...

Regionda güc sahibi Azərbaycan

Siyasət Materials 10 Aprel 2016 21:01 (UTC +04:00)
Azərbaycan bütün dünyaya güclü dövlət olduğunu, öz gücü ilə torpaqlarını qorumağı müstəqil şəkildə bacardığını bir daha göstərdi. Bu proseslərdə kiçikli-böyüklü almış olduğu təzyiq və təsirlərə baxmayaraq.
Regionda güc sahibi Azərbaycan

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

Azərbaycan bütün dünyaya güclü dövlət olduğunu, öz gücü ilə torpaqlarını qorumağı müstəqil şəkildə bacardığını bir daha göstərdi. Bu proseslərdə kiçikli-böyüklü almış olduğu təzyiq və təsirlərə baxmayaraq.

Cəbhə xəttində baş verən son hadisələrdə bütün dünyanın diqqətindən qaçmayan, xüsusən isə Ermənistanı qorxuya salan xalqımızın birliyi, vahid cəbhədə dayanması, xalq-dövlət arasındakı vəhdət, ən əsası isə milli ruhun bariz nümunəsinin ortaya qoyulması oldu.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirdi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Dövlət başçısı nitqində bu proseslərlə bağlı dedi: "Ancaq Ermənistan buna məhəl qoymur. Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir. Digər tərəfdən, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Ermənistana bir bəhanə kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə günahlandırsın. Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr - ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə Azərbaycanın haqlı mövqeyinə dünya ictimaiyyətinin münasibəti artıq dəyişir. Bu məqamı çıxışında xüsusi vurğulayan İlham Əliyev sözügedən məsələnin problemin həllində əhəmiyyətli rol oynayacağına diqqət çəkdi.

Prezident İlham Əliyev dedi: "Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın əsas vəzifəsi olduğuna diqqət çəkən dövlət başçısı qeyd etdi ki, Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaq: "Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir. Son illər ərzində iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki, biz düzgün yoldayıq. Hər zaman olduğu kimi, birinci rübdə də bizim çox fəal xarici siyasətimiz olmuşdur. Azərbaycan çox fəal və çoxşaxəli xarici siyasət aparır, bizim dostlarımızın sayı artır. Hətta bir-biri ilə o qədər də yaxın münasibətlərdə olmayan ölkələrlə Azərbaycan çox səmərəli, qarşılıqlı hörmət və maraqlar üzərində iş qurub. Bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır. Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır. Dünya birliyi Azərbaycana böyük hörmətlə və rəğbətlə yanaşır".

Dünyada yaşanan böhran şəraiti davam edir. Bu dönəmdə hazırda ölkədə iqtisadi islahatlar sürətlə aparılır. İlham Əliyev indi bu addımların atılmasının çox vacib olduğunu çıxışında xüsusilə vurğuladı.

Dövlət başçısı 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını qeyd etdi. Prezident İlham Əliyev çıxışında sözügedən məqamlarla bağlı dedi: "İlin əvvəlindən bu istiqamətdə fəal işlər aparılır. Bir çox sərəncamlar, qanunlar imzalanmış və qəbul edilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Maliyyə nizam-intizamı, şəffaflıq - demək istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək".

Azərbaycanın bu gün artan iqtisadi gücü ilə həm ölkədə sosial layihələrin gerçəkləşdirilməsində, həm regional strateji layihələrin reallaşdırılmasında, həm də ordu quruculuğunda ciddi addımlar atır. Bu istiqamətdə xüsusi önəm daşıyan qeyri-neft sənayesinə diqqətin artırılması vacib əhəmiyyət daşıyır.

Dövlət başçısı çıxışında bununla bağlı bildirdi: "Qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun. Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar".

Prezident bildirdi ki, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir. Ölkədə çox güclü sosial siyasət aparıldığını söyləyən İlham Əliyev dedi: "İqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaqdır. İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir".

Yerləşdiyi coğrafi məkanı, iqtisadi gücü və malik olduğu sərvətləri ilə daima həm regional, həm də beynəlxalq statuslu mövqe daşıyan Azərbaycan regionda əhəmiyyətli iri strateji layihələrin reallaşdırılmasında aparıcı rol oynayır. Bu mövqe hazırda ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığı üçün sözügedən istiqamətdə davamlı ciddi addımlar atılır.

Çıxışında bu məsələlərə diqqət çəkən Prezident İlham Əliyev bildirdi: "Biz indi yeni əməkdaşlıq formatı üzərində işləyirik. Mənim Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir. Orada 50-dən çox ölkə iştirak edirdi, o cümlədən Azərbaycan. Nəzərə alsaq ki, Azərbaycan nüvə dövləti deyil, Azərbaycanda atom elektrik stansiyası yoxdur, demək olar ki, nüvə sənayesi hələ inkişaf etməyib, Azərbaycanın bu mötəbər tədbirə dəvət edilməsi ABŞ hökuməti, Prezidenti tərəfindən bizə olan hörmətin təzahürüdür və bizim bu bölgədə oynadığımız rolu əks etdirir. Çünki bu da qeyd edilir ki, Azərbaycan nüvə materiallarının qanunsuz trafikinin qarşısının alınması məsələlərində çox etibarlı tərəfdaşdır".

Hazırda atəşkəs rejimi mövcud olsa da, Azərbaycan hər an müharibə başlayacağı ilə bağlı təhdidlə üz-üzədir. Hələ də həll olunmayan münaqişə Azərbaycanın ordu quruculuğuna xüsusi diqqət ayırmasını bu gün qaçılmaz edir.

Dövlət başçısı ordu quruculuğunu ölkəmiz üçün daim ən önəmli priotet sahə olduğunu dəfələrlə bəyan edib. İlham Əliyev çıxışı zaman bununla bağlı dedi: "Biz ordu quruculuğuna daha da böyük diqqət göstərməliyik. Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılmışdır, böyük işlər görülmüşdür. Ordumuzun maddi-texniki bazası möhkəmlənmişdir. Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə, belə olan halda, ilk növbədə ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir, göstərilir və göstəriləcəkdir. Əlbəttə ki, buna nail olmaq üçün iqtisadiyyat daha da sürətlə inkişaf etməlidir. Ona görə, dediyim kimi, iqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir".

Müstəqil xarici siyasət yürüdən Azərbaycan dövlətçiliyinin qorunub saxlanması istiqamətində uğurlu addımlar atır. Dövlət başçısı çıxışında bu məqama da diqqət çəkərək bildirdi: "Bu siyasət xoşməramlıdır. Biz istəyirik ki, dünyada münaqişələr aradan götürülsün, qarşıdurma ocaqları olmasın, sabitlik yaransın, xüsusilə bizim bölgəmizdə. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan dünya miqyasında uğurlu, müstəqil xarici siyasət aparan ölkələrdən biridir. Əlbəttə ki, bunun da təməli, əsası həm iqtisadi müstəqillik, həm də xalq-iqtidar birliyidir. Ona görə, iqtisadi sahədə lazım olan bütün tədbirlər görüləcək və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti