...

Siyavuş Novruzov sədri olduğu yeni komitənin fəaliyyət istiqamətlərini açıqladı

Siyasət Materials 25 Noyabr 2015 17:45 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov sədri seçildiyi İctimai birliklər və dini qurumlar komitəsinin (Milli Məclisin yeni yaradılan komitəsi) fəaliyyət istiqamətlərini açıqlayıb.
Siyavuş Novruzov sədri olduğu yeni komitənin fəaliyyət istiqamətlərini açıqladı

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov sədri seçildiyi İctimai birliklər və dini qurumlar komitəsinin (Milli Məclisin yeni yaradılan komitəsi) fəaliyyət istiqamətlərini açıqlayıb.

S.Novruzov Trend-ə bildirib ki, əgər hansısa dini qurumlar dinə yox, separatizmə, ayrı-ayrı dövlətlərin kəşfiyyat orqanlarına xidmət göstərirsə, bunların qarşısının alınması üçün müvafiq qanunlarda maddələrin sərtləşdirilməsi nəzərdə tutulur.

İctimai birliklərlə bağlı komitənin gələcək fəaliyyətinə gəlincə isə millət vəkili bildirib ki, komitə QHT-lərin xaricdən maliyyələşməsi məsələsinə xüsusi diqqət yetirəcək: "O cümlədən bəzi QHT-lərin onlara ayrılan maliyyəni qarşıya qoyulan məqsədlərə deyil, tamam başqa sahəyə sərf etmələri, öz fəaliyyətləri ilə deyil, tamamilə kənar fəaliyyətlə məşğul olmaları, ölkədə ictimai-siyasi sabitliyi pozmaq, iğtişaş yaratmaq cəhdlərinin qarşısının alınması üçün qanunvericilikdə müvafiq düzəlişlərin edilməsi də komitənin diqqətində olacaq".

S.Novruzov dövlət qeydiyyatından keçmiş, lakin fəaliyyətsiz qalan siyasi partiyaların da məsələsinə baxılacağını diqqətə çatdırıb: "Bəzi siyasi partiyalar var ki, 10-15 ildir qeydiyyatdan keçib, ancaq heç bir fəaliyyəti yoxdur. Bunların fəaliyyətsizliyi ilə bağlı məsələləri də nəzərdən keçirəcəyik. Bir çox Avropa dövlətlərində belədir ki, əgər bir partiya iki il müddətində fəaliyyət göstərmirsə, avtomatik olaraq onun qeydiyyatı ləğv edilir. Bu məsələnin də tənzimlənməsi üçün komitə tərəfindən müvafiq addımlar atılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti