...

Deputat: Azərbaycan dövləti və xalqı torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək

Siyasət Materials 11 Aprel 2016 10:46 (UTC +04:00)
Aprelin əvvəlində təmas xəttində həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək.
Deputat: Azərbaycan dövləti və xalqı torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Aprelin əvvəlində təmas xəttində həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlər Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara uyğun, ədalətli, qan tökülmədən, asan, sadə və ən düzgün həlli yolunu göstərir.

Deputat qeyd edib ki, münaqişənin həlli üçün ilk növbədə işğal faktı aradan qaldırılmalıdır: "Yəni, təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan və digər ərazilərindən işğalçı qoşunlar qeyd-şərtsiz, tezlikə və tamamilə çıxarılmalıdır. Belə olmasa, Azərbaycan nəyin bahasına olursa-olsun işğal olunmuş bütün ərazilərini azad edəcək. Bu isə Ermənistana ağır başa gələcək və nəticələri Yerevan üçün fəlakətli olacaq".

M.Qasımlının sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, Ermənistanın təcavüzünün nəticələrini aradan qaldırmaq üçün müəyyən cəhdlər olanda Yerevan daim təxribata əl atıb, konkret məqsədlər üçün atəşkəsi pozub: "Yəni, hərbi təcavüz nəticəsində qurulmuş qondarma rejimi danışıqlar masası arxasında oturtmağa və tanıtmağa, Azərbaycanın timsalında düşmən obrazı yaradaraq erməni ictimai rəyini daxili problemlərdən yayındırmağa, həmsədrlər tərəfindən ola biləcək mümkün təzyiqlər qarşısında hakimiyyətini qorumağa çalışıb. Lakin bu dəfə Ermənistan rəhbərliyi yanıldı. Azərbaycan ordusu düşmən təxribatına nəinki lazımi cavab verdi, eyni zamanda, sarsıdıcı zərbə endirdi, bəzi əraziləri düşmən işğalından azad etdi, Ermənistan rəhbərliyini yerində oturtdu, planlarının heç bir zaman həyata keçirilməsinə imkan verilməyəcəyini göstərdi. Son hadisələr Ermənistana bir qulaqburması oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti