...

Saxta aksiz markalarının dövriyyəsinə görə cərimələr müəyyənləşdi

Siyasət Materials 8 Dekabr 2015 16:06 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Saxta aksiz markalarının dövriyyəsinə görə cərimələr müəyyənləşdi

Bakı. Trend:

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, qanunun 205-1-ci maddəsi aşağıdakı redaksiyada verilir:

"Maddə 205-1. Saxta aksiz markalarının dövriyyəsi

Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma -

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur.".

Aşağıdakı məzmunda 213-1.3-cü və 213-1.4-cü maddələr əlavə edilir:

"213-1.3. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma -
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

213-1.4. Eyni əməllər külli miqdarda törədildikdə -

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.";

Maddənin "Qeyd" hissəsi aşağıdakı redaksiyada verilir:

"Qeyd: Bu Məcəllənin 213-1.1-ci maddəsində "xeyli miqdar" dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2-ci maddəsində "külli miqdar" dedikdə iki min manatdan yuxarı olan məbləğ, 213-1.3-cü maddəsində "xeyli miqdar" dedikdə əlli manatdan min manatadək olan məbləğ, 213-1.4-cü maddəsində "külli miqdar" dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür".

Maddə 2. Bu Qanun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti