...

"Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır, lakin bu, qarşılıqlı hörmətə əsaslanmalıdır"

Siyasət Materials 12 Fevral 2016 19:17 (UTC +04:00)
Fevralın 12-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun üzvləri ilə görüşüb.
"Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır, lakin bu, qarşılıqlı hörmətə əsaslanmalıdır"

Bakı. Trend:

Fevralın 12-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sədr qonaqları salamlayaraq, Azərbaycan Parlamentində tanış simaları görməkdən məmnun olduğunu söyləyib. Bildirilib ki, Azərbaycan Avropa İttifaqı və onun qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır: "Milli Məclis də öz növbəsində, bu istiqamətdə müəyyən addımlar adıb. Lakin son dövrlər Avropa Parlamenti tərəfindən ölkəmizə münasibətdə sərgilənən qərəzli və müəyyən maraqlara xidmət edən yanaşmalar münasibətlərdə soyuqluq yaradıb. Avropa Parlamentinin üzvləri tərəfindən fərdi qaydada münasibətlərimizin nizamlanması və əlaqələrin bərpası cəhdləri təqdirəlayiqdir. Bu baxımdan təşkilatın Mühafizəkarlar və İslahatçılar siyasi qrupu üzvlərinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. İnanırıq ki, bu cür səfərlər ümumi məqsədlərə xidmət edir".

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun prezidenti Yan Zahradil ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, o, ölkəmizə həm Avropa Parlamentinin deputatı, həm də rəhbərlik etdiyi qrupun siyasi rəhbəri qismində gəlib. Məqsəd Avropa Parlamenti ilə ölkəmiz, o cümlədən Milli Məclis arasındakı münasibətləri normal məcraya yönəltmək, münasibətləri bərpa etməkdir.

O, deputat Qüdrət Həsənquliyevin başçılıq etdiyi Bütöv Azərbaycan Xalq Partiyasının sədri olduğu alyansla yaxşı münasibətləri olduğunu və bu qrupa tamhüquqlu üzv kimi daxil olduğunu söyləyib. Qonaq AŞ PA kimi mötəbər qurumda da mühafizəkarlarla azərbaycanlı deputatlar arasında yaxşı əlaqələr olduğunu qeyd edib.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatı Q.Həsənquliyev, Avropa Parlamentinin vitse-prezidenti Rişar Çarnetski və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti