...

Politoloq: RF XİN rəsmisi Mariya Zaxarovanın RF prezidentinin imicinə zərbə vurması presedent yarada bilər

Siyasət Materials 19 Noyabr 2015 14:35 (UTC +04:00)
RF XİN rəsmisi Mariya Zaxarovanın RF prezidentinin imicinə zərbə vurması presedent yarada bilər. V.Putin RF prezidenti seçildikdən sonra ən ilk addımlarından biri Azərbaycanla münasibətləri normallaşdırmaq oldu.
Politoloq: RF XİN rəsmisi Mariya Zaxarovanın RF prezidentinin imicinə zərbə vurması presedent yarada bilər

Bakı. Trend:

RF XİN rəsmisi Mariya Zaxarovanın RF prezidentinin imicinə zərbə vurması presedent yarada bilər. V.Putin RF prezidenti seçildikdən sonra ən ilk addımlarından biri Azərbaycanla münasibətləri normallaşdırmaq oldu. O arxiv sənədlərindən bildi ki, Azərbaycan Rusiya ilə münasibətləri normallaşdırmağa ən çox can atan dövlətdir. Ona görə MDB məkanında ilk səfərini məhz Azərbaycana etdi. 20 Yanvar şəhidlərinin abidəsi önündə diz çökdü.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, bununla da Rusiya-Azərbaycan münasibətlərini yad, xüsusilə ermənilərin təsirindən qorumağa başladı: "Rusiyada ermənilərin güclü olmağına heç kimin şübhəsi yoxdur. Amma V.Putin ətrafında ermənilərin olmadığı ilk RF prezidentidir. Azərbaycanla Rusiya arasındakı siyasətdə əsas aktor RF Xarici İşlər Nazirliyidir və belə də olmalıdır. RF Xarici İşlər Nazirliyi isə ermənilərin ruslarla birlikdə şərikli müəssisəsidir. Rəhbər əməkdaşlarının böyük qismi ermənilər və onlara bağlı şəxslərdir. İndiki xarici işlər naziri S.Lavrov erməni mənşəyini gizlətmir. Belə vəziyyət Rusiyanın Azərbaycanla bağlı siyasəti ikisəsli edir: Kreml Azərbaycanla münasibətləri daim inkişaf etdirməyə çalışır, RF XİN isə RF-Azərbaycan münasibətlərinə erməni prizmasından yanaşır".

M.Əhmədoğlu qeyd edib ki, RF Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri M.Zaxarovanın şefi, RF xarici işlər naziri S.Lavrovun Ermənistana səfərindən sonra erməniləri sakitləşdirməyə cəhd etməsi bunun adicə bir misalıdır: "M.Zaxarovayadək RF Xarici İşlər Nazirliyinin ermənipərəstliyi çox olub, bundan sonra da davam etməsi ehtimal olunur. Amma M.Zaxarovanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı S.Lavrovun 2013-cü ilin may ayında Moskvada azərbaycanlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında dediklərini onun nəzərinə çatdırmaqla Qarabağ məsələsində məlumatsızlığını aradan qaldırmaq istəyirik. "Status-kvo birmənalı məqbul deyil, o cümlədən hamı üçün. İlk növbədə Azərbaycan, Ermənistan və Dağlıq Qrabağda yaşayanlar üçün məqbul deyil. Mən buna çox dərindən əminəm. Status-kvo təkcə Azərbaycan torpaqlarının qaytarılması məsələsinin həll edilməməsi deyil, həm də Ermənistanın iqtisadi blokadasının həll edilməməsidir". http://www.mid.ru/web/guest/maps/az/-/asset_publisher/0TeVwfjLGJmg/content/id/109246

Politoloq deyib ki, MDB-nin Qazaxıstan sammitində "MDB üzvlərinin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə 2016-2020ci illər üçün proqram" qəbul edildi: "Müəllifi RF olan bu proqramı Ermənistan prezidenti də imzaladı. Azərbaycanın İranla sərhədi MDB-nin xarici sərhədidir. Bu sərhədin 120 km-i Ermənistanın işğalı altındadır. Amma siyasi baxımdan daha böyük diqqət çəkən məqam RF prezidentinin 2014-cü ilin sentyabrında Soçidə Ermənistan və Azərbaycan prezidentlərilə görüş zamanı irəli sürdüyü təklifə bu iki ölkə prezidentlərinin münasibəti oldu. V.Putin Dağlıq Qarabağ münaqişəsinin SSRİ dövründə yarandığını, Azərbaycan və erməni xalqlarının Rus xalqı ilə uzun müddətli tarixi və digər əlaqələrini nəzərə alaraq Dağlıq Qarabağ tənzimlənməsində RF-ə xüsusi statusun verilməsini təklif etdi. Azərbaycan bu təklifi qəbul etdi. Ermənistan prezidenti S.Sərkisyan V.Putinin RF-in Dağlıq Qarabağ tənzimlənməsində xüsusi statusla iştirak etməsi təklifini oradaca rədd etdi".

Mərkəz rəhbəri sonra bildirib ki, V.Putinin Dağlıq Qarabağ tənzimlənməsilə bağlı variantı bəllidir: "Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarır, əvəzində Azərbaycan Rusiya ilə Ermənistan arasındakı kommunikasiyaları açır, Dağlıq Qarabağın statusunun müəyyən olunması müəyyən müddətə təxirə salınır. Rusiya ilə Azərbaycan ərazisindən Ermənistana gedən kommunikasiyaların açılması SSRİ dövründə mövcud olmuş Moskva-Tehran dəmiryolunun fəaliyyətə başlaması anlamındadır. Suriya hadisələri fonunda bu indi Kreml üçün ən vacib məsələlərdən biridir. Ermənistan 7 rayonu işğaldan azad etməməklə Rusiyanın Cənubi Qafqazda kommunikasiyalarının qurulmamasına xidmət edir. Bu kommunikasiyaların olmaması Rusiyanın təkcə Cənubi Qafqaz üzrə deyil, bütün Yaxın Şərq siyasətini xeyli zəiflədir. M.Zaxarova V.Putini inkar edən S.Sərkisyanı və S.Sərkisyanın Rusiyanın əleyhinə yönəlmiş bu addımlarını dəstəkləyir".

M.Əhmədoğlu hesab edir ki, RF-in Suriya üzərində qurulan Yaxın Şərq siyasəti Türkiyə və İranla mürəkkəb və ziddiyyətli proseslərdən keçir: "Bu zaman Rusiyanın əlində ən yaxşı vasitə Azərbaycanla olan münasibətləridir. Türkiyə və İranın antiRusiya potensialını idarə etmək üçün Azərbaycanla yaxşı münasibətlərin RF üçün alternativi yoxdur. Təbii ki, söhbət Azərbaycanın alət olmasından getmir. Çiçəklənən Azərbaycan xalqının müstəqil dövlətçiliyini dəstəkləmək çox yaxşı təsirli nümunə ola bilər. Ona görə Rusiya müstəqil və güclənən Azərbaycan dövlətində maraqlıdır. RF prezidenti V.Putinin Azərbaycanla bağlı siyasəti budur, bunun başqa təfsiri yoxdur. Ermənilərə isə uydurma maraqlarını reallaşdırmaq üçün Rusiyanın Cənubi Qafqazda maraqlarının zəifləməsi lazımdır. M.Zaxarova belə erməni fəlsəfəsinin daşıyıcısıdır".

Politoloq deyib ki, erməniləri indiki Ermənistana və Dağlıq Qarabağa köçürüb gətirən Çar Rusiyasıdır: "M.Zaxarova RF Xarici İşlər Nazirliyinin arxivlərində bu mövzuda iş aparsa hər şey aydın olacaq. Serj Sərkisyanın indi əsas məqsədi Ermənistanın və Dağlıq Qarabağın tarixindən Rusiyanın rolunu silməkdir. M.Zaxarova tək deyil. Belə Ermənipərəst Rusiya məmurları çoxdur. Sadəcə M.Zaxarova jurnalistlərə məlumat verə bilərdi ki, Lavrovun Yerevana səfərindən sonra "Kommersant" qəzetində Dağlıq Qarabağ tənzimlənməsi haqqında yazılan yazı RF XİN-in deyil, Kremlin məlumatıdır. Bununla da özünü və Lavrovu ermənilərin tənəsindən xilas edə bilərdi. M.Zaxarova Çində yaşadığı dövrdən ermənilərin sıx təsiri altında olub. Ermənilərin idarəçiliyi altında olan Xarici Siyasət Şurasının üzvüdür. Ailəvi dostu, o cümlədən övladının xaç atası ermənidir. Qeyd edək ki, bunlar sadəcə ehtimallar deyil. Hər halda M.Zaxarova prezidenti V.Putin naminə ermənilərin təzyiqlərinə daha dözümlü münasibət nümayiş etdirə bilər. Rusiya rəsmiləri S.Sərkisyanın V.Putini inkar etməsinə reaksiya vermədilər. Amma RF XİN rəsmisi M.Zaxarovanın bu mövqeyindən sonra digər rəsmiər də RF prezidentini inkar edən S.Sərkisyanı açıq şəkildə müdafiə edə bilərlər. M.Zaxarova presedent yaratdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti