlər verir. Bu gün Qərb ölkələri özlərinə sərf etməyən rejimlərin devrilməsi üçün həmin metodları tətbiq edirlər. Serbiya,

Ukrayna, Gürcüstan və Şərq ölkələrində "ərəb baharı"nın qızğın dövründə inqilablarda Şarpın "taktikası və strategiyası" tətbiq edilirdi. Son illərdə Azərbaycanda bəzi QHT-lərin və fondların fəaliyyətinin aşkar görünən antidövlət xarakteri belə bir fikrə düşməyə əsas verir ki, C.Şarpın metodlarını bizim ölkədə də tətbiq etməyə çalışırlar. Belə ki, C.Şarpın əsas prinsiplərindən biri ondan ibarətdir ki, protest hərəkatı və onun fəalları öz fəaliyyətini məhz dövlətin zəif olduğu sahələrdə, yaxud elə yerlərdə genişləndirməlidirlər ki, iqtidar baş verən hadisələrin ona qarşı yönəlməsini dərhal başa düşmür.

Müəllif hesab edir ki, protest hərəkatlarının çoxunun uğur qazanmamasına səbəb onların dövlətin mövqelərinin çox güclü olduğu sahələrdə mübarizə aparmalarıdır. C.Şarpa görə protest hərəkatının öz məqsədinə nail olması üçün əsas şərt fəalların siyasətdən uzaq məsələlərdən başlayaraq praktiki fəaliyyətə keçmələrinə imkan verən qüvvə toplamaqdır. Beləliklə, hakim rejim ilk vaxtlarda onların təhlükəsini az hiss edəcək və onlar bir növ gizli plan quraraq inkişaf etmək və güclənmək şansına malik olacaqlar.

Azərbaycan turizmi və idmanı inkişaf etdirmək, ölkənin nüfuzunu yüksəltmək, öz mədəniyyətinə və tarixinə diqqəti cəlb etmək üçün bu gün beynəlxalq idman, gənclik və mədəniyyət məkanlarından fəal istifadə etməyə başlayıb. Lakin müxtəlif beynəlxalq idman və mədəniyyət tədbirlərinin təşkil edilməsi vasitəsilə ölkəmiz haqqında həqiqəti xarici auditoriyaya təqdim etmək üçün bütün cəhdlər Qərbin fövqəlmilli, qeyri-hökumət təsisatlarının və KİV-lərin əsassız, qərəzli və sistemli tənqidi ilə üzləşir.

Amerikanın demokratiya uğrunda Milli Fondu tərəfindən maliyyələşdirilən "Demokratiya üçün oxu" (Sing for democracy) kampaniyası yuxarıda deyilənlərə bir sübut ola bilər. 2012-ci ildə Bakıda populyar "Eurovision" mahnı müsabiqəsinin təşkil edilməsi ərəfəsində başlanmış bu kampaniyanın məqsədi Azərbaycana qara yaxmaq, avropalı tamaşaçıya onun mənfi obrazını təqdim etmək idi.

2014-cü ildə başlanmış "Demokratiya üçün idman" (Sport for democracy) kampaniyası onun davamı oldu. Bu kampaniya da birinci Avropa Oyunlarının təşkili ərəfəsində suveren ölkənin imicinə qara yaxmağa yönəlmişdi. Bu kampaniyalar Azərbaycanda C.Şarp metodlarının tətbiq edilməsi cəhdlərini açıq-aydın nümayiş etdirir. Bu halda müxtəlif "fəallar", "hüquq müdafiəçiləri" və "blogerlər" "qeyrisiyasi" məsələlərə təsir göstərmək taktikası qurur, dövlətin diqqətindən yayınmağa çalışır, lazımi məqamda isə bu platformalardan kollektiv protestlər təşkil olunması üçün istifadə edirlər. Son məqsəd idman, mədəniyyət və başqa qeyri-siyasi məsələləri siyasiləşdirməkdən ibarətdir.

Lakin bizim ölkədə bu cür planlar lap əvvəldən iflasa məhkumdur. 2015-ci ilin iyun ayında Azərbaycan birinci Avropa Oyunlarını uğurla təşkil etdi və keçirdi, bununla da daimi tənqidçilərə daha bir ciddi mənəvi-psixoloji zərbə vurdu. Bu aşkar uğura siyasi kontekstdə də nəzər salmağa dəyər. Çünki belə sürüşkən planların benefisiarı sakit ekspansiya stixiyasına uymuş Qərbin siyasi dairələridir.

Təsadüfi deyil ki, Avropa Oyunlarının açılışı günündə Qərbdəki onlayn nəşrlər məkanında bizə ünvanlanmış əsassız tənqidin sayı-hesabı yox idi. Qərəzli materialların dərc edilməsi ilk dəfə 2015-ci ilin əvvəlində qeydə alınıb. Belə ki, təkcə yanvar ayında Azərbaycan haqqında xaricdə dərc edilib təhlil olunmuş 1094 məqalədən yalnız 25-i müsbət, 586-sı mənfi və 583-ü neytral xarakter daşıyırdı. Bu göstərici yalnız onu təsdiq edir ki, anti-Azərbaycan kampaniyası Avropa Oyunlarından xeyli əvvəl planlaşdırılıb, Oyunlar isə bu kampaniyanı fəallaşdırmaq üçün yalnız bəhanə olub.

Konkret siyasi məqsədlər güdən anti-Azərbaycan kampaniyaların, habelə sanksiyalaşdırılmamış protestlərin təşkilatçılarına demək istərdik ki, onların planları fiaskoya
məhkumdur. Başqa cür ola da bilməz. Azərbaycan demokratik inkişaf yoluna qədəm qoyub, iqtidar demokratiya prinsiplərinə ciddi riayət edir, ölkədə bütün əsas siyasi hüquqlara, o cümlədən toplaşmaq azadlığı hüququna riayət olunur. Xalq və iqtidar daim dialoq apararaq öz istəklərində yekdillik və vəhdət tapıb. Təsadüfi deyil ki, düşmən qüvvələr Qərb KİV-lərində yüzlərlə məqalə və süjetin köməyi ilə genişmiqyaslı "artilleriya yaylım atəşi" açandan, qeyri-hökumət təşkilatlarının məruzə və bəyanatlarından, saxta tədqiqat şəbəkəsinin həyasız yalanlarından sonra 2015-ci ilin may ayında müxalifətin paytaxtın mərkəzində keçirdiyi mitinqə çıxanların sayı min nəfərdən az oldu.

Müxalifətçilər protest aksiyasına on minlərlə narazı şəxs toplanacağı ilə hədələyirdilər. Geniş reklam edilmiş bu aksiya da hakimiyyətin opponentlərinin əhatə dairəsini genişləndirməyə yönəlmiş əvvəlki cəhdlərin kədərli aqibətini təkrarladı. Onlar heç nəyə nail ola bilmədilər. 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycandakı barışmazların xaricdəki himayədarları "rəğbətlər tərəzisi"ni hakim partiyanın əleyhdarlarının xeyrinə yönəltməyə çox cəhd göstərsələr də xalq İlham Əliyevə etimadını ifadə etdi.

C.Şarpın və "rəngli inqilablar"ın digər nəzəriyyəçilərinin adeptlərindən olan "fəallara" Azərbaycan reallıqları şəraitində heç nə kömək edə bilməz. Çünki ölkə əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevin yürütdüyü kursu dəstəkləyir. "Rənqli inqilablar"ın nəyə gətirib çıxardığını biz bilirik - misalların sayı kifayət qədər çoxdur.

2. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qarantı kimi

"Biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik".

Azərbaycan Prezidenti İlham Əliyev

Davos Dünya İqtisadi Forumu, 2015-ci il.

Energetika sahəsində Aİ ilə Azərbaycanın münasibətlərinin təhlilinə başlamazdan əvvəl Azərbaycanın və Qərbin tarixi qarşılıqlı münasibətlərinə kiçik bir icmal etməyə, bu münasibətlərin həlledici determinantlarını göstərməyə çalışaq.

Hegel deyirdi ki, tarix iki dəfə təkrarlanır: birinci dəfə faciə şəklində, ikinci dəfə isə fars şəklində. Lakin tarixin ibrət dərsləri nəzərə alınmasa, o, hər dəfə faciə kimi təkrarlanacaq. Keçmişə və müasir dövrə ardıcıl və sistemli baxış göstərir ki, Azərbaycan ilə Avropanın münasibətləri yuxarıdakı mühakimənin mənasını tamamilə təsdiq edir. Azərbaycan ilə Avropa arasında siyasi əlaqələrin yaranmasının lap əvvəlindən biz demək olar ki, hər bir
mərhələdə anlaşılmazlıq divarı ilə, habelə Avropa təsisatları tərəfindən konstruktivlik olmaması faktı ilə üzləşmişik.

Azərbaycan tarixində Qərbin riyakarlığını göstərən faktlar çoxdur. Orta əsrlər Azərbaycanı tarixində böhranlı anlarda Avropa dövlətlərinin ölkəmiz qarşısında götürdükləri müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən imtina etmələrini və opponentlərin tərəfinə keçmələrini göstərən misallar kifayət qədərdir.

Şərqdə birinci demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi vaxtda da dramatik vəziyyət yaranmışdı. Avropa dövlətləri AXC-ni tanımağa tələsmir, hesab edirdilər ki, bu məsələ yalnız Rusiyanın taleyi müəyyənləşəndən sonra həll edilə bilər. Digər tərəfdən, AXC-nin tanınması üçün süni erməni dövləti yaratmaq məqsədilə Azərbaycan ərazilərinin ermənilərə verilməsi şərti irəli sürülür və beynəlxalq hüququn yeni subyektinin yaranması prosesini qəsdən uzadırdılar.

Lakin bütün bunlar Britaniya qoşunlarının Azərbaycan ərazisində ağalıq etməsinə mane olmurdu. Azərbaycan nümayəndə heyəti yalnız 1920-ci ilin əvvəlində de-fakto müstəqilliyin tanınmasına nail ola bildi. Lakin həmin dövrdə bizim regionda Avropanı maraqlandıran azərbaycanlıları imperiya asılılığından azad etmək və müstəqil dövlət quruculuğu məsələləri deyil, yalnız neft və istismarçı oyun qaydaları maraqlandırırdı.

Mənim fikrimcə, britaniyalı diplomat və siyasətçi lord Balfur demokratiya, insan hüquqları sahəsində əməkdaşlığın zəruri olmasından dəm vuran Qərb strukturlarının indiki rəhbərlərindən daha səmimi idi. O, 1919-cu ildə Britaniyanın Azərbaycan barəsində siyasətinin mahiyyətini xarakterizə edərkən Birləşmiş Krallığın əsl məqsədlərini gizlətmirdi: "Qafqazda məni maraqlandıran yeganə məsələ neftin nəql edildiyi yola kimin nəzarət etməsidir, aborigenlər isə lap bir-birini parçalaya da bilər".

Bu sözlər təqribən yüz il bundan əvvəl deyilib, lakin Qərbin Azərbaycan üçün həyati əhəmiyyətli problemlərə, o cümlədən Ermənistan tərəfindən işğal edilmiş Qarabağa münasibətdə nə üçün laqeyd olmasına tam aydınlıq gətirir. Mənim fikrimcə, biz azərbaycanlılar tarixin dərslərinə daha diqqətlə yanaşmalıyıq, əks halda səhvləri təkrarlamağa məhkum olacağıq.

Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin neft strategiyasını inamla həyata keçirir. Bu strategiya sayəsində ölkəmiz həm özünün, həm də yaxın qonşularının, avropalı istehlakçıların enerji təhlükəsizliyini təmin edə bilib. Məhz Azərbaycan Aİ ölkələri ilə uzun sürən nəticəsiz danışıqlardan sonra məsuliyyəti öz üzərinə götürüb və "Cənub" qaz dəhlizinin tikintisinə başlayıb. Ölkəmiz enerji təhlükəsizliyi sahəsində Aİ-nin mühüm, məsuliyyətli və etibarlı tərəfdaşıdır.

Lakin Avropa təşkilatları heç bir məntiqə uyğun olmayan motivləri əsas götürərək Azərbaycan ilə əməkdaşlıq çərçivəsini məhdudlaşdırırlar. Qeyd etmək lazımdır ki, Azərbaycan Avropa bazarına nəql edilən qaz hesabına strateji əhəmiyyətli kommunikasiya şəbəkəsinin şaxələndirilməsi proqramının həyata keçirilməsində öz payını artırmağı planlaşdırmaqla bərabər, həm də bu proqramın reallaşdırılmasına şərait yaradır. Bu, müəyyən mənada perspektiv çağırışlara qabaqcadan verilən cavabdır. Buna görə də bəzi dairələrin Avropa İttifaqının energetika sahəsində siyasətində mövcud boşluqların doldurulmasından özlərini kənara çəkməsi mənasız və ən azı başa düşülməyən bir cəhddir.

Avropa Komissiyasının hesablamalarına görə, bu gün Aİ ölkələri istehlak etdikləri neftin və qazın 53 faizini idxal edir, bunun üçün hər il dörd yüz milyard avro xərcləyir. Avropa İttifaqı dünyada ən böyük idxalçıdır. Avropa Komissiyası bunu nəzərə alaraq 2015-ci il fevralın 25-də "Avropa Enerji Birliyi" yaradılması haqda strategiyanı qəbul edib. Birliyin fəaliyyətinin əsas istiqamətlərindən biri enerji resurslarının şaxələndirilməsinə əsaslanan enerji təhlükəsizliyi məsələsidir.

2014-cü ildə qəbul edilmiş Avropa Enerji Təhlükəsizliyi Strategiyasında qeyd edildiyi kimi, əsas prioritet "Cənub" qaz dəhlizinin yaradılmasıdır. Sənəddə qeyd edilir ki, ilk dəfə olaraq Azərbaycandan qaz idxal ediləcək. Avropa İttifaqı yeni enerji resurslarına çıxış əldə etmək üçün artıq neçə illərdir ki, Xəzəryanı ölkələrlə və Yaxın Şərq ölkələri ilə danışıqlar aparır.

Aİ "Cənub" qaz dəhlizi layihəsi çərçivəsində Nabukko, TAP, İTGİ kimi qaz kəmərlərini dəstəkləyir. Bu layihələri irəli sürmüş beynəlxalq konsorsiumlar Azərbaycandan qaz idxal etmək arzusunda olduqlarını bildiriblər, lakin hələlik bu istiqamətdə konkret addımlar atmayıblar.

Qazın Avropa bazarına çıxarılması üçün sərmayə qoymaq və zəruri boru kəmərlərini inşa etmək lazımdır. Siyasi və maliyyə xarakterli problemlərlə əlaqədar qeyrimüəyyənliklər
Avropa şirkətlərinin yeni resurslara çıxış əldə etməsi üçün konkret qərarlar qəbul olunmasını çətinləşdirir. Çoxsaylı müzakirələrə baxmayaraq, Nabukko qaz kəməri layihəsində investisiyalar probleminin həll edilməməsi də bu amillə bağlıdır.

Konsorsiumların qətiyyətsizliyi şəraitində Azərbaycan təşəbbüsü öz əlinə götürdü və bunun nəticəsində 2011-ci ildə Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP layihəsinin həyata keçirilməsi barədə razılığa gəldilər. Bu layihənin uğurla həyata keçirilməsi hər iki dövlət xadiminin qətiyyətli siyasi iradəsinin əyani təcəssümüdür.

Beləliklə, Azərbaycan və Türkiyə öz fəaliyyətlərini uğurla əlaqələndirərək, Cənubi Qafqaz regionunu çox mühüm enerji dəhlizinin fasiləsiz istismarına təminat verə biləcək strateji mərkəzə çevirirlər. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu eyniadlı yataqdan çıxarılan qazın Avropaya nəql edilməsinə dair tarixi qərar qəbul etdi, səmərəli marşrut kimi Transadriatik (TAP) marşrutunu seçdi. Beləliklə, bu qərar Avropa İttifaqının yeni enerji resurslarına çıxışın təmin edilməsi ideyasına yenidən təkan verdi.

Azərbaycanın enerji siyasəti barədə uzun-uzadı və geniş söhbət açmağa ehtiyac görmürəm. Mənim məqsədim Azərbaycanın nə dərəcədə açıq və səmimi siyasət yürütdüyünü, öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində bir tərəfdaş kimi nə dərəcədə etibarlı olduğunu göstərməkdir. Ölkəmiz avropalı tərəfdaşlardan da
özünə bu cür münasibət gözləyir.

Lakin təəssüf doğuran qətiyyətsizlik təzahürləri, enerji təhlükəsizliyi layihələrinin işlənib hazırlanmasını ləngidən Aİ-nin işgüzar dairələrinin siyasi iradəsinin olmaması və ifrat bürokratizm Azərbaycan tərəfini narahat etməyə bilməz. Halbuki bu layihələr ilk növbədə Avropa İttifaqının özü üçün sərfəlidir.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il mayın 27-dəki çıxışında bu məsələyə toxunaraq qeyd edib ki, Avropa istiqamətində enerji layihələrinin reallaşdırılmasında problemlər yaranacağı halda Azərbaycan öz prioritetlərinə yenidən nəzər sala bilər. Mənim fikrimcə, bu xəbərdarlıq Aİ siyasətçiləri üçün dəqiq və birmənalı siqnal olmalıdır. Ona görə ki, həyata keçirilən enerji layihələrində həm Aİ-nin, həm də Azərbaycanın maraqları var və nəzərdə tutulan planların məntiqi sonluğa çatdırılması üçün bu qarşılıqlı maraq avropalı tərəfdaşlarda fəallıq, qətiyyət və hətta siyasi iradə yaratmalıdır.

3. Güclü, müstəqil və demokratik Azərbaycan: bəs hakimlər kimdir?

Az-çox savadlı insanların hamısına məlumdur ki, "standart" sözü unifikasiya, vahidlik, eyni normalar deməkdir. Buna baxmayaraq, müasir siyasi reallıqlar bu sözü də təhrif edib.
İkinci Dünya müharibəsindən sonra aparıcı güc mərkəzləri müasir beynəlxalq hüquqa əsaslanan beynəlxalq sistem formalaşdırdılar və bir neçə onillik ərzində elə özləri müəyyən edilmiş qaydaları pozdular. Belə təsəvvür yaranır ki, həmin qaydalar başqa dövlətlər üçün yazılıbmış.

Yuxarıda göstərdiyim kimi, ikili standartlar dövlətlərin, beynəlxalq təşkilatların və fövqəlmilli təsisatların davranışında normaya çevrilir, mövcud problemləri dərinləşdirir, yenilərinin əmələ gəlməsinə şərait yaradır. Aİ tərəfindən ölkəmizdə demokratik dəyərlərin dəstəklənməsi üçün tətbiq edilən metodlar çox vaxt ölkə vətəndaşlarında, ictimai qüvvələrdə narazılıq yaradır. Bu, elə məqamlarda baş verir ki, qarşılıqlı fəaliyyət məkanını konstruktiv dialoq əvəzinə, əsassız tənqidlə dolu monoloq tutur. Bir qayda olaraq, tərəfdaşlarımızın bu cür izahedilməz hərəkətləri heç də ümumi rifah ideyalarına xidmət etmir və Azərbaycanın milli maraqlarına az uyğun gələn qərarlar qəbul edilməsi xatirinə siyasi təzyiq alətinə çevrilir.

Regionda baş verən hadisələri diqqətlə izləyəndə labüd olaraq belə bir nəticəyə gəlirsən ki, kənardan zorla qəbul etdirilən siyasət heç vaxt uğur gətirməyib, çünki bu siyasət milli maraqlara ziddir. Avropa strukturları daxili siyasətə təsir göstərməklə müstəqil dövlətin xarici siyasət kursunu dəyişməyə çalışırlar.

Tez-tez "No more business as usual" (Azərbaycanla "Daha əvvəlki kimi heç bir əməkdaşlıq etməmək") barədə çağırışlar eşidilir. Lakin məgər biz qeyri-aktual məqsədlər güdərək mövcud problemləri gizlətməyə çalışırıq?

Biz bərabərhüquqlu dialoqa həmişə açığıq. Dünyanın heç bir yerində ideal dövlətlər yoxdur və əsas insan hüquqlarının təmin edilməsi ilə bağlı problemlər hətta Aİ məkanında da mövcuddur. Buna baxmayaraq, Avropa ölkələri öz evlərində həmin problemlərə nümayişkaranə şəkildə etinasızlıq göstərirlər. Hökumətləri Qərb farvaterində danışıqsız gedən, avropalı müəllimlərinin istəklərinə tabe olan dövlətlərdə də eyni hadisələr baş verir.

İkili standartlar siyasəti həm də onda təzahür edir ki, məsələn, bəzi ölkələrdə jurnalistlərin şəxsi baxışlarına görə işdən qovulması, onların təqib edilməsi, bəzi hallarda hətta qətlə yetirilməsi hüquq müdafiəçiləri tərəfindən görməzliyə vurulur, başqa dövlətlərə münasibətdə isə mətbuat nümayəndələrinin cinayət əməllərinə görə cəzalandırılması söz azadlığına məhdudiyyət kimi qələmə verilir.

Bir ölkədə müxalifət partiyalarının nümayəndələrinin hamısını həbs edirlər, Ermənistanda prezidentliyə namizəd müxalifətçiyə hətta sui-qəsd edilir, ona yaxın məsafədən atəş açılır və bu halda demokratik azadlıqlardan dəm vuranlar susurlar. Yaxud bir Avropa ölkəsində seçkilərdə bir namizədə verilmiş səslərin yüksək faizi demokratiyanın təntənəsi hesab edilir, seçkilər özü demokratik seçkilər kimi tanınır, başqa ölkədə isə bu cür nəticələr nədənsə "etibar doğurmur".

Dekart deyirdi: "Hər şey müqayisədə bilinir". Düzdür, Dekart fransız, yəni avropalı idi, lakin bu halda onunla razılaşmaq lazımdır. Aİ-nin belə hallara və yuxarıda təsvir edilən bütün vəziyyətlərə reaksiyasını müqayisə edərək yalnız onu demək olar ki, bu, klassik qeyri-sağlam ikili standartlar siyasətidir.

Bütün problemlərin kökü ölkəmizə qarşı qərəzli münasibətdə, regional təhdidləri, Azərbaycanın milli maraqlarını və onu əhatə edən geosiyasi qüvvə vektorlarını anlamamaqdan irəli gəlir. Tamamilə mümkündür ki, bu cür münasibət yaranmasının bir səbəbi də ölkə vətəndaşlarının böyük əksəriyyətinin müsəlman olmasıdır. Yeri gəlmişkən, Ermənistan bu amildən həmişə spekulyasiya məqsədi ilə istifadə edir, özünü Qafqazda xristianlığın sonuncu dayağı kimi qələmə verir.

Sirr deyil ki, ermənilər fürsət düşən kimi dini fərqlər zəminində isteriya qaldırır, özlərini Cənubi Qafqazda xristianlığın beşiyi kimi qələmə verir, azərbaycanlıları və türkləri isə İsa peyğəmbərin dininin tərəfdarlarına zülm edənlər kimi göstərirlər. Ermənilər tərəfindən uydurulmuş bir mif üzərində mən artıq ətraflı şəkildə dayanmışam. Onlar iddia edirlər ki, guya Ermənistan tarixdə ilk xristian dövlətidir. Əlbəttə, bu nağıl heç bir tarixi-elmi tənqidə davam gətirmir. Çox təəssüf ki, Qərbin belə məsələlərdə marağı olan bəzi dairələri bir sıra hallarda ermənilərin ucuz oyununu dəstəkləyir, süni şəkildə siyasi gərginlik yaradırlar. Mənim fikrimcə, onlar özlərinə heç olmasa bir elementar sual verməlidirlər: əgər erməni müəlliflərin iddia etdikləri kimi, azərbaycanlılar və türklər əsrlər boyu erməniləri məhv
ediblərsə, onda bu gün Türkiyədə və Qafqazda yaşayan ermənilərin bu qədər çox olmasını nə ilə izah etmək olar?

Müəyyən qüvvələrin şüurunda kök salmış bütün bu əsassız iddialar erməni psevdoelmi tərəfindən faktların kobudcasına təhrif edilməsinin nəticəsidir. Cəsarətlə demək olar ki, bu paradoks Avropa diplomatiyasının mənhus səhvidir. O, məsələnin həqiqi mahiyyətini araşdırmaq üçün heç vaxt özünə əziyyət vermir. Nə yaxşı ki, tarixi salnamələr, zəngin arxiv materialları var. Üzə çıxan indiferentlik bəlkə də müəyyən dairələrin düşünülmüş siyasətinin bir hissəsidir. Lakin faktlar ciddi nəticə çıxarmağa sövq edir. Avropa İttifaqının fəaliyyətində yol verilən çoxsaylı qüsurlar ikili standartlar siyasətinə yenidən nəzər salmaq üçün hələ də ibrət dərsi olmayıb. Bir sıra başqa dövlətlər kimi, biz də getdikcə açıq-aydın görürük ki, bu korafəhim siyasət həm ikitərəfli əlaqələrə, həm də Avropa İttifaqının özünə zərər
vurur.

Azərbaycan əsrlər boyu bütün dünyada özünün tolerantlığı, çoxkonfessiyalılığı və multietnikliyi ilə məşhur olub. Ölkəmizdə tarixən çox müxtəlif dini, etnik, dil və mədəniyyət qruplarının nümayəndələri həmrəylik, sülh və əməkdaşlıq şəraitində yaşayıblar və indi də bu şəraitdə yaşayırlar.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və indiki Prezident İlham Əliyevin ağıllı və uzaqgörən siyasəti sayəsində bu ənənələr daha da möhkəmlənib. Prezident İlham Əliyev 2015-ci il mayın 18-də "Mədəniyyəti ortaq təhlükəsizlik üçün paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində deyib: "...Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün..."

Dünya təcrübəsi tez-tez göstərir ki, multietniklik və multikonfessiyalılıq münaqişələrin artmasına təhrik edir. Yaxın Şərq və elə Avropanın özü buna misal ola bilər. Lakin bizim ölkəmiz bu məsələdə ümumi kədərli qaydadan nadir istisnadır. Deməli, buna oxşar digər istisnalar da ola bilər. Avropada insan haqlarının təəssübkeşləri də bu barədə fikirləşməlidirlər.

Prezident İlham Əliyev 2015-ci il mayın 27-də Respublika Günü münasibətilə keçirilən tədbirdəki nitqində deyib: "Azərbaycanda dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir. Bunu Azərbaycan xalqı qeyd edir, görür. Eyni zamanda, Bakıya, Azərbaycana gələn bütün xarici qonaqlar da bunu qeyd edirlər ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlər ən yüksək səviyyədə təmin edilir. Bu da bizim çox böyük sərvətimizdir və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir.
Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir və bizim üçün güc mənbəyidir".

Həqiqətən, Azərbaycanın gücü bir milli ideyaya xidmət edən bütün vətəndaşların birliyindədir. Tarix boyu belə olub. Təsadüfi deyil ki, 1918-ci il mayın 28-də Milli Şura tərəfindən qəbul edilmiş İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan öz sərhədləri çərçivəsində etnik, dini mənsubiyyətindən, irqindən və cinsindən asılı olmayaraq hər bir vətəndaşın mülki və siyasi hüquqlarını təmin edir. Bu qayda bu gün də qüvvəsini saxlayır. Avropa siyasətində ikili standartlarla bağlı vəziyyəti ölkəmizin tənqid ilə əlaqədar hər bir faktda görmək olar.

İddia edirlər ki, bizim ölkədə məhbuslara münasibət pisdir. Lakin əgər belədirsə, onda Mərkəzi Kəşfiyyat İdarəsinin gizli fəaliyyəti barədə böyük hay-küyə səbəb olmuş məruzədə müsəlman ölkələrindən olan məhbusların qapalı həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanması, onlarla qeyri-insani rəftar, bu adamlara amansız işgəncələr verilməsi nə üçün müstəqil təhqiqat obyekti olmayıb? Məruzədəki dəhşətli faktlar Avropa İnsan Haqları Konvensiyasına birbaşa ziddir.

Bu məqamda BMT İnsan Haqları Komissiyasının 2010-cu il üçün məruzəsini xatırlamaq yerinə düşər. Həmin məruzədə dünyanın hər yerində ABŞ-ın gizli həbsxanalarının sayından, orada məhbusların adi hüquqlarına riayət edilməməsindən bəhs olunur. Məhbuslar bu həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanılır, onlara qarşı qadağan olunmuş işgəncələr tətbiq edilirdi.

2010-cu il üçün olan məlumata görə dünyada 19 belə həbsxana vardır. Bunların bəziləri Polşa, Litva, Bosniya və Herseqovina, Rumıniya və digər Avropa dövlətlərində yerləşirdi. Avropa Şurasının baş katibi Terri Devis hələ 2005-ci ildə Aİ ölkələrinə həmin dövlətlərdə gizli həbsxanalar olub-olmaması barədə sorğu göndərib. Təhqiqat göstərdi ki, Bosniya və Herseqovinada, İtaliya, Makedoniya və Polşada gizli həbsxanalar mövcuddur. Bəs Brüssel haraya baxırdı?

Məgər müttəhimlərin məhkəməsiz və istintaqsız saxlanması, onlara qarşı işgəncələr tətbiq edilməsi insan haqlarının pozulması deyilmi? Lakin ikili standartlar siyasətinə tam müvafiq olaraq dünya bu qalmaqallı faktlar barəsində ədaləti görə bilmədi. Adları çəkilən ölkələr "dövlət sirri" və "milli təhlükəsizlik" bəhanəsi ilə vəzifəli şəxslərin hüquqazidd əməllərdə əli olmasını gizlətdilər.

Əlbəttə, avropalıları başa düşmək olar: öz "ağrılı yerlərini" ümumi müzakirəyə çıxarmaq o qədər də xoşagələn məsələ deyil. Amma Azərbaycanı dünya ictimaiyyətinin nəzərində hörmətdən salmaq çox maraqlıdır. Bu gün ölkədəki bəzi "jurnalistlər" və "fəallar" Qərb qüvvələri tərəfindən dəstəklənmələri sayəsində özlərini "azadlıq uğrunda mübarizlər" kimi qələmə verirlər, hərçənd onlardan bəzilərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə tamamilə ziddir. Qərb diplomatları fürsət düşən kimi onların "cəsurluğunu" və demokratiya uğrunda mübarizə apararkən hansı çətinliklərlə üzləşməli olduqlarını xatırladırlar.

Bəzi hallarda "beşinci kolon"un bu nümayəndələrini hətta müəyyən "hüquq müdafiəsi" mükafatlarına təqdim edir, onların "haqq işi uğrunda" mübarizəsi üçün mifik baza yaradırlar, amma Azərbaycanın iyirmi ildən artıq müddətdə haqq işi uğrunda öz gücü ilə mübarizə aparmasını heç kəs görmür. Hüquq və azadlıq carçıları Azərbaycan əsgərlərinin hər gün səngərlərdə dayanmasını, öz həyatları bahasına Azərbaycan torpaqlarını erməni işğalçılardan qorumalarını görməməyi üstün tuturlar. Bəs hanı ədalət?

Bu gün Azərbaycan Respublikası dünyada dövlət borcu ilə ÜDM-in nisbətinin 12 faizdən çox olmadığı azsaylı dövlətlərdən biridir. Lakin nöqsanların müzakirəsi daha maraqlı və cəlbedici olduğu bir vaxtda Azərbaycanın uğurları kimi maraqlandırır? Qərbdəki strateqlər tərəfindən himayə edilən QHT-lər insan haqları mövzusunu süni şəkildə şişirdərək öz fəaliyyətlərini yalnız Azərbaycanın imicini hörmətdən salmaq üzərində cəmləşdirirlər. Onlar sosial şəbəkələr vasitəsilə müxtəlif həştəqlərdən16 daim qərəzli, mənfi informasiyanı səhnə arxasındakı ağaları ilə bölüşür, bununla da öz ölkəsinin xalqının uğurlarını heçə endirməyə çalışırlar. Şübhə yoxdur ki, onların satqın fəaliyyəti sifarişli xarakter daşıyır və Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlir. Bu "blogerlərin" və "hüquq müdafiəçilərinin" onları maliyyələşdirən mənbələri nəyə görə bu cür səylə gizlətmələri buradan aydın olur.

Biz xarici QHT-lərin və fondların fəaliyyətində qayda-qanun yaratmaq məqsədilə bu sahədə islahatlar apardıq, onların dövlət və cəmiyyət qarşısında hesabat vermələrini təmin etdik. Lakin nədənsə Qərbdə bu islahatları siyasiləşdirməyə çalışdılar və vətəndaş sektoruna təzyiq cəhdləri kimi qələmə verdilər. Məgər maliyyə əməliyyatlarının açıqlığını, onlar barəsində hesabat verilməsini tələb etmək qanunun pozulmasıdırmı?

Məgər Qərbdəki təsisatlar Azərbaycana daim bu cür tələblər təqdim etmirlərmi? Elə isə Qərbdəki himayədarlarına sadiq qalacaqlarına and içmiş QHT-lərə münasibətdə nə üçün başqa, daha yumşaq yanaşmalar tətbiq edilməlidir? Burada yenə qərəzlilik və ikili standartlar siyasətinin təzahürü özünü göstərir. Biz "ikiqat dib" siyasətini qəbul etmir və pisləyirik. Qanun hamı üçün birdir.

Biz "Sports for Rights", "Civil Solidarity Platform", "People in Need", "Human Rights House", "Center for Civil Liberties", FIDH, "Platform London", "Index of Censorship", "Amnesty International", "Human Rights Watch" kimi qurumların arxasında kimlərin dayandığını bilirik. Onların hərəkətləri, planları və beynəlxalq onlayn nəşrlərlə birgə işləri bizə yaxşı məlumdur. Onlar çox vaxt ölkəmizdə real vəziyyəti əks etdirməyən informasiyanı yayırlar. Bu insunasiyaların yalan və təhrikçi xarakterini yəqin etmək çətin deyil. Onların əsasını qərəzlilik, bizim dözümlülüyümüzü, müstəqil fəaliyyətimizi zəiflətmək, bizi özlərinin maraqlarına tabe etmək arzusu təşkil edir. Lakin kənardan göstərilən şiddətli təzyiqə, dünya iqtisadiyyatında qlobal böhran meyillərinin genişlənməsinə baxmayaraq, Azərbaycan özünəyetərli müstəqil siyasət yürütməkdə davam və inkişaf edir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "dünyada maliyyə-iqtisadi böhrana baxmayaraq biz inkişaf edirik". O deyib: "1990-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin əvvəllərində açılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi. Bu kəmərlər imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə etsin. Biz bu valyuta ehtiyatlarımızdan səmərəli istifadə edərək, onları ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik. İnsanların rifah halı yaxşılaşdı, ölkəmizin iqtisadi inkişafı təmin edildi. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə inkişaf etmiş, 300 faiz artmışdır. Eyni zamanda, ölkə qarşısında duran infrastruktur layihələri icra edilmiş, sosial məsələlər öz həllini tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. Bu gün ümumi daxili məhsulumuzda neft amili təxminən cəmi 30 faiz təşkil edir. Beləliklə, biz ölkə iqtisadiyyatının şaxələndirilməsi işində böyük nailiyyətlərə imza atmışıq... Məhz buna görə bu il iqtisadiyyatımız 5 faizdən çox artmışdır, baxmayaraq ki, neftin qiyməti iki dəfəyə yaxın azalmışdır".

Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafda sıçrayış edib. Bu gün ölkəmiz Dünya İqtisadi Forumunun rəqabətə davamlılıq reytinqində 140 ölkə arasında 40-cı yeri tutur və MDB ölkələri arasında liderdir. Elektron hökumətin tətbiqi sahəsində BMT-nin apardığı sorğuda Azərbaycan 68-ci yeri tutur. Liberal ideoloqlar dünya ictimaiyyətinə daim deyirlər ki, iqtisadi inkişaf yalnız demokratiyanın mövcud olması və hüquqlara riayət edilməsi şərti ilə mümkündür. Lakin bu halda onlar dolayısı ilə etiraf edirlər ki, demokratik təsisatlara təzyiq göstərildiyi şəraitdə iqtisadiyyatda bu qədər sanballı uğurlar qazanmaq qeyri-mümkündür.

İnkişafın Azərbaycan modeli iqtisadi və siyasi sistemlərin paralel inkişafını nəzərdə tutur. Hazırda Azərbaycan İKT indeksinə görə Cənubi Qafqazın digər ölkələrini inamla qabaqlayaraq, dünyada 64-cü yeri tutur. Son beş ildə ölkədə internet bazarının həcmi dörd dəfə genişlənib. On ildə internet istifadəçilərinin sayı 10 dəfədən çox artıb. Ölkədə müstəqil medialar açılmasına və onların sərbəst fəaliyyətinə məhdudiyyət yoxdur, arzu edən hər kəs üçün sosial şəbəkələr açıqdır. Hətta Qərb ölkələrinin suveren dövlətlərdə iğtişaşlar və çevrilişlər təşkil olunması üçün geniş istifadə etdikləri Facebook və Twitter şəbəkələri də bizdə hamı üçün əlyetərlidir.

Lakin Avropada bizi çox vaxt qeyri-demokratiklikdə və öz fikrini müstəqil ifadə etmək imkanlarının, internet azadlıqlarının olmamasında ittiham edirlər. Əgər bunlar doğru olsaydı, bu platformalar bağlanardı. Onlardan Qərbi qane etməyən rejimləri devirmək məqsədilə istifadə edilməsi isə hamıya çoxdan məlumdur.

Reallıq göstərir ki, Azərbaycan demokratik dövlətdir, burada vətəndaşların bütün hüquqları, o cümlədən söz azadlığı təmin edilir. Demokratik islahatlarla yanaşı, institusional islahatların həyata keçirilməsi də davam edir. "ASAN xidmət"in yaradılmasından məqsəd dövlət xidmətlərinin keyfiyyətini və maliyyə şəffaflığını yaxşılaşdırmaqdır. Bu xidmət Qərb ölkələrinin və Qərb təsisatlarının çoxuna nümayiş etdirib ki, Azərbaycan kimi gənc demokratik ölkə qısa müddətdə vətəndaşlara xidmətlər təqdim edilməsinin forma və mexanizmlərinin yaxşılaşdırılması məsələlərində Avropa ölkələrinin çoxu üçün standarta çevrilə biləcək müxtəlif profilli dövlət servisi yaratmağa nail olub. Bunu müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmi şəxsləri də özlərinin hesabatlarında və bəyanatlarında təsdiq edirlər. Azərbaycanda artıq 5 milyona yaxın insan "ASAN xidmət"lərdən istifadə edib. Bu fakt özlüyündə aparılmış islahatın uğurlu olmasına dəlalət edir. 2015-ci ildə "ASAN" BMT-nin dövlət xidmətlərinin təqdim edilməsi sahəsində mükafatına layiq görülüb. Bu da ölkəmizin həmin sahədə uğurlarının BMT tərəfindən etiraf olunmasına sübutdur.

Bu ilin sentyabr ayında Prezident İlham Əliyev sosial problemlərin həllinə, savadsızlığın, yoxsulluğun aradan qaldırılmasına, "Minilliyin məqsədləri"nin yerinə yetirilməsinə görə BMT-nin "Cənub-Cənub" mükafatı ilə təltif edilib. Bu fakt bir daha təsdiq edir ki, sosial-iqtisadi problemlərin həlli sahəsində bizim uğurlarımız beynəlxalq birlik tərəfindən etiraf edilir. Buna baxmayaraq, Avropadakı bəzi dairələr Azərbaycanın hətta bu cür sanballı uğurlarını da inadkarlıqla görməməyə çalışırlar. Ölkəmizin inadkar tənqidçilərinə bunu xatırlatmaq artıq olmazdı ki, Azərbaycan ölkədə demokratiya qurmağa yalnız iyirmi beş il bundan əvvəl başlayıb. Ölkəmizin müstəqillik, demokratikləşmə və hüquqi cəmiyyət qurulması yoluna inamla qədəm qoyduğu vaxtdan o qədər də çox keçməyib. Gəlin, Fransa, Almaniya və Britaniyanın demokratik dövlətlərə çevrilməsi, bu yola çıxmaları üçün onlara neçə əsr lazım gəldiyini yada salaq. Biz isə bu yolun yalnız başlanğıcında olduğumuz halda həqiqətən möhtəşəm sıçrayış etmişik.

Deyilənlərə yekun vuraq.

Yəqin ki, oxucu bu araşdırmada verilən və Avropa strukturlarına ünvanlanmış sualların sayına diqqət yetirib. Mən əminəm ki, həmin sualların heç birinə obyektiv cavab alınmayacaq. Səbəbi də aydındır. Avropa inteqrasiyasında islahat ümdə zərurətə çevrilib. Daxili və xarici problemlərin həllində Avropa İttifaqının beynəlxalq münasibətlərin aktoru kimi səmərəsiz olduğunu göstərən çoxsaylı nümunələr bu qurumun staqnasiyasını və inteqrasiya prosesində deqradasiyanın başlanmasını nümayiş etdirir. Digər tərəfdən, islamofobiyanın artması və multikulturalizmin böhranı onu göstərir ki, Avropa həm institusional və sistem böhranı, həm də ideya böhranı keçirir.

Avropa İttifaqı və digər Avropa təsisatları tərəfindən hər yerdə ikili standartlar siyasətinin tətbiq edilməsi Aİ-yə etimadı azaldan amilə çevrilib. Beynəlxalq siyasətin subyekti kimi onun nüfuzunun azalması təkzibedilməz fakt olub. Azərbaycana münasibətdə qərəzli və əsassız tənqid barədə yuxarıda təsvir edilən misallar bir daha göstərir ki, Avropa strukturları hüquq bərabərliyi prinsipini pozur, postsovet məkanındakı ölkələrin demokratik inkişafının qiymətləndirilməsində bağışlanılmaz subyektivliyə yol verirlər.

Onların yaydığı qətnamə və bəyanatlar isə lobbiçilik xarakteri daşımaqla, əslində səhnəarxası sifarişlərin məhsuludur. Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Avropa Məhkəməsi və digər strukturlarda anti-Azərbaycan kampaniyası onu göstərir ki, xəcalət doğuran bu proses vahid mərkəzdən əlaqələndirilir və Azərbaycanı onların maraqlarına tabe etmək məqsədi güdür.

Azərbaycanı hörmətdən salmaq kampaniyasının cavabı yalnız ardıcıl inkişafını davam etdirən güclü və müstəqil Azərbaycan ola bilər. Biz başa düşürük ki, tarazlaşdırılmış, praqmatik və müstəqil xarici siyasətimiz, alyanslarda və ittifaqlarda iştirak etməmək strategiyamız Azərbaycanı beynəlxalq münasibətlər zəncirinin zəif halqası və deməli, xarici qüvvələrdən asılı dövlət kimi görmək istəyən bəzi ölkələri narahat edir.

Azərbaycan ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş müstəqil inkişaf yoluna qədəm qoymuş suveren dövlətdir. Ümummilli Lider təşəkkül konsepsiyasının
mahiyyətini belə bəyan edib: "Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır".

Biz başa düşürük ki, iqtisadi artım, uğurlu inkişafımız Qafqaz Xəzər regionunda yeni güclü regional oyunçunu görmək istəməyən bəzi ölkələri qorxuya salır. Onlar üçün əsas məsələ bu regionu pərakəndə və qeyri-sabit görməkdir. Ölkə rəhbərliyinin siyasi iradəsi, coğrafi determinizm, Azərbaycanın təşəbbüsü ilə başlanmış regional layihələr, iqtisadi artım və azərbaycanlıların Prezidentin siyasi kursunu dəstəkləməkdə həmrəyliyi Azərbaycan Respublikasının ardıcıl və proqnozlaşdırıla bilən xarici siyasətinin həyata keçirilməsi üçün şərait yaradır.

KİV-lərdə təşkil edilən hər hansı kampaniyalarla, yalançı demokratikləşdirməyə dair boş qətnamələr və layihələrlə Azərbaycan xalqının, onun rəhbərliyinin iradəsinə və dözümünə təsir göstərmək mümkün deyil. Aİ-də və digər güc mərkəzlərində bunu nə qədər vaxtında anlasalar, bizim tərəfdaşlarla və beynəlxalq təşkilatlarla əməkdaşlığımız bir o qədər səmərəli olacaq. Bu qarşılıqlı münasibətlərin əsası ədalət və hüquq bərabərliyi olmalıdır.

Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. Marionetka statusu istisna edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti