...

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd ediblər (FOTO)

Siyasət Materials 28 Mart 2016 19:04 (UTC +04:00)
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 97-ci ildönümüdür.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd ediblər (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 97-ci ildönümüdür.

Trend Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumat verir ki, peşə bayramı münasibətilə Xidmətin əməkdaşları və veteranlar Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Azərbaycanın suverenliyi və torpaqlarının erməni işğalından azadlığı uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Təhlükəsizlik orqanlarının yaranmasının 97-ci ildönümü münasibətilə təntənəli mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam etdirilibr. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

DTX-nin rəisi general-leytenant Mədət Quliyev mərasimdə çıxış edərək bütün şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını, Ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik edib.

Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü xüsusi qeyd edən Xidmət rəisi M.Quliyev bugünkü güclü Azərbaycan Respublikasının təməlinın məhz Ulu öndərimizin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib. Yüzlərlə gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilib, milli hərbi kadrların hazırlanması məqsədilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Bunun nəticəsidir ki, hazırda ölkədə uğurla dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən böyük ziyalı, alim, mühəndis, hərbçi və digər mütəxəssis nəsli var. Ulu öndər Heydər Əliyev SSRİ-nin rəhbərlərindən olduğu vaxt da gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi imkanlarının formalaşdırılmasına böyük önəm verirdi.

General-leytenant M.Quliyev bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə ölkədə hakimiyyətsizlik, anarxiya, cinayətkarlıq hökm sürürdü. Bunun nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir ağır vaxtda xalq meydanlara axışaraq, respublikanın müstəqilliyini və dövlətçiliyini itirməmək üçün yeganə xilaskar tanıdığı Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini və ölkəyə rəhbərlik etməsini israrla tələb etdi. Ulu öndər Heydər Əliyev öz xalqını və Vətəni belə bir çətin sınaq anında köməksiz qoya bilməzdi. O, özünün və ailə üzvlərinin həyatı üçün ciddi təhlükə olmasına baxmayaraq, 1993-cü il iyunun 15-də Bakıya qayıtdı və doğma xalqına Qurtuluş gətirdi. Ümummilli Lider Heydər Əliyev eyni zamanda müstəqil Azərbaycanın hüquq-mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər gördü.

Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirən general-leytenant M.Quliyev Ulu öndərin layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqillik, suverenlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əsas vəzifəsi olduğunu qeyd edib. Bu baxımdan günün tələbləri nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib.

Eyni zamanda ölkəmizin maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyi bildirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında böyük vəzifələrin qoyulduğu, görüləsi işlərin çox olduğu vurğulanıb, cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq-mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyi diqqətə çatdırılıb.

General-leytenant M.Quliyev qeyd edib ki, DTX-nin əməkdaşları üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edir. Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən Heydər Əliyev siyasi xəttinin dönmədən həyata keçirilməsi, Vətənimizin, xalqımızın təhlükəsizliyi, yüksək sayıqlıq, peşəkarlıq və fədakarlıq fəaliyyətimizin əsasını təşkil edir. Biz möhtərəm Prezidentimiz İlham Əliyevin milli maraqların və mənafelərin hərtərəfli və etibarlı təmin olunması üzrə düşünülmüş və məqsədyönlü strategiyasının bundan sonra da uğurla aparılması üçün qətiyyətlə çalışmaq əzmindəyik. Dövlətimizin başçısı cənab İlham Əliyev təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə daim diqqət və qayğı göstərir. Peşə bayramı ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ali hərbi rütbənin verilməsi və digər mükafatlar təhlükəsizlik orqanlarına olan diqqətin daha bir parlaq təzahürüdür.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant M.Quliyev göstərdiyi qayğıya görə dövlətimizin başçısına bütün əməkdaşların adından minnətdarlığını çatdıraraq deyib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan DTX-nin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcək.

Bayram tədbirində təhlükəsizlik orqanlarının veteranları adından çıxış edən Fariz Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Azərbaycan bütün sahələrdə dinamik sürətdə inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə möhkəmlənir. İndi yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması istiqamətində həyata keçirdikləri fəaliyyətləri ilə öz tarixlərinin şərəfli səhifələrini yazırlar. Veteranlara göstərilən diqqət və qayğıya görə onların adından dövlət başçısına minnətdarlıq edən F.Məmmədov Vətənin və xalqın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs borcu olduğunu vurğulayıb.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Tədbirdə xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin əmrləri elan edilib.

Mərasimin sonunda xatirə şəkli çəkdirilmişdir. Sonra bayram tədbiri DTX-nin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti