...

Əli Həsənov: İnsanlardan gələn təşəbbüslər ümumdövlət təşəbbüsünün təməlində dayanır (ƏLAVƏ OLUNUB-3)

Siyasət Materials 2 Fevral 2016 18:46 (UTC +04:00)
"Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyard isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıb".
Əli Həsənov: İnsanlardan gələn təşəbbüslər ümumdövlət təşəbbüsünün təməlində dayanır (ƏLAVƏ OLUNUB-3)

Bakı. Trend:

"Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyard isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıb". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışı zamanı bildirib.

Prezident köməkçisi deyib ki, 1994-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı neft strategiyası əsasında transmilli xarici şirkətlərlə birlikdə Azərbaycanın enerji resurslarının işlənməsi, əsas ixrac marşrutlarının müəyyənləşdirilməsi, karbohidrogen ehtiyatların ixracı məsələləri həll olunub: "2004-cü ildən Azərbaycan böyük neft gəlirləri qazanmağa başlayıb və həmin pulların bir qismi Azərbaycanda yeni sosial-iqtisadi infrastrukturun yaradılmasına yönəldilib. Prezident regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunları ilə bağlı konfransda çıxış edərək bildirdi ki, biz keçən müddət ərzində həmin böyük pullardan istifadə edərək Azərbaycanda müasir cəmiyyət, güclü iqtisadiyyat quruculuğu sahəsində və gələcək inkişafımızı təmin etmək üçün lazım olan hər şeyi etmişik. 2008-ci ildə Azərbaycan ümumdünya iqtisadi böhranını hiss etmədi, lakin bu böhranın 2015-ci ildə başlanan ikinci dalğası, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün dünya ölkələrinə, o cümlədən Azərbaycana öz təsirini göstərir. Bununla yanaşı, hətta belə bir şəraitdə ötən il bizim iqtisadiyyatımız 1,1 faiz artıb, qeyri-neft sənayesində isə artım 8,4 faiz təşkil edib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirib, onun dayanıqlığını, davamlı və dinamik inkişafını təmin edib, bütün iqtisadi və sosial resursların istifadə strategiyasını düzgün müəyyənləşdirib. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın aparıcı istiqamətinə çevrilir və artıq ümumi daxili məhsulun 70 faizi məhz bu sektorda formalaşır. Lakin bundan sonrakı dövrdə də enerji potensialından istifadə olunacaq və bu istiqamətdə görülən işlər davam etdiriləcək. Qiymətindən asılı olmayaraq, neft Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən bir ölkə kimi, ötən müddətdə nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görüb: "Təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və bunun da nəticəsində Şərqlə Qərbi birləşdirən Azərbaycanın Avropa-Asiya əlaqələrində xüsusi halqa təşkil etməsi gələcəkdə Azərbaycanın əsas strateji resurslarının böyük hissəsini təmin edəcək. Hazırda bu dəhliz üzrə işlərə başlanıb. Bu ilin sonuna Bakı-Tbilisi-Qars layihəsini tam istifadəyə verdikdən sonra, Xəzər dənizində bərə terminallarının imkanlarını genişləndirdikdən sonra bu sahədən böyük gəlirlər əldə edəcəyik. Bunu da ölkənin gələcək inkişafı üçün istifadə edəcəyik. Bundan başqa, Azərbaycan cənub-şimal daşımalarında da böyük halqalardan biri kimi çıxış edir. İrandan və Fars körfəzi bölgəsindən gələn yüklərin Azərbaycan dəmir yolları vasitəsilə, o cümlədən Xəzər dənizindəki bərələr vasitəsilə Qazaxıstan, Türkmənistan və Rusiyanın dəniz limanlarına çatdırılması imkanlarından istifadə etmək də əsas məqsədlərimizdəndir. Bundan başqa, "Şahdəniz-2" mərhələsindən reallaşdıracağımız böyük miqdarda Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzərində işləyirik".

Ə.Həsənov daha sonra qeyd edib ki, hazırda TANAP layihəsi icra olunur və bir müddət sonra böyük Azərbaycan qazını Türkiyəyə çatdıracaq ixrac boru kəməri işə düşəcək: "Bununla da neftin qiymətinin enməsi ilə bağlı itkilərimizin böyük bir hissəsi kompensasiya olunacaq. Biz postneft dövrünə, yəni neftin bitməsi, neftdən gələn gəlirlərin dayanması dövrünə, cənab Prezidentin dediyi kimi, 2030-cu illərə güclü, rəqabətədavamlı iqtisadi sistemlə çıxmağı planlaşdırırıq. Lakin neftin qiymətinin süni şəkildə, bəzi beynəlxalq proseslərin təsiri altında, bir sıra beynəlxalq qüvvələrin təhriki ilə aşağı düşməsi bizi bir qədər tez yaxaladı. Buna görə də burada itirdiyimiz gəlirlərin digər sahələrdə kompensasiyası taktikasını hazırlayıb reallaşdırırıq. Bunların sırasında da Cənub Qaz Dəhlizi, Azərbaycanın tranzit imkanları, habelə insan kapitalı, qeyri-neft iqtisadiyyatı və digər resurslar var. Göründüyü kimi, potensialımız, imkanlarımız çox genişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına bu potensialı formalaşdırmaq mümkün olub. Bütün bunlar keçən müddətdə neftdən əldə olunan gəlirlərin qeyri-effektiv istifadəsi barədə bəzi boğazdan yuxarı iddialara ən layiqli cavabdır".

Ə.Həsənov daha sonra bildirib ki, artıq yeni dövr başlayır: "Cənab Prezident son müşavirədə yeni dövrün vəzifələrini də müəyyən etdi. Bununla bağlı mən və digər vəzifəli şəxslər Pezidentin tapşırığı ilə regionlara səfər edir, rayon ictimaiyyəti ilə birlikdə həmin vəzifələri müzakirə edir, qarşıda duran işlərlə bağlı dövlətin mövqeyini çatdırırıq".

Ə.Həsənov deyib ki, qarşıdan gələn dövrdə Azərbaycanın inkişaf etmiş bazasına, infrastrukturlarına, əhalinin nikbin əhvali-ruhiyyəsinə, ölkədə yaranmış demokratik ab-havaya, bazar iqtisadiyyatı normalarına, dövlət-vətəndaş, dövlət-sahibkar münasibətlərinin sağlam təməlinə söykənərək sonrakı inkişafımızı müəyyən etməliyik: "Cənab Prezident bununla bağlı bir çox vəzifələr irəli sürüb. Bir neçəsini diqqətinizə çatdırıram. Azərbaycanın demokratiya yolu ilə inkişafı bundan sonra da davam etməlidir. Demokratiya insan təşəbbüslərinin dəstəklənməsidir. Hər bir insan öz düşüncəsində, beynində, öz həyatında, aldığı təhsildən, öz dünyagörüşündən, ətraf aləmdən mənimsədiyi bu və ya digər dəyərlərdən çıxış edərək cəmiyyətə müəyyən təkliflər verir, təşəbbüslərlə çıxış edir. Dövlətin vəzifəsi həmin təşəbbüslərin ən dəyərlilərini, inkişaf üçün ən yararlılarını ümumiləşdirib, proqram halına salıb həyata keçirməkdən ibarətdir. Buna görə də insanlardan gələn təşəbbüslər ümumdövlət təşəbbüsünün təməlində dayanır. İnsanlardan gələn dəstək ümumdövlət siyasətinin gücünü və resursunu əks etdirir".

Prezident köməkçisi qeyd edib ki, dövlətin əsas vəzifəsi əhalinin problemlərini həll etməkdir: "Bunun üçün dövlətin bütün resursları, idarəetmə mexanizmləri - nazirliklər, komitələr, şirkətlər, mərkəzi və yerli icra hakimiyyəti orqanları öz sahəsində insanların iqtisadi, siyasi, sosial, mədəni, ailə, məişət və digər problemlərini həll etməlidirlər. Dövlət iş yeri yaratmalıdır, amma bu və ya digər səbəbdən bunu etmək mümkün deyilsə, insanların bu sahədə qanunauyğun təşəbbüslərini dəstəkləməli və zəruri şəraiti təmin etməlidir. Bir sahibkar bir qrup adamı ətrafına yığıb hansısa iş sahəsi yarada, iş yerləri aça bilirsə, dövlət mövcud qanunvericilik çərçivəsində ona hərtərəfli dəstək göstərməlidir. Bir sözlə, dövlətin vəzifəsi yerlərdən gələn təşəbbüsləri dövlətin siyasəti və mövcud qanunlarına uyğun həyata keçirməkdən ibarətdir. Buna görə də yerli icra hakimiyyəti orqanları insanlardan gələn təşəbbüsləri müəyyən edib dövlətin standartları, qanunları, ictimai davranış normaları çərçivəsində dəstəkləməlidir".

Ə.Həsənov əlavə edib ki, Prezidentin elan etdiyi kimi, 2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatlar həyata keçiriləcək: "Siyasi islahatlar bəllidir. İdarəetmədə struktur dəyişiklikləri həyata keçiriləcək, inkişafa mane olan, bir-birini təkrarlayan, səmərəsiz işləyən strukturlar ya ləğv olunacaq, ya da onların fəaliyyəti təkmilləşdiriləcək. Diferensial fərqli yanaşma nəticəsində idarəçilik sisteminin tam modernləşdirilməsi və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. İqtisadi islahatlar dedikdə, cənab Prezident həm ümumilikdə bütün ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, həm də hər bir region, rayon üçün diferensial yanaşma tələblərini ortaya qoyub. Mərkəzdən hər bir rayonun sosial-iqtisadi inkişafı üçün ayrıca xətt ayrılsa, bu, tam olmayacaq. Tamlıq üçün yerlərdən təşəbbüslər gəlməlidir. Yerli icra strukturları, bələdiyyələr, digər qurumlar, həmçinin rayonlardan seçilmiş millət vəkilləri bu işə dəstək verməlidirlər. Ölkə iqtisadiyyatının ümumi inkişafı üçün hər bir rayon öz potensialını işə salmalıdır. Yerli potensial işə salınanda isə dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər yerlərdə iqtisadiyyatın inkişafını, insanların potensialından istifadəni, onların sosial məsələlərinin həllini əhatə edir. Prezident dəfələrlə qeyd edib və reallıq da göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Dövlət də ona görə lazımdır ki, ümumilikdə cəmiyyətin və fərdi qaydada hər bir vətəndaşın problemini həll etsin. Ümumi problemlər sağlamlıq, işsizlik, təhsil məsələsi, sosial adaptiasiya, təşəbbüslərin dəstəklənməsi və başqa məsələlərdir. Biri də var sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələr, xəstələr və başqaları. Bunlar da fərdi problemlərdir ki, həll olunmalıdır".

Prezident köməkçisi çıxışında neftdən əldə edilən gəlir hesabına Azərbaycanın elmi potensialının inkişaf etdirildiyini də diqqətə çatdırıb: "Azərbaycanın rəqabətədavamlı gənclərini formalaşdırırıq. Xarici ölkələrdə dövlətin hesabına təhsil alan nə qədər azərbaycanlı var".

Ə.Həsənov, həmçinin əlavə edib ki, dövlət bu gün xarici ölkələrə xeyli miqdarda kapital yatırıb: "Təkcə Türkiyə iqtisadiyyatına bizim qoyduğumuz və gələcək illərdə qoyacağımız 20 milyard dollara yaxın xarici kapital var. Bu kapital neftdən sonrakı dövrdə gəlir gətirəcək. Biz Türkiyədə "Petkim" müəssisəsini özəlləşdirmişik. Türkiyə kimya sənayesinin tələblərinin təxminən 75 faizi həmin zavod vasitəsilə ödəniləcək. Gəlirlərimizin cüzi bir hissəsini həmin zavoda yönəltməklə kimya məhsulları istehsal edəcəyik və çox böyük gəlir əldə edəcəyik. Dövlət Neft Şirkəti - SOCAR bu gün dünyada əsas neft brendlərindən birinə çevrilməkdədir. Bu gün dünyanın müxtəlif ölkələrində özünün yanacaqdoldurma və neftayırma müəssisələrini yaradıb. Nəqliyyat-tranzit imkanları, bərə terminalları, gəmi zavodu və digər infrastruktur da Azərbaycan üçün çox böyük əlavə imkanlar yaradır. Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq".

Prezident köməkçisi bildirib ki, bütün bunlara rəğmən, cənab Prezident həm də ölkənin bütün daxili resurslarının işə salınması tələbini ortaya qoyub: "Məsələn, Quba böyük, işlək əhalisi, münbit torpağı, infrastrukturu olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam istifadə edərək, tədricən dotasiyadan çıxmalıdır. Qubanın 50 faiz potensialı işə düşsə, rayonda işsiz adam qalmaz. Bağçılıq, meyvəçilik məhsulları yerində tədarük olunsa, məhsul dünya bazarlarına çıxarılsa, rayon nəinki özünü təmin edər, hətta dövlətin zəruri xərclərinin bir hissəsini də öz üzərinə götürə bilər. Bunun üçün bütün imkanlar var, bu imkanlar işə salınmalıdır. Yerli hakimiyyət strukturları insanlardan gələn təşəbbüsləri dəstəkləməlidir. Regional birliklər yaranmalıdır. Nə vaxta qədər insanlar 15-20 sot torpağını çəpərləyib ailənin ehtiyacları üçün meyvə-tərəvəz yetişdirməklə kifayətlənəcəklər?! Artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü gedir ki, insan yalnız özü üçün lazım olanı etməməlidir. Qubada 160 mindən çox əhali var. Dövlətin taxıl tədarükünə vəsait ayırmasını gözləmədən kənd təsərrüfatını inkişaf etdirib bu məsələni rayonun gücünə həll etmək olardı. Düzdür, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən kreditlər hesabına Qubaya 20 milyondan artıq sərmayə yatırılıb. Təbii ki, bu da rayonda kənd təsərrüfatının, sahibkarlığın inkişafına təsir göstərib. Amma bu, yetərli deyil. Hər rayon, hər bölgə, hər kənd, hər qəsəbə, hər vətəndaş təşəbbüslərlə çıxış etməlidir. Neyləyək ki, biz özümüzü neft asılılığından qurtaraq? Biz sonrakı inkişafımızla bağlı daha nikbin, daha real nəticələri olan proqlamlarla çıxış etməliyik. Yəni necə edək ki, hər kəsin potensialından istifadə olunsun".

Prezident köməkçisi bildirib ki, bugünkü vəziyyətdə icra başçısından tutmuş sıravi vətəndaşa qədər hamı, iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər, sahibkarlar işçiləri ixtisar etməməyə çalışmalıdırlar.

Ə.Həsənov çıxışında Prezident İlham Əliyevin sosial məsuliyyət məsələsini xüsusi vurğuladığını da diqqətə çatdırıb: "Hər bir rayondakı sahibkar özünü dövlətə, dövlətçiliyə, yerli insanlara bağlı hesab edirsə, sosial məsuliyyətini dərk etməli və iş yerlərində ixtisarlar aparmaqdan çəkinməlidir. Bu, sahibkarlığın qarşısında qoyulan sosial məsuliyyətdir. Bələdiyyədən tutmuş icra hakimiyyətinə qədər bütün qurumlar yeni şəraitdə dövlətin qarşıya qoyduğu məsuliyyəti dərk etməlidir. İnsanların axşam öz evinə bir tikə çörək aparmaq ehtiyacının məsuliyyəti dərk edilməlidir. İnsanları problemlə təkbətək buraxmaq olmaz".

Ə.Həsənov əlavə edib ki, iş adamlarının qarşısında icra strukturlarının məsuliyyəti isə onlara biznesin genişləndirilməsi, sahibkarlığın inkişafı üçün şərait yaratmaqdan ibarətdir. Prezident köməkçisi qeyd edib ki, bu gün bəzi dövlətlərdə sözün əsl mənasında bir tikə çörəyə ehtiyacı olan insanlar olduğunu görürük: "Azərbaycan bu vəziyyətə düşməyəcək və düşmək ehtimalı da yoxdur. Ölkənin o vəziyyətə düşməməyi üçün hamı əlindən gələni etməlidir".

Prezident köməkçisi əlavə edib ki, yerli icra strukturları özəlləşmə ilə bağlı təkliflərlə yanaşı, özəlləşdirilmiş və hazırda işləməyən müəssisələrin işlək vəziyyətə gətirilməsi ilə bağlı təklif də hazırlamalıdırlar: "Hər bir dövlət məmuru, onun ailəsi, ətrafı insanların xidmətçisidir. Vəzifə və məmur daimi deyil. Hər bir insan bu gün vəzifədədir, sabah postunu dəyişə bilər. Bu gün vəzifədə olmayan sabah vəzifədə olanın yerinə gələ bilər. Cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin siyasətinin gücü xalqa arxalanmağındadır. Yerlərdə hakimiyyətə qarşı müxalifət hərəkətlərinin heç bir perspektivi yoxdur. Hakimiyyət dayanıqlıdır, ona etiraz edənlər heç bir sosial dayağa malik deyillər. Sosial dayaq hər bir hakimiyyətin gücüdür. Dövlət və Prezident belə hesab edir ki, Azərbaycan vətəndaşlarının həll olunmaz problemləri qalmamalıdır. Azərbaycanda işsiz, sosial ehtiyac hissi yaşayan vətəndaş olmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti