...

Fransalı deputat: Ermənistan bu təxribatlara son qoymalıdır

Siyasət Materials 28 Aprel 2016 15:54 (UTC +04:00)
Fransa BMT-nin Təhlükəsizlik Şirasının daimi üzvü kimi adları çəkilən qətnamələrin qəbulunda birbaşa iştirak edib və hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Fransalı deputat: Ermənistan bu təxribatlara son qoymalıdır

Bakı. Trend:

Son günlər cəbhə xətti boyu Ermənistan tərəfindən hərbi təxribatların həyata keçirilməsi və Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki yaşayış yerlərinin, o cumlədən məktəblərin, hospitalların və digər komplekslərin hədəfə alınması qəbuledilməzdir, bu, qəti olaraq beynəlxalq ictimayyət tərəfindən pislənilir və Ermənistan bu təxribatlara son qoymalıdır.

Trend-in məlumatına görə, bu barədə Fransa Milli Assambleyasının deputatı, Assambleyanın Xarici işlər komissiyasının üzvü Jan Luk Reytzerin bəyanatında deyilir.

J.L.Reytzer qeyd edib ki, Azərbaycan Respublikasının tarixi Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 digər region 20 ildən artıqdır ki, Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal edilib: "Beynəlxalq ictimayyət bu qeyri-qanuni işğala açıq-aydın mövqe nümayiş etdirərək, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və digər beynəlxalq təşkilatlar vasitəsilə müvafiq qətnamələr qəbul edərək Ermənistan tərəfindən Azərbaycanın qeyri-qanuni işğal edilmiş 20 faiz ərazisinin, o cümlədən Dağlıq Qarabağ regionunun bu işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir".

O bildirib ki, Fransa BMT-nin Təhlükəsizlik Şirasının daimi üzvü kimi adları çəkilən qətnamələrin qəbulunda birbaşa iştirak edib və hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyır: "Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrinin sülh yolu ilə icra edilməsini təmin etmək üçün səylərini davam etdirir".

Deputat əlavə edib ki, tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir: "Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü gec-tez təmin ediləcək və Azərbaycanın məcburi köçkünləri öz doğma yurd-yuvalarına dönəcəklər. Mənim özüm Fransanın Alzas regionundanam və alzaslılar çox yaxşı bilirlər ki, qonşu ölkə tərəfindən qeyri-qanuni işğal və təcavüz nə deməkdir və bu səbəbdən Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalmasını daha yaxşı anlayırlar. Fransa əhalisi hər zaman ədaləti dəstəkləyən bir xalq kimi, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Son günlər ərzində Azərbaycanın Tərtər, Ağdam, Füzuli və digər rayonlarında mülki əhalinin və mülki obyektlərin Ermənistan tərəfindən hədəfə götürülərək təcavüzə məruz qalmasını bir daha qəti olaraq pisləyirəm və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sülh yolu ilə icrasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti