...

Rusiya hədələrinin həddi-hüdudu... (2-ci yazı)

Siyasət Materials 1 Dekabr 2015 16:58 (UTC +04:00)
Türkiyə və Rusiya prezidentlərinin Fransada görüşlərini səbirsizliklə gözləyənlər məyus oldular.
Rusiya hədələrinin həddi-hüdudu... (2-ci yazı)

Arzu Nağıyev - Trend-in baş direktorunun müavini, siyasi ekspert

Türkiyə və Rusiya prezidentlərinin Fransada görüşlərini səbirsizliklə gözləyənlər məyus oldular. Lakin bunu özlərinə bir davranış xətti kimi qəbul edənlər dünəndən başlayaraq yenə də qarşılıqlı ittihamlara keçiblər. Rusiya siyasət maşını silisilə verilişlər hazırlayır, sanki bu iki rəhbərin ömürlük qalacaqlarını düşünməklə iki xalqın birgə yaşayacaqlarını, bir sıra taleyüklü problemləri birgə həll edəcəklərini unudur.

Bu gün Rusiya sanki müharibə öncəsi günlər yaşayır; Türkiyə ilə diplomatik münasibətlər gərginləşib, gömrükdən yüklər buraxılmır, Türkiyə mənşəli malların idxalına qadağalar tətbiq edilir, avtomobillər məcburiyyət qarşısında marşrutlarını dəyişir, turizm sektoru tənəzzülə uğrayır.

Ən başlıcası isə odur ki, dövlət başçıları səviyyəsində qarşılıqlı ittihamlar səngimir. Bu hadisələrdən bir qədər əvvələ nəzər salsaq görərik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yay aylarında türk ordusunun sərhədi keçərək Suriyanın şimalında Türkiyə ilə bufer zona yaratmasını təklif edirdi. Həmin ərəfədə türkmən və Əsədə qarşı olan müxalif qüvvələr Latakiya istiqamətində xeyli irəlilədi. Lakin sonradan Rusiya tərəfindən bombalama nəticəsində vəziyyət dəyişdi, bir sıra hündürlüklər Əsəd rejiminin əlinə keçdi. Məlumdur ki, Əsəd rejimi bu ərazilərdə nəzarəti tam ələ keçirsə, türkmənlər qaçqın qismində yenə də Türkiyəyə üz tutacaqlar. Bu gün türkmənlərin belə kütləvi şəkildə qaçqın düşməsi təbii ki, Türkiyəyə lazım deyil. Məhz buna görə də bir neçə saniyəlik və ya dəqiqəlik Türkiyə sərhədini pozan təyyarə hərbçilər tərəfindən vuruldu. Təbii ki, birinci yazıda qeyd edildiyi kimi, Rusiya diplomatik kanallar vasitəsilə dəfələrlə xəbərdar edilmişdi.

Bu gün Rusiya rəhbərliyi Türkiyə rəhbərliyi və hakimiyyətini İŞİD-in qanunsuz yolla əldə etdiyi neft və neft məhsullarının qaçaqmalçılığında və ticarətində günahlandıraraq, təyyarənin vurulmasına səbəb kimi də elə bunu göstərirlər. Yəni Rusiya hərbi aviasiyası neft daşıyan avtosisternləri vurduğu üçün Türkiyə guya qisas alır. Türkiyə isə öz növbəsində bildirir ki, türkmən dağlarında, ümumiyyətlə, neft və neft məhsullarının istehsalı, onları daşıyan yük maşınları və İŞİD yoxdur. İŞİD-in neftini isə türklər deyil, Moskvanın müttəfiqləri olan Əsəd rejimi və kürdlər alır.

Hər iki tərəf unutmamalıdır ki, bu gün Suriya müxalif qüvvələrinin ön cəbhəsindən Latakiyaya cəmi 30 km məsafə var və oradan Rusiyanın təyyarələri olan "Hmeymim" bazasına 15 km-dir. Buradan isə Əsədin qərargahı və ələvilərin bazaları çox yaxındır. Deməli, əsas məqsəd bu əraziləri təmizləməkdir. Əsəd rejimi türkmənlərin vasitəsilə Türkiyə sərhədində bufer zona yaratmağa qorxur və buna getməyəcək. Deməli, bir yol qalır - türkmənləri bombalamaq və qisas almaq. Buna isə təbii ki, Türkiyə imkan verməyəcək. Bu isə cari proseslərin hələ davam edəcəyindən xəbər verir...

(Ardı var)

İlk yazı: http://az.trend.az/azerbaijan/politics/2463069.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti