...

Hafiz Paşayev: Azərbaycan öz təhsil sistemini xalqının tarixinə, mənəviyyatına və maraqlarına uyğun qurur

Siyasət Materials 30 Aprel 2016 15:36 (UTC +04:00)
Azərbaycan öz təhsil sistemini xalqının tarixinə, mənəviyyatına və maraqlarına uyğun qurur.
Hafiz Paşayev: Azərbaycan öz təhsil sistemini xalqının tarixinə, mənəviyyatına və maraqlarına uyğun qurur

Bakı. Trend:

Azərbaycan öz təhsil sistemini xalqının tarixinə, mənəviyyatına və maraqlarına uyğun qurur. Bunu aprelin 29-da "Gülüstan" sarayında "ADA" Universitetinin məzun buraxılışı və "Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur" adlı tədbirdə çıxış edən "ADA" Universitetinin rektoru professor Hafiz Paşayev deyib.

Hafiz Paşayev universitetin ilk bakalavr sinfinin məzun olması münasibətilə sevinc hissi keçirdiklərini bildirdi. Qeyd etdi ki, tədbirin bu əzəmətli sarayda keçirilməsinin rəmzi mənası var. Belə ki, 1994-cü ildə "Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin imzalanması mərasimi olub. Məhz bu zalda uzaqgörən lider Heydər Əliyev müasir Azərbaycanın təməl daşını qoyub. Məhz burada ölkənin "qara qızıl" sərvətinin çətinliklə qazanılmış müstəqilliyimizin möhkəmlənməsinə yönəlməsi haqda qərar imzalanıb. Onun nəticəsidir ki, bu məkanda keçirilən mərasim "insan qızılı" haqqındadır.

Prezident İlham Əliyevin Diplomatik Akademiyanın yaradılması ilə bağlı tapşırığından söhbət açan Hafiz Paşayev o vaxt bu istiqamətdə atılan addımlardan danışaraq dedi: "İlk addımlarımızı Xarici İşlər Nazirliyinin binasında kiçik otaqda bir neçə əməkdaşla başladıq. İlk mərhələdə dünyanın tanınmış diplomatiya institutları ilə əlaqələr yaratdıq və onların təcrübəsindən bəhrələnərək 2007-ci ilin mayında ADA-da İxtisasartırma Proqramına başladıq. Həmin vaxtdan bəri Proqram genişləndi və təkcə yerli deyil, xarici diplomatları da əhatə etdi. Bu gün İxtisasartırma Proqramımızın 3 mindən çox məzunu var. Təlim işini kifayət qədər uğurla həyata keçirməyimiz bizi ruhlandırdı və tədris fəaliyyətimizi bir qədər də genişləndirmək qərarına gəldik. 2009-cu ildə ictimai və beynəlxalq münasibətlər fakültəsini yaradaraq ilk magistr tələbələrimizi qəbul etdik. 2011-ci ildə bu gün məzun olan ilk bakalavr sinfimizi qəbul etdik. Ölkəmizin inkişafı ilə ayaqlaşaraq daha sonra tədricən yeni ixtisas sahələrinə üz tutduq: biznesin idarə edilməsi, iqtisadiyyat, dövlət və ictimai münasibətlər, təhsilin idarə edilməsi və nəhayət, informasiya texnologiyaları və mühəndislik. Bunun nəticəsində, Azərbaycan Diplomatik Akademiyası 2014-cü ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamı ilə "ADA" Universitetinə çevrildi. Bu gün 10 yaşımızı qeyd edərkən, deyə bilərəm ki, qarşımıza qoyduğumuz əsas məqsədlərimizə doğru inamla gedirik, Azərbaycanda təhsil sahəsində aparılan islahatlara öz töhfəmizi veririk".

"ADA" Universitetinin əldə etdiyi uğurlardan birinin də bu ali təhsil ocağında yaradılmış mühitin olduğunu vurğulayan rektor dedi: "Sevinirəm ki, belə bir mühit - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə sövq edən bir məkan yarada bilmişik. Məzunlarımızın qeyd etdiyi fikirlə mən də razıyam - "ADA" icmasının üzvü olan hər kəs - istər müəllim, istər tələbə, istərsə də digər işçilər biri-birini ruhlandırır. Çünki bizim hamımız bir istək və bir məqsəd ətrafında birləşmişik - dürüstlük, şəffaflıq, akademik əxlaq, şərəf və məsuliyyətlə Vətənə xidmət. Bu ali məqsədi əsas tutub "ADA"-da təhsil yolunu yekunlaşdıran məzunlarımızı təbrik edirəm və onlara gələcək işlərində uğurlar arzulayıram. Əminəm ki, həyat onları hara aparırsa aparsın, məzunlarımız "ADA" Universitetinin adını, onun dəyərlərini hər zaman layiqincə yaşadacaqlar".

Çıxışında valideynləri və müəllimləri təbrik edən Hafiz Paşayev vurğuladı: "Müəllimlərimiz bizim üçün həmişə nümunə olublar. Onların peşəkarlığı, dünya görüşü, dəyərləri, Vətən sevgisi hər bir tələbənin aldığı başlıca dərsə çevrilir. Buradan fədakar müəllimlərimizə yeni nəslin yetişdirilməsində zəhmətlərinə görə dərin təşəkkürümü bildirirəm".

"Hər bir dövlətin və xalqın sabahı barədə təsəvvürü onun bugünkü gəncləri yaradır", - deyən Hafiz Paşayev bildirdi: "Bu mənada, biz tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən məzunlar yetişdirməliyik. Bu gün "ADA" Universitetinin təsis etdiyi "Vətən Uğrunda" təqaüd proqramı da bu məqsədə xidmət edir. Proqramı dəstəkləyən bütün şirkətlərə və şəxslərə təşəkkürümü bildirmək istəyirəm. Bu gündən etibarən biz sizinlə Azərbaycanın sabahını qurmaqda tərəfdaşıq. Həmin Azərbaycanın ki, onu neçə-neçə oğulları öz canı-qanı bahasına qorumuşdur. İnanıram ki, bu təşəbbüsümüz daha da geniş dəstək qazanacaq və təqaüd proqramı ölkəmizin ən istedadlı gənclərini üzə çıxararaq onlara dünya səviyyəsində təhsil almaq imkanı verəcək. "ADA" yarandığı ilk gündən bizə etimad göstərən, yardım edən, bizə güvənən bütün tərəfdaşlarımıza və dostlarımıza buradan "Çox sağ olun" demək istəyirəm. Bugünkü nailiyyətlərimizdə sizin dəstəyinizin də payı var".

Məzunları bir daha təbrik edən professor Hafiz Paşayev çıxışını bu sözlərlə bitirdi: "ADA" Universiteti Prezidentimizin təhsil sahəsinə davamlı diqqəti nəticəsində mümkün olmuşdur. Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan öz təhsil sistemini xalqının tarixinə, mənəviyyatına və maraqlarına uyğun qurur. Biz həmişə yüksək savada, biliyə, elmə malik olan insanlarımızla, onların dünya elminə verdiyi töhfələrlə fəxr etmişik. XXI əsrdə Azərbaycan elminin nüfuzunu artırmaq məsuliyyəti bizim kimi təhsil ocaqlarının üzərinə düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti